M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi damar cərrahlığı şöbəsində son illərdə müasir müalicə üsullarının və ən yeni tibb texnologiyasının tətbiqi sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun uğurlar qazanılmışdır. Burada geniş yayılmış bəzi damar xəstəliklərinin açıq, qanlı cərrahi müdaxilə olmadan aradan qaldırılması yüksək səviyyədə mənimsənilmişdir.
Bir sıra elmi axtarışları, əldə edilmiş praktik nəticələri xarici aləmdə də maraq doğuran bu şöbəyə damar cərrahiyyəsi sahəsində ölkəmizdə və xaricdə tanınmış mütəxəssis, tibb elmləri doktoru, professor Nəsrəddin Abışov rəhbərlik edir. Onunla qışda paytaxtın toy məclislərindən birində baş vermiş unudulmaz bir hadisə zamanı tanış olduq. Əslində, həmin məclisin təsirli və düşündürücü epizodu bu yazının ərsəyə gəlməsində təlqinedici bir başlanğıc oldu...
Həmin axşam şahanə rəqsi ilə hamını heyran qoyan boy- buxunlu adamı şənlik iştirakçıları coşqu ilə alqışlamağa başlayanda həmin oğlan bayaqdan qarşısında süzdüyü, dövrə vurduğu masaya yaxınlaşıb ağsaçlı kişinin qarşısında təzim edib, əllərini öpməyə başladı. Sonra kövrəlmiş halda bu mənzərəni ikiqat maraqla seyr edən toy əhlinə üz tutdu:
– Siz mənim ayaqlarımı yox, bax bu insanın – indi rəqs eləməyimə imkan verən, bu ayaqlarımı illər əvvəl yenidən mənə qaytaran Nəsrəddin həkimin qızıl əllərini alqışlayın. Mən onu çoxdan axtarırdım. Bir az əvvəl bu meydana çıxanda qəfil gözlərim gözlərinə sataşdı. 22 ildir ki, bu gözlər qəlbimdə çıraq kimi yanır, həyatımı nurlandırır. İndi bir az yaşlı görünsə də, mərhəmətli və şəfqətli gözləri o vaxt xəyalımda necə qalıbsa elədir. Bir anlıq qaçıb bu mərhəmətli gözlərin, bu şəfalı əllərin sahibini bağrıma basmaq istəsəm də, düşündüm ki, qoy əvvəlcə o vaxt xilas etdiyi ayaqların məharətini göstərim...
Oğlan qəhərini boğub qəfil yaranmış bu qəribə mənzərəni dörd gözlə izləyənlərdə aydınlıq yaratdı:
– Qarabağda Ağdərə döyüşlərinin ölüm-dirim vaxtında mərmi qəlpəsi qıçlarımı parçalamışdı. Həyatımı xilas etmək hayında olan həkimlər qıçlarımı kəsmək məcburiyyətində qalmışdılar. Çoxlu qan itirmişdim, halım getdikcə pisləşirdi. Bax həmin anlarda Tanrı bu insanı– Nəsrəddin həkimi imdadıma yetirdi. Bakıdan gəlmiş yüksək ixtisaslı damar cərrahı kimi o, xurd- xaşıl olmuş qıçlarımın damarlarını tikdi, yenidən ayaq üstə qalxmağıma əlac elədi. Nəsrəddin həkim o zaman hər gəlişində mənim kimi neçə-neçə döyüşçünün qol-qıçının kəsilib-atılmasının qarşısını alırdı. O günlərlə bu qeyrətli insan gecəli-gündüzlü səhra cərrahiyyəsi otağından çıxmır, həftələrlə ev-eşik üzü görmürdü...
Həmin anlarda hamı ayaq üstə keçmiş döyüşçünün ayaqlarını xilas etmiş professor Nəsrəddin Abışovu alqışlayırdı...
Məclisin sonunda Nəsrəddin həkimlə ayaqüstü görüşüb- tanış olduq, bu axşamkı hadisənin jurnalist kimi mənə maraqlı mövzu verdiyini bildirdim. Ötən günlərdə Qarabağ döyüşlərində ağır yaralanmış çox sayda döyüşçünün həyatını xilas etmiş damar cərrahı Nəsrəddin Abışovu tanıyanlardan xəbər aldım, soraq mənbələrindən elmi- tibbi bioqrafiyasını öyrəndim.
Nəsrəddin Abışov 1950- ci ildə Kürdəmir rayonunun Muradxan kəndində müəllim ailəsində doğulub. Orta məktəbi 1967-ci ildə əla qiymətlərlə bitirib. Bütün fənlərdən imtahan vermək, istədiyi ixtisasa yiyələnmək ona çətin görünməsə də, son anda təbabəti qəlbinə daha yaxın bilib. Həkimliyi insanlar üçün son dərəcə gərəkli peşə saydığına görə Azərbaycan Dövlət Tibb İnstitutunda oxumağa qərar verib. Bunu ona görə deyirik ki, sonrakı söhbətlərimiz zamanı onun nadir adamlarda rast gəlinən qabiliyyət – həyatın və insan məşğuliyyətinin bütün sahələrində dərin maraq və məlumat sahibi olduğunu yəqin etdik.
Ali tibb təhsilini cərrah ixtisası ilə başa vuran gənc həkim 1973-cü ildə indiki Milli Onkologiya Mərkəzininın sələfi olan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunda internatura keçib. Bilik və bacarığı paytaxtda qalıb məşhur klinikalarda çalışmağa, aspiranturaya daxil olmağa imkan versə də, cərraha daha artıq tələbat duyulduğu rayonlara getməyə üstünlük verib. Beləliklə, 6 il Sabirabad və Kürdəmir rayonlarının mərkəzi xəstəxanalarında həkim- cərrah işləyib.
Yaxşı deyirlər ki, həyatın da öz seçimi olur, gec-tez yüksək qabiliyyət sahibini ona daha geniş meydan açan sahəyə çəkib ğətirir. Nəsrəddin həkimin sonrakı həyat yolu da belə bir qaçılmazlığın hökmü ilə müəyyən olunub. Burasını o günləri böyük qədirbilənliklə xatırlayan doktorun öz dilindən eşidək:
– 1978-ci ildə Moskvadan böyük arzularla, işıqlı amallarla Vətənə qayıdan istedadlı alim, məşhur cərrah, professor Fikrət Zərgərli respublikanın baş cərrahı kimi fəaliyyətə başlayanda, Azərbaycanda ürək-damar cərrahlığını inkişaf etdirmək məqsədilə gənc, ümidverən həkimləri aşkara çıxarıb ixtisasartırmaya cəlb etmək üçün, indiki anlamda desək, test yoxlaması keçirdi.
Mən də rayonun baş cərrahı kimi bu sınaqda işrirak etdim. İş elə gətirdi ki, bu test sınağında ən yüksək nəticə göstərənlərdən biri də mən oldum. Rayona qayıtmaq istəsəm də, rəhmətlik Zərgərli dedi ki, səni heç yerə buraxan deyilik. Beləliklə, gözlənilmədən tale məni praktik səhiyyədən elmi təbabətə gətirdi...
Əlavə olaraq bildirək ki, 1980-ci ildə o vaxt Elmi- Tədqiqat Klinik Eksperimental Cərrahiyyə İnstitutu adlanan şöhrətli elmi-tibbi mərkəzdə ürək cərrahlığı şöbəsində fəaliyyətə başlayan Nəsrəddin həkimin bioqrafiyası 1986-cı ildən damar cərrahlığı şöbəsi ilə bağlıdır. Professor Cavanşir Zakircayevi damar cərrahlığı sahəsində özünün müəllimi sayır.
Bu müddətdə o, əvvəlcə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının A.N.Bakulev adına Ürək- Damar Cərrahlığı Elmi Mərkəzinin damar cərrahlığı şöbəsində aspiranturanı bitirib, 1989-cu ildə məşhur alim Aleksey Spiridonovun rəhbərliyi altında “Aortanın koarktasiyası olan 35 yaşdan yuxarı xəstələrdə cərrahi müalicənin sonrakı nəticələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonrakı illərdə isə “Böyük qan damarlarının travmatik zədələnmələrinin cərrahi müalicəsinin müasir prinsipləri” mövzusunda doktorluq işi üzərində çalışan Nəsrəddin Abışov 2002-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini qazanıb. Professor Abışov cərrahiyə sahəsində böyük qan damarlarının travmatik zədələnmələrinin yeni təsnifatını ürəli sürüb. Onun tədqiqatları ilə müəyyən edilib ki, əsas damarların zədələnmələri zamanı diaqnozu şübhəli olan xəstələrdə, habelə boyun və döş qəfəsinin çıxışı damarlarının I, III zonalarda zədələnməsi, qapalı travmalar zamanı angioqrafiyanı yerinə yetirmək; mərkəzi nevroloji çatışmazlığı olan və olmayan xəstələrə baş beyinin revaskulyariyası qaçılmazdır. Damarın bağlanması əməliyyatı xarici yuxu arteriyası zədələndikdə və cərrahi korreksiyaya texniki imkan olmadıqda yerinə yetirilə bilər. Professor Abışov zədələnmiş arteriyaların bərpası,venoz damarlarda plastika, şuntlama üsulları, periferik sinirlərin bərpası və plastikası əməliyyatlarının aparılmasını da damar cərrahlığı sahəsində ilk dəfə olaraq elmi cəhətdən əsaslandırıb.
Alimin bu istiqamətdə uğurlarının siyahısı uzundur və onların elmi təfsiri oxucular üçün o qədər də aydın olmadığından, qısaca olaraq bildirək ki, Nəsrəddin Abışovun əldə etdiyi elmi nəticələr Azərbaycan damar cərrahlığının uğurlarını dünyada etiraf olunan və dəyərləndirilən bir səviyyəyə qaldırmışdır. Bu yeniliklər praktikada tamamilə özünü doğrultmuş, damar cərrahiyəsi sahəsində müasir müalicə üsullarının mənimsənilməsinə imkan yaratmışdır.
Bu yaxınlarda Vətəndə olan məşhur soydaşımız, dünyaca şöhrətli Seçenov adına I Moskva Dövlət Tibb Universiteti qospital cərrahlığı kafedrasının professoru Abdulla Abdullayevlə görüşərkən Nəsrəddin Abışovdan da söz saldıq. Kiməsə verdiyi qiymətə, adətən, çox ciddi tələblərlə yanaşan həmyerlimiz bu dəfə keçmiş tələbə və aspirant yoldaşı barədə xəsislik göstərmədi:
– Nəsrəddinlə Bakıda və Moskvada bir vaxtda oxumuşuq. Hər şeyi dərindən öyrənən tələbələrdən, ciddi axtarışlar aparan aspirant idi. Sonra o, Vətənə qayıtdı. Bakıya gələndə görüşdüyüm iki həmkarımdan biri odur. Daim öz üzərində işləyir, beynəlxalq konqreslərdə fəal iştirak edir. Savadına da, qabiliyyətinə də, insanlığına da söz ola bilməz. Əlləri də olduqca şəfalıdır. Xəstəsinə onun kimi can yandıran həkim az tapılar. Onu ölkəmizdən daha çox, xaricdə tanıyırlar. Belə insanlar xalqımızın qızıl fondunu təşkil edir.
Nəsrəddin həkim uzun illərdir M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi damar cərrahlığı şöbəsinin rəhbəridir. Azərbaycan damar cərrahiyyəsinin görkəmli nümayəndəsi kimi, o, elmi-praktik uğurları ilə bu sahəni beynəlxalq aləmdə layiqincə təmsil edir. Soydaşımız Avropa Damar Cərrahları, Rusiya Angioloqlar və Damar Cərrahları cəmiyyətlərinin, Beynəlxalq Angioloqlar İttifaqının üzvüdür, bu qurumun inzibati şurasında milli təmsilçimizdir. Yunanıstanın Afina və Rodos, Portuqaliyanın Lissabon, İtaliyanın Roma və Palermo, Fransanın Paris (2 dəfə), Çexiyanın Praqa, Sloveniyanın Lyubliana, ABŞ-ın Nyu- York və Boston, Avstraliyanın Sidney şəhərlərində keçirilən qitə və ümumdünya konqreslərində həmyerlimizin elmi məruzələri böyük maraqla qarşılanıb.
Alim damar cərrahlığının müxtəlif problemlərinə aid 280 elmi işin müəllifidir. Tanınmış cərrahın 60-dan artıq məqaləsi ABŞ- da və Avropa ölkələrində çıxan nüfuzlu nəşrlərdə çap olunub. Professor Nəsrəddin Abışov 1 ixtira, 3 metodik tövsiyə, 14 səmərələşdirici təklif və 3 klinik protokolun müəllifidir. Onun rəhbərliyi ilə 7 elmlər namizədi yetişdirilib, 1 doktorluq işi müdafiəyə hazırlanır. Nəsrəddin Abışov ölkəmizdə damar cərrahlığını, angiologiyanı və flebologiyanı inkişaf etdirmək, bu sahənin xəstələrinə yüksək ixtisaslı tibb xidmətini təşkil etmək üçün Azərbaycan Angiologiya və Flebologiya Cəmiyyətinin yaradılmasının təşəbbüskarıdır.
Doktor Abışovla görüşümüzdə o, çalışdığı sahənin aktual problemlərindən, geniş yayılmış ürək- damar xəstəliklərinin profilaktikası və səmərəli müalicəsi imkanlarından hamının yüksək dərəcədə istifadə edə biməsinin zəruriliyindən söhbət açdı:
– Damar xəstəlikləri bizim günlərdə 16 yaşdan yuxarı insanların 80 faizini əhatə edir. Bunun qarşısı vaxtında alınmayanda sürətlə fəsadlaşır, xəstələr vaxtından əvvəl həyatla vidalaşırlar. Adamlar mərkəzi və periferik damar xəstəliklərindən, həm arterial, həm də venoz damarlarda baş verən xroniki və kəskin problemlərdən əziyyət çəkirlər. Qəzalar, travmalar, siqaret çəkmək isə sağlam adamların da damarlarını sıradan çıxarır.
Respublika Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevin milli damar cərrahlığının inkişafına göstərdiyi diqqət sayəsində şöbəmizdə bütün bu problemlərlə bağlı əhatəli elmi- prakik tədqiqatlar aparılır, müasir dünya təcrübəsinə uyğun müalicə üsulları tətbiq olunur. Bir çox hallarda insanları açıq, ağrılı əməliyyatlar qorxutduğundan mərkəzimizdə damar xəstəliklərinin cərrahi müdaxilə olmadan müalicəsinə üstünlük verilir.
Qadınlarda daha çox rast gəlinən, isti aylarda belə onları tutqun rəngli corablar geyməyə məcbur edən, hətta əlilliyə səbəb olan ayaq damarlarının venoz genişlənməsinin skleroterapiya və radiofrekans-lazer terapiyası yolu ilə ağrısız, fəsadsız müalicəsini ən yüksək dünya praktikası səviyyəsində həyata keçiririk. Təəssüf ki, bəzi xəstələr hələ də ya xarici ölkələrə, ya da imkanları bizdəkindən qat- qat aşağı olan özəl klinikalara üz tuturlar.
Müsahibimiz sonda dedi:
– Damarlar insanların sağlamlığının çox mühüm amili və aydın göstəricisidir. Qədimdə həkimlər göz qapağını çevirib damarlarına baxmaqla xəstənin sağlamlığını qiymətləndirirdilər. Ürək- damar sistemində yaranmış cüzi problem vaxtında aradan qaldırılmayanda sonra insana həyatı bahasına başa gəlir. Damarların salamatlığı isə insanların ziyanlı həyat tərzindən, ekoloji problemlərdən uzaq olmasından çox asılıdır.
Həkimlərin həmişə dediyi sözləri mən də təkrarlamaq istəyirəm: sağlamlığı vaxtında qorumaq, onu sonra bərpa edib geri qaytarmaqdan qat-qat asandır. Damarlar isə sağlamlığın güzgüsüdür. Çalışın, bu güzgüyə ləkə düşməsin. Ona görə də zərərli vərdişlərdən uzaq olun, ilk növbədə, ürək-damar sisteminizi qoruyun.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.