Serafim İsak: Bakı Avropa Oyunları qitədə idmanın inkişafına “yeni nəfəs” gətirəcək

Görkəmli Moldova jurnalisti Serafim İsak dərin analitik və ciddi araşdırma yazıları ilə təkcə öz ölkəsində deyil, xarici ölkələrdə də yaxşı tanınır. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O vaxtdan Moldovanın, eləcə də Avropanın bir çox populyar mətbu nəşrləri ilə əməkdaşlıq edir. Son illər daha çox qlobal mediada söz və mətbuat azadlığı sahəsində elmi araşdırmalarla məşğuldur. Hazırda Moldova Dövlət Universitetində çalışır, professordur. 

Əməkdaşımız moldovalı professorla telefon bağlantısı yaradaraq ondan eksklüziv müsahihə almışdır. Müsahibəni sizə təqdim edirik.

-Cənab İsak,  birinci Bakı Avropa oyunlarının qitə idmanı üçün əhəmiyyəti, sizcə, nədədir?

-Bəllidir ki, dünyada Olimpiya hərəkatı Avropada, daha konkret  desək, Yunanıstanda başlasa da, sırf “Köhnə qitə”ni əhatə edən idman oyunları, ilk dəfədir ki, keçirilir. Bu mənada Bakı Avropa Oyunları, qitədə idmanın, fikrimcə, əsas missiyası bəşəriyyətə sülh, ədalət, tərəqqi bəxş etmək olan Olimpiya hərəkatına “yeni nəfəs” gətirəcək.

-Sizcə, bu tədbirin Azərbaycan üçün konkret hansı faydası var?

-Çox faydası var. Ən böyük faydası odur ki, ilk kosmonavtlar kimi, Azərbaycan da Avropa idmanında tarix yazır. Zaman keçdikcə bu oyunların mahiyyəti özünü daha qabarıq şəkildə biruzə verəcək. Azərbaycana təsadüfən deyil, xalqınızın idmandakı böyük uğurlarını, ölkənizin davamlı iqtisadi inkişafını nəzərə alaraq yüksək etimad göstəriblər. Bu seçim şəxsən Prezident İlham Əliyevin modern düşüncəli, qətiyyətli, müdrik dövlət başçısı olduğuna hesablanıb! Mən Azərbaycanın bu sınaqdan uğurla çıxacağına  şübhə etmirəm.

-Yəqin ki, Moldova idmançıları ilk Avropa Oyunlarına ciddi hazırlaşırlar?

-Şübhə etmirəm ki, belədir. Moldavanın  çap mətbuatı bu barədə tez-tez yazır, elektron mediada da Bakı Avropa Oyunları barədə vaxtaşırı verilişlər yayımlanır. İdmançılarımızın Bakıda yaxşı nəticələr əldə etmək əzmi məni çox sevindirir.

O yerdə ki, yarış var, deməli, qələbə əzmi də var. Amma böyük anlamda idman yarışlarında uduzan olmur. Çünki idman son nəticədə “sülhün aktivi”nə xal yazır. İdmanın  özəlliyi də, gözəlliyi də məhz bundadır!

-Hörmətli professor, “Xalq qəzeti”nə məxsusi olaraq müsahibə verdiyiniz üçün sizə təşəkkür edirəm. Sonda soruşmaq istərdim: Bakıya gəlmək, oyunlara öz gözlərinizlə baxmaq arzunuz varmı?

-Çox istərdim. Macal tapsam, mütləq gələcəyəm. Yeri gəlmişkən, mənim Azərbaycan mediasının bir çox tanınmış isimləri ilə şəxsi dostluq əlaqələrim var. İki il əvvəl də Avropa Şurasının xətti ilə müasir dövrdə medianın inkişaf indensiyaları ilə bağlı Bakıda təşkil olunan beynəlxalq tədbirdə iştirak etmişəm. Azərbaycan paytaxtının  simasının son illər çox sürətlə yaxşılığa doğru dəyişdiyinin şahidi olmuşam. Ümid edirəm, həmyerlilərim - Moldova idmançıları mənim kimi, Bakını, bütün Azərbaycanı sevəcəklər.

Söhbəti qələmə aldı:

 Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında