"Baselworld" - böhranın sonu?

2010-cu il martın 18-də İsveçrənin Bazel şəhərində dünyanın ən nəhəng saat və zərgərlik sərgi-yarmarkası açılmışdır. Son yeddi il ərzində bu sərgi dünyanın dəbdəbə predmetləri istehsalçıları arasında aparıcı mövqe tutduğunu əks etdirən "Baselworld" kimi məşhur adı daşıyır. Bu il 45 ölkənin 1915 şirkətinin nümayəndəsi Bazelə toplaşmışdı. "Baselworld" sərgisinin direktoru Silva Ritter deyir: "Baselworld"un qapıları həm transmilli, həm də kiçik müstəqil şirkətlərin üzünə açıqdır. Mütəxəssislərin fikrincə, dünyanın bütün ekspertləri, istehsalçıları, pərakəndə satıcıları və müştəriləri bu İsveçrə yarmarkasını saat və zərgərlik sənayesi üçün əsl barometrə çevirirlər. Bu barometrin göstəriciləri kimi 2010-cu il "Baselworld" sərgisinin hansı yeniliklərlə əlamətdar olduğu, tədbirin yaddaqalan məqamları barədə məlumat almaq məqsədilə "Italdizain" şirkətinin baş direktoru Elçin Zeynalova müraciət etdik.
- Elçin müəllim, bildiyimə görə, maliyyə böhranı Bazel sərgisinin indikatoru sayıldığı dəbdəbə sənayesini də silkələyib. 2010-cu ili hansı iqtisadi meyllərlə səciyyələndirmək olar. Ümumiyyətlə, bu il ötən ildən hansı cəhətləri ilə fərqlənir?
- Bəli, ötən il böhran bu sahəyə də güclü zərbə endirdi. Məsələn, məşhur İsveçrə saatlarının ixracı 22 faiz aşağı düşdü. Sənaye sahəsi üzrə 10 min iş yeri ixtisara salındı. Lakin elə 2009-cu ilin sonuna yaxın müsbət dəyişikliklər gözə dəyirdi və artıq bu ilin əvvəlində dünyada saatlara tələbatın çoxaldığı hiss olunmağa başladı. İsveçrə Saat İstehsalçıları Assosiasiyasının prezidenti Jan-Daniel Paşe bildirdi ki, ixrac göstəriciləri nəzərə çapracaq dərəcədə yaxşılaşır. Çinə və Honkonqa ixrac isə xeyli yüksəlmişdir. Çünki iqtisadçıların çoxunun israr etdiyi kimi, ödənişqabiliyyətli istehlakçıların fəallığının bərpası məhz Asiyadan başlayır. Bir sözlə, irəliləyiş göz qabağındadır. Hərçənd, böhrandan əvvəlki 2008-ci ilin səviyyəsi barədə danışmaq hələ tezdir.
- Bəs zinət əşyaları bazarı çətin dövrdən necə çıxdı?
- Demək olmaz ki, böhran almaz və brilyantın qiymətini xeyli aşağı saldı. Düzdür, böhranın əvvəlində onların qiyməti 2008-ci ilin rekord səviyyəsindən aşağı düşmüşdü, amma 2009-cu ilin noyabrında almazın qiyməti yenidən bahalaşdı. Bu proses hazırda da davam edir. Avstraliya və Cənubi Afrikada almaz yataqlarını istismar edən nəhəng şirkətlərdən saylıan "Gem Diamonds" belə bir proqnoz verib. Bununla yanaşı, ötən il bir çox məşhur zərgərlik şirkətləri üçün asan olmamışdır. Elə 2009-cu ildə Cenevrənin məşhur "De Grisogono" zərgərlik evi böhran şəraitində markanın rifahı naminə öz səhmlərinin 40 faizini anonim investorlar qrupuna satmışdı. Markanın təməlçisi Favaz Qruozi demişdir ki, kapital axını müəssisənin mürəkkəb iqtisadi şəraitdə yaşamasına və inkişaf etməsinə yardım göstərdi.
Analitiklər belə hesab edirlər ki, ümumiyyətlə, zinət məmulatları bazarı almaz biznesinə investisiya qoyuluşunu sabitləşdirdi. Yeri gəlmişkən, Qruozi hələ ötən il demişdi ki, piara, reklama qənaət edər, amma qiymətli daşlara heç vaxt qənaət etməz. "Onlar nadir olduqca, dəyərləri də bir o qədər artar". Həqiqətən də, məlum məsələdir ki, seçilmiş, sertifikatlı brilyant - ən mühafizəkar və etibarlı investisiya alətlərindən biridir. Brilyant və ya digər qiymətli daşlardan istifadə edilmiş zərgərlik nümunələri daha da qiymətlidir. Xüsusən də, həmin bəzəklərin öz tarixi, məxsusi adı olduqda qiyməti daha da artır. Pul qiymətdən düşür, belə zinət əşyalarının qiyməti isə qalxır. Bir sözlə, dünya zərgərlik sənayesinin iştirakçıları əbəs yerə bu il satışın artacağını güman etmirlər. Məsələn, "Baselworld 2010"un Hindistan pavilyonu ötənilkinə nisbətən xeyli genişlənmişdir. Hindlilər isə zinət bazarında ciddi iştirakçıdırlar.
- Builki sərginin hansı xarakterik xüsiyyətlərini qeyd edə bilərsiniz?
- Hər şeydən əvvəl, əlbəttə ki, iştirakçıların ovqatından danışmaq lazımdır. Heç də hamı, ötən il olduğu kimi, bədbin görünmürdü. Üzlərdə təbəssüm, baxışlarda isə nikbinlik daha çox idi. Bu isə o deməkdir ki, sifariş də çoxalıb, saziş də. Əvvəlki alıcıların əksəriyyəti, o cümlədən, amerikalılar, rusiyalılar sərgiyə qayıtmağa başlayıblar. Ümumiyyətlə, elə gözümüzlə gördüyümüzü deyək: bu il sərgiyə gələnlərin sayı keçən ilkindən çox idi. Böhran müddətində bir çox saat markaları gərginliyə tab gətirə bilmiş və yaxşı nəticələr əldə etmişlər. Özləri üçün yeni bazar tapmışlar, hətta bəzi hallarda satışın tempi də artmışdır. Bir sözlə, sərginin devizi - "Gur sağalma işığı" bütövlükdə özünü doğrultdu.
- Bəs sərgiyə düşmək necə, baha başa gəlmirdimi?
- Sadəcə baxmağa gələnlər üçün giriş haqqı 60 frank idi. Amma Bazel sərgisində iştirak bundan qat-qat baha idi - kiçik bir stend 20-50 min Avroya başa gəlirdi. Digər tərəfdən də, insanlar pul xərcləməzdən əvvəl yaxşıca düşünürlər ki, belə bir xərc çəkməyə dəyər, ya yox? Bir sıra şirkətlər artıq zərərə düşməməkdən ötrü şərikli stendlərdə təmsil olunmuşdular.
- Təəssüf ki, bizim oxucularımızın çoxunun məşhur sərginin salonlarını gəzmək imkanı yoxdur. Bəs şəxsən siz Bazeldəki hansı yeniliklərə diqqət yetirdiniz?
- Məsələn, elə "Harry Winston"un "Opus" layihəsini götürək. Bu marka hər il məni heyrətə salır. Onlar hər il mexaniki sərhəd çərçivəsində qalmaq şərtilə, ənənəvi saatlardan fərqlənən nəsə bir yenilik icad edirlər. Beləliklə "Opus X" vaxt displeyinin fırlanan fonda yerləşdirildiyi saatdır. Saat, dəqiqə və saniyə üçün displeylər ayrı-ayrı, kiçik, daim hərəkət edən siferblatlarla yerləşdirilib, amma onların sinxronluğu gözlənilir. Bunu sözlə anlatmaq asan deyil. Gərək öz gözlərinlə görəsən. Mexanizm məşhur Jan-Fransua Mojon ilə əməkdaşlığın bəhrəsində qurulub.
"Perrelet" markası isə zərgərlik məmulatını və saat texnologiyalarını birləşdirən "Diamond Flower" silsiləsindən "Prestige Edition" avtomatik qadın saatlarını təqdim etmişdi. Texnoloji möcüzə - həm öndən, həm də arxadan görünən ikili rotor sənət möcüzəsi ilə - yeddi qiymətli daşdan düzəldilmiş lotos çiçəkləri ilə tamamlanır.
"Zenith" bu il markanın keçmiş rəhbəri Tyerri Natafın eksperimentlərindən imtina etməklə sensasiya doğurdu. Jan-Frederik Düfur "Chopard"dan "Zenith"ə keçib və brendin işini yenidən qurub: istehsal xəttlərinin sayını xeyli azaldıb və klassikaya önəm verib. Nəticə: ultranazik saatlar seriyası və əqrəbi saniyənin onda birini ölçməyə qabil "El Primero Foudroyante" inqilabi xronoqrafı.
- Bildiyimə görə, peşəkar saatsazlar təkcə ən son texnologiyalara yox, həm də bəzən tamamilə yeni materiallara müraciət edirlər...
- Tamamilə haqlısınız. Saatsazlar digər sahələrdəki konstruktorlarla ayaqlaşırlar. Onlar aviasiya, kosmik, hətta hərbi araşdırmaları da gözdən qoymurlar. Nəticədə isə ağlasığmaz texniki üstünlüklər meydana çıxır. Müasir saatsazlıq sənətində ən proqressiv materiallardan biri son illər böyük populyarlıq qazanmış kremniumdur. Kremnium poladdan üç dəfə yüngül, həm də ondan 60 faiz möhkəmdir, korroziyaya davamlıdır və maqnitləşmir. Kremniumun səthi çox hamar olduğundan bu hissələri yağlamaq lazım gəlmir. Kremniumdan əla dişli çarx, anker çarxları, işəsalma rıçaqları çıxır. Məsələn, "Chopard"ın "L.U.C Tejh Twist" saatlarında olduğu kimi. "L.U.C Tejh Twist" modelində turbiyonun korpusu isə çəkisi 0,4 qramdan azacıq, poladdan düzəldilən analoji korpusdan isə üç dəfə yüngül olan superyüngül alüminiumdan hazırlanıb. Mexanizm də adamı heyrətləndirir: bir sıra komponentlər pardaxlanmış metal detallardan tam seçilsin deyə, qara PVD-üzlüklüdür. Diqqəti çox cəlb edir. "Rolex" də orijinal materiallardan istifadəyə meyillidir: korpus və qolbaqlar rolesordan (qızıl ilə poladın ərintisi) və ya stilinoksdan (poladın xüsusi sortu) düzəldilir, çənbər isə keraxromla (keramikaya oxşayan emal) üzlənir, adi lüminessent boyasının əvəzinə isə öz xromlayt boyalarından istifadə edirlər. "Harry Winston" konstruktorları isə artıq bir neçə ildir ki, salium adlı çox ekstravaqant metalla işləyirlər. Korroziyaya davamlı, hiperallaergen və sirkoninin ultaryüngül ərintisindən aviasiya-kosmos texnikasında daha çox istifadə olunur. Bu metaldan saat aləmində yalnız "Harry Winston"da, məsələn, "Proyekt Z"də - xüsusi dizaynlı korpusa malik əsl idman üslublu saatlarda istifadə edirlər. Onların siferblatı bir-biri ilə kəsişən 18 elementdən ibarətdir.
- Siz Favaz Qruozinin adını çəkdiniz. Məşhur "De Grisogono" hansı yeni saatları təqdim etdi?
- "De Grisogono" saat istehsalına başlamağının onuncu ildönümü münasibətilə yeni saat seriyasını hazırlayıb. Bildiyiniz kimi, 2000-ci ildə "Instrumento N°Uno" saatı təqdim edilmişdi. Bu il isə onlar ən bahalı, brilyant çərçivəli, nadir "Instrumento N°Uno" saatını göstərdilər. "De Grisogono" daha iki fərqli "Uno" seriyasını, həmçinin "Grande" adlı xronoqrafı təqdim etdi.
- Amma əlbəttə ki, "De Grisogono" həm də labüd zərgərlik şedevrləri deməkdir...
- Favaz Qruozinin dediyi kimi, "insanlar gəlməli və baxmalıdır. Bu, zərgərlik əsərini təsvir etməkdən dəfələrlə yaxşıdır". Onların yaratdığı beş kolleksiyanın hər biri başqa aləmdir. "De Grisogono" zərgərlik məmulatlarında ilk dəfə qızıl və brilyantlarla yanaşı, taxtadan da istifadə edib.
- Sirr deyil ki, Qruozi zərif cinsin qızğın pərəstişkarıdır. O, hələ də kişilər üçün kolleksiya yaratmağa başlamayıb?
- Yox. Heç belə bir fikri də yoxdur. O deyir ki, kişi saat və qol düyməsindən başqa heç bir zərgərlik əşyası taxmamalıdır.
- Səhv etmirəmsə, Favaz Qruozinin həyat yoldaşı Karolina "Chopard" zərgərlik evinə başçılıq edir. Bəs o, 2010-cu ildə nələri təklif edir?
- Bu il "Chopard" 150 illik yubileyini qeyd edir. Bu münasibətlə onlar irili-xırdalı 150 heyvandan ibarət əsl zərgərlik heyvanxanası - "Heyvanlar aləmi" nəhəng kolleksiyasını yaradıblar. Karolina Qruozi-Şoyfele deyirdi ki, belə bir Nuhun gəmisi ideyası ötən il keçirdiyi yuxusuz bir gecədə, bütün səfərlərində ona yoldaşlıq edən yumşaq oyuncaqlara - meymuna və dovşana tamaşa edərkən onun ağlına gəlib. Belə demək mümkünsə, həmin oyuncaqlar ona zərgərlik zooparkı ideyasını "ötürüblər". Pişiklərdən, canavarlardan, begemotlardan, dəniz atlarından, tutuquşu və bir çox heyvanlardan ibarət kolleksiya bütün dünyada səyahət edəcək. Yalnız səyahət başa çatandan sonra satışa çıxarılacaq. "Heyvanlar aləmində"n nəsə almaq istəyən müştərilər isə öz istəklərinə çatmaqdan ötrü ilin sonunu gözləməli olacaqlar. Məsələn, Elton Con artıq mirvari Aya ulayan qara almaz canavarı alıb, hətta bu asqını "Oskar" mükafatının təqdimat mərasiminə də taxıb, lakin qara canavar yalnız təxminən dekabr ayında onun olacaq.
Yeri gəlmişkən, "Carrera u Carrera" zərgərlik evinin dizaynerləri də heyvanları sevdiklərini sübuta yetiriblər. Onlar dəqiq formaların və materialların düşünülmüş qovuşuğundan, o cümlədən qızıl, brilyant və sədəfin qovuşuğundan istifadə etməklə yeni müasir interpretasiya yaradıblar.
Bu mövsümün daha bir istiqaməti də dəniz mövzusudur. Ametist və savorit kimi yarımqiymətli daşların mavi və yaşıl rəngləri, həmçinin qara opal bu mövsümün mütləq trendləridir. "De Grisogono" hovuzda balıq, "Pasquale Bruni" balıq-sırğalar təqdim edir, "Chopard"ın "Heyvanlar aləmi"ndə isə, şübhəsiz ki, sualtı aləmin də sakinləri var.
Amma "Harry Winston" nə floraya, nə faunaya yox, şəhər mövzusuna üz tutub. Şirkət Bazelə "şəhər enerjili" Nyu-York kolleksiyasını gətirmişdi.
- Bazeldəki görüşlərdən hansı sizin üçün daha yaddaqalan oldu?
- "Swarovski" evinin rəhbəri Robert Buxbakerlə görüş. Siz bilirsiniz ki, markanın yaşı yüzü keçsə də, "Swarovski" yalnız keçən il "Baselworld"da iştirak etmişdi, hərçənd onlar çoxdandır ki, öz saatlarını satışa çıxarıblar.
- Böhranın ən gərgin çağında riskə gediblər?
- Bəli, həm də yanılmayıblar. Onlar 45 saatdan ibarət kolleksiyanın üstündə üç il çalışıblar və pərakəndə satış şəbəkəsindən, geniş ictimaiyyətdən müsbət rəylər alıblar.
- Yenə də qadın saatları?
- Bəli, bu saatlar geniş düşüncəli xanımlar üçündür. Belə qadınlar işə klassik libasda gəlir, cəmiyyət içinə dəbə uyğun görkəmdə çıxır, məxsusi konkret məqamlarda isə cəsarətli geyimləri ilə seçilirlər. "Swarovski" çalışır ki, müxtəlif səviyyəli, fərqli yaşlı və zövqlü insanların ürəyincə olsun.
- "Swarovski"nin Bazel sərgisinə gəlişi mənim üçün tam ağlabatan qərardır. Qiymətlər və mallar getdikcə demokratikləşir...
- "Baselworld" cəmiyyətin ən müxtəlif təbəqələri üçün saat təklif edir. Qiyməti milyonla hesablanan saat da var, ondan xeyli ucuz, amma keyfiyyətcə heç də ondan pis olmayanı da. Həmin "Swarovski" şirkəti, öz dedikləri kimi, həm saatları, həm də zərgərlik məmulatları kolleksiyalarını məqbul qiymətə yüksək keyfiyyət və yaradıcılıq nümunəsi kimi təqdim edirlər.
- "Baselworld" şəxsən sizin üçün nə ilə əlamətdar oldu?
- Bazeldəki sərgi lüks seqmentində çalışan iş adamı üçün əla iş alətidir. Bura istehsalçıların və satıcıların, saat manufakturası və zərgərlik fabrikləri sahiblərinin görüşdüyü dünyanın ən böyük kəsişmə nöqtəsidir. Əgər ən son meyillərdən, zərgərlik və saatsazlıq yeniliklərindən xəbərdar olmaq, gün ərzində onlarla vacib danışıqlar aparmaq istəyirsənsə, onda mütləq Bazelə yollanmalısan. "Baselworld" dəbdəbə bazarının özünəməxsus barometridir. Əgər həmin barometrdən bacarıqla istifadə etsən, onda çox şeyə nail ola bilərsən. Mən çalışıram ki, Bazeldəki bütün sərgilərdə olum. Hələ ki bir dəfə də olsun, oradan məyus qayıtmamışam.

{nl}

Söhbəti yazdı: Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında