Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sahədə çalışanlar tərəfindən rəğbətlə qarşılanıb. Müsahibimiz Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin rəhbəri Araz Yağubov bu barədə dedi:
— Möhtərəm dövlət başçımızın bu sərəncamını, etiraf edim ki, böyük ümid və səbirsizliklə gözləyirdim. Ötən ilin “Sənaye ili” elan olunması məndə bu inamı yaratmışdı. Ölkədə qeyri-neft sektorunun inkişafını daim önə çəkən cənab İlham Əliyevin həmin sərəncamı aparılan məqsədyönlü siyasətin bir növ məntiqi davamı oldu. Məlumdur ki, dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olması aqrar sahənin potensialını xeyli artırır. Həmin potensialı işə salmaqdan ötrü dövlətimiz ardıcıl tədbirlər həyata keçirir. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu sahənin inkişafının təməli qoyulmuşdu. Torpaq islahatı keçirilmiş, torpaq payçıları üçün mühüm güzəştlər verilmişdi. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişdilər.
Hazırda fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə verilən və satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Şübhəsiz ki, cənab Prezidentin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı sərəncamı qarşıya çıxan problemlərin həllində bizə əsl təkanverici qüvvə olacaqdır.
— Bu sərəncamda hansı müddəalar daha çox ürəyinizcə oldu?
— Adıçəkilən sərəncamda 2013-cü ildə iki nəhəng layihənin – Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi xüsusi qeyd edilib. Bildirilir ki, Azərbaycan tarixində bu layihələrin çox mühüm yeri var. Həmin layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır. Ona görə də meliorativ tədbirlərin prioritet olması, kreditlərin verilməsinin asanlaşdırılması, lizinq yolu ilə ölkəyə maşın- mexanizmlərin gətirilməsi xüsusilə diqqətimi cəlb etdi. İstərdim ki, bütün bu tədbirlərin həyata keçirilməsi zamanı çayçılığın xüsusiyyətləri də nəzərə alınsın. Ələlxüsus, çayçılıq üçün zəruri olan mini-texnikaların gətirilməsinə, uzunmüddətli kreditlərin verilməsinə böyük ehtiyac vardır.
— Ötən ilin həddindən artıq quraq keçməsi sizin təsərrüfatınıza da ziyansız ötüşmədi. Təbii ki, bununla bağlı yeni sərəncamdan gözləntiləriniz də var.
— Həqiqətən, ötən il yayın həddindən artıq quraq keçməsi ciddi problemlər yaratdı. Ötən əsrdə dahi öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edimiş Yuxarı Xanbulançay dəryaçası əsl xilaskarımıza çevrildi. Bu dəryaça olmasaydı, yəqin ki, bu gün təsərrüfatımızın varlığından danışa bilməzdik. Sərəncamda qeyd edildiyi kimi, 2015-ci ildə də suvarma tədbirlərinin inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Bu, bizim üçün mühüm əhəmiyyət daşıyır. Suvarma olmadan çayçılığı inkişaf etdirmək qeyri-mümkündür. Ümid edirəm ki, meliorativ tədbirlər cənub bölgəsində də daha sürətlə aparılacaq. Belə ki, rayonumuzda yeni dəryaçanın tikintisinə böyük ehtiyac hiss olunur. Çünki ötən əsrdə tikilən Yuxarı Xanbulançay dəryaçası quraq keçən illərdə suya artan tələbatı tam ödəyə bilmir. Bunu ötən il daha çox hiss etdik. Nəticədə quraqlıqdan aqrar sahədə çalışan digər təsərrüfatlara da böyük ziyan dəydi.
— Uzun müddət xarici ölkədə biznes fəaliyyəti göstərəndən sonra 2006-cı ildə Azərbaycana qayıdıb çətin bir işlə – kənd təsərrüfatı ilə məşğul olmağa başlamısınız. Sizi buna nə vadar etdi? Çətinliklər sizi qorxutmadı ki?
— Mən hələ xaricdə yaşayarkən tez-tez Azərbaycana gəlib valideynlərimə baş çəkirdim. İstər respublikamızda çayçılığın geniş yayıldığı, anadan olduğum İstisu qəsəbəsində, istərsə də xaricdə olarkən ölkəmizdə gedən prosesləri diqqətlə izləyirdim. Azərbaycanda xalqın rifahı üçün aparılan siyasi-iqtisadi kursa böyük inam bəslədiyimdən 2006-cı ildə xaricdə qazandığım sərmayəni doğma rayona gəlib aqrar sahəyə yatırdım. Yaratdığım “Yaşıl çay” fermer təsərrüfatında heyvandarlığı və çayçılığı inkişaf etdirməyə başladım. Qısa müddətdə mal-qaranın sayını 17 başdan 200 başa çatdırdım. Çayçılığa daha çox məsrəf tələb olunduğundan bu sahəni də mərhələ-mərhələ inkişaf etdirirəm. Hazırda təsərrüfatımızın nəzdində 60 hektar çay sahəsi var. Dövlətimizin fermerlərə qayğısı məni sevindirir. Doğrudur, çayçılıq ilk illərdə böyük məsrəflər hesabına başa gəlir. Yeddinci ildə bar verən çay bitkisi sahibkardan böyük səbr və vəsait tələb edir. Bu səbəbdən bir çoxları bu gəlirli, lakin çətin sahəyə vəsait qoymaqdan çəkinir, daha çox tərəvəzçilik, heyvandarlıq, taxılçılıq və digər rahat və tez gəlir verən sahələrə üz tuturlar.
2014-cü il bizim üçün əsl sınaq ili oldu. Dörd-beş ay müddətində yağıntının olmaması cavan çay sahələrini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Həmin günlərdə meliorasiya işçilərinin üzərinə böyük məsuliyyət düşdü. Digər tərəfdən, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun bu çətin günlərdə problemlərimizi diqqət mərkəzində saxlaması, illərlə işləməyən nasos stansiyasının elektrik enerjisi ilə təmin edilməsi üçün göstərdiyi səyi unutmaq qeyri- mümkündür. Məhz icra başçısının qayğısı və rayon meliorasiya işçilərinin birgə fəaliyyəti nəticəsində 20 ildən çox işləməyən 5 nömrəli nasosxana işə salındı. Bunun nəticəsində çay sahələrində qurduğumuz qapalı suvarma sistemini su ilə təmin etmək mümkün oldu. Lakin bu məqamda cənub bölgəsinin incisi, həyat mənbəyi olan Xanbulançay dəryaçasından danışmamaq qeyri-mümkündür. Ötən əsrin 70-ci illərində inşa edilmiş Yuxarı Xanbulançay su dəryaçası bizim, necə deyərlər, dadımıza çatdı. Quraqlıq çay sahələrinə müəyyən ziyan vursa da, əsas plantasiyalarımızı xilas edə bildik...
— Mütəxəssislərin fikrincə, çayçılıq kənd təsərrüfatının ən ağır sahələrindən biridir. Niyə məhz çayçılığı seçdiniz?
— Burada qeyri-adi heç nə yoxdur. Valideynlərim çayçılıqla məşğul olmuşlar. Gözümü açandan yamyaşıl çay plantasiyalarını görmüşəm. İlk çayçılıq təsərrüfatı anadan olduğum qəsəbədə yaradılmışdır. 1 nömrəli çay fabriki burada fəaliyyətə başlamışdır. Tez-tez anama kömək məqsədilə bacı-qardaşlarımla çay yığmağa getmişəm. Həmin çayın ətri heç vaxt yadımdan çıxmaz. Sanki uşaqlıq xatırələrimə də çayın ətri hopub. Bu doğma hiss heç vaxt məni tərk etməmişdi. İlk fürsət yaranan kimi qərara aldım ki, doğma yurda qayıdıb çayçılıqla məşğul olum. Belə də etdim. Artıq çay sahələrinin həcmini qeyd etdiyim kimi, 60 hektara çatdırmışam. Bu illərdə çətinliklərimiz də yetərincə olub. Lakin bu, bizi tutduğumuz yoldan çəkindirə bilməyib. Çünki dövlətimizin diqqət və qayğısını daim hiss etmişik. Bu qayğı gündən-günə artmaqdadır. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması da düz yolda olduğumuzu bir daha sübut etdi.
— Bu günlərdə “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha aqrar sahənin inkişafı ilə bağlı fikirlərini açıqladı. Bu haqda nə deyərdiniz?
— Möhtərəm Prezidentimiz hakimiyyətə gəldiyi ilk vaxtlardan özəl sektorun inkişafına xüsusi qayğı göstərmişdir. Regionların inkişafını diqqət mərkəzində saxlamışdır. İqtisadiyyatımızın mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına daim dəstək olmuşdur. Cənab Prezident konfransda özünün yekun nitqində bir daha bu sahəyə xüsusi diqqət ayırmışdır. Xüsusən də möhtərəm Prezidentin istifadəsiz qalan və ya vaxtilə kiminsə tərəfindən zəbt edilən torpaq məsələsini qabartması çox vacib bir məsələdir. Bu fikir əhalisi sıx, əkinə yararlı sahələri az olan Lənkəran rayonu üçün xüsusi önəm daşıyır. Məncə, bu məsələnin diqqətdə saxlanılması hamımızın ümdə vəzifəsi olmalıdır. Axı həmin zəbt olunmuş və ya icarəyə götürülüb istifadəsiz qalmış torpaqlar mütləq təyinatı üzrə istifadə edilməlidr. Bu, ölkənin ərzaq təminatında da mühüm rol oynayardı. Bütün bu fikirlər cənab İlham Əliyevin kəndi, burada mövcud şəraiti necə dəqiqliklə bildiyinin əyani təzahürüdür.
Prezidentimizin çıxışında digər bir məqam rayonların ixtisaslaşması ilə bağlıdır. Bu, həqiqətən vacib məsələdir. Axı aztorpaqlı subtropik iqlimə malik Lənkəranda taxıl əkməkdənsə, burada illərin sınağından keçən və gəlirliliyi ilə seçilən çayçılığın, sitrusçuluğun inkişafına diqqət artırılmalı, bu sahələr inkişaf etdirilməlidir.
Cənab Prezidentin çıxışındakı bu sətirlər də ürəyimi riqqətə gətirdi: “ ... Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur bizim işimiz”.
İnanıram ki, dövlət başçısının məlum sərəncamı aqrar sahənin inkişafına yeni bir təkan verəcək. Həqiqətən, əkilməyən torpaq sahəsi qalmayacaq. Azərbaycan təkcə neft-qaz yox, həm də ərzaq ixracatçısına çevriləcəkdir.
Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, xoş təsadüfdən bu il – “Kənd təsərrüfatı ili”ndə “Yaşıl çay” fermer təsərrüfatının plantasiyalarında ilk dəfə yaşıl çay yarpağı yığımına başlanacaq. Bu, bizim möhtərəm Prezidentimiz İlham Əliyevin məlum sərəncamına xüsusi töhfəmiz olacaq.
Müsahibəni aldı:
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.