İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
– Cənab səfir, ötən il Azərbaycan ilə İsrail arasında münasibətlər hansı hadisələrlə yadda qaldı?
– Hazırda ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Bizim bir çox nailiyyətlərimiz var. 2014-cü ildə əlaqələrimiz yeni mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsrailin Prezidenti Şimon Peres və Baş naziri Benyamin Netanyahu ilə görüşləri əlaqələrimizin yüksək səviyyədə olmasına bariz nümunədir. Biz hazırda ticarət və enerji sahələrində əməkdaşlığın daha da dərinləşməsinə çalışırıq.
İsrail hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sürətli inkişafı yüksək qiymətləndirir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkənin iqtisadi tərəqqisinə yönəlib. İnkişaf edən qeyri-neft sektorunda əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı maraq kəsb edir. 2015-ci ilin perspektivlərinə nəzər salsaq görərik ki, biz münasibətlərimizin digər sahələrdə də şaxələndirilməsinə müvəffəq olmuşuq. İsrail şirkətləri Azərbaycanda qeyri-neft sektorunda - kənd təsərrüfatı və su texnologiyaları, telekommunikasiya, turizm, tibb sahələrində fəaliyyət göstərirlər. Bu sahələrdə təcrübə və fikir mübadiləsi aparılması üçün treninqlər təşkil edilib. İsrail Azərbaycanın qeyri-neft sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır.
Ölkələrimiz arasında mədəni əlaqələr də inkişaf edir. Bundan başqa, tərəflər diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalayıblar. Bu, Azərbaycan ilə İsrail arasında xüsusi münasibətlərin olduğunun daha bir göstəricisidir.
Üç ay bundan əvvəl mən ABŞ-da səfərdə oldum. Biz Vaşinqtonda, Nyu-Yorkda, Filadelfiyada keçirilən görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti haqqında danışdıq. Səfər çərçivəsində 30-dan çox görüş keçirdik. Azərbaycanın uğurlarından, bu ölkədəki tolerantlıq mühitindən, eləcə də ikitərəfli münasibətlərin inkişafından söhbət açmaq xoş idi.
– Ötən ilin sonlarında İsrailin bəzi qəzetlərində Azərbaycan barədə əsassız materiallar dərc edilmişdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
– İsrail-Azərbaycan əlaqələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bizim əlaqələrimiz çox güclü, dərin strateji tərəfdaşlığa söykənir. İsrailin Azərbaycanda çoxlu dostları var. Biz azərbaycanlı dostlarımızla sıx müzakirələr aparırıq. Azərbaycan ilə İsrail arasında münasibətlər inkişaf edir və heç bir qüvvə buna mane ola bilməz. İsrail və Azərbaycan rəhbərlikləri arasında Dünya İqtisadi Forumu və digər beynəlxalq tədbirlər çərçivəsində görüşlər olur. Biz diqqəti əməkdaşlığın yeni sahələrinin inkişafına yönəltmişik.
– Ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
– Müxtəlif sahələrdə əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı perspektivlər var. İsrail üçün Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq da vacibdir. Hayfa Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır.
Azərbaycan Hava Yolları həftədə iki dəfə İsrailə uçuşlar həyata keçirir. İsrail vətəndaşları, həmçinin Azərbaycan vasitəsilə Nyu-Yorka səfər etmək imkanı qazanıblar. 2015-ci ildə ticarət və biznes sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulur. Hazırda bu müqavilələr üzərində iş gedir.
Azərbaycanda səfir təyin olunarkən mənə dahi şair Nizami Gəncəvinin yəhudi dilinə tərcümə edilmiş “Xəmsə”si təqdim olundu. “Qafqazın Şekspiri”nin məqbərəsini ziyarət etmək məndə dərin təəssüratlar oyatdı. İsrailin tanınmış yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə edilir. Çox sevinirəm ki, Yerusəlimdə keçirilən festivalda Azərbaycan muğamı səsləndirildi. İsrail musiqiçiləri Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edirlər. Bu sahələrdə də əməkdaşlığımız davam edəcək.
Azərbaycan bir diplomatın göndərilə biləcəyi ən gözəl ölkələrdəndir. Düşünürəm ki, bu möhtəşəm diyarın mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar.
– İsrail idmançıları Bakıda keçiriləcək birinci Avropa Oyunlarına necə hazırlaşırlar? Yəqin ki, bununla bağlı məlumatınız var.
– Birinci Avropa Oyunları kimi mötəbər idman yarışlarında iştirak etmək bizim idmançılarımız üçün olduqca əhəmiyyətlidir. Bu Oyunlarda İsraildən təxminən 200 idmançıdan ibarət komanda iştirak edəcək. Düşünürəm ki, birinci Avropa Oyunları idmançılarımıza ölkənizlə yaxından tanış olmaq imkanı yaradacaq. Mən idman azarkeşiyəm. İsrail mediasında Avropa Oyunlarına böyük maraq var. Təbii ki, Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına Azərbaycanda vəsiqə qazanmaq bizim idmançılarımız üçün vacibdir. Bakıda Avropa Oyunlarına hazırlığı xüsusi qeyd etmək istəyirəm. Tikilən idman obyektləri insanı valeh edir. Birinci Avropa Oyunları daha çox israilli turistin Azərbaycana səfər etməsinə səbəb olacaq.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.