Azərbaycanda içməli su təchizatı sahəsində dövlət strategiyası uğurla həyata keçirilir

Müsahibimiz “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovdur

— Qorxmaz müəllim, məlum olduğu kimi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması cənab Prezident İlham Əliyev tərəfindən prioritet elan olunmuşdur və son illər bu sahədə böyük işlər görülmüşdür. 2014-cü ildə hansı nailiyyətlər əldə olunmuşdur?

—2014-cü il ölkəmizin dinamik inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması  baxımından uğurlu illərdən biri kimi tarixə düşmüşdür. Qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə baxmayaraq, ötən il qarşıya qoyulmuş hədəflərə nail olunmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi su təsərrüfatı sektorundan da yan keçməmiş, təsdiq olunmuş dövlət proqramlarının icrası çərçivəsində istehlakçıların içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Yeri gəlmişkən,  2014-cü ildə yaranmasının 10 illik yubileyini qeyd etmiş “Azərsu” ASC-nin kollektivi  ölkə başçısının tapşırıqlarına uyğun olaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş, mühüm uğurlara imza atmışdır. Belə ki,  ötən il “Azərsu” ASC tərəfindən mənbələrdən istehlakçılara 285  milyon kubmetr içməli su verilmiş, 184 milyon kubmetr tullantı sularının axıdılması ximətləri göstərilmiş, cəmiyyətin əsas fəaliyyətindən gəlirlərin həcmi 150 milyon manata çatmışdır. Hesabat ilində istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaq məqsədilə 1185 kilometr içməli  su, 325 kilometr kanalizasiya xətləri çəkilmiş,  39  ədəd su anbarı  tikilmiş, 10 ədəd artezian və subartezian quyuları qazılmış, 142 mini “smart” tipli olmaqla 146 min sayğac quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır ki, onların da  259 mini  fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur.  Eyni zamanda, indiyədək içməli suya tələbatını fərdi qaydada ödəyən 156  min nəfərə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su verilmişdir. Bütün bu kimi tədbirlərin nəticəsi olaraq il ərzində abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatmışdır.

— Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərindəndir. Bu baxımdan ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin su təsərrüfatı sektorunda hansı işlər  görülmüşdür? 

— Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə 2014-cü ildə daha bir iri layihənin icrası başa çatdırılmışdır.  Qısa müddətdə, yəni 8 ay ərzində Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə 62 kilometr  uzunluğunda magistral su kəməri çəkilmişdir. Ötən ilin dekabrında bu mənbədən Sabirabad şəhərinə suyun verilməsi mərasimində cənab Prezident iştirak etmişdir. Yeri gəlmişkən, hazırda Saatlı şəhəri də bu mənbədən su alır. Ümumilikdə magistral kəmər Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir. Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 24 kilometr uzunluğunda  Göygöl-Gəncə magistral su kəmərinin tikintisi başa çatdırılmışdır. Almaniya İnkişaf Bankı  ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində inşa edilmiş kəmər Gəncə şəhərinin  bir hissəsini içməli su ilə təmin edir. Şəhəri içməli su ilə təmin edəcək Qızılqaya mənbəyində drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.

Respublikanın cənub bölgəsinin əsas su mənbələrindən sayılan Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası yekunlaşmışdır. Bu qurğu Lənkəran, Astara şəhərləri ilə yanaşı  39 kəndi keyfiyyətli içməli su ilə təmin edəcəkdir. Hesabat dövründə Beyləqan, Ucar və Göyçay şəhərlərində su şəbəkəsinin tikinisi başa çatdırılmış, artıq yeni su təchizatı sistemləri ilə bu şəhərlərin sakinlərinın tələbatı ödənilir. 2014-cü ildə İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır.

Birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır. Kür çayının  sol sahilində 13, sağ sahilində 8 nöqtədən axıdılan tullantı sularının qarşısı alınmışdır.

İçməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası diqqətdə saxlanılmışdır. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə kənd və qəsəbələrdə görülmüş işlər nəticəsində  35 min nəfərin su təminatı yaxşılaşmışdır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz İlham Əliyev içməli su layihələrinin  hazırda infrastruktur layihələri arasında prioritet istiqamət  olduğunu diqqətə çatdıraraq dövlət proqramları çərçivəsində Bakı şəhəri və onun qəsəbələrində,  eləcə də rayon mərkəzlərində və  kəndlərdə layihələrin icrasının davam etdiriləcəyini bildirmişdir. Dövlət başçısının ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı ilə bağlı qarşımıza qoyduğu mühüm vəzifənin icrası istiqamətində işləri bundan sonra da davam etdirəcəyik.

— Qorxmaz müəllim, bəs, 2014-cü ildə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilmişdir?

— Məlum olduğu kimi,  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Abşeron yarımadası üzrə ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi  həlledici mərhələyə qədəm qoymuşdur. Qurğuda ultrasüzgəc binası, binadaxili texnoloji xətlər, subölüşdürücü kamera, xam su anbarı tikilərək istismara tam hazır vəziyyətə gətirilmiş, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi həyata keçirilmişdir. Ümumilikdə layihə üzrə işlərin 90 faizi yerinə yetirilmişdir. Qurğuda 4800 ədəd ən son texnologiyaya əsaslanan membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək. Yeri gəlmişkən, bu il istismara veriləcək Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın inasnın su təminatı yaxşılaşmasına imkan verəcək. Bu layihənin davamı olaraq Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral su kəmərinin 22 kilometrlik Qala-Zirə hissəsinin tikintisi, Zirə qəsəbəsi yaxınlığında anbar kompleksinin inşası da artıq başa çatdırılmışdır.

Ötən il Kürdəxanı qəsəbəsində içməli su şəbəkəsinin inşası yekunlaşmış, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 20 minədək  sakin 24 saat fasiləsiz su ilə təmin olunmuşdur.

Paytaxtda və ətraf ərazilərdə yaranan tullantı sularının optimal idarə edilməsi, Xəzər dənizinə axıdılan məişət təsərrüfat sularının qarşısının alınması məqsədilə Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan, Dərnəgül-Qaraçuxur kanalizasiya tunellərinin tikintisi davam etdirilmişdir.  Eyni zamanda, Lökbatan çirkab su təmizləyici qurğunun və dənizə çıxış kollektorunun tikintisinə başlanılmışdır. Bundan əlavə, 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün və Olimpiya stadionunun ətrafında, su idman sarayının yaxınlığında yeni kanalizasiya kollektorları və xətlərin, nasos stansiyalarının köçürülməsi işləri həyata keçirilmişdir. Böyükşor gölünə və Cənub kanalından Şıx burnuna qədər hissədə Bakı buxtasına axıdılan tullantı suların qarşısı tam alınmışdır.

Su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə Bakı şəhərində yeni laboratoriya yaradılmışdır. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək, sayğacların xətaları müəyyən ediləcək, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılacaq və ehtiyac yarandıqda onların təmiri aparılacaqdır.

— 2014-cü ildə abonentlərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlar haqqında bir qədər məlumat verərdiniz.

— Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, ötən il abonentlərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı həyata keçirilmiş tədbirlərlə də yadda qalmışdır. Belə ki, 2014-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklər, həyata keçirilən pilot layihələr xidmət səviyyəsinin yüksəldilməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır. “Sudan istifadə”, həmçinin “İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” qaydalarının təsdiq olunması bu sahədə yarana biləcək mübahisələrin minimuma endirilməsinə imkan verəcək.  Bundan əlavə, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərlə su və kanalizasiya xətlərinə özbaşına və qanunsuz qoşulma hallarına qarşı tədbirlər daha da sərtləşdirilmişdir.

2014-cü ildə “Asan xidmət” mərkəzlərində  “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır. İl ərzində Bakı, Sumqayıt və Sabirabad şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərinə  “Azərsu” ASC-nin xidmətləri ilə bağlı 10 mindən çox müraciət edilmişdir. Abonent məlumatlarının “onlayn” qaydada dəyişdirilməsi məqsədilə “Elektron hökumət” layihəsi çərçivəsində “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidməti istifadəyə verilmişdir. Abonent xidmətləri sahəsində müştəri informasiya sisteminin tətbiqinə başlanılmış və ilkin olaraq Yasamal rayonunda pilot layihə icra edilmişdir. Hazırda bu təcrübədən digər sukanal idarələrində də istifadə olunmasına başlanılmışdır.

— Son illər “Azərsu” ASC-nin xarici əlaqələri və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı ildən-ilə genişlənir, yeni müqavilə və sazişlər imzalanır. Bu baxımdan 2014-cü ildə hansı qurumlarla müqavilələr bağlanmışdır?

—Ötən il “Azərsu” ASC su təchizatı və kanalizasiya sistemlərinin dünya standartları səviyyəsində yenidən qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə  innovativ texnologiyaların tətbiqinə və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə önəm vermişdir. May ayında Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Suez Environnement” şirkəti arasında “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə”  imzalanmışdır. Müqaviləyə əsasən 5 il ərzində 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq. Artıq müqavilədən irəli gələn məsələlərin həlli intensiv şəkildə həyata keçirilir. Bu ildən “Suez Environnement” şirkətinin mütəxəssislərinin iştirakı ilə təlimlərə start verilmişdir. Təlim prosesinin təşkili məqsədilə Hövsan Aerasiya Stansiyasının ərazisində tikintisi yekunlaşmaq üzrə olan təlim-tədris mərkəzi yaxın aylarda istifadəyə veriləcək. Bu da təlim və tədris proseslərinin daha intensiv və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə imkan yaradacaq.

Ötən il  Səudiyyə İnkişaf Fondu  ilə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi, Koreyanın İxrac-İdxal Bankı ilə “Pirşağı çirkab su təmizləyici qurğusu”nun tikintisinin maliyyələşdirilməsi üzrə razılaşma sazişi imzalanmışdır. Sənədlərə əsasən, Səudiyyə Fondu 35 milyon dollar, Koreya bankı isə  43,5 milyon dollar kredit ayıracaqdır. Eyni zamanda, “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - 3" layihəsinin maliyyələşdirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə layihə  sazişi imzalanmışdır. Saziş Ağcabədi şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına 122,16 milyon dollar kreditin ayrılmasını nəzərdə tutur.

Aprel ayında Bakıda keçirilmiş ikinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransı da beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyaların mənimsənilməsi baxımından əhəmiyyətli olmuşdur. Sərgidə 24 ölkədən 80-dək şirkət xidmət və texnologiyalarını nümayiş etdirmiş, dünyanın nüfuzlu alim və mütəxəssislərinin iştirakı ilə konfrans təşkil olunmuşdur. Bununla yanaşı, səhmdar cəmiyyət Bakıda keçirilmiş 5-ci “Xəzər: ətraf mühit üçün texnologiyalar”, “Beynəlxalq təhsil və karyera” sərgilərində uğurla təmsil olunmuşdur. Azərbaycanda su təchizatı sahəsində dövlət strategiyasının həyata keçirilməsinə  verdiyi töhfəyə görə cəmiyyətimiz  “Uğur” milli mükafatına, eyni zamanda, su təsərrüfatının inkişafında  genişmiqyaslı işlərə görə  “Caspian Energy Integration Award - 2014"  mükafatına layiq görülmüşdür.

Sonda bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, 2014-cü ilin su təsərrüfatı işçiləri üçün ən əlamətdar hadisəsi peşə bayramının təsis edilməsi olmuşdur. Möhtərəm Prezident  İlham Əliyevin  mayın 14-də imzaladığı sərəncamla iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Peşə bayramı ərəfəsində dövlət başçısının sərəncamları ilə səhmdar cəmiyyətin üç əməkdaşı “Əməkdar mühəndis” adına layiq görülmüş, 16 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.  Ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı bizə mənəvi stimul verir. Qazanılmış etimadı doğrultmaq məqsədilə su təsərrüfatı işçiləri 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

Müsahibəni qələmə aldı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında