Yan Fişer: Azərbaycanın idman uğurlarının əsasında düzgün idarəetmə dayanır Birinci Avropa Oyunları tanınmış insanların gözü ilə

Yan Fişer 2009-2010-cu illərdə Çexiya hökumətinə başçılıq edib. Özünün də məxsusi vurğuladığı kimi, Azərbaycanın yaxın dostlarından biridir.

Hörmətli qonaqla bu günlərdə  Bakıda keçirilən Üçüncü Qlobal Bakı Forumunda görüşmüşdüm. Forum barədə zəngin təəssüratları vardı, söhbət əsnasında Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə də fikirlərini soruşdum. Cənab Y.Fişer ilə ekskluziv  müsahibəni bu gün oxucularımızın diqqətinizə çatdırırıq.   

 - Cənab Fişer, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini nə ilə izah edərdiniz? 

-Hesab edirəm ki, ilk Avropa Oyunlarının məhz Bakıda təşkil olunması yarış təşkilatçılarının Azərbaycan dövlətinə, onun xarizmatik lideri Prezident İlham Əliyevə, eləcə də müdrik və zəhmətsevər Azərbaycan xalqına olan dərin etimadının nəticəsidir. Bu gün Azərbaycanın sürətli və davamlı inkişafı göz qabağındadır. Sivil dünya ailəsində ölkənizin layiq olduğu yüksək imici bir daha təsdiq etmək üçün həqiqətən çox uğurlu işlər görülüb. Təbii ki, bu real işlərin, amillərin əsasında Bakının lehinə qərar verilib.  

- Daha çox hansı konkret amilləri nəzərdə tutursunuz?

- Yəni konkret hədəflər vaxtında müəyyən edilib, maliyyə və insan resurslarından səmərəli istifadə olunub. Azərbaycan hökuməti hələ bu oyunlar başlamazdan xeyli əvvəl ölkədə geniş idman infrastrukturunun yaradılmasına nail olub.  Bir məqamı da məxsusi  vurğulamaq istəyirəm: Düzgün idarəetmə çox mühüm amildir. Azərbaycanın idman və başqa bütün sahələrdə uğurlarının əsasında düzgün idarəetmə dayanır. Fikir vermişəm: Azərbaycan hər bir beynəlxalq tədbirə çox böyük məsuliyyət hissi ilə yanaşır. Məsuliyyət də uğur üçün mühüm şərtdir.

- Çexiya idmançıları ilk Avropa Oyunlarında hansı səviyyədə təmsil olunacaqlar?

- Əlbəttə,  ən yüksək səviyyədə! Bizim ən tanınmış idmançılar Bakıya gələcəklər. Media nümayəndələrimiz burada olacaqlar. Əslində hər bir idman bayramı, özü də Avropa qitəsi səviyyəsində keçirilən belə bir nüfuzlu tədbir, təbii ki, bütün Avropanın çox böyük dostluq bayramına çevrilə bilər. İnanıram ki, çexiyalı idmançılar da Azərbaycanda özlərinə çoxlu dostlar qazanacaqlar və buradan ən xoş təəssüratlarla ayrılacaqlar.

- Sonuncu sual: İdman siyasətə təsir edə bilərmi?

- Əlbəttə, təsir edə bilər. Axı, böyük idman xalqlar arasında sülhün, ədalətin bərpa edilməsinə çox kömək edir. Nəzərə alın ki, Bakıya Avropa qitəsinin 50 ölkəsindən minlərlə idmançı gələcək. Onların hər biri əslində öz ölkələrinin xoşməramlı səfiridir. Bakıdakı oyunların təşkili səviyyəsindən razı qalsalar, sizin gözəl ölkənizin dostlarına, xeyirxahlarına çevriləcəklər. İnanıram ki, bu, məhz belə də olacaq!   

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında