Müsahibimiz TürkPA-nın baş katibi Ramil Həsənovdur.
- Ramil müəllim, Türkdilli Ölkələrin Parlament Assambleyası hansı zərurətdən yarandı?
- Türkdilli Ölkələrin Parlament Assambleyası (bundan sonra TürkPA) 2008-ci il noyabrın 21-də İstanbul şəhərində Türkiyə Prezidenti Abdullah Gülün ev sahibliyi və iştirakı ilə "Dolmabaxça sarayında" Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin rəhbərlərinin imzaladıqları sazişlə təsis olunub. Bu ideya hələ 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. Ondan sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən də dəstəklənib. Bundan sonra həmin dövlətlərin prezidentlərinin ortaq razılığı ilə parlament sədrləri bir araya gələrək bu müqaviləni imzaladılar. Bu proses ingilis əlifba sırası ilə getdiyindən Azərbaycan ilk plenar sessiyaya ev sahibliyi etdi. TürkPA-nın 29 sentyabr 2009-cu il tarixdə Bakıda keçirilən I plenar sesiyasında qurumun tam formalaşması üçün bütün addımlar atıldı. Yəni, Parlament Assambleyasının heyətləri formalaşdırıldı. Məlumat üçün bildirim ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin hər birindən 7 deputat assambleyada təmsil olunub. Bu, ATƏT və Avropa Şurası Parlament Assambleyasına bənzər bir qurumdur. Amma bu qurumlardan fərqli olaraq TürkPA-da dörd ölkə fəaliyyət göstərir. İlk plenar sessiyada assambleyanın nizamnaməsi qəbul olunub, qurumun işini formalaşdırmaq və həyata keçirmək üçün daimi fəaliyyət göstərən Beynəlxalq Katiblik təsis olunub, həmçinin Katibliyin Əsasnaməsi təsdiq olunub, illik büdcəsi qəbul edilib. Katibliyin işinin operativ həyata keçirilməsi məqsədi ilə Beynəlxalq Katibliyə assambleyanın ortaq qərarı ilə səsvermə yolu ilə Baş katib və onun 3 müavini seçilib. Baş katib vəzifəsinə Azərbaycan Respublikasının irəli sürdüyü namizəd dörd il müddətinə seçilib. Baş katibin müavinləri isə Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndələridir. Dörd il müddəti başa çatdıqdan sonra isə Baş katib vəzifəsinə əlifba sırası ilə Azərbaycandan sonra gələn Qazaxıstan parlamenti tərəfindən irəli sürüləcək namizəd seçiləcək.
TürkPA-nın yaradılmasında əsas məqsəd parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması, türkdilli ölkələr və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməkdir. Bunlarla yanaşı tərəf ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərin yaxşılaşdırılması üzrə tövsiyələr vermək əsas məqsədlərdəndir. Həmçinin tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Parlamentlərarası əlaqələrin yaxınlaşdırılması və yaxşılaşdırılması, qanunverici orqanların birgə əməkdaşlığı və fəaliyyəti nəticə etibarı ilə dövlətlərarası əlaqələrə böyük təkan verən zəruri amildir. Çünki hər birimiz çox yaxşı bilirik ki, dövlətlərarası müqavilələr bu ölkələrin prezidentləri tərəfindən imzalanır. Ancaq bu qanunlar parlamentlər tərəfindən ratifikasiya olunur. Parlamentlərdə ratifikasiya olunmamış hər hansı bir qanun qanuni qüvvəsini almır. Gələcəkdə elm, mədəniyyət, təhsil, sosial-iqtisadi, ticarət, vergi, gömrük, ədliyyə, hüquq və digər istiqamətlərdə yeni qanun layihələrinin hazırlanması da diqqət mərkəzindədir. Göründüyü kimi, TürkPA-nın yaranması türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə öz müsbət təsirini göstərəcək. Bu proses yüksələn xətt üzrə davam etdirilməkdədir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirmək üçün qarşılıqlı əməkdaşlığa çox böyük üstünlük veririk.
Sevindirici haldır ki, TürkPA-nın daimi Beynəlxalq Katibliyi Azərbaycan hökumətinin xoşməramlı səyi nəticəsində Bakıda yerləşir. Onu da qeyd edim ki, Azərbaycan müstəqillik qazandığı müddətdə ilk dəfədir ki, beynəlxalq təşkilatın hər hansı bir şöbəsinə yox, birbaşa baş ofisinə ev sahibliyi edir. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin möhkəmlənməsindən xəbər verir. Bu gün TürkPA-nın fəaliyyətdə olan sədri də Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovdur. Qeyd edim ki, Parlament Assambleyasına sədrlik rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir.
- TürkPA-ya sədrlik növbəti il Qazaxıstan parlamentinin sədrinə keçəndə katibliyin də ünvanı dəyişəcəkmi?
- Parlament Assambleyasının sədrliyi ildə bir dəfə rotasiya qaydası ilə dəyişən bir prosesdir. Bu, siyasi vəzifə olduğu üçün ildə bir dəfə dəyişir, amma katiblik daimi bir orqan olduğu üçün Bakıda fəaliyyət göstərəcək. Necə ki, ATƏT Parlament Assambleyasının daimi katibliyi Danimarkanın paytaxtı Kopenhagendə yerləşir, TürkPA-nın da daimi katibliyi beynəlxalq statusa malikdir və Bakıda yerləşəcək. Onu da qeyd edim ki, Parlament Assambleyasının daimi katibliyi üçün Bakıda çox əlverişli şərait yaradılıb. Burada Azərbaycan nümayəndələri ilə bərabər qazax, qırğız və Türkiyə nümayəndələri də fəaliyyət göstərir və onlar diplomatik missiyanın əməkdaşları kimi dörd il fəaliyyət göstərəcəklər.
- Digər parlament assambleyalarında daimi komitələr fəaliyyət göstərir. TürkPA-da belə komitələrin yaradılması nəzərdə tutulubmu?
- TürkPA getdikcə öz fəaliyyətini genişləndirir. Nəzərdə tutulub ki, növbəti plenar sessiyada üç daimi komitə yaradılsın. Bunlar sosial və humanitar sahələr, iqtisadiyyat, ticarət və enerji, hüquq, parlamentlərarası əməkdaşlıq və beynəlxalq əlaqələr üzrə daimi komitələr olacaq. Üç daimi komitənin hər birində dörd ölkənin paritet əsasda təqdim etdikləri deputatlar fəaliyyət göstərəcək. Yəni, biz bu gün türk dünyası ərazisində ortaq dildən, ədəbiyyatdan, tarixdən söhbət ediriksə, bu proseslərin hamısını həyata keçirməyə qadir olan orqanlar lazımdır. Elm adamlarımızın, alimlərimizin, ziyalılarımızın öz sahələrinə uyğun olaraq bu proseslərlə bağlı təkliflər paketi hazırlayıb verəcəkləri qurumlar alt komitələr olacaq. Bu daimi alt komitələr ortaq əlifba ilə bağlı bir layihə hazırlayacaq və dörd ölkənin elm adamlarına müraciət edərək onlardan ibarət müvəqqəti komissiya yaradılacaq. Bu komissiya qanunlar paketi hazırlayıb daimi komitəyə təqdim edəcək. Bütün dünyada belə bir sistem mövcuddur. Yəni, MDB, Avropa Şurası və digər beynəlxalq qurumların parlament assambleyalarında belə bir qayda var. Daimi komitələrin işi qanun layihələrini hazırlayıb plenar sessiyaya təqdim etməkdir. Bu, əslində Milli Məclisin iş prinsipinə bənzəyir. Ümumiyyətlə, belə iş prinsipi ölkələr arasındakı əlaqələrin inkişafına çox böyük təkan verəcək. Hazırda biz çox mürəkkəb, həssas bir dövrdən keçirik. Məlum olduğu kimi, bölgədə təhlükəsizlik, sülhün qorunub saxlanılması, bərqərar olunması, münaqişəli problemlərin həll olunması və digər məsələlər mövcuddur. Bu məsələlərdə də təbii ki, ilk növbədə Parlament Assambleyası özünün fəaliyyətini və strukturunu möhkəmləndirməlidir. Ondan sonra beynəlxalq aləm və digər problemlərlə məşğul olmaq imkanı və gücü əldə etsin. Biz ilk mərhələdə çalışırıq ki, Assambleyanın fəaliyyətini gücləndirək və ölkələr arasındakı əlaqələri möhkəmləndirək. Bu prosesdə ümid edirəm ki, hər hansı bir maneə ilə üzləşməyəcəyik. Çünki bizim Parlament Assambleyasındakı nümayəndələrin hər biri öz ölkələrində parlamentə rəhbərlik edir.
- TürkPA-nın tanınmış beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə də məlumat verməyinizi xahiş edirik.
- Türkdilli Ölkələrin Parlament Assambleyası bu gün dünyanın bir çox beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.
TürkPA-nın bir beynəlxalq qurum olaraq BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün bu əməkdaşlıq vacib və zəruri faktorlardan biridir. Çünki bu əməkdaşlıq çərçivəsində Parlament Assambleyasının fəaliyyəti, hansı addımlar atdığı, ideya və məqsədinin nədən ibarət olduğu bəlli olacaq. Bununla yanaşı bu təşkilatda hansı dövlətlərin fəaliyyət göstərməsi barədə beynəlxalq ictimaiyyət geniş məlumatlandırılmalıdır. Bu istiqamətdə TürkPA hazırda Beynəlxalq Parlamentlər Birliyi, MDB, NATO, ATƏT, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Əməkdaşlıq və Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Cənub-Şərqi Avropa ölkələri və digər nüfuzlu qurumların Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı müşahidəçi statusunun alınması ilə əlaqədar beynəlxalq təşkilatlarla yazışmalar həyata keçirmişik. Həmin təşkilatların növbəti plenar sesiyalarında bu məsələlər müzakirə olunacaq. Biz gələcəkdə bu istiqamətdə beynəlxalq aləmdə yeni uğurlar əldə edə biləcəyik. Bundan sonra əməkdaşlığımız daha da möhkəmlənəcək, təcrübəmiz artacaq, qarşılıqlı fəaliyyətimiz getdikcə güclənəcək. Eyni zamanda regionda baş verən proseslərdə də TürkPA beynəlxalq hüquq normalarını əsas götürür.
- TürkPA-nın tərkibində beynəlxalq müşahidəçi kimi kimlər təmsil olunacaq?
- Əgər seçki Azərbaycanda keçirilərsə, o zaman Qazaxıstanın və Türkiyənin kvota çərçivəsində təqdim edəcəkləri deputatlar, bir də TürkPA Katibliyinin diplomatik heyəti. Təxminən 6-7 nəfərdən ibarət qrupdur. Əgər seçkilər Qırğızıstanda keçirilsə, o zaman Azərbaycanın, Qazaxıstanın və Türkiyənin kvota çərçivəsində verəcəyi deputatlar və yenə də bizim katibliyin diplomatik heyətindən 2-3 nəfər beynəlxalq müşahidəçilər qrupuna daxil olur, seçkiləri birgə müşahidə edirlər. Bu prosesləri ictimaiyyətlə daha geniş şəkildə paylaşmaq üçün rəsmi veb saytımız fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək istəyənlər həmin sayta müraciət edə bilərlər.
- Parlament Assambleyası fəaliyyətə başladığı vaxtdan türkdilli ölkələrin qarşılıqlı əməkdaşlığı, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində hər hansı bir addım atıbmı?
- Təbii ki, bu məsələ bizim qarşıya qoyduğumuz əsas məqsədlərdən biridir. Parlament Assambleyası hazırda müxtəlif layihələrin həyata keçirilməsinə start verib. Həmin layihələrdən biri də parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi barədə yollar axtarıb tapmaqdır. Qeyd edim ki, ölkələr və parlamentlərarası əlaqələri möhkəmləndirən amillərdən biri insan faktorudur. Çünki əlaqələri möhkəmləndirmək üçün təcrübə mübadiləsi proqramları keçirmək lazımdır. Bundan əlavə, parlamentlərdə çalışan aparat əməkdaşlarının bir-biri ilə yaxından tanış olmaları, fəaliyyətləri ilə maraqlanmaları, qanunvericilik aktlarının hazırlanması prosesini öyrənmələri, qabaqcıl təcrübə ilə tanış olub öz işlərində tətbiq etmələri də vacib məsələlərdəndir. Bütün bunları həyata keçirmək üçün iyul ayının birinci həftəsindən etibarən qarşılıqlı təcrübə mübadiləsi proqramına start vermişik. Bu proqram milli parlamentlər arasında əlaqələri gücləndirmək, qanunverici orqanların müxtəlif idarə və şöbələri arasında fəaliyyəti inkişaf etdirmək üçün həyata keçirilən bir layihədir. Azərbaycan parlamentinin təqdim etdiyi müxtəlif sahələr üzrə 9 nəfəri Türkiyə parlamentinə təcrübə mübadiləsinə göndərdik. Onlar Türkiyə parlamentinin iş qrafiki, beynəlxalq əlaqələri və digər sahələri ilə yaxından tanış olmaqla bərabər təcrübə də topladılar. Artıq ikinci bir layihəyə start vermişik. Bu da Türkiyə parlamenti əməkdaşlarının Azərbaycana səfəridir. Bu layihə oktyabr ayının 3-də reallaşacaq. Üçüncü bir layihəni isə oktyabr ayının sonunda həyata keçirəcəyik. Bu da Qazaxıstan parlamenti əməkdaşlarının Türkiyəyə səfəridir. TürkPA-ya üzv olan dövlətlərin birbaşa parlamentlərində əməkdaşlıq etmələri nəticə etibarı ilə türkdilli ölkələr arasındakı münasibətlərin yaxşılaşmasına təsir edən çox mühüm amillərdəndir. Çünki parlament nümayəndələri qarşılıqlı səfərlər zamanı bir-birinin təcrübəsindən yararlanmaq şansı qazanırlar. Bu da ölkələrarası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Biz bu istiqamətdə daha bir layihə hazırlamışıq. Müxtəlif bölgələrdən parlamentlərə seçilmiş deputatların bir-birilərinə qarşılıqlı ziyarət proqramı. Deyək ki, Türkiyə Respublikasının Bursa şəhərindən seçilmiş deputatlarla Azərbaycanın tutaq ki, Şəki şəhərindən seçilmiş deputatların görüşləri və qarşılıqlı səfərləri. Bu, dost və qardaş ölkədən gəlmiş deputatların regionu və bölgəni tanımasına, həmçinin iki ölkə parlamentləri üzvlərinin səmimi münasibətlərinin daha da möhkəmlənməsinə kömək edəcək. Bununla yanaşı ayrı-ayrı bölgələrin iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığının güclənməsinə öz təsirini göstərəcək. TürkPA tərəfindən həyata keçirilən bu proseslərin hamısı türkdilli ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına, əməkdaşlığın genişlənməsinə xidmət edir.
Ümumiyyətlə, Türkdilli Ölkələrin Parlament Assambleyası müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyi, zor işlətməkdən və zor işlədiləcəyi ilə hədələməkdən, iqtisadi və hər hansı digər təzyiq metodlarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsini qarşıya vəzifə kimi qoyub. Bununla yanaşı TürkPA milli iqtisadiyyatların dinamik inkişaf etdirilməsini, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılmasını, region və digər beynəlxalq qurumların üzvü olan ölkələrin parlamentləri ilə yeni əlaqələrin qurulmasını zəruri amillərdən biri hesab edir. Bu sahədə uğurlu addımlar atıldıqca TürkPA beynəlxalq aləmdə daha yaxından tanınacaq və nüfuzlu təşkilatlarla əlaqələrini genişləndirəcək. Bu sahədə fəaliyyətimizi getdikcə artırırıq.
{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.