Əslində, Gəncədə səhiyyənin dünəni ilə bu günü arasında fərq böyükdür, bəlkə də müqayisəolunmazdır. “Dünən” deyəndə, ən azı beş-on il əvvəlki dövrü nəzərdə tuturuq. Heç bir şəraiti olmayan, illərlə təmir edilməyən, köhnə tibb avadanlıqlarının ümidinə qalan səhiyyə müəssisələri keçir gözlərimiz önündən. Amma bu gün Gəncədə əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün şərait var. Xəstəxanalarda çətin və mürəkkəb cərrahi əməliyyatlar aparılır. Elə şəhər səhiyyə idarəsinin rəisi Əlikram Məmmədovun özü Gəncədə nümunə göstərir, tez-tez belə əməliyyatlar aparır, neçə-neçə xəstəni sağlam həyata qaytarır.
Yola saldığımız il də dünənin hesabındadır. Odur ki, söhbətimizdə əsas diqqəti 2014-cü ildə Gəncə səhiyyəsində baş verən yeniliklərə və görülməsi nəzərdə tutulan işlərə yönəltməyə qərara aldıq. Müsahibimiz Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əlikram Məmmədovdur.
– Professor, bayaqdan fikir verirəm, elə hey barmağınızı ovuşdurursunuz, nəsə olub?
– Sapın yeridir, deyəsən, bir qədər dinclik verməmişəm barmaqlara. Çətin bir əməliyyatda olmuşam , beş saata yaxın davam edib. Allaha şükür yaxşı keçdi.
– Belə görürəm yaxın gələcəkdə Bakıya, yaxud xarici ölkələrə xəstələrin getməsinə ehtiyac qalmayacaq. Gəncədə də səhiyyə müasir tələblərə tam cavab verir...
– Demək olmaz ki, bütün problemlər həll olunub və biz bu gün dünyanın qabaqcıl tibb ocaqlarındakı kimi ən unikal əməliyyatları aparmağa tam hazırıq. Məqsədimiz budur və bu yolu tutmuşuq. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Şəhər son illər çox inkişaf edib, tamamilə dəyişıb və bu gün də iş bir an belə dayanmır. Gəncə 2016-cı il üçün “Avropanın Gənclər paytaxtı” seçilib. Respublika Prezidenti cənab İlham Əliyev Gəncəyə xüsusi diqqət və qayğı göstərir. Elə şəhərin sürətli inkişafı da bu qayğının təzahürüdür. İnsafla demək lazımdır ki, Gəncə şəhərinin rəhbərliyi də bu etimadı bütün varlığı ilə doğrultmağa çalışır. Şəhərdə əsl işgüzarlıq mühüti var. Əgər bütün bunlar varsa səhiyyə niyə mövcud vəziyyətlə kifayətlənməlidir. Gəncədə böyük və təcrübəli tibb heyəti var. Şəhərin 35 tibb müəssisəsində 850-dən çox həkim, 1750 nəfərə yaxın tibb bacısı, feldşer işləyir. Ötən il dövlət proqramına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən A.Səhhət adına və yoluxucu xəstəliklər xəstəxanalarında, 6 nömrəli poliklinikada əsaslı təmir və yenidənqurma işləri, demək olar ki, başa çatdırılıb. Hazırda bu müəssisələrdə avadanlıqlar quraşdırılır, digər təchizat məsələləri həll edilir.
Yola saldığımız ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gəncə psixatiriya xəstəxanası üçün müasir tələblərə uyğun iki yeni korpusun və yardımçı binaların inşası üçün şəhər icra hakmiyyəti tərəfindən torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanmışdır. Bu il obyektin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Şəhərdə keçən il uşaq stomotoloji poliklinikası əsaslı təmir olunub və müasir avadanlıqla təchiz olunub. Təcili yardım xəstəxanasının cərrahiyyə şöbəsi isə Yaponiyanın Azərbaycandakı səfirliyinin qrant layihəsi üzrə əsaslı təmir olunduqdan sonra istifadəyə verilmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası ayrıca binaya köçürülmüş və burada əsaslı təmir işləri aparılmış, spesifik xidmət üçün uyğunlaşdırılmış, sanitar avtonəqliyyat vasitələrinin çıxışı üçün əlavə yol açılmışdır. Stansiya hər cür lazımi avadanlıqla təchiz edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən Hemodializ Mərkəzə yeni doğulmuşlar üçün 4 ədəd süni tənəffüs aparatı, digər müxtəlif tibbi avadanlıq verilmişdir.
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilinin yekunlarına həsr olunmuş iclasında və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən konfransdakı çıxışında prioritet layihələrin, o cümlədən səhiyyənin bundan sonra da davamlı inkişaf etdiriləcəyini bildirmişdir.T əbii ki, Gəncə də istisna deyil...
– Dövlət başçısı cənab İlham Əliyev əhalinin sağlamlığının qorunmasını və ən yüksək səviyyədə tibbi xidmət göstərilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə nəzərəçarpacaq işlər görülür, böyük layihələr həyata keçirilir. Təsadüfi deyil ki, səhiyyənin inkişafı üçün ayrılan vəsait ildən-ilə artırılır. Məsələn, 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan vəsait 11 dəfədən çox artıb. Ölkənin bütün şəhər və rayonlarında tibb ocaqları əsaslı təmir olunur və hətta ən ucqar dağ kəndlərində müasir səhiyyə müəssisələri işə salınır, müasir avadanlıqlarla təchiz edilir. Ötən il ölkə başçısının tapşırığına əsasən əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədilə icbari dispanserizasiya tədbirləri həyata keçirilib. Respublika əhalisi tərəfindən böyük razılıqla qarşılanan bu vacib tədbir Gəncə şəhərində də yüksək səviyyədə aparılıb. Həmin tibbi-profilaktik müayinələrdən 147 min 604 nəfər keçirilmiş, əhali qrupunun 69,7 faizi əhatə olunmuşdur.
Hazırda Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası diqqət mərkəzindədir. Bu məqsədlə komissiya yaradılmış, müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısı təsdiq olunmuş, təhsil alan uşaqların tibbi- profilaktik müayinə cədvəlləri tərtib olunmuşdur. Uşaqların dispanserizasiyasını mütəşəkkil qaydada bilavasitə təhsil ocaqlarında həyata keçirilməsi üçün briqadalar yaradılmışdır.
Ötən il mərkəzi qan bankının Gəncə bölməsində talassemiyalı xəstələr üçün bölmə yaradılmışdır. Bundan başqa, Səhiyyə Nazirliyinin “Hematoloji xidmətin təkmilləşdirilməsi barədə” 25 iyul 2014-cü il tarixli əmrinə uyğun olaraq, ayrı-ayrı poliklinikalarda hematoloji kabinetlər yaradılmış, bura məsul həkimlər təyin edilmiş və onların iş yerlərində təcrübə keçmələri təmin olunmuşdur.
2014-cü ildə şəhərin tibb işçilərinin bilik və peşə bacarığının artırılması istiqamətində tədbirlər diqqət mərkəzində olmuşdur. Şəhər səhiyyə idarəsinin konfrans zalında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə terapiya, pediatriya, stomotologiya ixtisasları üzrə aktual mövzularda distant kurslar keçirilmişdir. Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının mütəxəssisləri Regional Perinatal Mərkəzdə olmuş, görülən işlərlə maraqlanmış, lazımi tövsiyələrini vermişlər. Səhiyyə Nazirliyi tərəfindən həmin mərkəzdə yenidoğulmuşların reanimasiyası və digər mövzular üzrə treninq, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzi ilə isə bir sıra aktual mövzularda elmi-praktik konfranslar keçirilmişdir. Universitetin sinir xəstəlikləri kafedrasından tibb elmləri doktoru Ç.Gülablının iştirakı ilə elmi-praktik konfrans da maraqla qarşılanmışdır.
Bütün tibb müəssisələrimizin istilik sisteminin olmasını qarşımıza məqsəd qoymuşuq. Cari ildə elektron səhiyyə sistemləri ilə bağlı tədbirlərin icrası, doğuşayardım xidməti göstəricilərinin yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası ilə əlaqədar müvafiq əmrin icrasına nəzarətin artırılması işi gücləndiriləcəkdir. Yoluxucu xəstəliklərlə mübarizə tədbirləri, profilaktik peyvəndlərin tələblərə uyğun həyata keçirilməsi, sanitar-gigiyenik və əks-epidemik tədbirlərə yüksək səviyyədə əməl olunması, stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahısının genişləndirilməsi barədə nazirliyin əmrindən irəli gələn məsələlərin həlli, kadrların təkmilləşdirilməsi, sertifikasiyası, praktik işə yüksək məsuliyyəti və sair vəzifələr qarşıdakı aylarda həyata keçiriləcəkdir.
– Gəncədə ilk dəfə olaraq Cərrahlar və Pediatrlar cəmiyyətləri yaratmısınız və bu barədə qəzetimizdə xəbər də dərc etmişik. Hansı zərurətdən yaranıb bu cəmiyyətlər?
– Söhbətimizin əvvəlinə bir daha qayıtmaq istəyirəm ki, Gəncədə səhiyyənin səviyyəsini daha yüksəklərə qaldırmaq başlıca vəzifələrimizdən biri olaraq qalır. Buna görə gənc həkimlərlə daha ciddi məşğul olmaq, onlara hərtərəfli şərait yaratmaq və qayğı göstərmək lazımdır. Bu işdə adlarını çəkdiyiniz cəmiyyətlər, heç şübhəsiz, böyük rol oynayacaqdır. Artıq gənc həkimlərimizin xarici ölkələrdə və Bakının tanınmış tibb müəssisələrində təcrübə keçmələri üçün əməli fəaliyyətə başlamışıq.
– Professor, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2015-ci il fevral ayının 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə başlanıb. Bu vacib, həm də xeyirxah bir iş Gəncədə necə həyata keçirilir?
– Şəhərin bütün tibb ocaqları əhalinin müayinə edilməsi və xəstəliklərin üzə çıxarılması istiqamətində işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün imkanlardan daha səmərəli istfadə etməyə çalışırlar. Laboratoriyalarda hər cür şərait var, peşəkar həkimlərimiz az deyil. Müasir tibb avadanlıqlarımızın köməyi ilə xəstəliklərin diaqnozlarını aparmaq mümkündür. Bunları ona görə xüsusi vurğulayıram ki, bizə formal müayinə aparmaq yox, real vəziyyəti aşkar etmək lazımdır. Xəstəliklərin, xüsusilə gizli gedən xəstəliklərin erkən üzə çıxarılması çox vacibdir. Tibb müəssisələri rəhbərləri ilə ayrıca müşavirə keçirmişik, seminarlarımız olub və bu işin icrası nəzarətimdədir. Hər 10 gündən bir işlərin gedişi və müayinələrin nəticələri barədə Səhiyyə Nazirliyinə məlumat göndəriləcəkdir.
Qeyd etmək istəyirəm ki, hazırda görülən işlər və gələcəkdə planlaşdırılan layihələr respublika Səhiyyə Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin xüsusi diqqəti və qayğısı sayəsində həyata keçirilir. Biz öz razılığımızı və minnətdarlığımızı bildiririk və əminik ki, tezliklə Gəncə səhiyyəsinin şan-şöhrəti hər yerə yayılacaqdır.
Söhbəti qələmə aldı: Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.