Nikolay PATSKEVİÇ, Belarusun Azərbaycandakı səfiri: İlk Avropa Oyunlarının Bakıya etibar edilməsi Azərbaycana etimadın rəmzidir

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına bir aydan az vaxt qalır. Artıq demək olar ki, bütün dünyanın diqqəti Bakıya yönəlib, müxtəlif xarici KİV-lər “Bakı-2015"-lə bağlı

informasiyalar dərc edir, dünya şöhrətli idmançıların bu Oyunlara münasibətini təqdim edirlər. Bu günlərdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç “Xalq qəzeti”nə eksklüziv müsahibə verərək birinci Avropa Oyunları ilə bağlı fikirlərini bölüşmüşdür.

— Hörmətli səfir, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı təmsil etdiyiniz Belarus Respublikasının mövqeyini necə şərh edərdiniz?

— İlk Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Avropa üçün əlamətdar hadisədir. Mənim fikrimcə, ilk Avropa Oyunlarının məhz sizin ölkəyə etibar edilməsi Azərbaycana qarşı etimadın rəmzidir. Bu Oyunların keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında qəbul olunub və təşkilat komitəsinin bu oyunlara hazırlıq üçün Olimpiya oyunlarından fərqli olaraq cəmi 2 il yarım vaxtı olub. Amma əslində Olimpiya oyunlarının keçiriləcəyi paytaxt şəhər oyunların başlanmasına 7 il qalmış elan olunur. Buna baxmayaraq, heç kim şübhə etmirdi ki, Azərbaycan bu qısa müddət ərzində belə bir əhəmiyyətli tədbirin keçirilməsini təşkil edə biləcək və bu məsələni ən yüksək keyfiyyətlə həll edəcək.      

Avropa Oyunları Azərbaycanın siyasi və sosial-iqtisadi sahədəki nailiyyətlərini nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycan qədim və unikal mədəniyyətə malik zəngin bir ölkədir. Qarşıdakı böyük tədbir qonaqlar üçün həm də bu mədəniyyətlə təmasda olmaq, milli adət-ənənələrlə yaxından tanış olmaq üçün bir şansdır. Azərbaycan cəmiyyəti xoşməramlıdır, qonaqpərvərdir, milli və dini mənsubiyyətinə baxmadan hər kəsə qarşı hörmətlə yanaşır. Xüsusilə də qonaqlara qarşı. Bu isə Oyunların uğurla və əsl bayram əhval-ruhiyyəsində keçiriləcəyinə tam təminat verir.

— Belarus idmançıları bu Oyunlara necə hazırlaşırlar? Tədbirdə belarusdan nə qədər qonağın iştirakı gözlənilir?

—  Bizim milli komandamızın tərkibinə 153 idmançı və 54 məşqçi daxildir. Belaruslar idmanın, demək orlar ki, bütün növlərində təmsil olunurlar və yığmamızın tərkibinə ən güclü idmançılar daxildir. Bunlar Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşnik (güllə atıcılığı), dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçıları olmuş Melitina Stanyuta (bədii gimnastika), Vladimir Samsonov (stolüstü tennis) və başqalarıdır. Onların əksəriyyəti Azərbaycanın peşəkar idmançılarına və idmansevərlərinə yaxşı tanışdır. Başqa idman növləri üzrə də güclü idmançılarımız Avropa Oyunlarına qatılacaqlar.  

Bizim komandanın rəhbəri isə Olimpiya çempionu, Belarus Milli Olimpiya Komitəsinin Olimpiya idman növlərinin monitorinqi və inkişafı şöbəsinin rəisi Dmitri Dovqalenok olacaq. Belarus idmançılarının ilk qrupunun Bakıya iyunun 10-da gələcəyi gözlənilir.

— Birinci Avropa Oyunlarının təşkilatçılarına, iştirakçılarına arzularınız?

— Oyunlara hazırlıq işlərinə nə qədər zəhmət və güc sərf olunduğunu, nə qədər yeni idman obyektlərinin tikildiyini, Bakının bütün infrastrukturunun necə modernləşdirildiyini gördükcə şübhə qalmır ki, ilk Avropa Oyunları 2015-ci ilin ən parlaq hadisəsi olacaq, bu Oyunların uğurla başa çatması bütün dünyada Azərbaycanın imicinin möhkəmlənməsinə xidmət edəcək. Sonda bu həqiqətən də tarixi Oyunlarda iştirak edən bütün idmançılara uğurlar arzulamaq istərdim. Olimpiya devizində deyildiyi kimi: “Citius, Altius, Fortius!” - “Tez, Yüksək, Güclü!”.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında