Şair ürəkli rəssam
Bu günlərdə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı fırça ustası Nəvai Məmmədoğlunun əsərlərindən ibarət ekspozisiya nümayiş etdirildi. Sərgidə rəssamın 30 ildən bəri çəkdiyi ən yaxşı əsərlər yer almışdı.
Sərginin tamaşaçılara təqdimatı mərasimində Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Nəvai Məmmədoğlunu incə duyğuları, gözəllikləri orijinal bir üslubda kətana köçürməyi bacaran, tamaşaçılara yüksək estetik zövq və humanist düşüncə bəxş edən rəssam kimi səciyyələndirdi.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov rəssam dostunun yaradıcılığından söhbət açaraq bildirdi ki, Nəvai bir sənətkar kimi düşüncə dairəsi geniş, mövzuları rəngarəng, təsviri anlaşıqlı, mahiyyətə yanaşma tərzi hər kəsdən fərqlənən rəssamdır. Onun yaradıcılığı məhsuldar bir yetkinlik dövrünə daxil olur. Bu sərgi yaradıcılığının daha məsul dövrünə daxil olarkən Nəvainin ciddi yaradıcılıq hesabatıdır. İnanırıq ki, o, bundan sonra milli rənkarlığımıza yeni töhfələrini artıracaq.
Nəvai Məmmədoğlunun yaradıcılığına dərindən bələd olan şairlər Məmməd İlqar, Məmməd Dəmirçioğlu, Rəfael İncəyurd, alimlər Rüstəm Kamal, Ramiz Hümbətov, şair-jurnalist Mahmud Ləzgiyev rəssamı səmimi təbrik etdilər, onun əsərlərindəki dərin şeiriyyəti, məfkurəvi çalarları, insana və təbiətə sevgini vurğuladılar. Natiqlər rəssamın "Ana", "Atatürk", "Şəhriyar", "Akif Səməd" kimi portretlərindən, bir sıra mənzərə və tablolarından ayrıca söhbət açdılar.
Mərasimin sonunda Nəvai Məmmədoğlu ilə ayaqüstü söhbət etdik. Müsahibimiz rəssamlığa gəlişi ilə bağlı sualımızı belə cavablandırdı:
- Mən Qazax rayonunun İncədərəsi deyilən obasında dünyaya göz açmışam. Bu yerlərin incə gözəlliyi və mənə analıq etmiş nənəmin nağıl-dastan dünyası uşaqlıqdan hissiyatımı hərəkətə gətirib. Bu yerdə doğulanlar arasından xeyli rəssam və şair yetişib. Mən də onlardan biriyəm. Uşaqlıqda şəkil çəkməklə bərabər tar çalmaqla da məşğul olurdum.
Sonda rənglər aləmi məni öz ağuşuna aldı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib professional rəssamlığa gəldim. Çoxsaylı portret və mənzərələrdən əlavə, 15-dək bədii əsərə illüstrasiyalar da çəkmişəm. Rəhbəri olduğum "Mətin - X" reklam şirkətində dizayn və tərtibat işləri ilə də məşğul oluram. Əsl rəsm əsəri odur ki, nəğmə kimi dinlənsin, şeir kimi oxunsun, hissə və ağıla qida versin. Bunun üçün gərək qaynar həyatın içərisində olasan, şairlərdən, bəstəkarlardan ilham, alimlərdən bilik, ideya alasan.
- Bəlkə, buna görədir ki, dostlarınızın, elə bu gün sərgiyə gələnlərin çoxu şairlər, alimlər, sənətkarlardır.
- Əslində rəsm özü də şeirdir, nəğmədir. Onun əlifbası rənglərdir ki, bunu da bütün xalqlar oxuya bilir. Sadəcə, sözlərin, səslərin dediyini rənglər çatdırır. Ona görə rəssamlıq ümumbəşəri bir sənətdir.
- Eşitdiyimizə görə, siz Akif Səməd mükafatı təsis etmisiniz və bu mükafat bir neçə sənət adamına təqdim olunub.
İstedadlı şairimiz Akif Səmədin xatirəsinə ehtiram olaraq bu mükafatı təsis etməkdə məqsədim yaxşı şeirləri qiymətləndirməkdir.
- Rəssamlardan kimləri dəyərələndirirsiniz?
- Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov Azərbaycan rəssamlarının müəllimləridir. Mənim öz ustadım isə Rəis Rəsulzadədir. Dünya rəssamlarından Kamil Karonun yaradıcılığı ilə də maraqlanmışam. İntibah dövrünün çox böyük nümayəndəsidir. Onlardan çox şey öyrənmişəm.
- Tamaşaçılara sözünüz...
- Sözüm odur ki, sərgi salonlarına gəlsinlər. Rəsm əsərlərilə maraqlansınlar, ona qiymət versinlər - pis ya yaxşı. Bu gün bizim mənəviyyatımızın zənginləşməsi üçün bu çox vacibdir. Hər bir insanın yaşantıları, maddiyyatı, əməlləri onun mənəviyyatına xidmət etməlidir. Azərbaycan gəncləri daha çox mənəvi dəyərlərə sahib durmalıdır. Xalqımızı onun dili, ədəbiyyatı, mədəniyyəti, milli adət-ənənələri yaşadır, qoruyur. Milli zövqün itirilməsi mənəvi ölümdür.Biz rəssamlar da milli özünüdərkə, milli zövqün formalaşmasına xidmət edirik.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.