Respublikamızın sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkəmizin sosial-
iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır.
Dövlət başçımızın diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq vurğulamaq istərdik.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi böyük təşkilatçılıq işləri tələb edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) də bu məsələyə mühüm önəm verilir, olimpiadanın iştirakçılarına, şəhərimizin qonaqlarına yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üçün indidən xüsusi əhəmiyyət verilir.
Xatırladaq ki, birinci Avropa Oyunları ilə bağlı Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər proqramı hazırlanmış və “Azərbaycan Dəmir Yolları” QSC-də öz fəaliyyətini həmin proqrama uyğunlaşdırmışdır. Şübhəsiz ki, adı çəkilən qurum üzərinə düşən vəzifələri vaxtında və yüksək səviyyədə icra edəkdir. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti kadrlar idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası səhmdar cəmiyyət üzrə ilk təşkilatının sədri Xeyrulla Hümbətov söhbət zamanı dedi:
– Əvvəla onu deyim ki, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına az vaxt qalır. Dəmir yolunda sərnişindaşımada keyfiyyətin yüksəldilməsi də bu baxımdan xüsusi önəm daşıyır. Turistlərin dəmir yolu biletini daha asan əldə etmələri üçün elektron bilet satışı xidmətlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Elə buna görə də dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətlərin ən müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edilmişdir. Respublika ərazisində bilet satışı kassalarda tam komputerləşdirilmiş, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülmüşdür. “Qaynar xətt” şəbəkəsi yaradılmış, elektron ünvanlar müəyyən edilmişdir. Eyni zamanda, sərnişin təsərrüfatına aid bütün məlumatlar saytda yerləşdirilmişdir. Bundan başqa, Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatları quraşdırılmışdır. Digər bilet kassalarında da post terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunmuşdur.
Yuxarıda qeyd edilənlərlə yanaşı, birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına əsasən Bakı, Sumqayıt, Biləcəri, Balakən və Lənkəran dəmir yolu vağzallarında da təmir işləri həyata keçirilməkdədir. Artıq Biləcəri, Lökbatan, Baş Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılmış, Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilmişdir. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.
Yarışlarla bağlı ölkəmizə çoxsaylı qonaqların gələcəyi nəzərə alınaraq dəmir yolu stansiyalarında məlumatların xarici dillərdə oxunmasını təmin etmək üçün Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatdırılmışdır.
Azərbaycana gələn qonaqların dəmir yolunun xidmətlərindən də istifadə edəcəyi, ölkəmizin səfalı guşələrinə səfərlər təşkil olunacağı nəzərdə tutulur. Bununla əlaqədar qatarlarda xidmətin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir.
Yarışların keçiriləcəyi müddətdə əcnəbi turistlərin qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılmış və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülmüşdür. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi geyim formaları ilə təmin olunacaqlar.
Xeyrulla Hümbətov söhbət zamanı dəmir yolu sisteminin inkişafı istiqamətində son vaxtlar həyata keçirilən tədbirlərdən də ətraflı söhbət açdı. Bildirdi ki, təkcə son illər ərzində Dövlət Proqramının icrası çərçivəsində Rusiya Federasiyasının və Ukraynanın vaqon təmiri zavodlarında 80 ədəd sərnişin vaqonu əsaslı təmir edilərək ölkəmizə gətirilmişdir. Həmin vaqonlardan tərtib olunan sərnişin qatarları Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində xəttə buraxılmışdır. Köhnə vaqonların istismardan çıxarılaraq yeniləri ilə əvəz edilməsi işi davam etdirilir. Bu yaxınlarda 20 ədəd vaqon da təmir edilməsi üçün Ukraynaya göndəriləcək.
Keçən il ərzində dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət proqramında müəyyən olunmuş tədbirlərin icrası üzrə Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması çərçivəsində dəmir yolunun 49 stansiya binası əsaslı təmir olunmuş, 9 ədəd elektrik və dizel lokomotivi, 12 min yük vaqonu saz vəziyyətə gətirilmişdir. Eyni zamanda, ölkənin polad magistralında 43,8 kilometr yol yenidən qurulmuşdur. Ümumilikdə isə dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət proqramına əsasən 361 kilometr yol əsaslı təmir olunmuşdur.
Xeyrulla Hümbətov söhbətinin sonunda dedi ki, hazırda Azərbaycanın dəmir yolu sistemində bir canlanma nəzərə çarpır. Bu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyində edilən dəyişikliklə bağlıdır. Belə ki, cənab Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin edilməsi ilə “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar daha da sürətlənmiş, qarşıda duran vəzifələrin uğurlu icrası üçün bütün qüvvələr səfərbər edilmişdir. Bir sözlə, dəmir yolu sistemində yeni dönəm başlamışdır. Bu, tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, SC-nin investisiya layihələrində fəal iştirakına, dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə, şübhəsiz ki, öz müsbət təsirini göstərəcəkdir.
SC-in yeni rəhbərliyinin fəaliyyətində ən çox diqqətçəkən məqamlardan biri odur ki, ilk günlərdən gənclərin bütün qayğı və problemlərinə, eləcə də istəklərinə həssaslıqla yanaşılır. Bu isə dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsi, malik olduğumuz dəyərlərin, əldə olunan sabitliyin qorunması, gənclərimizin dövlətin, xalqın sabahının onlardan asılı olduğunun bir an belə unudulmaması deməkdir.
Söhbəti hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.