Şriftin ölçüsü:
25.09.2010 07:48 | Oxunma sayı: 2844
Bakıda bir məktəb var. Ulu öndər Heydər Əliyevin adını daşıyır. Yaxın vaxtlarda yaradılmasına baxmayaraq, ümumtəhsil məktəblərimiz arasında özünə layiqli mövqe tutub. Bu gün öz övladlarının bu məktəbdə təhsil almasını istəyən valideynlər kifayət qədərdir. Buna səbəb isə məktəbdə verilən yüksək təhsil, buradakı qayda-qanun və bir də təcrübəli pedaqoqların öz işlərinə məsuliyyətlə yanaşmasıdır. Respublikanın əməkdar müəllimi Fikrət Xəlilov bu məktəbə elə yarandığı vaxtdan rəhbərlik edir. Söz yox ki, bu təhsil ocağının qazandığı nailiyyətlərdə onun da öz payı vardır. Onunla söhbətimizi oxuculara təqdim edirik.
Direktor deyir ki, ümummilli liderin adının məktəbimizə verilməsi bizim üçün çox böyük məsuliyyətdir. Kollektivimiz bu məsuliyyəti yaxşı dərk edir və çalışırıq ki, həmişə ön sıralarda olaq. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev ölkəmizin sürətli inkişafını təmin etmiş, bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar qazanılmışdır. Məhz İlham Əliyevin hakimiyyətdə olduğu son illər təkcə təhsillə bağlı 16 Dövlət Proqramı qəbul olunmuşdur ki, bunların da əksəriyyəti ümumtəhsil məktəblərinin təkmilləşməsi ilə bağlıdır. Müasir təhsil konsepsiyasının həyata keçirilməsi üçün bütün imkanlar səfərbər edilmişdir. Biz yeni təhsil sistemi formalaşdırırıq. Təhsil islahatına başlanmasından 11 il ötür. Nəticələr çox sevindiricidir. Təhsil Nazirliyi islahatın həyata keçirilməsi üçün görülən işlərin miqyasını getdikcə genişləndiriir. Yeni məktəblər inşa olunur, təhsilin məzmunu yeniləşir, yeni nəsil dərsliklər yaradılır və s.
- Sizin məktəbin son illər belə uğurlar qazanmasının sirri nədədir?
- Azərbaycanda bütövlükdə orta ümumtəhsil məktəblərinə xüsusi dövlət qayğısı var. Bizim nailiyyətlərimizin əsasında da ölkədə aparılan davamlı təhsil siyasəti durur. Bilirsiniz, elə bir dövrdə yaşayırıq ki, bu gün bilikli, yüksək savada malik, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan yeni nəslə böyük ehtiyac var. Biz müstəqil Azərbaycanımızın gələcək taleyini düşünürüksə, gərək məktəblərimizdə təhsilin düzgün, yüksək səviyyədə təşkilinə diqqəti artıraq.
- Hər yeni dərs ili başlayanda ötən dərs ilinə də bir nəzər salınır. Uğurlarınız sizi qane edirmi?
- Əlbəttə, biz ilk növbədə ona görə ötən dərs ilini nəzərdən keçiririk ki, görək nəyi düz etmişik, səhvlərimiz varmı. Cənab Prezidentimiz bir neçə il əvvəl hər il "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Biz 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" nominasiyasında qalib olduq. 2009-cu ildə 4 nəfər, bu il isə 2 nəfər müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsində qalib olmuşdur.
Ötən tədris ilinin uğurlu yekunu bundan ibarətdir ki, TQDK-nın elmi-statistik təhlilinə görə, Təhsil Nazirliyi tabeliyində olan və özəl liseylər üzrə respublika ali məktəblərinə qəbul zamanı ən yaxşı nəticə göstərən təhsil müəssisələri arasında bizim lisey də vardır. Liseyimizi bitirən 141 nəfər məzundan 106 nəfəri birinci mərhələdə ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur. Fərqlənmə attestatı alan şagirdlərimizdən 11 nəfəri 650-dən yuxarı bal toplamışdır. Qəbulun ikinci mərhələsində isə 9 nəfər məzunumuz ali və orta ixtisas məktəblərində təhsil almaq hüququ qazanmışdır. Bütövlüklə 31 nəfər 500-600 bal, 9 nəfər isə 600-650 bal toplaya bilmişlər. Məzunumuz Mirzəzadə Elton isə 695 bal toplamış və Prezident təqaüdünə layiq görülmüşdür.
- Bütün bunlar yəqin ki, məktəbdə təhsilin təşkili ilə bağlıdır?
- Söz yox ki, təhsil düzgün təşkil olunmadan nailiyyətlərə də çatmaq çətindir. Bu gün məktəbimizin 59 sinfində 1675 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 nəfər müəllim və pedaqoji işçi məşğul olur. Liseyin müəllimlərindən 7 nəfəri elmlər namizədi, 5 nəfəri respublikanın əməkdar müəllimidir.
Ötən tədris ilində məktəblilərin fənn olimpiadasında şagirdlərimiz fəal iştirak etmişlər. Onların 13 nəfəri olimpiadanın rayon turunun II mərhələsində iştirak etmiş, bu iştirakçıların hamısı respublika turunda iştirak etmək hüququ qazanmışdır. Onlardan 5 nəfəri qalib olmuş, 3 nəfər I yerə, 2 nəfər isə 4-cü və 5-ci yerlərə çıxmışlar.
Ötən il ARDNŞ, Fövqəladə Hallar Nazirliyi və ÇAĞ Öyrətim İşlətmələri Şirkəti ilə birlikdə Bakı şəhərində İNEPO EUROASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası təşkil etmişlər. Həmin beynəlxalq olimpiadada dünyanın 17 ölkəsinin və Bakı şəhər məktəblərinin 50 layihəsi nümayiş etdirildi. Burada məktəbimizin müəllimi, kimya elmləri namizədi Almaz Tağıyeva və şagirdimiz Zakir Tağıyev iştirak edirdilər. Ən yaxşı qiymətləndirilən layihələr arasında bizim məktəbin Qızıl medala layiq görülmüş layihəsi də var idi.
Ötən tədris ilində isə bu olimpiadada Abbas Ağayev iştirak edərək mükafata layiq görülmüşdür.
Bundan başqa, VI Beynəlxalq Elm Olimpiadasında 3 şagirdimiz sertifikat almışdır. "İntellekt marafonu-2010" yarışında iştirak edən bir şagirdimiz I yeri tutmuşdur. Avropa ölkələri üzrə keçirilən şahmat çempionatında məktəbimizin bir nümayəndəsi qalib olmuş və qızıl medalla mükafatlandırılmışdır.
Biz təhsildə kurrikulum islahatına başlamışıq. Artıq bu il 3-cü siniflər də bu kurrikulumla dərs keçirlər. Bununla bağlı yeni dərsliklər yaradılmış, təhsildə keyfiyyət əsas istiqamətə çevrilmişdir.
Məktəbimizə ildən-ilə maraq artır. Bu il I sinfə 170 nəfər şagird qəbul etmişik. Onlar da seçim yolu ilə qəbul olunmuşlar. 6 birinci sinfimiz var.
Hələ görüləsi işlərimiz çoxdur. Cənab Prezidentimiz yeni təlim texnologiyalarının məktəblərdə tətbiq olunmasına xüsusi diqqət yetirir. Bu gün məktəbimizdə 2 kompyuter otağı var. Şagirdlərimiz kompyuterlə işləməyi, elektron dərsliklərdən istifadə etməyi öyrənirlər. Əlbəttə, bu sahədə hələ müəyyən problemlər var və yəqin ki, yaxın gələcəkdə onlar da aradan qaldırılacaq.
Bizim kollektiv qarşıya qoyulan vəzifələrin məsuliyyətini yaxşı dərk edir. Çalışırıq ki, işimizi dövrün tələblərinə uyğun quraq. Başqa yol da yoxdur.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.