Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanda xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi qaydalarının təsdiq olunması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
– Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi qaydaları təsdiq edilib və dövlət reyestrinə daxil edilib. Bu barədə nə deyə bilərsiniz?
-Bu qaydalar mahiyyət etibarilə, Azərbaycan Respublikası ərazisində qısamüddətli və uzunmüddətli əsasda fəaliyyət göstərmək niyyətində olan xarici KİV nümayəndələrinin akkreditəsini tənzimləyir.
Qaydalar Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq sənədlər rəhbər tutularaq hazırlanıb. Azərbaycan Respublikasının “Məlumat azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunları olduqca mütərəqqi xarakter daşıyaraq, məlumat azadlığı və kütləvi informasiya vasitələrinin fəaliyyət azadlığını təsbit edir.
Eyni zamanda, qaydaların hazırlanması zamanı Avropa İttifaqının üzvü olan və xüsusən Şərqi Avropadan olan ölkələrin də təcrübəsinə müraciət edilib. Qeyd edə bilərik ki, bəzi dövlətlərdən fərqli olaraq, Azərbaycanda akkreditə olunmaq niyyətində olan KİV nümayəndələrindən tələb edilən sənədlərin sayı azaldılıb və proses kifayət qədər asanlaşdırılmış xarakter daşıyır. Təmsil etdikləri qurum tərəfindən məktub, fotoşəkil, doldurulmuş ərizə-anket və şəxsiyyəti təsdiq edən sənəd əsasında akkreditasiya prosesi başlanılır. Məsələn, təcrübəsinə müraciət etdiyimiz bir çox ölkələrdə, o cümlədən bəzi Qərb ölkələrində KİV nümayəndəsinin akkreditəsi üçün dövlət zəmanətini təsbit edən məktub, bank hesabından çıxarış və sair çoxsaylı sənədlər tələb olunur. Azərbaycanda olan müstəqil KİV nümayəndələri bu kimi xarici ölkələrdə akkreditə olunan zaman belə problemlərlə üzləşirlər.
Bu qaydaların ən mütərəqqi məqamlarından biri də ondan ibarətdir ki, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını rəhbər tutaraq, xarici KİV nümayəndələrinin elektron qaydada öz müraciətlərini göndərməsi də nəzərdə tutulur.
Bununla belə, akkreditasiya qaydalarında xarici KİV nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı fəaliyyət həyat keçirdikdə və ölkəmizin işğal olunmuş ərazilərinə səfər etdikdə akkreditasiyanın ləğv edilə biləcəyi barədə məqam da öz əksini tapıb. Bu da dünya ölkələrinin təcrübəsində geniş yayılmış praktikadır. Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd şəkildə təcavüz və işğala məruz qalmış dövlətdir və beynəlxalq media nümayəndələri bu həssaslığı anlayışla qarşılamalıdırlar.
Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən birinci Avropa Oyunları ilə əlaqədar hər bir fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bu baxımdan xarici KİV nümayəndələrinin akkreditəsi qaydaları da məqsədyönlü şəkildə təhrif edilir.
– 2014-cü il ərzində Azərbaycanda nə qədər xarici KİV nümayəndəsi akkreditasiyadan keçib?
-2014-cü il ərzində Azərbaycanda 160-a yaxın xarici KİV nümayəndəsi akkreditasiyadan keçib. Qanunla təsbit olunmuş mətbuat azadlığı mühitində bu xarici KİV nümayəndələri tərəfindən Azərbaycanda peşəkar jurnalist fəaliyyətləri həyata keçirilib. Xarici KİV nümayəndələrinin coğrafiyasına ABŞ, Almaniya, Böyük Britaniya, Qətər, Qazaxıstan, Türkiyə, Rusiya, Norveç, İran, İtaliya, Finlandiya, Malayziya və digər dövlətlər daxildir.
Uzunmüddətli əsasda Azərbaycanda Associated Press, Reuters, Agence France Press, BBC, Bloomberg, TRT, Anadolu, Rossiya, Sinxua, İRNA, Ria Novosti və digər xarici KİV nümayəndələri fəaliyyət göstərirlər. Bu rəqəm və geniş bir coğrafiyanı əhatə edən KİV nümayəndələrinin Azərbaycanda fəaliyyəti bir daha ona dəlalət edir ki, ölkəmizin qanunları əsasında Azərbaycanda yerli və xarici KİV-in sərbəst fəaliyyəti üçün bütün şərait mövcuddur.
– Birinci Avropa Oyunları ilə əlaqədar xarici KİV nümayəndələrinin akkreditasiyası necə həyata keçirilir?
-Birinci Avropa Oyunları Azərbaycanın ev sahibliyi etdiyi mötəbər və kütləvi tədbirlərdən biridir. Bu səbəbdən Oyunlarla əlaqədar akkreditasiya prosesi müstəsna xarakter daşıyır. Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli Sərəncamında Avropa Oyunları ilə əlaqədar akkreditasiya işinin təşkil edilməsi nəzərdə tutulub.
Azərbaycan tərəfindən birinci Avropa Oyunlarında xarici KİV nümayəndələrinin akkreditəsi məqsədilə bu kimi beynəlxalq kütləvi tədbirlərdə tətbiq edilən qabaqcıl təcrübə də tətbiq olunur. Məmnuniyyətlə qeyd edə bilərik ki, Avropa Oyunları Əməliyyat Komitəsində bu sahədə təcrübəsi olan beynəlxalq və yerli peşəkarlar birlikdə çalışırlar. Xarici KİV nümayəndələrinin akkreditasiyası mərkəzləşdirilmiş qaydada Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən aparılır.
Dövlət qurumları tərəfindən də Avropa Oyunları Əməliyyat Komitəsinə lazımi dəstək göstərilir.
Olimpiya Xartiyasının ruhuna və məramlarına sadiq qalaraq, KİV nümayəndələrinin akkreditasiyası və Oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq.
Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Bundan əlavə, 200-ə yaxın beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün bütün texniki parametrlərə cavab verən Media Kəndi də yaradılıb.
Akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycan ərazisinə daxilolma qaydaları da sadələşdirilib. Belə ki, Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında beynəlxalq media nümayəndələri Azərbaycan ərazisinə daxil ola biləcəklər.
Ümumiyyətlə isə Azərbaycanda mətbuat və ifadə azadlığı tam şəkildə təsbit olunub, yerli və xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının qanunlarına hörmət əsasında öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün tam sərbəst mühit var.
Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün beynəlxalq media nümayəndələrini Azərbaycanda məmnuniyyətlə gözləyirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.