Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaranmasından 6 il ötür. Bu illər ərzində “Təmiz Şəhər” ASC Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər və həyata keçirdiyi layihələrlə paytaxtda və ətraf ərazilərdə ekoloji problemlərin həllinə öz töhfəsini vermişdir. “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovla müsahibəmizdə də qurumun alti illik fəaliyyəti ərzində gördüyü işlərdən və gələcək planlarından danışdıq.
— Zakir müəllim,"Təmiz Şəhər" ASC yaranandan sonra tullantıların idarə olunması sahəsində hansı dəyişikliklər baş verdi?
—İllər öncə Balaxanı qəsəbəsində tullantılarla bağlı vəziyyət Bakı sakinlərinin yaxşı yadında olar. Balaxanı qəsəbəsində 1960-cı illərdən fəaliyyət göstərən və insanlar arasında “Balaxanı zibilliyi” kimi tanınan Balaxanı Tullantı Poliqonunun vəziyyəti 6 il öncə olduqca acınacaqlı idi. Paytaxtda toplanan bütün tullantılar buraya daşınır və bu zaman ekoloji qayda və normalara riayət olunmurdu. İllərlə Balaxanı Poliqonunda toplanan tullantılar çürüyərək alışır, əmələ gələn ziyanlı maddələr ətrafa yayılır, tüstü isə bütün şəhəri bürüyürdü. Fəaliyyətə başladığımız ilk gündən indiyədək gördüyümüz işlər nəticəsində buradakı vəziyyət tamamilə dəyişdi.
Məlumdur ki, tullantılar 2 dəyərə malikdir: xammal və enerji. Məişət tullantılarının tərkibindəki yararlı materialların bərpası məqsədilə ilk layihə kimi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BMTÇZ) inşa edildi. Qeyd edim ki, Bakı şəhərində tullantıların toplanması və daşınmasını Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Yığılmış tullantılar səhmdar cəmiyyətinə qarışıq şəkildə təhvil verilir. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun illik gücü 200 min ton təşkil edir ki, bunun da bu gün 20 faizi çeşidlənərək xammal kimi ümumi kütlədən ayrılır.
Çeşidləmə nəticəsində əldə olunan təkrar emala yararlı materialların yenidən emalı üçün həmin ərazidə Balaxanı Sənaye Parkı yaradılıb. Artıq sənaye parkının daxili və xarici kommunikasiyası, infrastruktur işləri yekunlaşmaq üzrədir. İndiyədək pet butulkalar, avtomobil təkərləri, işlənmiş yağların emalı üzrə rezidentlər qeydiyyatdan keçib və tezliklə öz işlərini quracaqlar. Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək həmin müəssisələrə bir çox güzəştlər qazandırır. Belə ki, sənaye parkının rezidentləri 7 il müddətinə müxtəlif vergilərdən azad olunur, güzəştli icarə qiymətlərindən və yaradılmış davamlı infrastrukturdan faydalana bilir və digər üstünlüklər əldə edirlər. Təkrar emala yararlı materiallar ümumi kütlədən ayrıldıqdan sonra qalan tullantılar Bərk Məişət Tullantılarının Yandırması Zavoduna (BMTYZ) nəql edilir. Burada isə tullantılar yandırılaraq ondan elektrik enerjisi əldə edilir. Zavodun istehsal etdiyi enerji 100 min mənzili elektriklə təmin edə bilər. Bu zavod nəinki regionda, Şərqi Avropada belə ən müasir və ən böyük komplekslərdən hesab edilir. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Bu günədək 308 milyon kWt/saat elektrik enerjisi istehsal olunub ki, onun 257 milyon kWt/saat elektrik enerjisi dövlət enerji şəbəkəsinə ötürülüb, geridə qalan hissəsi isə daxili ehtiyacları ödəmək üçün istifadə olunub.
Qəbul olunan tullantı kütləsini təkrar emala və yandırmaya yönəldərək tamamilə istifadə etmək mümkündürmü? Yoxsa istənilən halda heç bir formada istifadə oluna bilməyən tullantı qalır?
Çeşidləməyə və yandırılmaya yararlı olmayan qalıq tullantılar basdırılmaq üçün Balaxanı tullantılar poliqonuna göndərilir. “Təmiz Şəhər” ASC fəaliyyətə başlayanadək, yəni 2009-cu ilədək hazırda təkrar emal üçün xammal və ya enerji kimi istifadə etdiyimiz həmin tullantıların hamısı Balaxanı tullantılar poliqonuna atılırdı. Ərazidəki tullantıların üfunəti, burada yandırılan tullantıların tüstüsü ətrafı bürüyürdü. “Təmiz Şəhər” ASC ilk növbədə tullantıların düzgün yerləşdirilməsi, poliqonun torpaqlama, hamarlama işlərini həyata keçirdi və ətraf ərazilərdə yaşıllıqlar salaraq poliqonun görünüşünü tamamilə dəyişdi. Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün daha bir addım atılıb. Belə ki, Azərbaycan hökuməti adından İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun bərpa olunması məqsədilə beynəlxalq açıq tender müsabiqəsi keçirilib. Qalib gəlmiş Türkiyə və Yunanıstan şirkətlərinin konsosiunumu ilə müqavilə imzalanıb və işlərə başlanılıb. İşlər 2016-cı ilin sonunadək yekunlaşacaq.
—“Təmiz Şəhər” ASC göllərin bərpası layihələrini də uğurla icra edir. Böyükşor gölündə aparılan işlər bunun bariz nümunəsidir. Bu layihə hazırda hansı vəziyyətdədir?
— Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Böyükşor, Zığ, Xocahəsən, Qırmızı, Puta (Lökbatan), Qu, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Zabrat, Bülbülə gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verilmiş, İqtisadiyyat və Sənaye Nazirliyi əsas icraçı kimi müəyyən olunmuşdur. Nazirlik bu işlərin görülməsini “Təmiz Şəhər” ASC-ə həvalə etmişdir. 2014-cü ilin aprelində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı hazırlanmış yekun hesabatın təqdimatı keçirililib.
Bərpasına ilk başlanılan göl isə Böyükşor gölü olub. Buna səbəb Böyükşor gölünün sahəsinə görə Abşeronun ən böyük gölü olması, ekoloji cəhətdən ən çox çirklənmiş göllərdən olması və Bakıda keçiriləcək I Avropa Oyunları zamanı bir çox yarışların təşkil olunacağı Olimpiya Stadionunun yaxınlığında yerləşməsidir. Böyükşor gölünün və sahilinin bərpası ilə Azərbaycanda keçiriləcək mötəbər yarışmaya töhfə vermiş olacağıq.
Göldəki təmizləmə işlərinə Prezident cənab İlham Əliyevin 2013-cü ildə imzaladığı “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə başlanılıb. İki mərhələdə həyata keçiriləcək gölün kompleks bərpasının birinci mərhələsi may ayınadək yekunlaşdırılacaq. Bu mərhələdə işlərin sürətli getməsi üçün layihə ərazisində müvəqqəti bənd çəkilərək göl 2 hissəyə ayrılıb.1570 metr uzunluğunda olan bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək magistral yolun özülü olacaq. Layihənin ikinci mərhələsinə isə Avropa Oyunlarından sonra başlanılacaq və bu mərhələ bütün gölü və ətrafını əhatə edəcək. Sovet dövründən etibarən Böyükşor gölünə axıdılan sənaye və məişət tullantıları suları və neft qalıqlarının qarşısı böyük ölçüdə alınıb. Layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən kanalizasiya suları axıdılırdı. İndi bu mənbələrin sayı layihə ərazisində tamamilə ləğv edilib, geridə qalan sahədə isə 36-ya endirilib və bu göstərici azalmaqdadır. Layihə ərazisinin cənub sahili boyunca çirkab sularının qarşısının alınması üçün kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması və çirkab suların təmizlənərək gölə axıdılması gölün davamlı bərpa layihəsi çərçivəsində nəzərdə tutulub.
Əsas neftlə çirklənmiş ərazi – layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda bənd inşa edilib. Bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca inşa edilib. Gələcəkdə həmin ərazinin və şimal sahilinin neftlə çirklənmiş torpaqlarının təmizlənməsi nəzərdə tutulur.
Həmçinin, uzun illər gölə axıdılmış və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirmiş tullantı qalıqlarının təmizlənməsi üçün də Hollandiyadan xüsusi avadanlıq alınmışdır.
Ekoloji cəhətdən böhran vəziyyətində olan gölün bərpası və insanların istirahət məkanına çevrilməsi istiqamətində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və sosial uğurlarının nəticəsi, insan səhhəti və ətraf mühitə qayğının bariz nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası tarixi layihə adlandırılıb.
Kompleks bərpası həyata keçiriləcək ikinci göl Zığ gölüdür. Prezident İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İş İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunub. Nazirlik isə “Təmiz Şəhər” ASC-yə Zığ gölünün layihələndirmə işinə başlamağı tapşırıb. Gölün mühafizəsi işi təşkil edilib. Hazırda bu gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması həyata keçirilir.
— Böyükşor gölü Avropa Oyunlarının böyük hissəsinin keçiriləcəyi Olimpiya Stadionunun yaxınlığındadır. Gölün sahilində apardığınız işlər stadionun gözəlliyinə hansı formada təsir edəcək?
— Doqquz göl arasından Böyükşor gölünün seçilərək məhz burada bərpa işlərinə başlanması təsadüfi deyil. Qeyd etdiyim kimi bərpa işlərinə bu göldən başlanılması səbəblərindən biri də gölün Bakıda keçiriləcək I Avropa Oyunları zamanı bir çox yarışların keçiriləcəyi Olimpiya Stadionunun yaxınlığında yerləşməsidir. Hər bir qurum, təşkilat kimi “Təmiz Şəhər” ASC də bu böyük tədbirə dəstək vermək üçün əlindən gələni edir. Stadion tərəfdə salınan bulvarla stadionun möhtəşəmliyinə gözəllik qatmağa çalışırıq.
Burada mövcud olan neft və qaz kəmərləri yeni dəhlizə köçürülüb və mühafizə qatı ilə örtülüb. Artıq gəzinti ərazisi tamamilə betonlanıb, insanların istirahəti üçün gözəl bulvar salınıb və fontanlar quraşdırılıb. Bulvarın uzunluğu 1 kilometrədək, eni isə 60 metrdən 100 metrədəkdir. Ölkə başçısının qeyd etdiyi kimi, Bakının artıq ikinci bulvarı – Böyükşor bulvarı olacaq.
Böyükşor bulvarının inşası işlərinin yekunlaşması ilə paytaxt sakinlərinin və qonaqların istirahəti üçün gözəl imkanlar yaranır. Bu bulvar Bakının gözəlliyinə daha bir dəyər qatır. İnsanlar nəinki gəzinti bulvarında asudə vaxtını keçirmək, həmçinin inşası yekunlaşan pirs pilləkənlər vasitəsi ilə göldə katamaran və qayıqlarla gəzmək imkanı əldə edəcəklər.
Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınır. Ümumi yaşıllıq ərazisinin sahəsi 15 hektara yaxın olacaq.
—“Təmiz Şəhər” ASC ətraf mühitin qorunması, tullantıların idarə edilməsi ilə bağlı ictimaiyyəti maarifləndirən müxtəlif layihələr də həyata keçirir. Həmin layihələrlə mətbuatdan tanış oluruq. Bu layihələr və aksiyalar barədə də oxucularımıza məlumat verməyinizi xahiş edirik.
—"Təmiz Şəhər" ASC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri ictimaiyyətin tullantıların idarə edilməsi ilə bağlı məlumatlandırılmasıdır. Bu məqsədlə “Təmiz Şəhər” ASC Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi kimi sosial və ekoloji sahədə ölkənin ən iri təşkilatları ilə əməkdaşlıq edir. Həmçinin, müxtəlif qurumlar, qeyri-hökumət təşkilatları ilə ətraf mühitin mühafizəsi sahəsində tədbirlər təşkil edilir.
2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların kompleks idarə edilməsi – tullantıların yığılması, daşınması və utilizasiyası proseslərinin müasir şəkildə təşkil edilməsidir. Burada tullantılar üzvi (qida) və qeyri-üzvi (qeyri-qida) formada olmaqla 2 müxtəlif qutularda toplanır. İnsanlar tullantıları müvafiq olaraq ayrılmış yaşıl və göy rəngli qutulara atırlar.
“Təmiz Qala” layihəsi çərçivəsində Qala ərazisində tullantıların toplanması üçün 149 tullantı meydançası quraşdırılıb, 630 ədəd konteyner yerləşdirilib, müntəzəm yığım və daşınma işi təşkil olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü, IDEA-nın dəstəyi ilə keçirilən beynəlxalq “Tullantıdan Sənətə” layihəsi isə 2012-ci ildən etibarən hər il təşkil olunur. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda insanların istifadəyə lazımsız hesab edib atdıqları məişət tullantılarından hazırlanmış sənət əsərləri sərgilənib. Sərginin məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini xatırlatmaq, planetin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verərək onlardan incəsənət əsərləri hazırlayıblar. Bununla da ictimaiyyətin diqqəti tullantıların təsirindən yaranan ekoloji problemlərə yönəldilib.
Tullantılarla düzgün rəftar vərdişlərinin aşılanması üçün müxtəlif maarifləndirici təşviqat, təbliğat layihələri həyata keçirilir.Artıq 3 ildir ki, “3R - Reuse, Reduce, Recycle” (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında Beynəlxalq Uşaq Konfransı təşkil edirik. Dünyanın müxtəlif ölkələrindən olan məktəblilərin iştirak etdiyi tədbirlər Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə baş tutur.
2010-cu ildən etibarən “Təmiz Şəhər” ASC IDEA İctimai Birliyi ilə bölgələrdə hər il yay məktəbləri təşkil edir. Bir neçə gün davam edən bu məktəblərdə onlarla gəncə ətraf mühitə qayğı ilə yanaşmaq və ekoloji layihələr hazırlamaq öyrədilir.
Gəncləri maarifləndirmə işləri çərçivəsində universitetlərlə, xüsusilə ADA Universiteti ilə geniş əməkdaşlıq edilir. Ötən il ADA-da ətraf mühitin qorunması və tullantılarla düzgün rəftarla bağlı seminar və mühazirələr təşkil etmişik, tələbələrin Tullantıların Çeşidlənməsi və Tullantıların yandırılması zavodlarına turları təşkil olunub. Bir sıra müəssisələrlə tullantıların çeşidlənməsi və çeşidlənmiş şəkildə toplanması istiqamətində əməkdaşlıq edilir. Onlardan “ASAN xidmət”lər mərkəzində “Təmiz Şəhər” ASC tərəfindən tullantıların nümunəvi idarəçilik sistemi qurulub ki, bununla müəssisənin tullantıları 3 ayrı qabda – kağız, plastik/şüşə və qida tullantıları qutularında toplanır. IDEA İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC “Hər kağızı bir yarpağa dəyişək” adlı birgə layihəyə həyata keçirib ki, bu layihə çərçivəsində müəssisələrdən və əhalidən istifadə olunmuş kağız toplanıb, onun qarşılığında ağaclar alınıb və kağız təhvil verən qurumların iştirakı ilə Balaxanıda əkilib.
Mütəmadi olaraq müxtəlif təşkilatlarla yaşıllaşdırma - ağacəkmə kampaniyaları da təşkil edilir və əməkdaşlarımızla birlikdə bu aksiyalarda aktiv iştirak edirik.
—“Təmiz Şəhər” ASC-nin yaxın gələcək üçün hansı planları var? Tullantıların idarə edilməsi sahəsində qarşıya nə kimi hədəflər qoyulub?
—Əsas hədəflərimiz Bakıda tullantıların idarə olunması sistemini inkişaf etdirmək, təkrar emalın həcmini maksimum artırmaqdır. Bunun üçün texniki bazanı genişləndirib, fəaliyyətimizi daha da gücləndirəcəyik. Bu məqsədlə qabaqcıl ölkələrin təcrübəsini öyrənib tətbiq edirik.
Tullantıların emalını bazar iqtisadiyyatına uyğunlaşdırmaq istiqamətində böyük işlər görürük.
Eyni zamanda, ictimaiyyəti maarifləndirmə aksiyaları həyata keçiririk. Məqsədimiz insanların ətraf mühitə qayğı ilə yanaşmalarını təmin etməkdir.
İctimaiyyətin düzgün istehlak mədəniyyəti, israfçılığın azaldılması, əldə edilmiş tullantıların düzgün şəkildə istifadəsi və tullantı miqdarının azaldılması, düzgün və davamlı idarə edilməsi əsas meyarlardandır. Bu səbəbdən ictimaiyyətin maarifləndirilməsi istiqamətində işlərimizi davam etdirməyi planlaşdırırıq.
Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi Abşeron göllərinin bərpası layihəsini uğurla davam etdirəcəyik. Bu il I Avropa Oyunlarınadək Böyükşor gölünün kompleks bərpasının birinci mərhələsini yekunlaşdıracaq, Zığ gölünün bərpası üçün layihələndirmə işlərini həyata keçirəcəyik.
Altı illik fəaliyyətimiz nəticəsində ölkədə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə edilməsi sisteminin qurulması, insanlarda ətraf mühitə qayğının formalaşdırılması və inkişafı kimi istiqamətlərdə bir çox layihələrə imza atmış, uğurlar qazanmışıq. Buna baxmayaraq, əsas və daha böyük nailiyyətlərimizin hələ qabaqda olduğuna inanırıq.
Müsahibəni hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.