Qanlı Yanvar faciəsinin gizlinləri və həqiqətləri

20 Yanvar hadisələri zamanı “Xalq qəzeti”nin əməkdaşı olmuş Əməkdar jurnalist Vasif Səmədov faciədən az sonra İttifaqın iki ən nüfuzlu gündəlik nəşrindən biri olan “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi fəaliyyətini genişləndirmiş, Bakı qırğını ilə bağlı bir sıra məqamlara işıq salmış, Dağlıq Qarabağ həqiqətlərini ardıcıl və sistemli olaraq Rusiyanın mərkəzi mətbuatına çıxarmışdı. 23 il öncə müəllifin ciddi cəhdləri ilə “İzvestiya”da “Müdaxilə” adlı silsilə məqalə dərc olunmuşdu, ölkədə və beynəlxalq aləmdə geniş, uzun sürən əks-səda doğurmuşdu. 20 Yanvarın 25-ci ildönümü günlərində Vasif Səmədov redaksiyamızın qonağı oldu, Azərbaycanın informasiya blokadasına alındığı günlərin hadisələrinə aydınlıq gətirdi:

 – “Müdaxilə” məqaləsi işıq üzü görəndən xeyli sonra da, hətta Azərbaycan Respublikası Ali Sovetinin xüsusi komissiyasının 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş hadisəni təhqiq edib dübarə, Ali Məclisin müzakirəsinə verdikdən və bu haqda öz mülahizələrini istintaq orqanlarına təqdim etdikdən sonra da həmin yazının ümumxalq müzakirəsi səngiməmişdi. Onu demək istərdim ki, müəlliflərdən biri kimi və ələlxüsus öz xalqının başına gəlmiş bəlanın altını çəkən bir jurnalist kimi mənim özüm də sakit ola bilmirdim.

 Jurnalistlik təcrübəmdə qəzet məqaləsinin bir günlük ömrü var - fikrinin əsassızlığına bir daha əmin oldum. Xalq nahaq deməyib: gedər xəncər yarası, qalar söz yarası. Mən bir azərbaycanlı kimi, xalqımın başına gələn müsibət haqqında təşkilat, orqan rəhbərləri, şahidlər və adi vətəndaşlarla söhbət edib, həqiqəti üzə çıxarmaq istərkən, inanın ki, faciəni dönə-dönə yaşamalı olurdum. Ancaq öz-özümə belə bir fikri təlqin edirdim ki, bu adi, bir günlük ömrü olan yazı deyil. Sən həqiqəti üzə çıxarmalısan, həm də bu, təkcə sənin və xalqının nəzərində müəyyənləşdirilmiş,  əşyayi-dəlillərin sübutluğu ilə qərarlaşdırılmış həqiqət olmamalıdır - bu, gerçəyin təsbiti olmalıdır.

Haqqında söhbət açdığımız məqalədə təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, günahsız axıdılan insan qanları hesabına belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini açıqlamalı idik. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15 fevral, 1992) bunları təhlil, təsdiq etmək mümkün ola bilməzdi, ancaq hər halda ictimaiyyətin  fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin də təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq gərək idi. O vaxt bu çox vacib, son dərəcə əhəmiyyət kəsb edən məsələ idi.              Bax, həmin qanlı hadisələrdən 25 il keçir və indinin özündə də söz düşəndə görürəm ki, bu söhbət hələ də gündəlikdən çıxmayıb. Mühakimələr və mübahisələr zamanı söylənilənləri müqayisə edəndə bir daha əmin oluram ki, jurnalist kimi tədqiqatlarımızın üsulu və texnologiyası, məramı və yanaşma nisbəti düzgün olmuşdur. Doğrudur, bir çox sənədlər, canlı şahidlərin hələ sirr kimi saxlanılan ifadələri işin dəqiqləşdirilməsinə cəlb edilməyib, bunun üçün gərgin istintaq, tədqiqat aparmaq, vaxt amilinin doğru sözünü dinləmək lazım gələcəkdir. Ancaq bir həqiqət aydındır: suverenliyi tələb edən xalqı cəzalandırmaq və başqalarını da bu yoldan çəkindirmək, onlara ibrət dərsi vermək! Sovet imperiyasını yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları laxlamış totalitar rejimi, onun sınaqdan çıxmış silahını zorla qoruyub saxlamaq.

Bakı hadisələrindən sonra baş verən faciələr də - nəinki imperiyanın ayrı-ayrı yerlərində, elə Azərbaycanın özündə də eyni bir zəncirin həlqəsi olduğunu təsdiqlədi. Hesab edirəm ki, Qarabağda törədilən soyqırım faciələri də bu zəncirin halqalarındandır. Güman ki, düşmən bu niyyətinə hələ də nöqtə qoymayıb. Məhz bu ağırlıq faizini nəzərdə tutaraq, yazılarımı 1992-ci ilin fevralında “İzvestiya”da çapa verməyi zəruri hesab etdim.

Və mən də ürəyimdən ağır daş olub asılan - 90-cı ilin Qanlı bazar günü hadisəsini tarixçilərin sərəncamına vermək fikrində deyiləm. Qanlı yanvar gecəsini və ondan sonrakı faciəli günləri yaşamış, gözləri ilə görmüş bir insan kimi güman edirəm ki, arxiv sənədlərindən istifadə imkanları yarandıqca, yeni faktlar topladıqca mən öz tədqiqatlarımı davam etdirəcəyəm.

– “Müdaxilə, ilk növbədə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə olmuşdur?” Rusiya mətbuatinda verilən ilk geniş cavab olmuşdu. Doğrudan da, o müdhiş gecənin qaranlığında nə baş vermişdi?

– Məqalə hazırlandığı dövrdə Azərbaycan Republikasının Ali Sovetindən bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciəli hadisələrin səbəblərini və təfsilatını təhlil edən parlament komissiyası işini başa çatdırmışdır. Komissiyanın sədri M.Abbasov dedi: “Bu faciənin necə və niyə baş verdiyi, ordunun kimlərin siyasi iradəsini yerinə yetirdiyi barədə faktları, sənədləri, şifahi və yazılı sübutları ”İzvestiya"ya təqdim etməyə hazırıq.

Bunları dərc etməyə qərara alarkən həmkarım V.Vıjutoviçlə birgə başa düşürdük ki, əsaslandığımız materiallar nə dərəcədə inandırıcı olsa da, təkcə bir tərəfin— zərərçəkmiş tərəfin mövqeyini əks etdirir. Beləliklə, onların obyektivliyinə kimsə hökmən şübhə ilə yanaşacaqdır. Ən əvvəl o kəslər ki, Bakı əməliyyatını hazırlamışdılar, qoşunların yeridilməsi haqqında əmr vermişdilər və bilavasitə icra etmişdilər.

Doğrudur, onlardan bir çoxuna faciəli Bakı hadisələrində iştirak etməsi (və ya iştirak etməməsi) barədə şəxsən danışmağa, bu hadisələri öz bildikləri kimi qiymətləndirməyə imkan verilmişdi. Lakin Azərbaycan parlamentinin komissiyası tərəfindən keçmiş SSRİ-nin dövlət, təsərrüfat və hüquq mühafizə orqanlarına, habelə ictimai və hərbi idarələrinə göndərilmiş 2517 sorğunun yalnız üçdə birinə cavab alınmışdı (çox vaxt da formal surətdə). SSRİ Ali Sovetinin Rəyasət Heyətinə və Sov. İKP MK-ya göndərilmiş sorğulara, ümumiyyətlə, heç bir cavab verilməmişdi. Rəsmi təhqiqat axıra çatdırılmamışdı.

İttifaq parlamenti isə siyasi qiymət verməkdən çəkinmiş xə xüsusi bir qərarla SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə, SSRİ Daxili İşlər Nazirliyinə “1990-cı ilin yanvarında baş vermiş bütün cinayət faktlarının və hüquqa zidd hərəkətlərin qısa müddətdə təhqiqini təhlil etməyi”, SSRİ Baş Prokuroruna və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə isə “müvafiq məlumatı SSRİ Ali Sovetinə iki ay müddətində təqdim etməyi” tapşırmışdı. Bu qərara açıq-aşkar məhəl qoyulmamış, onun heç bir bəndi yerinə yetirilməmişdi.

 Bununla yanaşı, biz Azərbaycan tərəfinin mövqeyini dərc edərək, hər hansı təkzib, bu və ya digər faktlar barəsində fikirlər üçün də imkan saxlayırdıq. Bu material silsilə şəklində dərc edildikdən sonra nəinki SSRİ-də, hətta xarici ölkələrdə belə sensasiyaya səbəb olmuş bu məqalədəki faktları nə o vaxt, nə də ki, indi təkzib etməyə cəsarəti çatan tapılmamışdı.

Bakı əməliyyatının ilhamçıları və təşkilatçıları Tbilisi, aradan bir il ötmüş isə Vilnüs hadisələrindən sonra olduğu kimi, yenə də özlərinin radiasiya tək yayılan təbliğatını dərhal var gücü ilə işə salmışdılar. Bakıda fövqəladə vəziyyətin səbəbləri barəsində və tankların orada nə etdiyi barədə o vaxt hətta liberal və savadlı Moskva jurnalistləri arasında da ya anlaşılmaz, ya da tamamilə təhrif edilmiş təsəvvür var idi. “Pravda”, SİTA, “Krasnaya zvezda”, “Zaman” TV proqramı ( heyif ki, o vaxtkı “İzvestiya” da təmkinlə olsa belə, hər halda rəsmi yozuma uymuşdu) beyinlərə belə bir fikir yeritmişdi ki, ordu erməniləri, rusdilli əhalini və hərbçilərin ailələrini Azərbaycan ekstremistlərinin törətdikləri amansız qırğından xilas edirmiş.

Yox, ordu Bakıda totalitar rejimi - Sov. İKP-nin hakimiyyətini və Sovet İmperiyasını xilas edirdi. Oxucuya bunun üçün məqalədə sübut dəlillər təqdim olunmurdu. Biz o qara yanvar hadisələri barəsində yazarkən razılığa gəldik ki, belə bir prinsipi gözləyək: minimum publisistika, maksimum faktlar, sənədlər, sübutlar.

– Dediyiniz sübut- dəlillər nə idi?

– Onda əvvəlcə, baxaq görək ovaxt rəsmi informasiyalarda adamları necə aldadır və fitva verirdilər? Rəsmi məlumat kimi SİTA-nın yaydığı xəbərə görə, qoşunlar Bakıya iki nəcib məqsədlə yeridilmişdir. Birincisi, erməniləri, rusdilli əhalini və hərbi qulluqçuların ailələrini talandan qorumaq məqsədilə; ikicisi, millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorakılıqla qəsb edilməsinin qarşısını almaq. Həmin məqsədlərin həqiqiliyi faktlarla və yanvarın ortalarına yaxın Bakıda yaranmış siyasi vəziyyətin təhlili ilə təkzib edilirdi.

Əslində, 1990-cı ilin başlanğıcına yaxın Azərbaycanın paytaxtında şəraitin kəskinləşməsinin başlıca səbəbi Dağlıq Qarabağda qarşıdurmanın güclənməsi olmuşdu. Yanvarın birinci yarısında icazəsiz mitinqlər, nümayişlər, mülki itaətsizlik hərəkətləri dalğası Azərbaycanı bürümüşdü. Bu dalğa İranla sərhəddə texniki qurğuları sındırıb-dağıtmış, Cəlilabad və Lənkəran rayonlarında partiya və sovet rəhbərlərini hakimiyyətdən salmışdı. Hadisələr üzərində nəzarətin tamamilə itirilməsi, respublika siyasi rəhbərliyinin lap çaşıb qalması, əlbəttə, tankların şəhərə girməsi üçün darvazaları açmışdı.

Lakin Bakıya silahlı müdaxiləyə böyük faciə ilə haqq qazandırmaq və onun son dərəcə labüd olduğu barədə təsəvvür yaratmaq üçün xalqı əməlli-başlı qorxudub vahiməyə salmaq, hər bir adamı dəhşətə gətirmək lazım idi. Daxili qoşun bölmələrinin və təcili olaraq “xilas etməyə” çağırılmış ehtiyatçıların şəhərə gətirilməsi vahimə və inamsızlıq yaratmışdı. “Xilas etməyə”. Kimi? Məsələn, rusları. SİTA-nın yaydığı xəbərlərə görə, onları tikə-tikə doğrayır, döyüb əzişdirir və respublikadan qovub didərgin salırdılar.

Bakıya nə qədər çox ordu birləşmələri gətirilirdisə, hərbçilərə, onların arvad-uşaqlarına qəsdlər barəsində şayiələr də bir o qədər ciddi-cəhdlə yayılırdı. Belə isə nə üçün Daxili İşlər Nazirliyinin məlumatlarında bir dənə də olsun bu cür hadisə qeydə alınmamışdır?

 Nə edəsən, keçmiş SSR İttifaqının hüdudlarında nəinki küçə carçıları meydan sulayırlar, bəzən dövlət xadimlərinin də nitqləri eşidilirdi - təkcə Azərbaycanda yox, hər yerdə. Bununla belə, saysız-hesabsız faktlar, şahid materialları, sənədlər sübut edirdi: Bakıda ruslar əleyhinə və ordu əleyhinə kütləvi surətdə təşkil olunmuş çıxışlar müşahidə edilməmişdi.

– Mərkəz Qarabağ ocağında alovun söndürmək əvəzinə, Bakıya divan tutdu, ittifaq dövlətinə olan sonuncu ümidi də güllələdi. O vaxt mərkəzin Bakıya gəlmiş səlahiyyətli rəsmisi Y. Primakov xalqa qəti şəkildə bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan edilməyəcək”. Gecə isə şəhərin altı üstünə çevrildi, dinc insanlar güllələndi, tankların altına salındı...

– Bəli, silahlı işğaldan əvvəl siyasi “artilleriya hazırlığı” görülmüşdü. Onu Bakıya gəlmiş SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko və SOV.İKP MK-nın millətlərarası münasibətlər şöbəsi müdirinin müavini R.Mixaylov həyata keçirmişdilər. Mərkəzin nümayəndələri hər yerdə kimlərlə görüşürdülərsə, and-aman edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Buna inanan Xalq Cəbhəsinin liderləri televiziya ilə çıxış edib xalqı sakitləşdirməyi, əhalini Bakı qarnizonu hissələrinin ətrafında piketləri dayandırmağa, şəhərin girəcəklərində qoyulmuş yük maşınlarını götürməyə çağırmağı qərara almışdılar. Lakin efirə çıxmaq üçün nəzərdə tutulmuş vaxta qırx dəqiqə qalmış teleradio mərkəzində partlayış baş vermişdi. 

– Ordunu kim çağırmışdı? Bu sualın cavabını kütlələrin qəzəbinin - lap nəcib məqsəd üçün olan qəzəbinin coşmasında axtarmaq azdır, ona daha əsaslı cavab verilməlidir. Yaxşı, ordunu hər halda kim çağırmışdı? Respublika KP MK ? Ali Sovet? Hökumət?

– Bu suallara sənədlər doğru- düzgün cavab verir. Azərbaycan Nazirlər Sovetinin İşlər müdiri M. Nəzərovun məktubundan: “Respublika hökuməti Sovet ordusu hərbi hissələrinin və SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının Bakı şəhərinə gətirilməsi məsələsini müzakirə etmişdir, bu barədə xahişlə İttifaq orqanlarına müraciət olunmamışdır. Azərbaycan SSR Nazirlər Sovetinin rəhbərliyinə qoşunların yeridilməsi onlar artıq yeridildikdən sonra məlum olmuşdur.

Bəlkə, Prokurorluq çağırmışdı? Prokurorluğun Bakıda vəziyyət haqqında məlumatının fotosurətlərini istədik. Ola bilsin ki, bu məlumat, o vaxtlar lazım olduğu kimi, İttifaqın partiya, sovet və hüquq mühafizə orqanlarına göndərilmişdir. Prokurorluqdan cavab gəldi: ”Azərbaycan SSR Prokurorluğu Bakı şəhərində vəziyyət haqqında və ya fövqəladə vəziyyətin labüdlüyü barəsində mərkəzi partiya, sovet və hüquq mühafizə orqanlarına, o cümlədən SSRİ  Prokurorluğuna heç bir məlumat göndərməmişdir “.

Ordunu Azərbaycan Ali Soveti çağırmışdı? Axı respublikada fövqəladə vəziyyət elan etmək, yaxud bu barədə İttifaq parlamentinin qərarını təsdiq (rədd) etmək onun, yalnız onun konstitusiya hüququdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın bəyanatından: ”Bütün məsuliyyətimlə bildirirəm ki, Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Azərbaycan SSR-in Ali Hakimiyyət və İdarəetmə orqanları tərəfindən qərar qəbul edilməmiş və SSRİ Ali Soveti Rəyasət Heyətinin bu cür qərar qəbul etməsi üçün razılıq verilməmişdir".

– Bakıda fövqəladə vəziyyət elan edilməsini və buraya qoşun yeridilməsinin planlaşdırılması barədə Azərbaycanla qonşu dövlətlərin - İran və Türkiyənin hökumətlərinə, beynəlxalq hüquq normalarına uyğun olaraq, xəbər verilmişdimi?

– Dəfələrlə təkrar edilmiş bu suala Xarici İşlər Nazirliyindən heç bir cavab alınmamışdır. Qoşunların yeridilməsi əməliyyatı yanvarın 19-da saat təqribən 21–22 arasında başlanmışdır. Onların hərəkəti istiqamətində təsadüfən yoldan keçən adamlar və avtomaşınlar atəşə tutulmuşdu. Yanvarın 20.00-də saat 00.00-dək,  yəni Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı qüvvəyə minənədək  9 adam öldürülmüşdü.

Yalnız yanvarın 20-də səhər saat 07.00-də respublika radiosu ilə bildirilmişdi ki, fövqəladə vəziyyət elan olunmuş və qadağan saatı qoyulmuşdur. Həmin vaxtadək artıq 82 adam öldürülmüş və 20 nəfər ölümcül yaralanmışdı (onların hamısı həmin gün və sonrakı gün xəstəxanalarda keçinmişdir). Əsgərlərə “döyüş tapşırığını” yerinə yetirməyə möhkəm psixoloji  hazırlıq kömək etmişdir. Psixoloji  hazırlığı siyasi işçilər daxili qoşunlarda, dessant hissələrində, Salyan kazarmalarında, Xəzər Hərbi Donanmasının gəmilərində aparmışdılar. Ehtiyatdan çağırılanlar arasında işi isə səfərbərliyə alınmış onlarca partiya və komsomol funksioneri aparmışdır.

–   O vaxt oxucuları hər şeydən əvvəl bir sual üzürdü: kimdir müqəssir?

–  Parlament komissiyasının çıxardığı nəticələrə görə, “sovet qoşunlarının Azərbaycandakı cinayətkar əməlləri üçün M.Qorbaçov, Y.Primakov, A.Girenko, D.Yazov, V.Kryuçkov, V.Bakantin, V.Varennikov və keçmiş İttifaqın siyasi və hərbi orqanlarının digər yüksək vəzifəli şəxsləri məsuliyyət daşıyırlar”. Lakin komissiya qətiyyətlə cəhd göstərsə də, əməliyyatın bütün bilavasitə təşkilatçılarını və iştirakçılarını mütləq dəqiqliklə müəyyənləşdirməyə müvəffəq olmamışdı.

Sov.İKP MK-nın, SSRİ Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin yüksək vəzifəli şəxsləri əlçatmaz olmuşdular, İttifaq Prokurorluğu işin aparılmasını Baş Hərbi Prokurorluğa tapşıraraq, heç olmasa, az-çox obyektiv təhqiqat aparılmasına imkan verməmişdi.

1990-cı il dekabrın 20-də “hərbi qulluqçuların hərəkətlərində cinayət tərkibi olmadığına görə” cinayət işinə xitam verilmişdi. Beləliklə, o vaxtadək heç kəs Bakı faciəsində Mərkəzin rolu barəsində rəsmi məlumata (onları isə yalnız məhkəmə verə bilərdi) malik deyildi. İttifaqın Ali rəhbərliyinin Bakı hadisələrində iştirakını müəyyən dərəcədə üzə çıxara bilən bəzi materiallar hər halda var idi...

Bir müddət sonra parlament komissiyasının sədri M.Abbasov D.Yazova rəsmən müraciət etdi: “Hansı sənədə (əmrə, təlimata, əsasnaməyə və s.) əsasən Sovet Ordusunun hissələri silah işlətmişlər və onlar hansı silah növlərindən istifadə etmişlər?”. Müdafiə nazirinin göndərdiyi cavabda deyilirdi: “Xahiş edirəm, sizi maraqlandıran məsələlər barəsində SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edəsiniz”.

Komissiyanı, əlbəttə, SSRİ DTK-nın rolu da maraqlandırmışdı. Azərbaycanın Milli Təhlükəsizlik naziri yalnız 1991-ci ilin dekabrında bildirmişdi: “1990-cı ilin yanvar hadisələri dövründə keçmiş DTK xətti ilə tədbirlərə keçmiş SSRİ DTK sədrinin müavini F.Bobkov, V.Pirojkov, Q.Ağayev rəhbərlik edirdilər. Həmin tədbirlərdə SSRİ DTK-nın respublika komitəsinə ezam edilmiş əməkdaşlarının böyük bir qrupundan istifadə olunmuşdur”. Bu komitənin sabiq başçısı V.Hüseynov isə belə demişdi: “Qoşunlar Bakıya vəhşicəsinə yeridildikdən sonra dərhal Kryuçkov mənə zəng vurub dedi ki, Bakıda hadisələrlə əlaqədar Siyasi Büronun iclası olmuşdur. İclasda Qorbaçov demişdir: ”Daxili İşlər Nazirliyi bütün məsələləri həll edir, Müdafiə Nazirliyi də qarşıya qoyulmuş vəzifələri həll edir, DTK işi tamam bada vermişdir". Mən bu deyilənləri sözbəsöz çatdırıram".

 “Kimdir müqəssir?” sualının cavabı bu ötür- ötürlərdə dolaşığa salınsa da, dalana dirənsə də xalq həqiqəti yaxşı anlayırdı: müqəssir süqut etməkdə olan sovet rejiminin ermənipərəst rəhbəri Mixail Qorbaçov və onun yaxın ətrafı idi.

 Azərbaycan Ali Soveti komissiyasının məlumatına görə, “Bakı şəhərinə qoşunların qanunsuz yeridilməsi nəticəsində” 131 nəfər öldürülmüş və 700-dən çox adam yaralanmışdı. (Şəhərdə fövqəladə vəziyyət 1991-ci ilin avqustunadək saxlanılmışdı. Qeydə alınmış qurbanların axırıncısı qadın olmuşdu: 1990-cı ilin dekabrında qadağan saatını pozmuş və bir əsgər onu, arxadan güllələmişdi).

Bakıya qoşun yeridilməsindən əvvəl olmuş hadisələrin, ondan sonra baş vermiş hadisələrin məntiqi işğalın başlıca məqsədi barəsində yanılmağa qoymurdu. Suverenlik tələb edən xalqı cəzalandırmalı, milli istiqlal uğrunda çarpışan bütün hərəkatlara sərt ibrət dərsi verməli, həm də fürsətdən istifadə edərək kommunist sistemin və totalitar sovet imperiyasının yaxınlaşmaqda olan iflasını zor gücünə sovuşdurmaq metodlarını sınaqdan çıxarmalı.

Bu qanlı sınaqlar bir nəticə vermədi və 20 Yanvarın ikinci ildönümündə artıq SSRİ süquta uğramışdı.

– Maraqlı söhbətə görə sağ olun.

Söhbəti çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında