İsveçrədə rus dilində ilk gündəlik İnternet nəşri olan “Naşa qazeta”nın çap əlavəsində (nashagazeta.ch) ölkəmizin möhtəşəm qitə yarışlarına hazırlığına həsr olunan material, həmçinin Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilə müsahibə dərc edilib. AZƏRTAC həmin materialları təqdim edir. 2015-ci il Azərbaycanın və bütün Avropanın idman tarixinə düşəcək. İyunun 12-dən 28-dək Bakıda əvvəllər heç vaxt keçirilməyən yarışlar olacaq. Bu yarışlar təkcə olimpiya və qeyri-olimpiya idman növlərinin deyil, həm də turnirlərin təşkilatının Avropa standartlı milli koloritini unikal surətdə özündə birləşdirəcək. Oyunları bütün dünyada 1 milyarddan çox televiziya tamaşaçısı izləyəcək və 50 ölkəni təmsil edən idmançılar üçün həyəcan keçirəcək.
Tarixi qərar
Hər şey üç il öncə, 2012-ci ilin dekabrında başladı. O vaxt Avropa Olimpiya Komitəsinin (AOK) iclasında oyunların keçirilməsi barədə qərar qəbul edildi. Avropa ölkələrinin Olimpiya komitələrinin işinin koordinasiyası ilə məşğul olan AOK-un mənzil-qərargahı Lozannada, İcraiyyə Komitəsi isə Romada yerləşir. Onun üzvləri Panamerika, Asiya və ya Ümumafrika oyunlarına bənzər öz regional oyunlarının keçirilməsinin vacibliyi barədə daim danışırdılar. İdeya uzun müddət havada dolaşırdı. O vaxta qədər ki, birinci turnirin keçirilməsinin məsuliyyətini öz üzərinə götürən ölkə tapıldı.
Bu təşəbbüsü AOK-un başçısı Patrik Hikki dərhal dəstəklədi. Sonra isə bütün iştirakçı ölkələrin nümayəndələrinin iştirak etdiyi ümumi iclasda qəti qərar qəbul edildi.
Bu gün artıq demək olar ki, Bakıdakı Avropa Oyunları həm də ona görə tarixi hadisədir ki, belə tədbirləri keçirəcək bütün digər ölkələr üçün yüksək keyfiyyət həddi müəyyən edəcək. Quruluşu etibarilə Olimpiya Oyunlarını xatırladan bu irimiqyaslı yarışlar da hər dörd ildən bir keçiriləcək və P.Hikkinin düşündüyü kimi Avropada idmana ən əsas baxış olacaq.
Oyunlara hazırlıq müstəsna dərəcədə qısa vaxta keçirilib. Lakin AOK-da əmindirlər ki, bu, tikilən obyektlərin keyfiyyətinə və infrastrukturun səviyyəsinə təsir göstərməyib. Hələ Davosda, Ümumdünya İqtisadi Forumunda yanvar təqdimatı zamanı Patrik Hikki qeyd etmişdi: “Şəhər unudulmaz hadisənin keçirilməsinə tam hazırdır. İki ildə əldə olunmuş nəticələr Azərbaycanın Oyunları təşkil etmək istəyində səmimi olduğunu təsdiqləyir. Avropa idmançıları və idman fanatları sözsüz ki, yaradılmış infrastrukturun yüksək səviyyəsini qiymətləndirəcəklər. “Bakı-2015” Avropa Oyunlarına gözəl start verəcək”. Azərbaycan paytaxtına dəfələrlə inspeksiyalarla səfər etmiş AOK üzvləri bu optimizmini bölüşürlər. Davosda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış etdi və yarışlarda ciddi professional sınaqdan keçən idmançıları dəstəkləmək üçün hamını oyunlar zamanı Bakıya dəvət etdi. Birinci Avropa Oyunlarında 50 dövlətin Milli Olimpiya komitələrini təmsil edən 6 minə yaxın idmançı iştirak edəcək.
İdman proqramı
Atletlər 20 idman növündə, o cümlədən 16 olimpiya, (badminton, boks, güləş, su idman növləri, voleybol, velosiped idmanı, gimnastika, kanoe və baydarkada avarçəkmə, cüdo, yüngül atletika, stolüstü tennis, kamandan oxatma, atıcılıq, triatlon, taekvondo və qılıncoynatma) və dörd qeyri-olimpiya növündə (3x3 basketbol, karate, çimərlik futbolu və sambo) mübarizə aparacaqlar. Oyunlara yola düşəcək nümayəndə heyətlərinin tərkibi hələ müəyyənləşməyib, çünki çox şey yarışlar ərəfəsində idmançıların göstərdiyi nəticələrdən asılıdır. Bu nömrənin hazırlandığı zaman məlum idi ki, İsveçrə Bakıya 120-dən 150-dək idmançı göndərmək niyyətindədir. İsveçrəlilərin istedadlarını daha çox qış idman növlərində göstərdiyini nəzərə alsaq, razılaşın ki, kifayət qədər böyük rəqəmdir.
Karateçilər üçün xüsusilə sevinən İsveçrə nümayəndə heyətinin başçısı Ralf Ştekli deyir ki, Avropa Oyunlarının Avropa yarışlarının qrafikində öz yerini tutması üçün müəyyən vaxt lazım olacaq. Əminəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Çünki gənc idmançılar burada iri idman turniri çərçivəsində yarışa biləcəklər. Üstəlik oyunların proqramı Olimpiya və qeyri-olimpiya növlərinin maraqlı vəhdətini təklif edir. Karateçilər onların idman növünün rəsmi olimpiya növü statusu alması üçün çoxdan çalışırlar. Onların Avropa Oyunlarında iştirakına icazə verilməsi bu məqsədə doğru əhəmiyyətli addımdır. Odur ki, oyunlar təkcə qarşıdan gələn Olimpiadada qüvvələri sınamaq imkanı deyil, həm də idman federasiyaları üçün yaxşı şansdır.
Unutmayaq ki, ayrı-ayrı növlərdə qalib gələnlərə 2016-cı ildə Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verilir. Almaniya Olimpiya Komitəsinin nümayəndəsi Mixael Vesper qeyd edir ki, Bakıdakı Oyunlar yarışan idmançıların və oynanılan medallar dəstinin sayı nəzərə alınarsa, sözsüz ki, 2015-ci ilin ən mühüm idman hadisəsi olacaq. Bu yarışlar olimpiadaya gedən yolda mühüm test olacaq, məsələn, stolüstü tennis və triatlon yarışlarının mükafatçıları özləri üçün artıq Braziliyaya bilet sifariş verə bilərlər.
Rusiya nümayəndə heyəti ən çoxsaylılardan biridir. Rusiya Olimpiya Komitəsinin başçısı Aleksandr Jukov deyib: “Rusiyanın güclü və çoxsaylı komandası olacaq. Azərbaycanın qonaqpərvər paytaxtında olandan sonra, təşkilatçılarla bir sıra işçi görüşlər keçirəndən sonra əminəm ki, “Bakı-2015” 2016-cı il Rio-de-Janeyro olimpiadasına gedən yolda mühüm rol oynayacaq.
İyunun 12-nə təyin edilmiş Oyunların açılış mərasimi 68 min tamaşaçı tutan Bakı Milli Olimpiya stadionunda olacaq.
İdman və mədəniyyət səfirləri
İdmançılar təkcə yarışlara hazırlaşmır. Oyunları beynəlxalq səviyyədə təbliğ etmək üçün də çalışırlar, çünki Avropa Oyunları. təbii ki, izahat tələb edən tamamilə yeni konsepsiyadır. İdmançıların özlərindən yaxşı bu işin öhdəsindən kim gələ bilər?
“Bakı 2015”-in ilk səfirləri fransız gimnastı Kseniya Mustafayeva, Danimarka kanoeçi-sprinteri Rene Xolten Poulsen, həmçinin 3x3 basketbolu üzrə Serbiya yığma komandasının oyunçuları Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Mayostroviç oldular.
Yarışlara cari hazırlığa cavabdeh olan Oyunların baş əməliyyat direktoru Saymon Kleq deyib: “Bu proqram tarixdə birinci Avropa Oyunlarına bütün Avropanın ən güclü idmançılarının, həmçinin Azərbaycanın medallara iddiaçılarının dəstəyini təmin edəcəkdir.
Azərbaycanın şou-biznes ulduzları da idmançılara qoşulub. “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bir çox digər populyar Azərbaycan müğənniləri ilə birlikdə gənclər auditoriyasını cəlb edir. Müğənni Tünzalə Ağayeva və tanınmış teleaparıcı-səyyah Azər Qərib də onlarla birlikdədir. Oyunların baş icraçı direktoru vəzifəsini daşıyan gənclər və idman naziri Azad Rəhimov deyir ki, məşhurların iştirakı cavanlar arasında coşqunluq yaradacaq və bir çoxlarını oyunları dəstəkləməyə cəlb edəcək. Onun sözləri rəqəmlərlə də təsdiqlənir. 16 mindən çox oğlan və qız könüllü olmaq üçün komitəyə müraciət edib. Təşkilatçılar onlardan 12,5 min nəfəri seçiblər. Maraqlıdır ki, könüllülər “alovqoruyanlar” adlanırlar. Bu da simvolik olaraq yarışların ruhunu və azərbaycanlıların səmimiyyətini birləşdirir.
Nar və Ceyran
Nəhayət, hansı yarışlar rəsmi simvolsuz keçinə bilər? Avropa Oyunlarının Təşkilat Komitəsinin dizaynerlər komandası və xaricdən dəvət olunmuş dizayner şirkəti tərəfindən düşünülmüş Ceyran qız və Nar oğlan yarışların qonaqlarını salamlayacaqlar.
Obrazları yaradarkən rəssamlar ölkənin mədəni və idman ənənələrini nəzərə alıblar. Azərbaycan folklorunda ceyran gözəllik və incəlik simvoludur. Regionda ən sevimli meyvə olan, xalq nağıllarında tez-tez rast gəlinən nar isə həyat enerjisi ilə bağlıdır.
Saymon Kleq : “Bakı-2015 yol açacaq”
“İngilisin Azərbaycanda ağlasığmaz sərgüzəştləri” - birinci Avropa Oyunlarının Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru ilə söhbətimizin nəticəsini belə adlandırmaq olardı. Lakin o çətin ki, kult sovet filminə baxıb, odur ki, eyhamımı başa düşməzdi. Yerdə qalanlar haqqında isə o özü danışdı - həm ciddi, həm də yumorla.
- Mən haradasa oxumuşam ki, uşaqlıqda siz Liverpulun futbol klubuna azarkeşlik etmisiniz, çünki atanız “Mançester Yunayted”in aksioneri idi. Doğrudur? Və əgər belədirsə bu, artıq gənc yaşlarında ziddiyyət ruhunun və müstəqilliyə can atmağın təzahürü idi?
- Düzünü desək, bilmirəm. Mən heç vaxt bunu ciddi təhlil etməmişəm. Ancaq yəqin ki, bu, müəyyən dərəcədə müstəqilliyin nişanəsidir və düşünürəm ki, atam buna çox sevinib. Bu vəziyyətdən çıxardığım nəticə isə çox sağlamdır: biz gərək uşaqlarımızı bir qədər istiqamətləndirək, lakin onlara öz talelərini qurmaq imkanı da verək.
- Sonra ordu gəlir. Özü də, elə-belə ordu yox, paraşüt batalyonu. Dəlisovluqla yoğurulmuş cəsarət - bu, idmanda da tələb olunmurmu?
- (Gülür). Cavanlıqda mən yaxşı fiziki formada idim! Əminəm ki, Rusiyada da paraşütçülər xüsusi təyinatlı qüvvələr aiddirlər və ora düşmək üçün çox ciddi seçim keçmək lazımdır. Mən həmişə özümü ciddi fiziki işlərə alışdırırdım, eyni zamanda intellektual səylər tələb edən işə də hazır idim. Ola bilsin, bu ondan irəli gəlirdi ki, məktəbdə dərslərin akademik tərəfi məndə yaxşı alınmırdı, odur ki, sonra həyatda mən yaxşı alınan nəsə axtarmağa başladım, axı hamı nədəsə uğur qazanmaq istəyir. O qədər də xoş olmayan məktəb təcrübəsindən sonra belə sahələrin - istər xizək, istər ordu, istər idman administrasiyası olsun- tapılması mənim üçün, qüvvələrimi sınamaqdan ötrü həm mükafat, həm də stimul oldu. Mən həmişə gördüyüm işdə ən yaxşılar sırasında olmasam da, hər halda bu işi çox yaxşı görməyə çalışmışam.
-Necə bilirsiniz, bəlkə məhz ziddiyyət ruhu, müstəqillik, cəsarət və dəlisovluq kimi keyfiyyətlər Sizi bu gün tutduğunuz mövqeyə gətirib çıxarıb?
- Razılaşıram ki, həmişə fiziki və intellektual çağırışları sevmişəm, yalnız komfortla kifayətlənməmişəm. Bir misal çəkim. İngiltərədə ən sərt siyasi televeziya verilişi Bi-Bi-Si İki kanalında yayımlanan “Newsnight”dır. Formatı belədir - bəzən aqressiv forma alan təkbətək müsahibə. Məni ilk dəfə bu verilişdə iştirak etməyə dəvət edəndə, imtina etmək asan idi - bilirdim ki, çətin olacaq. Lakin razılaşdım. Çünki hiss edirdim ki, veriliş bir o qədər uğurlu alınmasa da, bu, mənim üçün faydalı təcrübə olacaq. Nəticədə mənim “Nevvsnight”da növbəti dörd müsahibəm xeyli asan keçdi. Məntiqə sığınan riskə getmək lazımdır. Bu mənada, karyeramda bəxtim çox gətirdi.
- Bəli! İdman menecmentində karyeranız həqiqətən heyrətamizdir: 38 yaşında Britaniya Olimpiya Assosiasiyasının baş direktoru, Britaniya komandası ilə 12 həm yay, həm də qış Olimpiya oyunu... Bəs “Bakı-2015” oyunlarının Təşkilat Komitəsinə Sizi nə gətirdi?
-Yəqin ki, bütün keçmiş təcrübəm. Britaniya Olimpiya Assosiasiyasının Baş direktoru kimi mən Böyük Britaniya hökumətini və London merini 2012-ci il Oyunlarına bu şəhərin namizədliyini dəstəkləməyə inandırmalıydım. 2020-ci il üçün təqdimat hazırlamaqda Madrid şəhərinə kömək etmişəm. Sonra Avropa Olimpiya komitələri Avropa Oyunlarının icraçı direktoru vəzifəsinə təcrübəli namizəd axtarmağa başladılar və mənə müraciət etdilər.
Əvvəlcə mən təşkilat komitəsinin işini müşahidə etmək üçün ayda bir həftə Bakıda olmalıydım. Lakin doqquz ay keçəndən sonra məndən xahiş etdilər ki, ailəmlə birlikdə Bakıya köçüm və oyunların əməliyyat direktoru oldum. Bax belə oldu bu məsələ. İngilis dilində belə bir ifadə var: “The poacher turned gamekeeper”. Azərbaycan dilində buna yaxın olan ifadə yəqin ki, belə səslənir: “Su girdi qaba, oldu içməli”. Bu, mənə aiddir. Odur ki, indi mən arvadımla Bakıda yaşayıram. Mənim üzərimə böyük məsuliyyət qoyulub. Axı mənə cəmi 23 yaşı olan və özünü beynəlxalq oyunçu kimi təqdim etməyə çalışan gənc ölkə üçün böyük əhəmiyyətə malik layihə tapşırılıb. Mənə elə gəlir ki, komandamızın 1300 üzvü ilə birlikdə - onlardan 387 nəfəri azərbaycanlı deyil, 43 millətin nümayəndəsidir - Azərbaycanın beynəlxalq nüfuzunun ağırlığını öz çiyinlərimdə daşıyıram. Biz tarix yaradırıq - həm idman, həm Azərbaycan üçün.
- Ümumiyyətlə, Avropa Oyunlarını “normal olimpiya oyunlarına əlavə etmək nəyə lazım idi?”
-Olimpiya dünyası beş qitəyə bölünüb. Asiya oyunları kimi Şimali və Cənubi Amerikanı birləşdirən Panamerika oyunları da 1951-ci ildən mövcuddur. 1970-ci illərdə Ümumafrika Oyunları, 1980-ci illərdə isə Okeaniya ölkələri oyunları ortaya çıxdı. Avropanın idman gücü və kommersiya qüvvəsinə baxmayaraq müxtəlif idman növlərinin iştirak etdiyi Avropa Oyunları bu vaxta qədər yox idi. Hərçənd bu barədə söhbətlər artıq on illərdir ki, aparılırdı. Bizim bəxtimiz onda gətirdi ki, İlham Əliyev ölkə Prezidenti olmazdan əvvəl Azərbaycanın Olimpiya Komitəsinin prezidenti idi. O, idmanın nə olduğunu və siyasi məqsədlərə çatmaq üçün ondan necə istifadə etmək lazım olduğunu çox gözəl bilir. Mənim bu məsələdə problemim yoxdur.
- Soçi Olimpiya Oyunlarının bəziləri tərəfindən həddən ziyadə böyük kimi qiymətləndirilən büdcəsi haqqında xeyli söhbətlər oldu. “Bakı-2015”-in büdcəsi barədə nə deyə bilərsiniz?
- Biz Soçidə xərclənənin yalnız cüzi hissəsini xərcləyirik, lakin bu da az deyil. Biz Avropa Oyunlarının yayımlanması hüququnu təkcə Avropa telekanallarına deyil, Çin, Şimali Amerika kanallarına da satmağa müvəffəq olduq, Rusiya ilə bu barədə danışıqlar aparılır. Cənubi Amerikada yayım hüququnu iki ölkədən başqa bütün ölkələr əldə edirlər. Yaxın Şərq və Şimali Afrika ölkələrinə də yayım hüququ satılıb. Bundan əlavə, biz “Coca-Cola”, “Tissot”, “BP” və “Procter & Gamble” kimi iri beynəlxalq brendlərlə sponsor kontraktları bağladıq. Əlbəttə, Azərbaycanda da sponsorlar var: “Nar Mobile”, SOCAR Dövlət Neft Şirkəti, AZAL Milli Aviasiya Şirkəti, Naxçıvan Avtomobil Zavodu.
-Bəs niyə birinci Avropa Oyunlarını təşkil edən ölkə roluna orada bu səviyyəli idman tədbirinin premyera olacağı Azərbaycan seçilib?
-Həyatda hər kəsə layiq olduğu qiyməti vermək vacibdir. Odur ki, ilk növbədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin baxışlarını, ikincisi, Prezident Əliyevin öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini qeyd etmək lazımdır. O, sadəcə “Biz bunu edəcəyik” yox, “Biz bunu 30 aya edəcəyik” dedi, baxmayaraq ki, yay yaxud, qış olimpiya oyunlarına hazırlıq üçün normal müddət yeddi ildir. O, stadionun və digər idman qurğularının tikintisinə şəxsən nəzarət edir, Birinci xanımı isə Təşkilat Komitəsinin rəhbəri təyin edib.
-Sizin üzərinizə həqiqətən də böyük məsuliyyət düşüb: Siz yalnız Avropa Oyunlarının hazırlığına rəhbərlik etmirsiniz, Siz bunu belə yarışların ilk dəfə keçirildiyi ölkədə edirsiniz. Ümumiyyətlə, özünüzü necə hiss edirsiniz?
Gecə necə yatırsınız?
- (Gülür). Saçlarıma baxın! Mən çox xoşbəxt adamam, gecələr həmişə yaxşı yatıram. Mənə tabe olan 20 direktordan ibarət gözəl komandam var. Mənə gənclər və idman naziri Azad Rəhimov, həmçinin Birinci xanım böyük dəstək verirlər. Bütün problemlər o dəqiqə həll olunmur. Ancaq mən inanıram ki, biz kifayət qədər təcrübəyə və lazım olan komandaya malikik. Bu komandaya həm xaricilər, həm də gənc istedadlı azərbaycanlılar daxildir. Onların bir çoxu Qərbdə təhsil alıb və yeni biliklər qazanmağa cani-dildən çalışırlar.
-İşiniz necə təşkil olunub - Qərb, yaxud Azərbaycan stilində?
-Maraqlı sualdır. Əgər ofisimizə gəlsəniz görəcəksiniz ki, o, tamamilə qərbsayağıdır: açıq məkan, hamı ingilis dilində danışır, eyni zamanda, bəziləri öz aralarında Azərbaycan dilində, bəziləri isə rus dilində danışırlar. Stilə və tapşırıqların yerinə yetirilməsi sürətinə gəldikdə isə, bir misal çəkim.
Bakıya təzəcə gəldiyim vaxt nazir A.Rəhimova dedim: “Bizim gözəl ofisimiz var, amma problem ondadır ki, nahar etmək üçün yaxınlıqdakı ticarət mərkəzinə gedən əməkdaşlarımız küçənin o tərəfinə keçməli olurlar. Piyada yolu keçidi, yaxşı olardı”. Ertəsi gün səhər saat 7 üçün piyada keçidi hazır idi. Odur ki, Azərbaycanda hər şey sürətlə həyata keçir.
-Təşkilat Komitəsinin üzvü kimi məhz sizin vəzifəniz nədən ibarətdir?
-Mən Oyunların bütün əməliyyat hazırlığına cavabdehlik daşıyıram: idmançılar üçün optimal şəraitin təmin edilməsi, idman meydançalarında baş verənlər, vip-personaların dəvət edilməsindən tutmuş medallar və akkreditasiyaya qədər. Mən əmin olmalıyam ki, bütün strukturlar hazır olacaq və planlaşdırma mərhələsindən çatdırılma mərhələsinə keçidi reallaşdıra biləcəklər. Məsələn, 12 min könüllü hazırlanmalıdır. Onları işə götürmək, öyrətmək, geyindirmək lazımdır. Bu, ciddi əməliyyatdır.
Mən Qərb təcrübəsində yaxşı nə varsa götürən, lakin Azərbaycana uyğunlaşdıran Oyunlar təşkil etməyə çalışıram. Məsələn, 1912-ci il London Olimpiadası üçün yarayan hər bir şey Bakı və 2015-ci il Avropa Oyunları üçün əlverişli olmaya bilər.
-Birinci Avropa Oyunlarının uğurunu necə qiymətləndirdiniz?
-Mənim salamat qalmağımdan əlavə nəyi isə nəzərdə tutursunuz? (gülür). Ciddi desək, qəti inanıram ki, idmanda hər bir şey idmançılarla bağlı olmalıdır. Mən istəyirəm ki, idmançıların yaddaşında Bakıdakı Oyunlar fantastik hadisə kimi qalsın. Əgər onlar desə ki, hər şey yaxşı idi, bu, Avropa Oyunlarının gələcəyini təmin edər, başqa idmançılar da gəlmək istəyər, KİV-lər yarışları işıqlandırmağa can atar, kommersiya sponsorları da özlərini yetirər.
Bundan əlavə, istəyirəm ki, Azərbaycanın gözəl insanları ölkələrində baş verənlərlə fəxr edə bilsinlər. Çünki onlar Avropa Oyunlarını birinci qəbul edən xalq kimi həmişəlik tarixə düşəcəklər.
Özüm üçün istəyərdim ki, pirani qoca olan vaxt əlil arabamda oturan zaman arxaya, keçdiyim həyata boylanıb deyə bilim: “Bəli, indi müntəzəm idman hadisəsi olan Oyunlara mən töhfə vermişəm. Ümidvaram ki, Avropa Oyunları qitənin ən mühüm yarışları kimi təsdiqini tapacaq. Bu gün siyahıda 4 qeyri-olimpiya və 16 olimpiya idman növü var. Bu 16 növdən 12-si birbaşa, yaxud dolayısı təsnifat yolu ilə 2016-cı il Rio Olimpiya Oyunlarına aparan bir mərhələdir. Ümid edirəm ki, 2019-cu ildə bütün olimpiya idman növləri üzrə Tokio-2020 üçün Olimpiya təsnifat prosesində iştirak məcburi olacaq.
-Adətən Olimpiya Oyunlarının təşkilatçısı öz sələfindən daha yaxşı görünməyə çalışır, lakin indiki halda sizin heç sələfiniz də yoxdur...
-(Gülür). Deməli biz bütün zamanların və xalqların ən yaxşı Avropa Oyunlarının təşkil edirik.
-Bu zarafatyana cavabdan ciddi sual doğdu: Necə düşünürsünüz, Azərbaycan kimi zəngin olmayan və belə mərkəzləşmiş hakimiyyətə malik olmayan digər Avropa ölkələri növbəti Avropa Oyunlarını təşkil edə bilərmi?
-Bunu artıq biz yox, Avropa Olimpiya Komitəsi həll edəcək. Siz haqlısınız, bizim bəxtimiz gətirib ki, birinci Avropa Oyunları neft və qaz, zəruri maliyyə resursları və siyasi qətiyyət olan bir ölkədə keçirilir. Lakin düşünürəm ki, gələcək təşkilatçılara bu qədər pul xərcləmək lazım olmayacaq. Əvvələn ona görə ki, Avropa ölkələrinin çoxunda kifayət qədər inkişaf etmiş idman infrastrukturu artıq mövcuddur. Bundan fərqli olaraq Bakıda milli stadion, atıcılıq mərkəzi və s. tikmək lazım gəldi. İkincisi, onlara Avropa Oyunları konsepsiyasını təbliğ etmək üçün bu qədər pul xərcləmək lazım olmayacaq, bunu artıq onların əvəzinə ediblər. Üçüncüsü isə, biz bütün KİV-lərin və sponsorların yanına ağ vərəq və vədlərlə gəlirdik. Buna baxmayaraq, bizə inanan investorlar və media şirkətlər tapıldı. Növbəti Oyunların təşkilatçıları isə onların yanına gəlib deyə biləcəklər: “Söhbət Avropa Oyunlarından gedir”. Uğur xərcini ödəyir!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.