Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, reytinqinin getdikcə artması və nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi dünya birliyi tərəfindən də etiraf olunur. Ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsi və əlaqələrinin genişlənməsi bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını sürətlə artırır. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsinin qərarından sonra dünya ictimaiyyətinin respublikamıza olan marağı daha da artıb.
Təbii ki, bu uğurlar bir sıra ermənipərəst qüvvələrin və antimilli dairələrin, necə deyərlər, kürkünə birə salıb. Onlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün minbir oyundan çıxsalar da, heç nəyə nail ola bilmirlər. Çünki belə ünsürlərin yalanları qazanılan uğurlar yanında çox cılız görünür.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovla söhbətimiz də bu mövzuda oldu. O bildirdi ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Buna qədər ölkəmizin nüfuzlu qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi beynəlxalq ictimaiyyətə də bəllidir. Ümumiyyətlə, ölkəmiz dünyada böyük nüfuza malik olan BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası, həmçinin, UNESCO, İSESCO və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsinin qərarı da məhz bu nailiyyətlərin nəticəsidir.
Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan respublikamızın dinamik inkişafı, bəşəri düşüncələr haqqında azad fikirlərin səslənməsi əksər dünya ölkələri üçün Azərbaycanı cəlbedici edir.
Bu günlərdə Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması Azərbaycanın və dünyanın idman tarixinə əlamətdar hadisə kimi düşdü. Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi bu möhtəşəm tədbir dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir. Onu da qeyd edək ki, birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, tədbirin açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Təbii ki, gənc müstəqil bir dövlətin qısa zaman kəsiyində belə böyük nailiyyətlərə imza atması ölkəmizə qarşı qərəzli mövqe tutan qurumların, habelə ermənipərəst qüvvələrin təzyiqlərindən yan keçə bilməzdi. Elə Avropa Parlamentinin, həmçinin Roma Papasının qondarma erməni soyqırımını tanımaları barədə açıqlama vermələri də dünyada mövcud olan ikili standartların nəticəsi idi. Bu faktlar da təsdiqləyir ki, dünyada mövcud olan ermənipərəst dairələr Azərbaycanın müstəqil siyasət yeritməsindən, getdikcə artan iqtisadi, siyasi və hərbi qüdrətindən narahatılıq hissi keçirir və bütün vasitələrlə, xüsusilə də yalan və böhtana əl ataraq ölkəmizə təzyiq edirlər.
Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıması onsuz da son illər Azərbaycan xalqının qarşısında etibarını tamamilə itirmiş Avropa Birliyi strukturlarının iç üzünü bir daha açdı. Avropa Parlamentinin 100 il bundan əvvəl baş verdiyi deyilən olayları soyqırımı kimi tanıması təkcə bu qurumun obyektivliyini, hadisələri real qiymətləndirməsi bacarığını və ciddiliyini alt-üst etmədi, həm də bu qurumun riyakar bir təşkilat olduğunu göstərdi. Bu qərar Avropa Birliyinin “Xristian Klubu” olduğuna, Türk və İslam dünyasına kin bəslədiyinə, yüz illər öncə Avropanı fəth edən türklərə qarşı hələ də qisasçılıq hissilə yaşadığına şübhə yeri qoymadı.
Dünyaya demokratiya, insan haqları, haqq-ədalət və beynəlxalq hüquqdan “dərs keçən” Avropa Parlamentinin məhkəmə qərarı olmadan, arxiv sənədlərinə əsaslanmadan qondarma “erməni soyqırımı”nı tanıması haqqında qərar qəbul etməsi Türkiyəyə və bütün türk dünyasına qarşı qərəz və böhtandan başqa bir şey deyil. Tolerantlığı, söz və fikir azadlığını əlində bayraq edən Avropa Parlamentinin Roma Papası Fransiskin “20-ci əsrin ilk soyqırımı erməni xalqının başına gəlib” fikrini ehkam kimi qəbul etməsi onun erməni lobbisinin sifarişlərini yerinə yetirməsinə sadiqliyinin nümayişidir.
Avropa Birliyinin ikili standartları, qərəz və riyakarlığı Azərbaycanda demokratik və ədalətli dəyişikliklər ümidi ilə yaşayan insanların bu quruma olan inamını heçə endirib. Bu təşkilatın təbirincə, Avropada Məhəmməd Peyğəmbərin (s.) karikaturasını çəkmək fikir azadlığı, Papanı tənqid etmək isə “mafiyasayağı açıqlamalar” sayılır. Göründüyü kimi, özünü dünyada insan haqlarının müdafiəçisi və demokratiyanın tərəfdarı kimi təqdim edən bu qurum, əslində, riyakar və qərəzlidir. Son 25 ildə Azərbaycan xalqına qarşı erməni vəhşiliklərinə, dinc əhaliyə qarşı törədilmiş terror aktlarına, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsinə Avropa Parlamenti və digər beynəlxalq qurumların susmaları ölkəmizə qarşı olan qərəzdən irəli gəlib.
Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və iqtisadi qüdrətini getdikcə artırır. “Demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən bəzi Avropa və Qərb dövlətlərinin müstəqil ölkələrə qarşı təzyiq mexanizmindən istifadə etməsi heç bir nəticə verməyəcək. Ölkəmizdə hər hansı bir nüfuzlu tədbir keçirilən ərəfədə qərəzli dövlətlərin nümayəndələrinin və ermənipərəst təşkilatların Azərbaycana qarşı təzyiq vasitələrinə əl atmaları onların qazandığımız uğurları həzm edə bilməmələrindən irəli gəlir. Müsahibimiz sonda dedi: Biz I Avropa Oyunlarının keçirilməsi ərəfəsində də tez-tez belə təzyiq vasitələri ilə üzləşirik. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Təbii ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasi strategiya ölkəmizin inkişafını gözü götürməyən qüvvələri qane edə bilməz. Ona görə də ümidlər yalnız təzyiq mexanizmlərini işə salmağa qalır. Belə ünsürlər I Avropa Oyunlarının siyasi əhəmiyyətini azaltmaq, ölkəmizə gələcək adlı-sanlı idmançıları, azarkeşləri və turistləri qorxutmaq üçün müxtəlif vasitələrə əl atırlar. Son vaxtlar atəşkəs rejiminin mütəmadi olaraq pozulması, regionda hərbi-siyasi gərginliyin artırılması, ölkəmiz əleyhinə qərəzli kampaniyaların aparılması və digər çirkin vasitələr də məhz buna hesablanıb. Ancaq həmin qurumlar, nəhayət, yanlış yolda olduqlarını dərk etməlidrlər. Onların bütün qarayaxmalarına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarını da yüksək səviyyədə keçirməyə nail olacaq.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.