Xəzər İSAYEV: Avropa Oyunlarının ilk məşəlinin “Odlar yurdu”nda alovlandırılması tarixi hadisədir

I Avropa Oyunları kimi tarixi hadisənin baş verəcəyi təqvimdən bizi sayılı günlər ayırır. Qitə idmanı üçün həlledici məqam olan belə bir möhtəşəm tədbir məhz Azərbaycanda baş tutacaq. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevə ilk sualım bu ərəfədə idman ictimaiyyətinin hansı hisslər keçirməsi ilə bağlı oldu. Xəzər İsayev Azərbaycan müstəqilliyini qazandıqdan sonra mübarizə ruhunun bir an belə xalqımızı tərk etmədiyini, qələbə əzminin həmişə onunla olduğunu dedi:

– Tək idman ictimaiyyəti deyil, bütün xalqımız bayram əhval-ruhiyyəsindədir. Ölkəmizdə çox güclü idmançı nəsli yetişib, onlar hər an qələbə uğrunda mübarizəyə hazırdırlar. Hər bir sadə vətəndaş ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində aparılan quruculuq işləri ilə Avropanın, bütün dünyanın yaxından tanış olmasından qürur duyacaq. İndi tək paytaxtımızda deyil, həm də bölgələrdə idman və digər sahələrdə aparılan quruculuq işləri analoqu olmayan bir haldır. Topraqlarının 20 faizi işğal edilən, 1 milyona qədər qaçqın və məcburi köçkünü olan bir ölkədə belə yüksək sürətli inkişaf bütün dünyanın diqqətini çəkib. Müstəqillik illərində mübarizə ruhu, qələbə əzmi xalqımızı bir an belə tərk etməyib. Nəticədə, Azərbaycan sürətlə inkişaf edən qüdrətli bir dövlətə çevrilib. Oyunlar zamanı ölkəmizə dünyanın aparıcı mətbu orqanlarından çoxlu jurnalistlər gələcəklər.

KİV nümayəndələrinin ölkəmizdə gedən quruculuq işləri ilə yaxından tanış olmaları, vətəndaşlarımızla canlı təmasları Azərbaycan reallıqlarının təbliği baxımından geniş imkanlar açır. Avropa Oyunlarında 17 gün ərzində 20 növdə 50 ölkənin 6000-dən çox idmançısının mübarizə aparacağı yarışlarda könüllülərin sayının çox olması gənclərimizin idmana, sağlam həyat tərzinə nə qədər bağlı olduğunu bir daha sübut edir. İdman ictimaiyyəti, bütün xalq bu tarixi oyunları səbirsizliklə gözləyir.

- Avropa Oyunlarının ilk məşəlinin Azərbaycanda alovlandırılması ilə bağlı fikirləriniz oxucularımız üçün maraqlıdır.

- Avropa Oyunlarının ilk məşəlinin “Odlar yurdu”nda alovlandırılmasından qürur duyuruq. Oyunların ilk məşəlinin Azərbaycanda alovlandırılması heç də təsadüfi sayılmamalıdır. Qəbul edilən qərar bir sıra ciddi amillərlə bağlıdır. Bu amillərdən ən başlıcası respublikamızın dünyada idman ölkəsi kimi tanınmasıdırsa, digər əsas amil isə mədəniyyətlərin birgəyaşayışı baxımından dünyanın nadir ölkələrindən biri olan Azərbaycanın vətəndaş cəmiyyətinin sivil qaydalarla inkişaf etdiyi dövlətlər sırasında ilk yerlərdən birini tutmasıdır. Dünyaya nümunə olan tolerant ölkə Avropa Olimpiya hərəkatının standartlarının formalaşdırılmasına layiqli töhfələrini verə bilərdi. Belə bir ölkə olan Azərbaycan artıq Avropa Olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacardı.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva öz çıxışlarında Azərbaycanın Avropa idmançılarını və çoxsaylı qonaqları, turistləri layiqincə qəbul edəcəklərini, ölkəmizdə onlar üçün hər cür şərait yaradılacağını, qitə idmançılarının ilk ən genişmiqyaslı yarışlarını Olimpiya oyunları səviyyəsində keçiriləcəyini dəfələrlə vurğulayıblar. Görülən işlər artıq göz qabağındadır və mötəbər beynəlxalq qurumların rəsmiləri oyunlara hazırlığın yüksək səviyyəsini dönə-dönə qeyd edir, yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliklərini bildirirlər. Avropa və dünyanın ən mötəbər tədbirlərinin keçirilməsində zəngin təcrübə toplamış Azərbaycan qüdrətini oyunlar vasitəsilə növbəti dəfə nümayiş etdirəcək. 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcəyik. Bakıda Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılacağı gün də uzaqda deyil.

- İdmançılarımız Avropa Oyunlarından hansı nəticəni gözləyirlər?

- Dünyada ciddi rəqib kimi tanınan idmançılarımıza qarşı qabaqcıl idman dövlətlərinin atletləri gərgin mübarizə aparacaqlar. Bunu idmançılarımız da bilirlər və yarışlara son dərəcə böyük məsuliyyətlə hazırlaşırlar. Oyunlara ev sahibliyi etməyimiz atletlərimizin yüksək nəticələr əldə etmələri üçün qələbə əzmini daha da artırır. Əvvəlki illərə nəzər salsaq görərik ki, yarışlardan-yarışlara idman nailiyyətlərimiz sürətlə artıb, yeni qələbələr üçün əsaslı zəmin yaranıb. Ev sahibi olduğumuz möhtəşəm oyunlarda hər bir idmançı sevimli azarkeşlər qarşısında qələbənin nə qədər önəmli olduğunu çox gözəl bilir. Onların hər biri qələbəyə köklənib və öz imkanlarından hərtərəfli yararlanmaq üçün səylə çalışır. Xalqımız əmindir ki, Avopa Oyunları həm yüksək səviyyədə təşkili, həm də idmançılarımızın çıxışı baxımından bütün dünyaya səs salacaq, Azərbaycanın güclü potensialını bir daha dünyaya nümayiş etdirəcək.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında