Azərbaycan parlamentariləri Türkiyəyə qarşı ittihamları kəskin tənqid etdilər

Zahid ORUC: Katolik kilsəsinin rəhbəri “erməni kədəri”nə xüsusi dini liturgiya keçirməklə dini hücrələrin siyasətdən heç vaxt ayrı olmadığını sübuta yetirdi, xristian həmrəyliyinin Qərbdə güclü tarixi ənənələrə malik olduğunu unutqanlara yenidən göstərdi və bir milyard insanın liderinin müharibə meydanlarında qanlarını tökən müsəlmanlara meydan oxuduğunu ortaya qoydu.

Əslində, Türkiyəyə vurulan belə zərbələrin ardınca Avropa paytaxtlarından verilən müxtəlif qərar və qətnamələr vasitəsilə rəsmi Ankaranı siyasi mühasirəyə salmağa çalışacaqlar. Ermənilər neft və qazdan məhrum olsa, əvəzində dünyanın işinə yarayan daha mühüm iqtisadi, siyasi və geopolitik silah olan “soyqırım sərvəti”nə malikdirlər və Ermənistanın daxili sarsıntıları fonunda ona qazandırılan belə “diplomatik qələbələr” onun zəifləməsinin türk düşmənləri üçün necə qorxulu olduğunu hamımıza əyan edir. Türkiyəni keçmişi ilə üzləşdirmək adı altında Vatikanın, yaxud, bu günlərdə “erməni soyqırım”nı 3-cü dəfə tanıyan Avropa Parlamentinin niyyəti 1915-ci il hadisələrinə görə Ərdoğandan üzr istəməyi gözləmək kimi bir mənəvi jesti hədəfləmək deyil. Başlıca məqsəd, regional iddiaları güclü və imperiya keçmişinin girovu sayılan türkləri cəzalandırmaqdır. Qərb mediası bunun zəminini formalaşdırmaq üçün hər cür saxtakarlığa əl ataraq yüz il əvvəlki Osmanlı və yaxud, gənc türkləri müasir dövrün İŞİD-i ilə bərabərləşdirməyə çalışır, başqa dinin daşıyıcılarına qarşı dözümsüz olan müsəlman dünyasının bir parçası kimi Türkiyəni diplomatik və siyasi əlaqələrdən qoparıb təkləməyə cəhd göstərir.

Ermənilərin “soyqırım biznesi”ndən qəflətən geri durmasını xəyal etsək, onun himayəçiləri Ermənistanı düşmənçilik ideologiyasından əl çəkməyə qoymayacaqlar. Çünki genosid məsələsi çoxlu dövlətlərə qazanc gətirir. Avropa qətnaməsinin mətni regional təhlükəsizliyə zərbə vurmaqla, Türkiyəni erməniləri gerçək soyqırımına uğratmağa təhrik edir.Yəhudilərdən fərqli olaraq ermənilər təzminat və torpaq alıb türklərlə birgə yaşaya bilməzlər. Azərbaycanı türk dünyasının bir hissəsi qəbul edənlərin qarşısında–bütün Qərb strukturlarının belə erməni həmrəyliyi fonunda Qarabağ mübarizəmiz daha da çətinləşəcək. Düz yüz il əvvəl, Amerikanın sabiq prezidenti Vudro Vilson ermənilərə türklərin bir neçə əyalətində dövlət qurub verərək məlum qırğınlara görə onlara əvəz ödəməyi nəzərdə tutan plan hazırlamışdı. Əvəzini İrəvanı paytaxt etməklə, Azərbaycanı torpaq güzəştinə getməklə çıxdılar. İndi də İrəvanın yerinə Qarabağı qurban etməyə çalışacaqlar.

Fazil MUSTAFA: Avropa Parlamenti qərarını qəbul etdi. Dedi ki, “soyqırımı” olub. Hər halda gözlənilən idi. Ancaq bu qərarı qəbul edən avropalı sarsaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin atacağı addım çox daşları yerinə oturda bilər. Ancaq Türkiyənin də sağlam və rasional qərar qəbul edəcəyini gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirir və sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlar? Mahçupyan nə fikirləşir? “Erməni soyqırımı”nın Türkiyə parlamentində tanınması üçün orada neçə erməni və PKK kürd vəkili sayı tamamlanmalıdır?

Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir. Əgər rəsmi Türkiyə özü erməni ağlı ilə oturub- durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyə siyasətini müəyyənləşdirən qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi ilk addım kimi, yavaş-yavaş başlayın qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə “qətliam” deyib aradan çıxmayın, birbaşa parlamentdə “SOYQIRIMI” kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sair və ilaxır. Biz də bu addımları, bu siyasəti cani-dildən dəstəkləyək.

Qənirə Paşayeva:  Roma Papasının qondarma erməni soyqırımı yalanlarından sonra Avropa Parlamentinin məlum qətnaməsində vurğulanır ki, Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Utanmadan yalanlarla bağlı qərar qəbul edirlər və sonra da bu yalanlarla Türkiyə və türk milləti əleyhinə dayanmadan iş aparan, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla qapılarınızı açın, qoyun yaxşı yaşasınlar–deyə çağırış səsləndirirlər. Utanmazlığın, ədalətsizliyin bu səviyyəsi insanı dəhşətə gətirir. Azərbaycan və Türkiyə olaraq birlikdə bu yalanlara, ədalətsizliklərə qarşı mübarizəmizi, inşallah, daha da gücləndirəcəyik. Ümid edirəm ki, türk və müsəlman dünyası da nəhayət, ayılıb, aparılan siyasi oyunların fərqinə varacaq və Azərbaycana və Türkiyəyə dəstək olaraq ədalətsizliklərə qarşı birgə mübarizəmizə dəstək verəcək.

Avropa Parlamentində bu istiqamətdə müzakirələr və açıqlamalar, bir sıra ölkələrin bu məsələdən öz maraqları üçün istifadə etməsi, erməni diaspor və lobbisinin, Ermənistanın bu məsələ ilə bağlı Türkiyə və türk milləti əleyhinə bütün dünyada apardığı kampaniyanı ifşa etmək üçün bütün gücümüzü birləşdirməliyik.  Sanki yeni “xaç yürüşləri”nin başladığının şahidi oluruq. Unutsaq, dövlətlərimizə, insanlarımıza qarşı basqı, yalan və saxtakarlıqlar daha da artacaq və bütün bunlara qarşı ciddi mübarizəyə hazır olmaq gərəkdir. Ermənilər və onların havadarları qondarma erməni soyqırımı yalanları ilə həm də Ermənistanın Qarabağda, Xocalıda törətdiyi soyqırımı, vəhşilikləri ört-basdır etmək istəyirlər. Buna imkan verməməliyik. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşür. Məncə, gənclər sosial şəbəkələrin onlara verdiyi imkanlardan bu baxımdan geniş istifadə etməli, həqiqətlərimizi yaymalıdırlar.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında