“Xocalıda ermənilərin azərbaycanlıları kütləvi surətdə məhv etməsinin bircə adı var: soyqırım!”

Söhbətə bu sözlərlərlə başlayan beynəlxalq hüquq üzrə dünyada tanınmış mütəxəssis, Gürcüstanın Batumi Dövlət Universitetinin professoru Rostom Güntayşvili, sonda, bu bəşəri cinayəti törədənlərin hələ də cəzasız qalmasının dünyada yeni qırğınlara yol açdığını vurğuladı.

Milliyyətcə acar olan  Rostomla ötən ilin avqustunda Naxçıvan—Acarıstan dostluq əlaqələrinin sorağı ilə Batumi şəhərində ezamiyyətdə olduğumuz günlərdə görüşmüşdük. Bu şəhərdəki konsulluğumuzun əməkdaşlarından öyrənmişdik ki, beynəlxalq hüquq üzrə dünyada obyektivliyi və zəksa ilə tanınan mütəxəssislərdən sayılan, bir ara Gürcüstan Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri olmuş professor Rostom Güntayşvili Xocalı faciəsinin miqyas və dərəcəsini doğru-düzgün qiymətləndirməyi ilə həmkarları arasında ciddi nüfuz qazanmışdır.

Ötən illərdə iştirak etdiyi beynəlxalq cinayətlərə həsr olunmuş məclislərdə gürcü hüquq müdafiəçisi ardıcıl və birmənalı olaraq, Xocalıda ermənilərin azərbaycanlıları kütləvi surətdə məhv etməsini soyqırımı kimi qiymətləndirir, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış edir.

Səfər zamanı Batumi Dövlət Universitetində bu haqsevər alimlə görüşüb söhbət edəndə Rostom Güntayşvili bildirmişdi ki, onun bu qənaəti Azərbaycana, yaxud Ermənistana münasibətindən asılı olmayaraq, obyektiv surətdə, bu bəşəri cinayətin mahiyyətindən, beynəlxalq cinayət hüququnun prinsip və müddəalarından qaynaqlanır. Yəni belə insan qırğını dünyanın harasında və kimlər tərəfindən törədilməsindən asılı olmayaraq soyqırımı xarkteri daşıyır. Alim dönə- dönə qeyd etmişdi ki, soyqırımı cinayətinə verilən tərifin bütün komponentləri Xocalı qırğınında cəmləşmişdir. Bu cinayətin dünyada soyqırımı kimi tanınması qaçılmazdır və dünya birliyindən,  beynəlxalq qurumlardan, nə qədər gec deyil, siyasi iradə, insanlığa rəğbət tələb edir.

Bu günlərdə batumili professorla telefon əlaqəsi saxladıq. Xocalı faciəsinin növbəti ildönümü günlərində onun yayda söyləmiş olduğu mülahizələri oxucularımıza çatdırmaq istədiyimizi söylədik. Oxucularımıza Gürcüstanın dostluq salamını göndərən acar alim məmnuniyyətlə razılaşdı və bildirdi:

– Mən 23 ildir ki, eyni sözləri deyirəm və mövqeyim də dəyişməzdir: 1990- cı ilin qarlı qış günlərində Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi texnikasının və canlı qüvvəsinin, beynəlxalq terror dəstələrinin fəal köməyi ilə Azərbaycanın Xocalı şəhərinin dinc, müdafiəsiz əhalisini kütləvi surətdə, xüsusi amansızlıqla məhv etməsinin beynəlxalq hüquqda bircə adı var: soyqırımı. Bütöv bir şəhər yer üzündən silinmiş, iki mindən artıq insana yalnız milli düşmən – azərbaycanlı olduğuna görə və torpağını işğal etmək üçün amansız divan tutulmuşdur.

İnsan bu soyqırımının miqyasına nəzər yetirəndə damarlarında qanı donur. 613 azərbaycanlı cismən məhv edilmiş, əzab və işgəncə verilərək öldürülmüşdür. Onların 63-ü heç bir günahı olmayan uşaqlar, 70-i taqətdən düşmüş, müqavimət göstərməyə gücü qalmayan qocalar, 106-sı müharibə ilə əlaqəsi olmayan qadınlardır. 8 ailənin varlığına birdəfəlik son qoyulmuşdur. 150 insanın taleyindən hələ də heç bir xəbər yoxdur. Faciədən sonrakı günlərdə 1275 dinc sakin əsirlikdə insanlığa ləkə gətirən təhqir və cəzalara məruz qalmış, şikəst edilmiş, mənəvi cəhətdən alçaldılmışdır.

Təəssüf ki, Dağlıq Qarabağ, Abxaziya və Şimali Osetiya separatçı rejimlərinin Qafqaza gətirdiyi fəlakət və qırğınların arxasında dayanan, bu münaqişələrdə öz maraqlarını güdən beynəlxalq güc sahibləri müstəqil Azərbaycan və Gürcüstan dövlətlərinin ərazi bütövlüyünə ikili standartlarlarla yanaşdıqları kimi, Xocalıda baş vermiş aşkar və dəhşətli soyqırımı faktına da zamanında qiymət verməkdən kənar durdular, sonrakı hadisələrlə cinayətin təşkilatçılarını bir az da şirnikləndirirlər. Bu mənada dünya birliyinin birtərəfli, qərəzli, saxta mövqeyi haqlı təəccüb, təəssüf və qınaq hissləri doğurur. Serbiya canilərini cəzalandıran qüvvələr Xocalı soyqırımının cəlladlarına niyə dözümlə yanaşırlar?

 Nə yaxşı ki, ədalətli insanlar var, onlar susmurlar və canilərə cəza verilməsini israrla tələb edirlər. Dünyanın çevrəsindən çıxmamasının da səbəbi sadə, məsuliyyətli insanların belə obyektiv mövqeyi, haqqın tərəfində olmalarıdır. Lakin neyləyəsən ki, “ikili standartlar” göz baxa- baxa fəlakətlərin davam etməsinə xidmət edir. Qafqaz separatçılarının təcavüzləri vaxtında dəf edilsəydi, şübhəsiz, Ukraynadakı qanlı hadisələr də baş verməzdi, “İslam dövləti” deyilən quldur yığını da günahsız insanların qanını axıtmazdı... Təcavüzkarlıq yeddibaşlı əjdaha kimidir. Onun boyunları vurulmadıqca, sağa- sola baş uzadıb qarşısına çıxanları udmağa çalışır.

Soyqırımına  bəşəriyyətə qarşı cinayət kimi tərif verilib. Yəni onun mühüm bir cəhəti hansısa xalqı hədəfə almasıdırsa, bütövlükdə, insanlığa qarşı yönəlmiş olmasıdır. Xolokost, Ruanda, Bosniya kimi Xocalı soyqırımı da dinc bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Mən bu sahə üzrə lazımi biliklərə yiyələnmiş hüquq mütəxəssisi, dünyada həyatın davamının yalnız əmin- amanlıq şəraitində mümkün olmasına inanan Allah bəndəsi kimi beynəlxalq ədalətin təntənəsini növbəti dəfə Xocalı faciəsinin canilərinin, Qafqazı qan çanağına döndərənlərin cəzalandırılmasında görürəm.

Çox təəssüf ki, hələlik hakim “ikili standartlar” bu haqq divanının qurulmasını ləngidir. Bu isə insanlığa qarşı cinayətlərin davam etməsinə, növbəti soyqırımı və kütləvi qan axıdılmasına qapını açıq saxlayır.

Sonda 25 ildən artıq bir dövrdə haqsızlığa düçar olmuş, əraziləri işğal olunmuş, dinc insanları soyqırıma məruz qalmış, öz torpağında didərginə çevrilmiş Azərbaycan xalqına dözüm, qüdrət və haqqın mütləq qalib gələcəyinə möhkəm inam arzulayıram.

Qələmə aldılar:
Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU

Batumi – Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında