Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist Elmira Axundova AzərTAc-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Elmira xanım, Siz Milli Məclisin sosial siyasət komitəsinin üzvüsünüz. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərini necə xarakterizə edərdiniz? Hazırda bu sahə üzrə hansı qanun layihələri üzərində iş aparılır?
- Son on il ərzində Azərbaycanda sosial sahədə çoxlu qanunlar qəbul olunub, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Cəmiyyətin bütün təbəqələrinin vəziyyəti xeyli yüksəlib, insanların güzəranı yaxşılaşıb.
Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Bütün respublika üzrə sosial məsələlər həll olunur.
Mən 2005-ci ildən Milli Məclisin Masallı rayonundan seçilmiş üzvüyəm. Deputat seçildiyim dairənin ərazisində əvvəllər təmir olunmuş məktəblər, təbii qaz yox idi, yollar bərbad vəziyyətə düşmüşdü. Sonradan isə mənzərə tamamilə dəyişdi. Bildiyiniz kimi, Prezident İlham Əliyev insanların sosial rifahının yaxşılaşmasını prioritet elan edib. Təkcə mənim deputat seçildiyim dairənin ərazisində 15-ə qədər məktəb tikildi, kəndlərarası yollar çəkildi. Üç xəstəxanadan ikisi artıq yüksək səviyyədə təmir olunub, müasir avadanlıqla təchiz edilib. Bu il mərkəzi klinik xəstəxana da açılacaq. Olimpiya kompleksləri, idman mərkəzləri tikilir.
Milli Məclis sosialyönümlü qanunların bir çoxunu artıq qəbul edib. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə sosial siyasətin mərkəzində insan amili dayanır. Mən çox istərdim ki, dövlətin gənclərə sosial dəstəyi, xüsusən gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi haqqında da qanun qəbul edilsin. Mən belə bir təkliflə çıxış etmişəm və bunun üzərində iş aparılır. Sosial siyasət komitəsində bir neçə qanun layihəsi müzakirə olunub və plenar iclasa təqdim edilib. Reproduktiv sağlamlıq haqqında, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi haqqında, mərasimlər haqqında və s. qanunlar artıq işlənib hazırlanıb. Sosial qanunvericilik demək olar ki, hazırdır. Talassemiya, diabet haqqında, uşaqların məcburi dispanserizasiyası haqqında, nikaha girənlər üçün tibbi arayışlar haqqında və digər qanun layihələrini də qeyd etmək olar.
- Bir müddət əvvəl mərasimlər barədə qanunun qəbulu məsələsi qaldırıldı. Belə bir qanuna ehtiyac nədən irəli gəlir? Siz Milli Məclisdə məzarlıqlardakı vəziyyəti də gündəmə gətirdiniz. Bu məsələləri necə tənzimləmək olar?
- Mərasimlər haqqında qanunun qəbuluna mütləq ehtiyac var. Mən əslində əvvəllər qaldırdığım bir məsələni yenidən gündəmə gətirdim. Məzarlıqların salınmasında nizam yoxdur. Qəbir yerlərinin müəyyən olunması, yer haqları ilə bağlı tariflərin müəyyən edilməsi vahid qaydalarla tənzimlənmir. Halbuki bu işdə vahid tariflər müəyyən olunmalıdır. Bu, zamanın tələbidir. Mən təklif etdim ki, bütün sadaladığım məsələlər müvafiq qanunda öz əksini tapsın. Ən əsası isə məzarlıqlardakı vəziyyətin müsbətə doğru köklü surətdə dəyişdirilməsi üçün maliyyə mənbələri araşdırılmalıdır. Ölkənin inkişaf səviyyəsini iki amil səciyyələndirir: yollar və məzarlıqlar. Yollarımızı ölkə rəhbərliyinin dəstəyi ilə sahmana salmışıq. Bakı məzarlıqlarında da vəziyyətin düzəldilməsinə ehtiyac var.
- Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Onların sosial problemlərinin həlli istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə Azərbaycan Prezidenti tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fərman və sərəncamlar imzalanıb, onların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə mühüm işlər görür. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Onlar dövlət dəstəyi ilə tam əhatə olunublar. Ötən dövrdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği artırılıb, ünvanlı sosial yardımlar verilib. Kommunal xidmətlər üçün vəsaitin məbləği çoxalıb. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən məcburi köçkünlərə orta aylıq əməkhaqqı ödənilir. Dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan məcburi köçkün tələbələrin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
- Bəzi beynəlxalq qurumlar və ölkələr Azərbaycanın Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün problemini deyil, insan haqları, siyasi məhbus və digər bu kimi qondarma məsələləri gündəmə gətirirlər. Sizcə bu cür yanaşma nədən irəli gəlir?
- Beynəlxalq standartları yaradan böyük dövlətlərin, qurumların həmin standartlara əməl etməməsi əlbəttə, təəssüf doğurur. Son vaxtlar Azərbaycan ədalətsizliklərlə, ikili standartlarla daha çox üzləşir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə biganəlik, ölkəmizlə bağlı yayılan əsassız və qərəzli bəyanatlar buna nümunədir. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, özlərini demokratiyanın beşiyi adlandıran dövlətlər beynəlxalq hüququ pozmaqda davam edirlər. Hamı bilir ki, bizdə qanunsuz həbs olunmuş məhbus yoxdur. Heç kim söylədiyi hansısa fikrə görə həbs edilmir. Bunların hamısı Azərbaycanın beynəlxalq miqyasda imicinə kölgə salmaq, ölkəmizi dünya ictimaiyyətinə qeyri-demokratik bir ölkə kimi göstərmək üçündür. Azərbaycan isə yürütdüyü müstəqil daxili və xarici siyasətlə öz milli maraqlarını qorumaqda davam edir. Bu cür təzyiqlər, ikili standartlar ölkəmizin milli maraqlara söykənən müstəqil siyasətinə heç bir təsir göstərə bilməz. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar”.
- Siz ixtisasca jurnalistsiniz və yetərincə peşə təcrübəniz var. Mövzumuzun kontekstindən bir qədər kənara çıxıb soruşmaq istərdim: müharibə şəraitində olan ölkədə jurnalistin üzərinə hansı vəzifələr düşür? Media təmsilçilərinin bununla bağlı fəaliyyəti sizi qane edirmi?
- Mən jurnalist kimi reportajlar hazırlayanda həmişə fikirləşirdim ki, heç vaxt ölkəmizin adına xələl gətirməməliyəm. Həmişə düşünmüşəm ki, mən Azərbaycanın təmsilçisiyəm, ölkəmizin milli maraqlarını müdafiə etməliyəm. Həmişə də çalışmışam ki, Azərbaycanla bağlı həqiqətləri yayım. Hesab edirəm ki, indi hərbi jurnalistika böhran keçirir. Hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır. Müdafiə Nazirliyi ilə sıx əlaqə qurulmalıdır. Mütəmadi olaraq treninqlər keçirilməlidir, jurnalistlər tez-tez hərbi hissələrdə olmalıdırlar. Biz bu mövzuda az yazırıq, hərbi hissələrdə az oluruq. Böyük Vətən müharibəsi illərində bütün qəzet və jurnallarda hərbi müxbirlər var idi. Düşünürəm ki, indi də hər bir mətbu orqan hərbi jurnalist hazırlamalıdır. Hərbi hissələrə gedib reportajlar hazırlanmalı, milli qəhrəmanlarımız haqqında yazılar yazılmalı, filmlər çəkilməlidir.
Müharibə şəraitində olan ölkədə jurnalistin üzərinə hansı vəzifələrin düşdüyü ilə əlaqədar, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin yanında müşavirə də keçirilmişdi. Bu müşavirədə ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilmişdi. Ötən il avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq şəkildə nümayiş etdirdi. Bəzi KİV-lər tərəfindən cəbhə xəttində vəziyyət barədə yanlış, düşmənin maraqlarına xidmət edən məlumatlar yayıldı. Təbii ki, bütün bunlar təəssüf doğurur. Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər bu məsələlərə ciddi yanaşmalıdırlar.
Ülviyyə MƏMMƏDLİ
AzərTAc-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.