Bakı ABŞ-ın “The New York Times” qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına daxil edilib.
Adı çəkilən qəzetdə yerləşdirilən və siyahıdakı bütün məkanlar haqqında məlumat verilən məqalədə paytaxtımız haqqında yazılıb: “Qədim mədəniyyət və Dubay tərzindəki ekstravaqantlığı Bakını turistlərin getmək istədikləri məkanlardan birinə çevirib. Azərbaycanın paytaxtında baş verən ikinci neft bumu Xəzər dənizinin sahilində yerləşən bu şəhərə var-dövlət qazandırmış və yeni üfüqlər açmışdır. Hökumət neftdən əldə olunan gəliri UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçərişəhəri dövrəyə alan zəngin memarlıq layihələrinə yönəldib. Şəhərin ən gözəl binalarına misal olaraq “Alov qüllələri” kompleksini və Zaha Hadidin memarlığı ilə tikilən Heydər Əliyev Mərkəzini göstərmək olar. Şəhərdə Four Seasons, Hilton və Kempinski kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bu yay Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində 33 mərtəbəli Trump İnternational oteli və “Bakı qülləsi” kompleksi də də bu möhtəşəm tikililər siyahısına əlavə olunacaq...”.
Onu da deyək ki, bu gün Azərbaycanda, eləcə də paytaxt Bakıda insanların rahat həyat şəraitində yaşamaları üçün innovasiyalı texnologiyanın tətbiqinə də böyük diqqət yetirilir.
Bu fikri bizimlə söhbətində Amerikanın şəbəkə avadanlığının işlənib hazırlanması sahəsində ixtisaslaşmış transmilli şirkəti olan “Cisco”nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sparrou səsləndirdi. Xatırladım ki, “Cisco”nun Azərbaycan ofisinin rəhbəri Vladimir Orlov da müsahibədə iştirak edirdi.
Conatan Sparroudan əvvəlcə ötən il dekabr ayının 2-də keçirilən və iştirakçısı olduğu “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi barədə, eyni zamanda, Bakı haqqında təəssüratlarını öyrəndik.
O dedi:
– Həm adını çəkdiyiniz sərgi, həm də paytaxtınız barədə çox müsbət fikirlər söyləyə bilərik. “BakuTel-2014” sərgisində çoxsaylı yerli və xarici tərəfdaşımız iştirak edirdi. Bu, informasiya texnologiyaları sahəsində geniş tanınan “Cisco” kimi nəhəng bir şirkət üçün fərəhli haldır. Əvvəla həmin sərgi ölkənizin inkişafı üçün mühüm önəm daşıyan böyük potensialın mövcudluğundan xəbər verirdi. Digər tərəfdən, Bakıda 8 il bundan əvvəl olmuşduq və bu dəfəki səfərimizdə şəhərin yaxşı mənada dəyişilməsi, daha da gözəlləşməsi bizi təəccübləndirdi. İnkişaf ilk baxışdan aydın nəzərə çarpırdı. Dünyada çox az yer var ki, bu cür tərəqqiyə qısa bir zamanda nail ola bilib... Fikrimcə, Azərbaycanda müasir texnologiyaların tətbiqinə bundan sonra da belə diqqət yetirilərsə, ölkənizin inkişafı daha da sürətlənə bilər.
Conatan Sparrou daha sonra bildirdi: – Azərbaycan uzun müddətdir ki, “Cisco”nun maraq dairəsindədir. Şirkət Azərbaycan bazarını çox perspektivli hesab edir. “ASAN xidmət”lə birgə işin səmərəsi bizi hədsiz sevindirir. Eyni zamanda, bu il Bakıda reallaşacaq ilk Avropa Oyunlarının keçirilməsi layihəsində yaxından iştirak edirik. Paytaxtınızda dövlət sektorunda gerçəkləşdirilən “ağıllı şəhər” layihəsini də diqqət mərkəzində saxlayırıq. Tədricən inkişaf etmiş dövlətlərdə “ağıllı şəhər”lərə daha çox sərmayə yatırılır, nəticədə isə müsbət maliyyə göstəriciləri əldə olunur.
“Cisco”nun Azərbaycan ofisinin rəhbəri Vladimir Orlov isə adıçəkilən şirkətin “ASAN xidmət” layihəsindəki iştirakı barədə danışdı:
– “ASAN xidmət” konsepsiyasının əsasında vətəndaşları dövlət qurumlarında uzun növbələrdən xilas edən sürətli, rahat və keyfiyyətli xidmət dayanır. “ASAN xidmət”lə məhz bu istiqamətdə çalışırıq. Yeri gəlmişkən, bir sıra konsepsiyaları, məsələn, növbələrin idarə olunmasını “ASAN xidmət”in özü hazırlayıb. Bununla yanaşı, bütün həllər “Cisco”nun infrastrukturu əsasında reallaşdırılıb, unifikasiyalı kommunikasiya texnologiyaları tətbiq edilib. Hazırda isə gələcəkdə “ASAN xidmət”də tətbiq olunacaq mobillik və tətbiqetmələr sahəsindəki bəzi məqamların müzakirəsi aparılır. Başqa sözlə, müştərilərin tələbatının, istəyinin ödənilməsi, rahatlığının təmin olunması ilə əlaqədar “Cisco” “ASAN xidmət”lə birgə daim yeniliklərin tətbiqinə can atır. Məsələn, mobil cihazlar ümumdünya trendidir və şirkətimiz onlardan vətəndaşlara xidmət göstərmək üçün istifadə etməyi qərarlaşdırıb.
Vladimir Orlov daha sonra vurğuladı ki, hazırda Bakıda “hərtərəfli internet” və “ağıllı şəhər” konsepsiyalarının həyata keçirilməsi ilə bağlı çox maraqlı trend müşahidə edilir: artıq ölkə və ya şirkətlər deyil, məhz şəhərlər rəqabət aparmağa başlayıb. Ən vacib ehtiyacların təmin olunması üçün ən yaxşı və ən cəlbedici strategiyanı hansı şəhər təklif edirsə, məhz elə o şəhərdə də insanlar yaşamağa üstünlük verirlər... Barselona, Nitsa, Çikaqo, Hamburq və Maltada reallaşdırdığımız layihələr haqqında video-çarxlar çəkmişik. Həmin çarxlar qeyd edilən şəhərlərin üstünlüklərini nümayiş etdirir. Məsələn, Barselonada yaşamaq, Nitsada isə istirahət etmək istəyirsən, Çikaqo çox təhlükəsiz şəhərdir, Hamburq isə ən iri dəniz limanıdır... Texnologiyalar şəhərlərin inkişafında əsas aparıcı qüvvəyə çevrilir. Fikrimin təsdiqi üçün belə bir sual verirəm: niyə hamı “ASAN xidmət”in fəaliyyətini bəyənir? Cavab sadədir: çunki “ASAN xidmət” vətəndaşların qayğısına qalır. “ASAN xidmət” konsepsiyasının əsasında əhaliyə keyfiyyətli xidmət göstərmək niyyəti dayanır. Konsepsiyanın əsas qayəsi də məhz budur: vətəndaşlar şəhər üçün deyil, məhz şəhər vətəndaşlar üçündür.
Conatan Sparrounun yuxarıda söylənilən fikirlə bağlı dedikləri də maraqlıdır:
– İlk dəfə “ASAN xidmət” mərkəzinə gəldikdə, açığı, harada olduğumu belə anlamadım. İnana bilmirdim ki, zala toplaşan insanlar pasport, sürücülük vəsiqəsi və s. bu kimi sənədləri almağa gəliblər. Açığı, mənim üçün bu proseslər daim əsəb şəraitində keçib və o hissləri yaşayan yeganə insan tək mən deyiləm... “ASAN xidmət”də isə tam başqa bir mühitə, şəraitə rast gəldim: müştərilər və onlara xidmət göstərən əməkdaşlar gülümsəyir, hər kəsin əla əhval-ruhiyyəsi var... Əhsən! Daha da yaxşı olacaq! “ASAN xidmət”də fəaliyyət göstərən və daim inkişaf edən innovasiyalar mərkəzi də bizə müsbət təsir bağışladı... “Ağıllı” və təhlükəsiz şəhər konsepsiyası yeni biznes-modellərin, texnologiyaların yaradılması üçün elə bir platforma təqdim edir ki, onun potensialı qlobal mobil tətbiqetmələr bazarının potensialından heç də zəif deyil. Həm də bu gün Bakıda yaradılan məhsullar bir müddət sonra Hindistan, ABŞ, Avropa ölkələrinin bazarlarına çıxa bilər. Bu cür texnologiyaların xaricə ixracı çox asan reallaşır və sürətlə genişlənir.
– Bəs “Bakı-2015” ilk Avropa Oyunları layihəsi üzrə hansı işlər görülür?-sualına isə Vladimir Orlov belə cavab verdi:
– Telekommunikasiya avadanlıqlarının əsas təchizatçısı kimi Avropa Oyunlarının hazırlıq prosesində fəal iştirak edirik. Bütün infrastruktur ”Cisco"nun texnologiyaları əsasında qurulub və bu zaman “Olimpiya stadiounu” konsepsiyasına əsaslanılıb. Təbii ki, fəaliyyətimizdə müştərilərə xidmət prinsipi mühüm önəm daşıyır. Bir sözlə, ilk Avropa Oyunlarının hazırlıq işlərinə sıx inteqrasiya olunmuşuq. Bu məsələdə tərəfdaşımız olan “Avrodizayn” şirkətinin rolunu da yüksək qiymətləndirmək istərdim.
– Qeyd etdiniz ki, Barselonada yaşamaq, Nitsada istirahət etmək... Sizcə, “ağıllı” şəhər konsepsiyası çərçivəsində Bakı necə şəhər ola bilər?
Conatan Sparrou: – Bakı innovasiyalar, o cümlədən hərtərəfli internet sahəsində regional mərkəzə çevrilə bilər. Bir müddət bundan əvvəl Barselona innovasiyalar paytaxtı kimi Avropa İttifaqının müvafiq mükafatını alıb. Ümid edirik ki, Bakı da yerləşdiyi regionda həmin mükafata layiq görüləcək. Çünki hazırda şəhərinizdə vətəndaşlara nümunəvi sosial şərait yaratmaq məqsədilə ciddi tədbirlər həyata keçirilir. Fikrimcə, bu zaman sadəcə texnoloji infrastruktur qurub biznes-modellər yaratmaqla iş bitmir, həm də strateji fəaliyyət proqramına daha çox üstünlük verilməlidir.
– Bəs “Cisco” şirkəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə işçi qrupunun fəaliyyətində hansı məqamlar daha çox diqqət çəkir?
Conatan Sparrou:
– İşçi Qrup əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şəhərin inkişafı üzrə ümumi strategiyanın həyata keçirilməsindəki rolunu müzakirə edir. Yeri gəlmişkən, müvafiq informasiya texnologiyaları infrastrukturu olmayan şəhərin inkişafından danışmaq sadəlövhlük olardı. İşçi Qrup çərçivəsində biz nazirliyə bu barədə müvafiq məlumatlar təqdim edib şəhərin texnoloji infrastrukturunun inkişafını planlaşdırmağa yardım göstəririk.
Vladimir Orlov:
– Əgər hansısa bir ölkə nəyə nail olmaq istədiyini yaxşı bilirsə və inkişaf strategiyasına malikdirsə, bu zaman tərəfdaşlar da ona yardım göstərir, sonda isə müsbət nəticələr əldə edilir. Fikrimi əsaslandırmaq üçün bir xarici dövlət qurumunun nümayəndələri ilə apardığımız müzakirələr zamanı diqqətçəkən bir məqamı xatırlatmaq istərdim. Onlar israr edirdilər ki, şəhərin tıxac problemini cərimələr hesabına həll edə bilərlər. Bizim fikrimizcə isə təkcə cərimələrlə mövcud çətinliyi aradan qaldırmaq mümkün deyil. Axı insanlar yol hərəkəti qaydalarını nə üçün pozurlar? Çunki onlar tıxacda qalır, tələsir, əsəbiləşirlər. Başqa sözlə, infrastrukturun düzgün qurulmaması onları o vəziyyətə gətirir. Əgər həmin infrastruktur “ağıllı şəhər” konsepsiyası əsasında modernləşdirilərsə, məsələ köklü şəkildə öz həllini tapar və nəticədə cərimələrə, ümumiyyətlə, ehtiyac qalmaz... Deməli, ya cərimələri artırıb infrastruktura toxunmuruq, ya da mükəmməl infrastruktur yaradıb cərimələri sıfıra endiririk. Bu cür konsepsiyalar məhz şəhərdəki hərəkəti daha rahat etmək üçün nəzərdə tutulub... Azərbaycanda da bu amil daim diqqət mərkəzində saxlanılır.
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.