Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı çox böyük uğurlara gətirib çıxaracaq

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasına rəsmi səfərinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Prezident, Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından çox yaxşı səfər oldu. Biz Azərbaycan Prezidenti İlham Əliyevlə, Baş nazirlə, parlamentin sədri ilə, nazirlərlə, ümumiyyətlə bütün sahələrdən olan şəxslərlə çox faydalı müzakirələr apardıq. Bu səfərin nəticələri xalqlarımızın münasibətlərinin, ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, sənaye sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək. İnşallah, biz yaxın gələcəkdə bu inkişafın şahidi olacağıq. 

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi qənaətbəxş deyil. İqtisadi əlaqələr siyasi münasibətlərin yüksək səviyyəsindən geri qalır. Ticarət dövriyyəsini necə artırmaq olar?

- Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi il ərzində səkkiz milyon dollar təşkil edir. Bu da yaxşı göstərici deyil. Zənnimcə, bunun əsas səbəbi insanların kifayət qədər qarşılıqlı səfərlərinin, hava əlaqəsinin olmamasıdır. Mən Türkiyə Baş nazirinə Türk Hava Yollarının Ankara və ya İstanbuldan Bakıya, buradan da İslamabada və ya Kəraçiyə uçuş həyata keçirilməsi xahişi ilə müraciət etdim. Baş nazir dərhal Türk Hava Yollarına bununla bağlı göstəriş verdi. Beləliklə, əlaqələr inkişaf edəcək. Hazırda bu istiqamətdə bir çox layihələr üzərində iş gedir. Əminəm ki, iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, - bildiyiniz kimi, mənimlə Bakıya 25-30 iş adamından ibarət nümayəndə heyəti gəlib, – onların görüşləri Pakistan və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi ilə nəticələnəcək.

- Azərbaycan xarici ölkələrə sərmayələr qoyur. Pakistanda investorlar üçün nə kimi şərait yaradılıb?

- Qeyd edim ki, Pakistanda investorlar üçün çox əlverişli qanunlar var. Bizim qanunlarımız Pakistana gələn investorlara öz gəlirlərini 100 faiz götürməyə və həmin gəlirləri də 100 faiz öz ölkələrinə göndərməyə imkan yaradır. Bu gəlirlərin Pakistanda saxlanılması ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Biz  Azərbaycanda dövlət başçısı ilə, nazirlərlə, müxtəlif sahələrdən olan şəxslərlə müzakirələr apardıq. Əminəm ki, Azərbaycan Prezidenti Pakistanda müxtəlif sahələrə investisiya yatırımları üçün iş adamlarının dəstəklənməsinə və bu sahədə imkanların araşdırılmasına dair nazirlərə müvafiq tapşırıq verəcək.

- Cənab Prezident, Azərbaycanın müstəqilliyinin ilk illərindən Pakistan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinizi bir daha bəyan etməyinizi istərdik.

- Doğru qeyd etdiniz. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Elə başlanğıcdan bizim Azərbaycan hökuməti və xalqı ilə çox yaxın əlaqələrimiz olub. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləmişik və bu məsələdə Azərbaycana daim dəstək verməyə hazırıq. Azərbaycan xalqına, dövlətinə də Pakistanın Cəmmu və Kəşmir məsələsində həmişə ölkəmizin mövqeyini dəstəklədiyinə görə çox minnətdarıq və bundan çox şadıq. 

- Beynəlxalq təşkilatlarda əməkdaşlığın səviyyəsindən necə, razısınızmı?

- Bəli, hesab edirəm ki, əksər beynəlxalq məsələlərdə bizim fikirlərimiz demək olar ki, üst-üstə düşür. Mən həmişə görmüşəm ki, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlıq var. Azərbaycan və Pakistan əksər beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyir. Bu, bir faktdır.

- Heydər Əliyev Fondu Pakistanda bir sıra humanitar layihələr həyata keçirir. Fond ilə əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- 2005-ci ildə Pakistanda baş verən zəlzələ, 2011-ci ildə daşqınlar zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun göstərdiyi böyük köməyə görə minnətdarıq. Fond tərəfindən Müzəffərabad və Azad Kəşmirdə təhsil müəssisələri tikilib. Hesab edirəm ki, Heydər Əliyev Fondu Pakistan xalqına, xüsusilə təbii fəlakətlərin qurbanlarına həmişə kömək etməyə hazırdır. Bu, hər zaman Pakistanı dəstəkləyən Azərbaycanın birinci xanımının milli ruhundan irəli gəlir. Zənnimcə, bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcək və biz, inşallah, Heydər Əliyev Fondunun köməyi ilə Pakistanda daha çox layihələrin həyata keçirilməsinin şahidi olacağıq. 

- Səfəriniz çərçivəsində Sumqayıt Texnologiyalar Parkında da oldunuz. Bu Parkın imkanlarından Pakistan iqtisadiyyatında istifadə edilməsi mümkündürmü?

- Bu günlərdə biz bir daha əmin olduq və fikrimizdə qətiyik ki, Pakistan və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq etməlidir. Biz bir-birimizin təcrübəsindən istifadə etməliyik. Azərbaycan dünyanın ən qədim neft hasil edən ölkəsidir. Qaz yataqlarının kəşfi ilə Azərbaycanın iqtisadi əhəmiyyəti daha da artdı. Bizim də neft və qaz sahələrində təcrübəmiz var. Sumqayıt Texnologiyalar Parkında olarkən öyrəndim ki, Azərbaycanda yüksək voltlu müasir elektrik avadanlığı, kabellər, plastik borular, mis və alüminium çubuqları istehsal edilir. Əslində bu texnologiya bizdə də var, lakin xalqlarımızın mənafeyi, sənayemizin inkişafı naminə bir-birimizə kömək edə bilərik və etməliyik. Hesab edirəm ki, əməkdaşlığımız çox böyük uğurlar qazanmağımıza imkan yaradacaq. Bir-birimizə kömək etməklə biz gələcəkdə möcüzələr yarada bilərik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında