Avropa Parlamentinin 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı günü” kimi qeyd edilməsilə bağlı qəbul etdiyi qətnamə təkcə Türkiyə və Azərbaycanda deyil, beynəlxalq aləmdə də etiraza səbəb olub. Məsələn, Fransa Senatının komissiya üzvü Natali Qule bildirib ki, bu strukturun qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların göstəricisidir. Onun qənaətinə görə, parlament üzvləri tarixlə məşğul olmalı deyil. Onlar Dağlıq Qarabağ münaqişəsi kimi real məsələlərlə məşğul olmalıdırlar.
Avropa Parlamentinin Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması, bu ölkənin törətdiyi çoxsaylı terror aktlarının, soyqırımı faktlarının üstündən sükutla keçməsi ikili standartların, ədalətsizliyin və ayrı-seçkiliyin bariz nümunəsidir. Müsahiblərimizin bu barədə fikirlərini oxuculara təqdim edirik.
Çinqiz QƏNİZADƏ, Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru:
– Təəssüf hissi ilə qeyd edim ki, Avropa Parlamenti yenə də öz ampluasındadır. Bu təşkilat və Avropanın bəzi qurumları zaman-zaman Azərbaycana və türk dünyasına qarşı təzyiq vasitələrindən istifadə ediblər. Bu da, təbii ki, onların təmsil olunduqları dövlətlərin ölkəmizə və Türkiyəyə olan münasibətlərinin tərkib hissəsidir. Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi bir daha qeyd edim ki, həmin təşkilatların ikili standartlara xidmət etməsinin təzahürüdür. Düzdür, bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Sadəcə, tövsiyə xarakterli olsa da, könül bulandırır. Tarixçilər və hüquqşünaslar tərəfindən qiymət verilməyən, arxivlər açılmadan yüz il bundan öncə baş vermiş bir hadisənin saxtalaşdırılmış və qərəzli şəkildə təqdim edilməsi ədalətsizlikdir. Türkiyənin Prezidenti Rəcəb Tayyub Ərdoğan dəfələrlə bəyan edib ki, bizim ölkənin arxivləri hər bir kəsin üzünə açıqdır. Gəlin, araşdırın və əsl həqiqəti üzə çıxarın. Ancaq erməni lobbisinin təsiri altında olan bir sıra təşkilatlar böhtan və qərəzlərindən hələ də əl çəkmir, erməni xalqını əzilmiş, soyqırımına məruz qalmış kimi təqdim edirlər. Bir qədər əvvəl Roma Papası tərəfindən qondarma erməni soyqırımının tanınması barədə verilmiş bəyanat da dünyada baş alıb gedən ədalətsizliyin göstəricisidir. Hesab edirəm ki, bunlar erməni lobbisinin çirkli pulları hesabına həyata keçirdiyi davamlı işlərdir. Bir qədər əvvəl Roma Papasının qondarma erməni soyqırımını tanıması barədə verdiyi bəyanat da dünyada mövcud olan ədalətsizliyin təzahürüdür.
Roma Papası Argentinada erməni məhəlləsində doğulub. Bu ölkədə 120 min erməni yaşayır. O da belə bir mühitdə böyüyüb və uzun illərdən sonra da olsa, ermənipərəst mövqeyini nümayiş etdirdi. Təbii ki, belə bir ədalətsizlik din xadiminə xas olan xüsusiyyət deyil. Buna baxmayaraq, Roma Papası yalan və qərəzini ortaya qoydu. Avropa Parlamentində təmsil olunanların əksəriyəti xristian amilini rəhbər tutaraq ermənipərəst mövqelərini nümayiş etdirir, digərlərinin isə ermənilərlə qohumluq əlaqəsi olduğundan türk dünyasına qarşı kinlərini biruzə verirlər. Ona görə də Avropa Parlamenti sanki kimlərinsə sifarişlərini yerinə yetirir və getdikcə öz nüfuzunu itirir. Son vaxtlar Türkiyə-Rusiya münasibətlərində yaxınlığın yaranması və əməkdaşlığın genişlənməsi Avropa Parlamentini qıcıqlandırıb.
Qeyd etdiyim kimi, Avropa Parlamentinin belə bir ədalətsiz mövqe nümayiş etdirilməsi birinci hal deyil. 751 parlamentarisi olan bir qurum ötən il tələm-tələsik 46 nəfər üzvünü toplamaqla Azərbaycan haqqında da bir qətnamə qəbul etmişdi. Təbii ki, bu qətnamənin də hüququ bazası yox idi. Buna baxmayaraq, Avropa türk dünyasına qarşı öz qərəzini, qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq şəkildə nümayiş etdirir. Bu, həm də Avropanın belə üsullarla Azərbaycana və Türkiyəyə təzyiq edərək kiminsə siyasi kursunu dəyişməyə məcbur edilməsinə yönələn bir addımdır. Bütün bunlara rəğmən Avropa Parlamenti qətnamə qəbul edərkən düşünməli, atdığı addımın demokratiyaya, beynəlxalq hüququn tələblərinə zidd olub-olmamasını müəyyən etməlidir. Mən Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsindən təəssüflənirəm və bunu ikili standartların bariz nümunəsi sayıram.
Musa QASIMLI, Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor:
– Avropa Parlamentinin belə qətnamə qəbul etməsi tarixi gerçəkliyi əks etdirmir və sırf siyasi məqsədlər güdür. Hər şeydən əvvəl, ona görə ki, Avropa Parlamenti 100 il bundan əvvəl olduğu iddia edilən bir hadisəni araşdıracaq tarixçi funksiyasını öz üzərinə götürərək qiymətləndirmə verir. Belə yanaşma tamamilə səhvdir. Yüz il bundan əvvəl “erməni soyqırımı” deyilən bir şey olmayıb. Avropa Parlamentinin belə bir məsuliyyəti öz üzərinə götürməsi təkcə yanlış deyil, eyni zamanda, Avropa demokratiyasına olan inamı sarsıdır. Belə qətnamənin qəbul edilməsi Avropa demokratiyasına olan şübhələri daha da artırır. Bu sənədin qəbul edilməsinin əsas məqsədi Türkiyəyə təzyiqlər etmək, onun inkişafına əngəllər törətməkdir: Amma belə qərəzli qərarlar nə qədər qəbul edilsə də, Türkiyəni öz yolundan döndərmək mümkün deyil. Türk xalqının etmədiyi bir şeyi onun üzərinə qoymaq olmaz. Avropa Parlamenti 100 il əvvəl olduğu deyilən hadisə haqqında qərar qəbul edirsə, bəs nə üçün 1992-ci ilin fevral ayında Xocalıda Ermənistanın dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət edərək törətdiyi soyqırımın üstündən sükutla keçir? Hesab edirəm ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd ikili standartların nümunəsidir, sülhə, xalqlar arasında dostluğa və birgə yaşayışa xidmət göstərmir.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.