Xalqımıza qələbə sevinci bəxş etməkdən gözəl nə ola bilər!

London Olimpiadasında yarışların son günlərində bir gündə iki medal qazanmış qəhrəman sərbəst güləşçilərimizin xalqımıza bəxş etdikləri qələbə sevincini çoxumuz hələ də həyəcan və xoş hisslərlə  xatırlayırıq. Müsahibim sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi, “Şöhrət” ordenli, “2012-ci ilin ən yaxşı məşqçisi” adına layiq görülmüş  Firdovsi Umudov milyonların izlədiyi möhtəşəm Olimpiya oyunlarında bir gündə iki dəfə Azərbaycanın Dövlət himninin səsləndirildiyi, bayrağının yüksəklərdə dalğalandırıldığı həmin gündə bütün Azərbaycanın “ürəyinin” idmançılarla döyündüyü xoş anlarla bağlı bunları dedi:

- Xalqımız yüksək nailiyyətlər gözləyirdi və çox istəyirdik ki, Azərbaycan komandası Olimpiadada gümüş və bürünc medallarla yanaşı, həm də qızıl medal qazansın. Qızıl medallara qədər komandamızın gözəl nəticələr əldə etməsinə baxmayaraq, Olimpiya çempionlarımızın olmamasını o zaman az qala uğursuzluq kimi qələmə verənlər də var idi və onlar bu hərəkətləri ilə xalqımızı bədxahlarının dəyirmanına su tökməkdən belə çəkinmirdilər. Gözlədiyimiz xoşbəxt an yetişdi. Bir gündə iki qızıl medal - müstəqil Azərbaycan Respublikası öz gücünü dünyaya bir daha nümayiş etdirdi. London-2012-dən üç il keçir. Bütün sahələrdə əldə edilmiş uğurların yüksələn xətlə davamı ölkəmizin beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, yeni qələbələr üçün əsaslı zəmin yaradır. Bu gün Azərbaycan həmişəkindən daha güclü, daha qüdrətlidir.

– Bir neçə həftədən sonra Bakıda minlərlə avropalı  ilk qitə oyunlarında bir araya gələcək...

– İlk Avropa Oyunlarının təşkili, məhz “Odlar yurdu” Azərbaycana həvalə olundu. Bakı ilk Avropa Oyunlarının keçirildiyi şəhər kimi tarixdə qalacaq. Bu bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Müasir standartlara cavab verən idman qurğularının tikintisi, böyük infrastruktur layihələrin həyata keçirilməsi, “Bakı- 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,  Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən möhtəşəm işlər Azərbaycanın bu beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə keçirəcəyini bir daha təsdiq edir. Qitənin ən irimiqyaslı tədbirinə hazırlığın yüksək səviyyəsi dünyanı heyran edib. Əfsanəvi Bakını görmək fürsətini əldən buraxmaq istəməyən turistlər artıq ölkəmizə gəlməyə başlayıblar, oyunlara hazırlıqla maraqlanır, dünya mətbuatında bu sahədə görülən işlər geniş işıqlandırılır. Söz yox ki, uğurlarımızı həzm edə bilməyənlər də var. Nailiyyətlərimizə qısqanclıq hissi ilə yanaşanlara idmançılarımız parlaq qələbələri ilə cavab verməlidirlər.

-Avropa Oyunlarına idmançılarımızın hazırlığı necə gedir?

– Yığmamız təlim-məşqlərini davam etdirir. Avropa Oyunları kimi çətin sınağın startına bir aydan da az vaxt qalır. Yüksək səviyyədə məşqlərin keçirilməsi üçün hər bir şəraitimiz var. Güləşçilərimiz, yalnız qələbə uğrunda meydana çıxacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında qalib gəlmək üçün qələbə əzminin, vətənpərvərlik ruhunun mühüm amil olduğunu dəfələrlə vurğulayıb: “...Qələbəni əldə etmək üçün sadəcə olaraq peşəkar güləşçi olmaq kifayət deyildir. Gərək qələbə əzmi olsun, gərək Vətən sevgisi olsun, vətənpərvərlik ruhu yüksək səviyyədə olsun. Azərbaycan gənci öz dövlətinə, xalqına sadiqdir”. Gənclərimiz onlara bəslənilən bu yüksək etimadı doğrultmağa çalışacaqlar.

Xalqımıza qələbə sevinci bəxş etməkdən gözəl nə ola bilər!

Müsahibəni qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında