“Vəfa xəzinəsi - Firəngiz” Həyatım və mühitim

Xalq şairi Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanımla söhbət

Birgə addımladıqları həyat yollarında Firəngiz xanım mübariz şairimiz Xəlil Rzaya həmişə arxa-dayaq olmuş, onun ailə-məişət qayğılarını yüngülləşdirməyə çalışmışdır. O, evin-ailənin ağır yükünü zəif çiyinlərinə götürərək Xəlil Rzanın elmi-bədii yaradıcılıqla, milli istiqlal mücadiləsi ilə daha böyük coşqu və həvəslə məşğul olmasına şərait yaradırdı. Şair əbədiyyətə qovuşandan sonra Firəngiz xanım Xəlil Rza irsini toplayıb oxuculara çatdırmaq və qalan ömrünü bu işə həsr etmək qərarına gəldi. Çap olunmamış əsərlərini, müasirləri haqqında, onların  isə şair haqqında yazdıqları məqalələri, tərcümə əsərlərini nəşr etdirdi. Firəngiz xanım indiyədək çap etdirdiyi kitabların sayını 55-ə çatdırıb. O, bu işi bu gün də böyük həvəslə, Xəlil Rza yaradıcılığına dərin məhəbbət və ehtiramla davam etdirir. Onunla söhbətimizin mövzusu da elə Firəngiz xanımın bu fədakar və gərəkli missiyası oldu.

- Firəngiz xanım, sizin Xəlil Rza ilə birgə həyatınızı tufanlar burulğanında və sevgi dənizində keçən ömür də adlandırırlar.  Bu bənzətmə nə dərəcədə doğrudur?

-Bu, həqiqətdir ki, Xəlillə yaşadığımız 38 ildə çox ağır sınaqlardan, çətinliklərdən keçməli olmuşuq. Çətin, əzablı günlərimiz az olmayıb. Ancaq Xəlilin böyük ürəyi, ülvi dünyası, hüdudsuz  səmimiyyəti ən müşkül məsələlərin xoş sonluqla başa çatmasına səbəb olurdu. Ailə həyatı qurmaq istəyimiz də elə asan baş tutmayıb...

Görüşlərdə tez-tez məndən soruşurlar ki,  Xəlil Rzanın həyat yoldaşı olmaq çətin idi, yoxsa silahdaşı? Səmimiyyətimə inanın, Xəlilin həyat yoldaşı olmaq, onunla çətin sınaqlardan keçmək mənim üçün çox xoş idi. Çünki ailə həyatı qurmamışdan əvvəl onun bütün keyfiyyətlərini öyrənə bilmişdim. Xəlil mərd, dönməz adam idi, bir üzü vardı. Sözü ilə əməli həmişə üst-üstə düşürdü. Xəyanət, kiməsə paxıllıq etmək ona yad idi. Prinsipial məsələlərdə qəzəbli, odpüskürən Xəlil evdə ipək kimi yumşaq, yatımlı olardı. Hər şeyi unudar, uşaqlarla “Ay dəvəçi” oynunu oynayardı, onlara nağıl danışardı.

Həyat yoldaşı kimi də çox nəzakətli, xoşrəftar adam idi. Heç vaxt mənə hökm etməyib. Həmişə fikirləşdiklərini təklif kimi çatdırıb: “Filan işi belə etsək necə olar? Filan yerə getməyimiz məsləhətdir, sən nə deyirsən?” Bir dəfə olsun mənə acı söz deməyib. (İndi heyfsilənirəm ki, gərək deyəydi, onda onun yoxluğuna bu qədər yanıb-yaxılmazdım). Söyüş söymək, dilinə pis ifadə gətirmək isə onun təbiətinə tamam yad idi.

İlkimiz Təbriz dünyaya gələndə mən iki məqama görə özümü dünyanın ən xoşbəxti sayırdım. Birincisi, uzun illərin həsrətindən sonra ana olmuşdum, ikincisi isə Xəlili ən böyük arzusuna qovuşdurmuşdum. Təbrizin, sonra da Rzanın doğulması məni nə qədər sevindirdisə, Xəlilə qarşı təqiblərin artması bir o qədər kədərləndirdi. Onu “milli məhdudluq”da ittiham edir, əsərlərini Azərbaycan KP MK səviyyəsində  müzakirəyə çıxarırdılar. Xəlilin cəsarətli çıxışları və şeirləri onun düşmənlərini daha da artırırdı. Xüsusilə, onun Azərbaycan dilinin təmizliyini qorumaq uğrunda mübarizəsi yuxarıların xoşuna gəlmirdi.

1969-cu il yanvarın 6-da Xəlilin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçiriləcək görüşünə icazə verilmədi, özünü də institutun müəllimliyindən çıxardılar. Xəlil MK-nın ideoloji katibinə tez-tez zəng vurub iş tələb edirdi. İdeoloji katib də hər dəfə bir bəhanə ilə dəstəyi götürmürdü. Bir dəfə Xəlil hirslənərək axşam onun evinə zəng vurdu. Dəstəyi katibin arvadı götürdü və onun evdə olduğunu dedi. Xəlil xahiş etdi ki, dəstəyi ona versin. Bir müddət keçəndən sonra katibin xanımı dedi ki, bəs bağışlayın, filankəs müəllim yatıb. Bu cavabı eşidən Xəlilin hayqırtısı bütün otağı bürüdü: “Filankəs müəllim yatmayıb, onun vicdanı yatıb. Get onu oyat, mənim balalarım acdır, o, toxluqdan yatır, mənim balalarımsa acından yata bilmir...”. 

Səhəri gün Xəlili Ədəbiyyat İnstitutuna baş elmi işçi ştatına işə götürdülər.

-O illərdə Xəlil Rzanın doktorluq işinin müdafiəsinə də süni əngəllər yaradırdılar. Necə oldu ki, bu elmi işin müdafiəsi baş tutdu?

-Xəlil “Məqsud Şeyxzadə yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyasını neçə il idi ki, yekunlaşdırmışdı, ancaq müdafiəsini ildən-ilə keçirirdilər. Həm yuxarıdan, həm də aşağıdan ciddi maneələr vardı.  Kiçik oğlumuz Rza Moskva ətrafında hərbi xidmətdə idi. Ona dəyməyə gedəndə Xəlil qaldığımız mehmanxanadan Heydər Əliyevin qəbul otağına zəng vurdu. Onu da deyim ki, Xəlilin ümummilli liderimiz Heydər Əliyevə böyük ehtiramı və məhəbbəti vardı. “Heydər Dədə - Atatürk” şeirində yazırdı:

Dərin mavi gözləri sakit yanan od-ocaq,

Alovunda satqınlar yanacaq,

kül olacaq.

Qaranlıqda işıqdı - o işığa yol açaq,

Məsləki varlığından böyükdür,

min qat böyük.

Böyüklük heykəlidir Dədə Heydər - Atatürk!

1985-ci il idi və o vaxt Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Qəbul otağında dəstəyi Camalov soyadlı bir adam götürdü və bizim Heydər Əliyevlə görüşmək istəyimizi biləndən sonra otaqda gözləməyi məsləhət bildi. Bir müddət keçəndən sonra Camalov zəng vurub dedi ki, Heydər Əliyev sizinlə danışmaq istəyir. Xəlil millətçi kimi təqib olunduğundan, bu səbəbdən elmi işinin müdafiəsinə süni əngəllər yaradıldığından danışdı. Heydər Əliyev dedi: “Xəlil, sən millətçi deyilsən, sən millətini sevən şairsən. Təki səni millətçi adlandıranlar da millətini sənin kimi sevəydilər. Narahat olma, sənə mane olanlar özləri sənə kömək edəcəklər”.

İki-üç gündən sonra qayıtdıq Bakıya. Gördük ki, Xəlilə bir neçə teleqram gəlib, onu əlimyandı axtarırlar. İllərlə uzanan müdafiə bir həftəyə baş tutdu. Az sonra Xəlilə “Əməkdar incəsənət xadimi” fəxri adı da verildi.

- Xəlil Rza həbs ediləndə onunla bərabər siz də çox məhrumiyyətlərlə üzləşməli oldunuz. Şairin “Canavarlar önündə, gülüm, ağlamaq olmaz!” eyhamına nə dərəcədə əməl edə bildiniz?

- Şahid olanlar yaxşı bilirlər ki, ötən əsrin 90-cı ili çox təlatümlü idi. Xəlil meydanlarda alovlu nitqləri ilə əsas düşmənlərimizi xalqa tanıdır, hamını onlarla mübarizəyə haylayırdı. Gecəsi-gündüzü mitinqçilərin arasında keçirdi. 20 Yanvar faciəsindən sonra onu danışdırmaq belə olmurdu. Xalqımızın başına gətirilən müsibət Xəlili sarsıtmışdı. Yanvarın 26-da şəhidlərin yeddisi günü onu tutub DTK-ya, oradan da xüsusi təyyarə ilə Moskvaya apardılar. Şəhərdə tuthatut idi. Mən Xəlilin gündəliklərindən narahat idim. Qorxurdum ki, evə basqın edib onları apararlar. Gecəyarı, qonşular yatandan sonra gündəlikləri Xırdalandakı qohumumuz Nelufərgilə aparıb yığdım.

Xəlilin Lefortovo həbsxanasında yatdığı müddətdə 18 dəfə Moskvaya getdim. SSRİ DTK-nın sədri V.A.Kryuçkovla, komitənin məsul işçisi V.Q.Titovla dəfələrlə görüşdüm. Xəlili milli ədaləti qızışdırmaqda günahlandırırdılar. Onun rus dilinə tərcümə olunmuş şeir kitablarını, müxtəlif xalqların nümayəndələrindən etdiyi tərcümələri göstərir, belə bir adamın milli ədavəti qızışdırmaqda günahlandırmağın səhv olduğunu sübut etməyə çalışırdım. Mən rus, qazax, gürcü, özbək, türkmən yazıçı və şairlərinin, 2 milyondan çox insanın imzaladıqları müraciətləri Kryuçkova verəndə heç tükü də tərpənmədi. Onun quru səsi, soyuq şüşə kimi gözləri və ikrah dolu baxışları məni odsuz-alovsuz yandırırdı.

Səhəri gün Xəlillə görüşə getdim. O biləndə ki, Bakıda “Xəlil Rzanı Müdafiə Komitəsi” yaradılıb, milyonlarla insan onun azadlığa buraxılmasına imza atıb, həm də bu müraciətlərə müxtəlif xalqların yazıçı və şairləri də fəal şəkildə qoşulub, onun gözlərinə işıq gəldi, qəlbi fərəhlə doldu. Mənə təsəlli verirmiş kimi bu şeiri oxudu:

Canım, gözüm, inan ki, hər cür səddi yıxacam,

Dəmir kibi gəlmişəm, polad kibi çıxacam.

Sovet imperiyası nə qədər amansız olsa da, xalqın təkidli tələbləri, beynəlxalq ictimaiyyətin qınağı qarşısında duruş gətirmədi. Xəlil 1990-cı ilin 18 oktyabrında Bakıya gətirildi və noyabrın 22-də Bakı məhkəmə zalından azadlığa buraxıldı.

- Sizin ailədə həm də Azərbaycanın gələcək Milli Qəhrəmanı böyüyürdü...

- Xəlil övladlarını lap uşaqlıqdan əsgər kimi böyüdürdü. Onları hər səhər soyuq suda çimdirir, idmanla məşğul olmağa həvəsləndirirdi. Meydan hərəkatında, 20 Yanvar hadisələri vaxtı Təbriz həmişə atasının yanında olurdu. Qorxurdu ki, ona qəsd edərlər. Təbrizin atası ilə oxşarlığı çox idi. Ədəbiyyatı, poeziyanı çox sevirdi, özü də arabir şeirlər yazırdı. O da atası kimi dönməz, sözünün üstündə duran idi. Bir axşam evə əsgər paltarında gəldi: “Ata, mənə xeyir-dua ver, cəbhəyə gedirəm”. Xəlil xeyli ona baxdı, özünəməxsus gur səslə dedi: “Uğur olsun, oğlum!” Mən ağladım: “Təbriz, axı sənin iki körpə qızın var”. Cavabı belə oldu: “Ana, elə o körpələrimə görə gedirəm ki, onlar sağ-salamat böyüsünlər...”.

Təbriz cəbhədən həyat yoldaşı Sevincə yazırdı: “Bakıda qala bilmərəm, mənə səngər havası gərəkdir. Burada - Ağdamda, Şahbulaqda, Əsgəran civarında azad nəfəs alıram. Yarıcanım yox, bütöv canım burdadır, səngərdaşlarımın avtomat doldurduğu yerdə...” Təbriz 1992-ci ilyanvarın 31-də Naxçıvanik kəndi uğrunda gedən döyüşdə yaralı yoldaşını atəş altından çıxaranda başından yaralanır. Sonra həmin ərazi düşmən əlinə keçdiyi üçün kömək gəlmir və qanitirmədən həlak olur.

Övlad itkisi valideyn üçün böyük dərddir. Mən ərimi də itirməmək üçün göz yaşlarımı qəlbimə axıdır, Xəlilə təsəlli verməyə çalışırdım. Ancaq bütün cəhdlər əbəs idi. Xəlil Təbrizdən sonra  özünə gələ bilmədi. Uzun illər içini yeyən şəkər onun bütün varlığına hopmuş qəm-kədərlə qoşalaşıb Xəlilin mübarizə əzmini üstələyirdi. Ürəyi, böyrəkləri sıradan çıxmışdı. Əvvəlcə İstanbulda, sonra Almaniyada əməliyyat olundu. Qərib-qürbət ellərdə həmişə onun yanında oldum. Xəlillə bütün əzablara, ağrılara birlikdə dözdük. 1994-cü ilin 22 iyununda Bakıda Mərkəzi Klinik Xəstəxanasında əli əlimdə gözlərini  əbədi yumdu.

- Firəngiz xanım, sizin qismətinizə ağır və şərəfli bir ömür yolu düşüb...

-Xəlil Rza kimi bir insanın həyat yoldaşı, Təbriz kimi bir igidin anası olmaq, əlbəttə, böyük şərəfdir. Qismətimdən çox-çox razıyam. Xəlil rəhmətə gedəndən sonra onun irsini toplayıb nəşr etməyə qərar verdim. Sağlığında da kitablarının nəşrində ona kömək edirdim. Azərbaycan Neft Akademiyasında dərs deyirdim. Axşamlar boş vaxtım olan kimi makinanın arxasına keçib şeirlərinin üzünü köçürərdim. Zarafatla deyərdi ki, Firəngiz mənim ən yaxşı katibəmdir. “Katibəm” şeirini də mənə həsr etmişdi.

Elə bil stolda yox, şah taxtında əyləşib,

Makina qarşısında bir az da gözəlləşib.

Məndən tələb etdiyi nə “Volqa”dır, nə “Zim”dir,

Şərik səngərimizdə məslək mübarizimdir.

Kimdir gözəl katibəm? Mənim Firəngizimdir!

Xəlil əsərlərinin it-bata düşməsindən bərk narahat olardı, onları toplayıb çap etmək ən böyük arzusu idi. Amma bu işi görmək üçün nə vaxtı vardı, nə də maddi imkanı. İndi mən  onun arzuladığı işi görürəm. 21 il ərzində 55 kitab ərsəyə gətirmişəm. Hər yeni kitabı çapdan çıxanda mənə elə gəlir ki, Xəlil ölməyib, yenə sağdır, oxucuları ilə görüşə gedir. Nə qədər yorulsam da sevinir, mənəvi rahatlıq tapıram. Qalan ömrümü də bu işə həsr edəcəyəm.

- Maraqlı söhbətə görə çox sağ olun.

Müsahibəni apardı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında