Yan Fişer: Qlobal Bakı Forumu çox yüksək səviyyədə təşkil olunub Danışır forum iştirakçıları

Çexiya Respublikasının keçmiş Baş naziri Yan Fişer Üçüncü Qlobal Bakı Forumunun iştirakçısıdır. O, 1951-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində tanınmış riyaziyyatçı-alim ailəsində anadan olub. Yan Fişer Praqa Universitetinin iqtisadiyyat fakültəsini bitirib, iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Uzun illər Çexiya Statistika İdarəsinə rəhbərlik edib. 2009-2010-cu illərdə Çexiyanın mərkəzçi -sağçı hökumətinin rəhbəri vəzifəsində çalışıb. 2012-ci ildə bu ölkədə keçirilən prezident seçkilərində iştirak edib. Lakin seçkilərin nəticələrinə görə üçüncü olub. Hazırda Avropa Beynəlxalq Humanitar Əməkdaşlıq İnstitutunda işləyir.

Çexiyalı qonaq dünən qəzetimizin əməkdaşına forumla bağlı eksklüziv müsahibə vermişdir. Cənab Yan Fişer bunları demişdir:

– Mən Azərbaycanın paytaxtı gözəl Bakı şəhərində keçirilən Üçüncü Qlobal Bakı Forumunun iştirakçısı olmaqdan çox məmnunam. Tədbir çox mühüm bir problemə - müasir dövrdə xalqlar, dövlətlər arasında etimadın gücləndirilməsi kimi vacib mövzuya həsr olunub. Bu, çox aktual mövzudur. Dünya çox mürəkkəbləşib, böyük gərginliklər yaranıb. Bu gün çeşidli mədəniyyətlər, sivilizasiyalar arasında səmimi və səmərəli dialoqun aparılması çox vacibdir.

 Diqqətəlayiq bir haldır ki, belə bir aktual tədbir çox hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutur. Mən dünən (artıq srağagün-M.A.) dərin məmnunluq hissi ilə cənab İlham Əliyevin forumdakı parlaq çıxışını dinlədim. Çox maraqlı və dəyərli fikirlər səsləndi. Digər natiqlər də forumda dəyərli mülahizələrlə çıxış edirlər. Ümumi qənaətim belədir ki, hər birimiz bəşəri, humanist missiyamızı yerinə yetirməliyik. Yəni çalışmalıyıq ki, dünyanı zorakılıqlar və fəlakətlərdən qoruyaq.

 Forum hələ davam edir. Bir daha deyirəm, Azərbaycanın mövqeyini alqışlayıram. Məlumatım var ki, ölkəniz multikulturalizmin inkişafına böyük önəm verir. Azərbaycanda başqa xalqların mədəniyyətinə həqiqətən tolerant münasibət var. Bu, çox yaxşı haldır. Bu ənənələrin qorunmasında dövlət rəhbərinizin və hökumətinizin  əməyi böyükdür.

Bu gün Azərbaycanın müstəqillik illərində əldə etdiyi böyük iqtisadi uğurların bəhrəsinin canlı şahidi olmaq üçün gözəl Bakınıza nəzər yetirmək kifayətdir. Qeyd edim ki, Bakıya birinci dəfədir ki, gəlmişəm. Çox gözəl, ecazkar şəhəriniz var. Sakinlər çox mehriban və qonaqpərvər insanlardır. Hiss olunur ki, adamlar həyata ümidlə baxırlar, şəhərlərini sevirlər. Dünən axşam mehmanxanadan Xəzər dənizini seyr etməkdən də xüsusi zövq aldım.

Bir məqamı da vurğulamaq istərdim. O da budur ki, forum çox yüksək səviyədə təşkil olunub. Görünür, Azərbaycan belə ali tədbirlərin keçirilməsi sahəsində yaxşı təcrübə əldə edib. Bilirəm ki, bu ilin iyun ayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Bu möhtəşəm tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminəm. Sonda bir daha Azərbaycan dövlətinə, cənab İlham Əliyevə, qurub-yaratmaq əzmində olan müdrik Azərbaycan xalqına  bundan sonra da böyük uğurlar arzulayıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında