Son illər Gəncədə həyata keçirilən geniş abadlıq, quruculuq, yenidənqurma işləri qədim Nizami yurdunun simasını başdan-başa dəyişmişdir. Şəhərdə həyatın bütün sahələrində inkişaf, tərəqqi var. Belə sahələrdən biri də təhsildir. Müsahibimiz Gəncə Şəhər Təhsil İdarəsinin rəisi, respublikanın əməkdar müəllimi Mahal Əliyevdir.
- Mahal müəllim, yeni dərs ilinin başlanması münasibətilə sizi və cari ildə Gəncənin təhsilə cəlb olunan 39 mindən çox şagirdini, 4500-ə yaxın müəllimini təbrik edirik. Biz bilirik ki, ölkənin təhsil sistemində aparılan islahatlar Gəncənin tədris müəssisələrində də müvəffəqiyyətlə həyata keçirilir...
- Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına həmişə xüsusi diqqət yetirmiş, müəllimlik peşəsini ən şərəfli peşə adlandırmış, təhsil alanlara və təhsil verənlərə xüsusi diqqət və qayğı göstərmişdir. Sevindirici haldır ki, ulu öndərin kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla və yaradıcı surətdə davam etdirilir.
Məhz ölkə Prezidentinin diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilmişdir. Bu müddətdə Prezident sərəncamına əsasən təhsil sahəsində irimiqyaslı dövlət proqramı qəbul olunmuş və icra edilmişdir. Məhz bu proqramlara uyğun olaraq, son beş ildə ölkəmizdə 450.000 yerlik 2 minədək məktəb binası tikilib istifadəyə verilmiş, 370 məktəb əsaslı təmir olunmuşdur.
Məktəblərin infrastrukturunu yeniləşdirmək sahəsində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə 300-dən çox yeni məktəb binası tikilmiş, 39 məktəb, 10 uşaq bağçası təmir olunmuşdur.
Son illərdə şəhərimizin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. 21, 13 və 38 nömrəli məktəblər üçün yeni binalar tikilmişdir. Bu məktəblərin hər biri, doğrudan da, çox gərəkli idi. Bu il öz qapılarını şagirdlərin üzünə açan 38 saylı məktəbin köhnə binası qəzalı vəziyyətə düşmüşdü. İndi onun yerində ucaldılan ikimərtəbəli məktəb binası şagirdlər və müəllim kollektivinə layiqli töhfə olmaqla yanaşı, şəhərin Təbriz küçəsinə də xüsusi görkəm verir.
Məktəb bütün müasir avadanlıqlarla, laboratoriyalarla, akt və idman zalları üçün inventarlarla təchiz olunmuşdur. Bu il həmçinin 9, 11 və 42 nömrəli məktəblərdə əsaslı təmir işləri görülmüş, 30 və 43 nömrəli məktəblərin dam örtükləri təmir edilmiş, digər məktəblər və kollektivlərin öz gücü ilə yeni dərs ilinə hazırlanmışdır. Məktəblərə ötən ildəkindən əlavə 15 fizika, 15 kimya laboratoriya kompleksi verilmişdir.
- Belə bir fakt diqqətimizi cəlb edir ki, bu il attestat almış 2386 nəfərin 2000-dən çoxu qəbul imtahanlarında iştirak edib. Ali məktəblərə bu qədər marağın artması özünə inamın nəticəsidir, adi həvəsdir, bir qədər də sərt desək, diplomlu olmaq dəbidir?
- Təbii ki, sizin dediyiniz kimi, nəyin bahasına olursa-olsun, diplom almaq arzusunda olanlar da var. Amma belələri azdır. Bir də ki, təhsil sistemində aparılan islahatlar buna imkan da vermir. İndi əvvəlki illərdən fərqli olaraq attestat almaq da çətindir. Ötən tədris ilində XI sinif şagirdlərinin isə 90 faizi mərkəzləşdirilmiş qaydada imtahanları müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında şəhadətnamə almışdır.
Ötən dərs ili şəhərimizin təhsil müəssisələri üçün uğurlu olmuşdur. Belə ki, şagirdlərimizin əksəriyyəti dərs ilini müvəffəq qiymətlərlə başa vuraraq yuxarı siniflərə keçirilmiş, XI sinif şagirdlərinin 87,5 faizi, IX sinif şagirdlərinin isə 90 faizi mərkəzləşdirilmiş qaydada imtahanları müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat və ümumi orta təhsil haqqında şəhadətnamə almışdır.
Məzunlarımızın ali məktəblərə qəbulu vəziyyətinin ilkin məlumatları da ürəkaçandır. Cari ildə 700-ə yaxın məzun tələbə adını qazanmışdır ki, bu da abituriyentlərin 33 faizini təşkil edir və keçən ildəkindən 2 faiz çoxdur. Yüksək bal toplayan abituriyentlərimizin sayı ötən ilə nisbətən xeyli artmışdır. 500-dən çox bal toplayan abituriyentlərimizin sayı ötən ildəki 98 nəfərdən bu il 145 nəfərə, 600-dən yüksək bal toplayanların sayı isə 21 nəfərdən 36 nəfərə çatmışdır. 46 nömrəli məktəbin məzunu Qurbanova Aybəniz Elman qızı şəhər üzrə ən yüksək - 680 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Həmişə olduğu kimi ,2, 4, 11, 14, 17, 32, 39 və 46 nömrəli məktəblər bu il də öz nailiyyətlərini qoruyub saxlaya bilmişlər.
Ötən dərs ili məktəblərimiz üçün olimpiadalar, müsabiqələr və yarışlarda qazandıqları uğurlarla da yaddaqalan olmuşdur.
Sevindirici haldır ki, ildən-ilə respublika və və beynəlxalq səviyyəli olimpiadalarda iştirak edib, qalib olan şagirdlərimizin sayı artıb. 5 il bundan əvvəlki statistikaya görə, qalib olmadığı halda, bu gün fənn olimpiadalarının respublika mərhələsində 4 nəfər məktəblimiz - 5, 21, 22, 39 saylı məktəblərin şagirdləri Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə qalib olmuşlar. 3 nəfər şagirdimiz - 19, 22, 29 saylı məktəblərin şagirdləri IV İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına qatılaraq internet vasitəsilə aparılan seçim turunu qalibiyyətlə keçmiş, olimpiadanın yekun mərhələsində uğurla çıxış etmişlər. Ümumdünya Poçt İttifaqının xətti ilə keçirilən inşa müsabiqəsində ən yüksək nəticələrə nail olmuşlar.
"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü" münasibətilə VII-XI sinif şagirdləri arasında "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin respublika mərhələsində 5 nömrəli orta məktəbin X sinif şagirdi Ənvər Ənvərzadə I yeri tutmuşdur.
2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı məktəbəqədər və təhsil müəssisələrində tərbiyə alan uşaqların iştirakı ilə "Nağıl" müsabiqəsi keçirilmiş və yekunlaşdırılmışdır.
Ötən il məktəblərimiz ağır atletika üzrə - 3 nəfər respublika çempionu, kinq-boksinq üzrə - 3 nəfər Dünya, 7 nəfər respublika çempionu, sambo üzrə - 3 nəfər respublika çempionu, sərbəst güləş üzrə - 2 nəfər respublika çempionu, cüdo üzrə - 2 nəfər respublika çempionu, karate üzrə - 5 nəfər respublika çempionu, şahmat üzrə - 4 nəfər respublika çempionu, dama üzrə - 1 nəfər respublika çempionu, poverliftinq üzrə - 5 nəfər dünya çempionu yetişdirmişdir. Onlardan bir çoxu Avropa və Beynəlxalq turnirlərə vəsiqə qazanmışdır.
- Yəqin ki, hərbi vətənpərvərlik tərbiyəsi işi bu gün məktəb kollektivlərinizin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinizin fəaliyyətində mühüm yerlərdən birini tutur. Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Müharibə şəraitində yaşayan ölkəmiz üçün bu gün ən mühüm vəzifələrimizdən biri gənc nəslin sağlam və gümrah böyüməsini təmin etməkdən, onların hərbi vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə qurmaqdan, gənclərin çağırışaqədər hazırlığı fənninin tədrisi vəziyyətini yüksəltməkdən və orduya xidmətə yola salacağımız gənclərə ilkin hərbi hazırlıq vərdişləri aşılamaqdan ibarətdir. Son illərdə bu vacib sahə həm şəhər icra hakimiyyətinin, həm də təhsil idarəsinin diqqət mərkəzində saxlanması sayəsində müəyyən irəliləyiş əldə edilmişlir. Hər dərs ilinin sonunda gənclərin çağırışaqədər hazırlığı vəziyyətinə baxış keçirilir. X-XI sinif şagirdləri öyrəndiklərini şəhər ictimaiyyətinin gözü önündə nümayiş etdirir. 2010-cu ilin may ayında iki böyük tədbir - idman bayramı və hərbi parad çox uğurla keçdi və məktəblərin bu bayrama yaxşı hazırlaşdıqları ictimaiyyət tərəfindən bəyənildi.
Təhsilin ilk pilləsi olan məktəbəqədər müəssisələrin fəaliyyətində də hesabat ilində müəyyən irəliləyiş əldə olunmuşdur. Təhsil idarəsinin tabeliyində 42 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Burada qruplaşdırılmış 229 qrupda 4350 uşağın təlim-tərlbiyəsi ilə 412 tərbiyəçi məşğul olur. 49 məktəbəhazırlıq qrupunda hazırlıq keçmiş 1100 uşaq bu il I sinfə qədəm qoymuşdur. 2, 26, 34, 39, 46, 47, 53 nömrəli uşaq bağçalarında iş daha yaxşı təşkil olunmuşdur. Təsadüfi deyil ki, artıq ənənəyə çevrilmiş nağıl müsabiqəsində bu il də məhz həmin müəssisələrin körpə fidanları "Nağıl-2010"-un qalibi oldular.
Şəhər təhsil idarəsinin tabeçiliyində 8 məktəbdənkənar müəssisə - 3 idman, Uşaq Yaradıcılıq Mərkəzi, şahmat məktəbi, Ekologiya Mərkəzi, gənc texniklər stansiyası, gənc turistlər və Diyarşünaslıq Mərkəzi fəaliyyət göstərir. Bu müəssisələrdə təşkil olunmuş 718 qrupda 9402 şagird müxtəlif bölmələrdə məşğul olur və 424 müəllim-məşqçi işləyir.
Təhsilin təşkili vəziyyətinin yüksəldilməsində, müəllimlərə lazımi elmi-metodiki köməklik göstərilməsində, yeni fənn kurikulumlarının tətbiqində Metodiki Mərkəzin xidmətləri böyükdür. Son iki ildə Metodiki Mərkəzin fəaliyyətində əsaslı canlanma başlanmış, bu qurum müəllimlərin ən çox müraciət etdikləri bir yerə çevrilmişdir. Son dövrlərdə burada müxtəlif mövzularda monitorinqlər keçirilir, açıq dərslər təşkil olunur, dayaq məntəqələrinin işi canlandırılır, müəllimlərin ixtisasartırmaları təşkil olunur və sair.
Təhsildə sadalanan bu uğurlar ilk növbədə ölkə başçısının təhsilə isti münasibətindən, bu sahəni prioritet elan etməsindən, gündəlik diqqət və qayğısından, buna uyğun olaraq Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən və şəhər rəhbərliyinin bizə dəstəyindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət yeni dərs ilində uğurlarımızı daha da artıracaq, müstəqil Azərbaycan dövlətinə layiqli vətəndaşlar tərbiyə etmək üçün hər bir təhsil işçisinə yeni qol-qanad, yeni əhval-ruhiyyə bağışlayacaq.
{nl}
Söhbəti yazdı: Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.