Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması dövlət siyasətinin əsas prioritetlərindəndir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Vüqar Qədirovla söhbətimiz bu mövzuda oldu.
- Bu bir faktdır ki, Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Müstəqil dövlətimiz dayanıqlı əsaslar üzərində uğurla inkişaf edən ölkədir. Bizim qazandığımız uğurların əsas səbəbi daxildə yaradılmış sabitlik, əmin-amanlıq, xüsusilə də xalqın dövlət başçısına olan inamı və ölkə əhalisinin iqtidarla həmrəyliyidir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan yüksək beynəlxalq imicə malikdir. Bu da xarici siyasətimizin sülhsevər olmasından irəli gəlir. Bununla yanaşı, dövlətimizin gücləndirilməsi, milli maraqlarımızın təmin olunması da xarici siyasətimizin əsas məqsədlərindəndir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə sürətli inkişaf yoluna qədəm qoymuş, demokratik prinsiplərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlətdir. Təbii ki, qazanılan bütün uğurlara, beynəlxalq aləmdə ölkəmizin əlaqələrinin getdikcə genişlənməsinə, mövqelərinin möhkəmlənməsinə görə xalqımız ulu öndər Heydər Əliyevə, müdrik şəxsiyyətin siyasi kursunu böyük müvəffəqiyyətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevə borcludur.
Gəlin diqqət yetirək: 1993-cü ilin ortalarına qədər Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi vəziyyət nə yerdə idi? Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, cinayətkarlıq baş alıb gedirdi. İqtisadiyyat böhrandan xilas ola bilmirdi. Azərbaycanı beynəlxalq aləmdə tanıyan yox idi. Ermənilərin ölkəmizi gözdən salmaq təbliğatına tutarlı cavab verilmədiyindən xalqımız qəddar, digər millətlərə qarşı soyqırımı törədən xalq kimi tanıdılırdı. İnformasiya blokadasından xilas ola bilmirdik. Çünki o vaxtkı dövlət rəhbərlərinin idarəetmədə təcrübəsi yox idi, diplomatik fəaliyyətləri çox zəif idi. Yeni qanunlar qəbul edilməsində də maraqlı deyildilər.
Azərbaycan müstəqilliyini qazansa da, ölkə köhnə qanunlarla, SSRİ-dən qalmış qanunvericilik aktları ilə idarə olunurdu. Bu yolla heç nəyə nail olmaq mümkün deyildi. Nəticə hamımızın yadındadır. 1993-cü ilin iyun ayına qədər hakimiyyətdə olanlar gecə ikən xalqı yuxuya verib, qaçıb aradan çıxdılar. Bu, belə də olmalı idi. Çünki həmin rəhbərlərin diplomatik fəaliyyətləri, idarəetmə qabiliyyətləri yox dərəcəsində idi.
Hər şey 1993-cü ilin iyunundan sonra dəyişməyə başladı. Xalqın, həmçinin o vaxt hakimiyyətdə olanların israrlı xahişlərindən sonra ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və hər şey tədricən yaxşılığa doğru dəyişildi. Azərbaycanda dövlət quruculuğu sahəsində ciddi tədbirlər görüldü, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi olması üçün bir-birinin ardınca qərarlar qəbul edildi. Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla yaxından əməkdaşlıq etdi və həmin qurumlara üzv oldu. İqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Bu gün də ölkəmiz üçün böyük önəm kəsb edən "Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən böyük neft şirkətləri Azərbaycana böyük məbləğdə sərmayə qoydular. Ölkədə yaradılmış davamlı sabitlik sərmayə axınını daha da gücləndirdi.
- 1993-2003-cü illərdə Azərbaycanın böyük inkişaf yolu keçməsi, dövlətçiliyin əsaslarının möhkəm özüllər üzərində qurulması bugünkü sabitliyə, əmin-amanlığa və sürətli inkişafa böyük zəmin yaratdı...
- Müdrik şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu illər Azərbaycanın müstəqillik tarixində əbədi yaşayacaqdır. Çünki bu illər ərzində Azərbaycanın müstəqilliyi əbədi oldu, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmləndi, nizami Milli Ordu formalaşdı. Azərbaycanın iqtisadi qüdrətinin artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atmasına zəmin yaratdı. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərar beynəlxalq aləmdə yüksək qiymətləndirildi. Azərbaycanın dünyada sülhsevər, Ermənistanın isə işğalçı dövlət kimi tanınması da xarici siyasətimizin düzgün istiqamətləndirilməsinin nəticəsi idi.
Artıq dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla əlaqə yaratmağa, əməkdaşlıq etməyə böyük maraq göstərdi və qısa müddət ərzində 150-dən artıq ölkə ilə diplomatik əlaqə yaradıldı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini saymaqla qurtaran deyil. Ulu öndərin ən böyük xidmətlərindən biri də praqmatik düşüncəli, böyük dünyagörüşünə malik möhtərəm Prezidentimiz İlham Əliyev kimi şəxsiyyət yetirməsidir. Bu gün ulu öndərin siyasi kursu böyük uğurla davam etdirilir və bu siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir, iri infrastruktur layihələr reallaşdırılır, ölkənin siyasi qüdrəti artır, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır.
- Bir halda ki, söhbət iri infrastruktur layihələrin reallaşdırılmasından düşdü, bu barədə fikrinizin faktlarla dəqiqləşdirməniz yerinə düşərdi.
- Əlbəttə, faktlara müraciət etmək vacibdir. İri infrastruktur layihələr deyəndə təbii ki, hər birimizin gözləri önündə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi canlanır. Çoxları elə düşünürdü ki, bu layihələrin həyata vəsiqə alması yalnız xəyallarda mümkün ola bilər. Lakin möhtərəm Prezidentimizin müdrik şəxsiyyət Heydər Əliyevin siyasi kursu üzərində qurulmuş siyasi strategiyası xəyalları reallığa çevirdi. Bu gün Azərbaycanın təbii sərvətləri olan neft və qaz həmin kəmərlər vasitəsi ilə Avropaya, oradan isə dünya bazarlarına çıxarılır.
Artıq Azərbaycan beynəlxalq aləmdə iri infrastruktur layihələrin həyata keçirilməsində böyük təcrübəsi olan dövlət kimi tanınır. Bu layihələrin reallaşdırılması Azərbaycanı regionda lider dövlətə çevirdi. İndi Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür. Bu gün Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və təcrübəli ölkədir. Regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır. Ölkəmiz iqtisadi cəhətdən özünü təmin edir, xarici yardımlardan asılı deyil. İri infrastruktur layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini xeyli artırmış, yeni layihələrin reallaşdırılmasına, böyük tikinti işlərinin həyata keçirilməsinə, paytaxtla bərabər bütün bölgələrin simasını dəyişməyə zəmin yaradır.
- Bu günlərdə istifadəyə verilmiş Dövlət Bayrağı Meydanı sizin dediyiniz kimi dünyada ən böyük tikinti abidələrindən biridir.
- Azərbaycan bayrağı xalqımızın qürur mənbəyidir. Biz hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, bu gün Azərbaycan bayrağı 162 metr hündürlükdə dalğalanır. Bu hündürlüyə görə ölkəmizin adı Ginnesin rekordlar kitabına düşüb. Dövlət Bayrağı Meydanının yaradılması Azərbaycanın gücünü, xalqımızın öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramınızı göstərir. Dövlət Bayrağı Meydanı Bakının mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bildiyiniz kimi , 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı günü təsis edilmişdir.Dövlət Bayrağı Meydanının tikilməsi, özü də 2450 kvadratmetr sahəni əhatə etməsi çox böyük əhəmiyyət daşıyır.
Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması həm ölkəmizi beynəlxalq aləmdə daha geniş, həm də əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli qərarların qəbul edilməsinə öz təsirini göstərir. İqtisadiyyatı möhkəm olan bir dövlət hər şeyə qadirdir. Elə bu günlərdə dövlət başçımızın sərəncamları ilə pensiyaların baza hissəsinin, minimum əmək haqqının, müxtəlif sahələrdə çalışanların əmək haqlarının da artırılması iqtisadi qüdrətimizin artmasından xəbər verir.
- Dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhranın acı fəsadları hələ davam etdiyi bir halda Azərbaycanda pensiyalar, əmək haqları artırılır.
- Bəli, doğrudan da, belədir. Qlobal maliyyə və iqtisadi böhran bir sıra dövlətlərin iqtisadiyyatına güclü təsir göstərmiş, iri şirkətlər fəaliyyətini dayandırmış, işsizlik problemi yaranmışdır. Azərbaycanda isə nəzərdə tutulan iri layihələrin reallaşdırılması prosesi davam etdirilmişdir. Yeni iş yerləri açılmaqda davam edir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yüksək qiymətləndirilən qərarlar qəbul olunur. Azərbaycan Prezidentinin pensiyaların, minimum əmək haqqının artırılması ilə əlaqədar imzaladığı sərəncamlar əhali tərəfindən böyük sevinclə, razılıqla qarşılanmışdır. Bunun ardınca dövlət başçımız təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsilli müəssisələrin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması barədə daha iki sərəncam imzalamışdır.
Ancaq dövlətimizin öz vətəndaşlarının qayğısına qalmaq üçün atdığı addımlar bununla kifayətlənmədi. Prezident İlham Əliyev səhiyyə müəssisələrində, Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında, mədəniyyət, gənclər və idman müəssisələrində, sosial-təminat müəssisələrində, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində, eləcə də ölkənin güc strukturlarında çalışan işçilərin aylıq əməkhaqlarının artırılması üçün ayrı-ayrı sərəncamlar imzalamışdır. Bütün bunlar Azərbaycanda iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsindən, dövlətin etibarlı əllərdə olmasından xəbər verir. Göründüyü kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin əsasını təşkil edən amillərdən biri də Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil edilməsidir. Bunun nəticələri artıq özünü göstərməkdədir. Son hadisələr bir daha təsdiqləyir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə özünə layiqli bir yer tutub. İnanırıq ki, dövlət başçımızın yeritdiyi daxili və xarici siyasət ölkəmizin adını daha da yüksəldəcək.
{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.