Avropa Parlamentinin ermənipərəst qərarı Qərbin obyektivliyinə olan-qalan inamı daha da sarsıtdı

Xəbər verildiyi kimi, Avropa Parlamenti aprelin 24-nün Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı günü kimi” qeyd edilməsilə bağlı sənədi qəbul edib. Özünü insan haqlarının müdafiəçisi kimi təqdim edən bu təşkilatın ermənipərəst mövqeyi dünyada mövcud olan ikili standartların bariz nümunəsidir. Avropa Parlamentinin belə bir ədalətsiz qərarı respublika ziyalılarının və ictimai-siyasi xadimlərin ciddi etirazına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz də bu mövzuda oldu. E.Nəsirov dedi:

– Məlum olduğu kimi, Avropa İttifaqı hələ 1987-ci ildə Fransanın təşəbbüsü ilə qondarma erməni soyqırımını tanımışdı. Bu dəfə də həmin istiqamətdə növbəti addım atıb. Hesab edirəm ki, bu addımlar mərhələli şəkildə həyata keçirilir. Bir qədər öncə, mart ayının 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə artıq Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma erməni soyqırımının tanınması ilə əlaqədar  müraciət etmişdir. Bu günlərdə Avropa Parlamenti bu silsilədə növbəti addımı atıb. Həmin addımın mahiyyəti ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələr 24 apreli “erməni soyqırımı günü” kimi qeyd etsinlər. Hətta, bir qədər də uzağa gedərək,  Türkiyəni də analoji addım atmağa çağırıblar. Türkiyənin əleyhinə qəbul olunmuş bu sənədin ərsəyə gəlməsində Avropa Xalqları Partiyası və bu təşkilatın təmsilçiləri xüsusilə fərqləniblər.  Eyni zamanda, Avropalı Mühafizəkarlar və İslahatçılar Qrupundan olan deputatlar daha çox fəallığı ilə yadda qalıblar. Prinsip etibarilə onlar, guya, Türkiyənin və türk xalqının əleyhinə olmadıqlarını müxtəlif üsullarla gizlətməyə çalışsalar da, əsl reallıq ondan ibarətdir ki, baş verməyən saxta bir hadisəyə hüquqi don geyindirmək istəyiblər. Saxta erməni soyqırımını tanıyan deputatların yanaşmalarında belə fikirlər də yer alır ki, guya  tarixi faktlar düzgün yazılmayıb və onlar “əsl həqiqəti” sübut etmək istəyirlər. Avropa Parlamenti ikili mövqeyinə, ayrı-seçkiliyə və  erməni saxtakarlığına don geyindirmək üçün hətta belə bir fikir də formalaşdırmaq istəyir ki, guya bu addımı ilə erməni və türk xalqları arasında barışığın əldə edilməsinə çalışır. Həqiqəti bu dərəcədə təhrif etdikdən sonra, guya iki xalqın bir-birinə yaxınlaşmasına cəhd etdiklərini bildiriblər.

Yeri gəlmişkən, qeyd edim ki, Avropa Parlamentinin belə bir qərar qəbul edəcəyi ilə bağlı müəyyən proqnozlar var idi. Hadisələrin gedişi, xüsusilə, ayrı-ayrı Avropa parlamentarilərinin mətbuatdakı müsahibələrindən və məqalələrindən artıq Türkiyə tərəfində belə bir fikir hasil olmuşdu ki, sənədin qəbul olunması prosesi baş verə bilər. Məhz bunu nəzərə alaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  qərarın qəbuluna saatlar qalan zaman  demişdir ki, Avropa Parlamenti nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar. Yəni Türkiyə dövlətinə bu şəkildə təzyiq etməklə, əslində, Avropa Parlamenti özünün necə riyakar bir siyasət  həyata keçirdiyini təsdiqlədi. Əslində, tarixçilərin araşdıracaqları bir məsələyə siyasi yanaşma tərzini ortaya qoydu. Maraqlı məqamlardam biri odur ki, Türkiyə Prezidenti bu günlərdə növbəti dəfə dünya birliyinə üzünü tutub dedi ki, bütün arxivləri, o cümlədən  hərbi arxivləri də açmağa hazırdırlar. Qoy Ermənistan da öz arxivlərini açsın və müxtəlif ölkələrdən olan tarixçilər arxivlərdə işləyib  əsil həqiqəti ortaya çıxarsınlar. Əfsuslar olsun ki, bu çağırışların hamısı cavabsız qalıb.

Bütün bunlar onu göstərir ki, bu gün, sözün həqiqi mənasında, beynəlxalq hüquq işləmir. Beynəlxalq aləmdə baş verən hadisələr təsdiqləyir ki, ikili standartlar, sözün bütün mənalarında, standarta keçib. Albert Eynşteynin hələ keçən əsrin 50-ci illərinin əvvəllərində dediyi fikirlər bu gün necə də aktual səslənir: beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur. Ondan kənarda qanunlar yoxdur.

İndiki vəziyyətdə isə belə çıxır ki, beynəlxalq hüquq yoxdur, ancaq Avropa Parlamenti var, beynəlxalq hüquq yoxdur, Avropa Xalqları Partiyası var, beynəlxalq hüquq yoxdur, Avropalı Mühafizəkarlar və İslahatçılar Qrupu və Avropa Birliyinin 28 dövləti var. Belə aydın olur ki, deməli, beynəlxalq hüquq yoxdur, ancaq saxta, qondarma erməni soyqırımı var. Çox təəssüf ki, bu  gün beynəlxalq aləmdə bu acı həqiqətlər var, özü də heç bir zaman olmadığı səviyyədə daha da güclənib.

Hesab edirəm ki, bu addım nəticə etibarı ilə Avropa İttifaqı ilə Türkiyə münasibətlərinə çox böyük ziyan vuracaq və belə olan vəziyyətdə Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində artıq yeni yanaşmaların, bir çox hallarda Türkiyənin xarici siyasət kursunda yeni-yeni nüansların yaranmasına gətirib çıxara bilər. Bu proseslərdə  Avropa ölkələrinin özləri də, hesab edirəm ki, ziyansız ötüşməyəcəklər. Bunun bizim üçün başqa bir məqamı da var. Bir vaxtlar Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələdə Ermənistanı işğalçı dövlət kimi tanımışdı. Amma bundan irəli gələ biləcək heç bir real addım atmamışdı. Bunlar hamısı onu göstərir ki, əslində, bu gün dünyada bir xristian həmrəyliyi nümayiş olunur, bunun qarşılığında demək istərdim ki, bu gün islamofobiya daha çox müşahidə olunur.

24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı qərarı qəbul edən qüvvələr və onların ideoloqları dünyaya haray-həşir salırlar ki, vaxtilə müsəlmanların sayı 150 milyon idi. İndi onların sayı 1 milyard 300 milyona çatıb. Onlar təşvişlərini gizlədə bilməyərək bəyan edirlər ki, Fransa ordusunda müsəlman əsgər və zabitlərin sayı 15 faizə çatıb. İsveçrə ordusunda müsəlmanların sayı 20 faizə çatıb. Onların öz ideoloqları yazırlar ki, bu və ya digər millətin məhvə sürüklənməsi, özü-özünü məhv etməsi üçün ailə uşaq doğumu 1,5 əmsalında olmalıdır. Yazırlar ki, Avropanın 50 ölkəsinin 30-da ailədə uşaq doğumu əmsalı hətta 1,4-dür. Amma, müsəlman dünyasında bu göstərici 3,6 dəfə artb. Bütün bunların hamısı onu göstərir ki, bu gün dünyada islamofobiya var.

Hazırda dünyada güclənməkdə olan Türkiyəyə qarşı aqressiv yanaşmalar ilk növbədə  bundan irəli gəlir. Eyni zamanda, Azərbaycan regionda güclənir və nəhəng, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də çox ciddi təzyiqlərlə üzləşirik. Bu baxımdan hesab edirəm ki, Avropa Parlamentinin qəbul etdiyi bu son qərar, əslində, müasir dünyada haqq-ədalətin heç bir halda işləmədiyini təsdiq edir. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, dünyada ədalət yox, ədalətsizlik hökm sürür.

Təəssüf ki, Avropa Parlamentinin bu qərarı Avropa ölkələri ilə Türkiyənin  münasibətlərində çox ciddi problemlərin yaranmasının əsasını qoydu və hesab edirəm ki, bundan sonra münasibətlərin bərpası, bu gərginliyin aradan qaldırılması ilə bağlı hər hansı bir addımı bu təşkilatın özü və Avropa ölkələri atmalıdır. Əks-təqdirdə isə Yaxın və Orta Şərqin ən güclü dövləti olan Türkiyənin xarici siyasət vektorlarında bu və ya digər dəyişikliklər baş verə bilər. Bundan  da ən çox ziyan çəkən Qərb dövlətlərinin özü olacaq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında