Ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramlarının əsas yönlərindən biri bölgələrdə məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini xammalla təmin etməkdir. Başa çatdırılmış aqrar islahatlar kəndlini torpağın həqiqi sahibinə çevirsə də, onun müstəqilliyi və təşəbbüskarlığı bəzən səciyyəvi çətinliklərlə üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini müxtəlif yollarla dəstəkləyir, əkinə yararlı torpaqların becərilməsi, məhsuldarlığın yüksəldilməsi, üçün zəruri tədbirlər həyata keçirir. Hər il meliorasiya işləri üçün büdcədən kifayət qədər vəsait ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti təmin olunur.
Bir sıra su mənbələri və meliorasiya qurğuları Qarabağın işğal olunmuş ərazilərində qaldığından cəbhə xəttinə bitişik bölgələrdə torpaqların əkilib-becərilməsi, əhalinin və ordu bölmələrinin içməli su təchizatı 1992 - 1993-cü illərdə tamamilə pozulmuşdu. Ümummilli lider Heydər Əliyevin məsələyə dərindən bələdliyi, müdrikliklə həyata keçirdiyi tədbirlər ötən illərdə bu problemi tamamilə aradan qaldırmışdır. Ağdam Rayon İcra Hakimiyyətində keçirdiyimiz dəyirmi masada cəbhəyanı bölgənin su təchizatının vəziyyəti, əvvəl yağıntılı yaz, sonra həddindən artıq isti keçən yay aylarında əhalinin və torpaqların sudan korluq çəkməməsi üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin və rayon rəhbərliyinin əlbir fəaliyyəti söhbətin aparıcı mövzusu oldu.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Allahverən Əliyev, Subartezian quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfov və Suvarma Sistemləri idarəsinin rəisi Hafiz Əzimzadə məhsul bolluğunun su təminatı, adamların keyfiyyətli içməli su ilə təchizatı ilə bağlı son illərdə dövlətin köməyi ilə görülmüş işlərdən, uğurlu nəticələrdən geniş söz açdılar.
Allahverən Əliyev: - Ağdamda suvarma əkinçiliyinin bir neçə min il tarixi var. Əsasən münbit dağətəyi ərazidə yerləşən torpaqlar zaman-zaman Qarqar və Xaçın çaylarının və ata-babalarımızın böyük məharətlə, min bir əziyyətlə çəkdikləri kəhrizlərin suyu ilə suvarılmışdır. Rayon ərazisində tarixən taxıl, pambıq, üzüm, hər cür meyvə və tərəvəz becərilmişdir. Qədd-qamətli, qara kölgəli ucsuz-bucaqsız bağlara görə bu yerlər Qarabağ - yəni böyük, qara kölgəli bağ, bağlar diyarı adlandırılmışdır. Bu yerlərin cənnətmisal yaşıllığında, məhsul bolluğunda münbit torpaqla yanaşı, tarixən mövcud olmuş suvarma sistemləri, adamların təcrübəsi və hünəri də əhəmiyyətli olmuşdur.
Ötən əsrin 50-60-cı illərində Qarqar və Xaçın çayları üstündə su anbarları tikilməsi, sututarlardan geniş istifadə, rayon elektrikləşəndən sonra bol ehtiyatı olan yeraltı suların artezian quyuları ilə üzə çıxarılması Ağdamın su ehtiyatını dəfələrlə artırdı. 70-ci illərdə isə ümummilli lider Heydər Əliyevin bölgədə kənd təsərrüfatını yüksəltmək üçün Tərtər çayı üzərində nəhəng Sərsəng su dəryaçasını inşa etdirməsi qonşu rayonlarla yanaşı, Ağdam torpaqlarına da tarixdə ilk dəfə kifayət qədər su gətirdi. Qarabağ münaqişəsi başlanan vaxtdan qəddar düşmən digər xəyanət və təxribatları ilə yanaşı, Ağdamkənd və Xaçınçay su anbarlarının, Sərhəng dəryaçasının normal fəaliyyətini də pozdu.
Rayonun ərazisinin üçdə ikisinin 1992-93-cü illərdə Ermənistan tərəfindən işğalından sonra hər üç böyük sututar düşmənin əlinə keçdiyindən rayonun əsas suvarma mənbələri sıradan çıxdı. Döyüş əməliyyatları, AXC-Müsavat hakimiyyəti dövründəki başıpozuqluq və dağıntılar isə elektrik şəbəkələrini, eləcə də subartezian quyularını yararsız hala saldı. Əslində, 1993-cü ilin yayında və payızında suvarma sistemi iflic olmuş, əhali didərgin düşmüş, pərakəndə ordu bölmələri isə az sayda kəhrizin, primitiv üsulla qazılmış su quyularının ümidinə qalmışdı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin böhranlı yayında xalqın tələbi ilə hakimiyyətə gətiriləndə onun qayıdışını əngəlləmək istəyən xəyanətkar hərbi-siyasi qüvvələr Ağdamın müdafiəsini təşkil etməməklə rayonun işğalını asanlaşdırdılar. Ulu öndərin cəbhə xəttini möhkəmləndirmək, rayonun yerdə qalan kəndlərini işğaldan qorumaq tədbirləri arasında zəruri kommunikasiyaların işinin bərpa edilməsi, subartezian quyularının yenidən işə salınması da ön sırada yer aldı. 1994-cü ilin yazında atəşkəsə nail olunduqdan sonra Ağdamın didərgin düşmüş əhalisinin bir qismini geri qaytarmaq, əkin-biçini qaydaya salmaq üçün ciddi tədbirlər görüldü, bütün artezian quyuları suvarma dövriyyəsinə qoşuldu, yeni quyular qazılmağa başladı. Yeni suvarma kəmərləri də işə salındı.
Beləliklə, qısa müddətdə rayonda su problemi həll olundu. 70 minədək əhali geri qayıtdı, təsərrüfatlarını qaydaya saldı. Cəbhə bölgəsi olmasına baxmayaraq, torpaq islahatı həyata keçirildi, pay torpağı alanların suvarma imkanları təmin olundu. Yaşayış məntəqələrinin hamısı içməli su ilə təchiz edildi. Bol su təminatı kənd təsərrüfatı ilə yanaşı, digər sahələrin də inkişafına şərait yaratdı. Yanıb tələf olmuş bağlar, əkinlər yenidən göyərib boy atdı. Suvarma şəbəkəsi ildən-ilə genişləndi, imkanlarını artırdı. Bütün bunların nəticəsidir ki, bu ilki misilsiz istiyə baxmayaraq Ağdamın yaşayış məntəqələri, hər qarışı əkilib-becərilən torpaqlar sudan korluq çəkmədi. Ötən illərdə olduğu kimi, bu mövsümdə də bol məhsul yetişdirildi.
Bütün bu işlər ulu öndər Heydər Əliyevin Ağdam rayonunda həyatın normal axara düşməsi üçün gördüyü zəruri işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının çadır şəhərciklərində və ağır şəraitdə yaşayan köçkün ailələrini normal həyata qaytarmaq siyasətinə uyğun olaraq qısa müddətdə rayonumuzda 12 hər cür şəraiti olan köçkün qəsəbəsi salındı. Daha 20 min insan doğma rayona qayıtdı. Bu yeni ünvanların da su təchizatı yüksək səviyyədə həll olunub. Dövlət fermerlərə texnika, yanacaq, toxum, gübrə və pul vəsaiti ilə də daim kömək göstərir.
Dədə-babalarımız həmişə bir-birinə xoş gün arzulayanda deyiblər: görüm suyun axsın, otun göyərsin, çörək təknən dolu olsun. Bu gün Ağdamın hər bucağında sular çağlayır, təknələr, anbarlar doludur. Əhali bütün bunlardan şükranlıq edir, dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Rayon rəhbərliyi, əhali Ağdamın su təchizatının böhranlı vəziyyətdən çıxarılmasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun sədri Əhməd Əhmədzadənin ardıcıl, sistemli köməyini də daim yaxından hiss edir və yüksək qiymətləndirir.
Teyyub Nəcəfov: - Təəssüf ki, bütün əhali ilə birlikdə idarəmizin kollektivi də o ağır, məsuliyyətli günlərin acısını dadmalı olmuşdur. Doğrudan da, su həyat deməkdir. Bu həqiqəti susuzluğu görməyənlər tam təsəvvür edə bilməzlər. 1993-cü ilin yayında əhali düşmən təhlükəsi ilə yanaşı, susuzluqdan da baş götürüb getmişdi. Ağdamın mərkəzi elektrik şəbəkəsi işğal zonasında qaldığından salamat artezian quyularını da işlətmək mümkün deyildi. Susuzluqdan əkinlər, bağlar göz baxa-baxa tələf olurdu. Hətta quşlar, heyvanlar da susuzluqdan baş götürüb əhalinin arxasınca getmişdi. Arxlarda, əkinlərdə iri çatlar əmələ gəlmişdi. İnanmaq çətin idi ki, bu yerlərə bir də su gələcək...
O vaxt Prezident Heydər Əliyevin göstərişi və nəzarəti ilə alternativ elektrik xətləri çəkildi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin imkan və ehtiyatları rayonumuza yönəldildi. Sədrimiz Əhməd Əhmədzadə az qala hər artezian quyusunun işə salınmasında, yenilərinin qazılmasında şəxsən iştirak edib. Rayon əhalisi uşaqdan-böyüyə onu tanıyır və gördüyü işlərə görə hörmətini saxlayır. Builki yağıntılı yaz və isti yay günlərində də Əhməd Əhmədzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla birlikdə hər gün işimizlə maraqlanırdı, lazımi köməkliyini göstərirdi. Belə istilərdə elektrik enerjisinin qısa kəsilməsi, yaxud hansısa quyunun nasazlıqdan işləməməsi nə qədər əkinin məhv olması demək olardı. Möhkəm intizam, rayon və ASC rəhbərliyinin hərtərəfli köməyi nəticəsində bütün artezian quyularının normal, fasiləsiz işinə nail olduq. Bu gün idarəmizin balansında 3 nasos stansiyası, 705 subartezian quyusu var. Bunlardan 30-u Ergi ərazisində məskunlaşmış Şuşa qaçqınlarına, 89-u isə Ağdam rayonundakı məcburi köçkünlərə xidmət edir. Subartezian quyusunun 623-ü əkin sahələrinin suvarılmasına, 82-i isə içməli su verir və həyətyanı sahələrin suvarılmasına xidmət göstərir.
Rayon üzrə suvarılan əkin sahəsi 25567 hektardır. Bu mövsümdə subartezian quyuları və nasos stansiyaları 34608349 kvt/s elektrik enerjisi sərf etməklə 90105 hektar əkinlərin, 3028 hektar həyətyanı sahələrin suvarılmasını təmin etmişdir. 2010-cu ildə rayonda 8 yeni subartezian quyusu qazılmış, 21-nin qazılmasına başlanmışdır. 5 subartezian quyusu bərpa edilmiş, 7 quyu yuyulub təmizlənmişdir. Quyulardan səmərəli istifadə etmək üçün lazımi təcrübə və baza yaradılmışdır. Rayonun ümumi uğurlarında bizim də layiqli payımız var. Çalışacağıq ki, rayonun su təchizatı üçün köməyimizi daim artıraq.
Hafiz Əzimzadə: - Rəhbərlik etdiyim Ağdam Suvarma Sistemləri İdarəsi 1946-cı ildən fəaliyyət göstərir. Rayon ərazisində mülkiyyətindən asılı olmayaraq bütün torpaqların suvarılması, kanalların, arxların, dren-kollektor və yığıcı kollektorların lil və bitki örtüyündən təmizlənməsi, hidrotexniki qurğuların saz saxlanması və istismarı, Qarqarçaydan və Xaçınçaydan gələn sel sularının, daşqınların maneəsiz örtülməsi işlərini biz həyata keçiririk.
Hazırda balansımızda (işğal zonasından kənarda) 365 kilometr suvarma kanalı və yaxud arxı, 27 kilometr dren-kollektor şəbəkəsi, 129 hidrotexniki qurğu, 4 suyığıcı göl, 11 kəhriz, 2 qaynama var. Quzanlı qəsəbəsi ərazisində "D-200-36" nasos stansiyasını və Ergi ərazisində yararsız hala düşmüş nasos stansiyaları da bizim tabeliyimizdədir. Maşın-mexanizmlərimiz və torpaqqazan texnikamız da var. Rayonda 29118 hektar sahənin 25567 hektarı Subartezian Quyularının İstismarı İdarəsinin su mənbələri ilə, 3551 hektarı isə Suvarma Sistemləri İdarəsinin su mənbələri hesabına suvarılır.
Bu il istehlakçılara 129739000 kubmetr su verilmişdir. Torpaqlar orta hesabla 3,4 dəfə suvarılmış və bol su nəticəsində məhsuldarlıq xeyli çox olmuşdur. Su mənbələrimiz olan Eşq-Abdal, Qarasu, Bino gölləri, Şəmsi, Xanəhməd, Göylən, Qarasu, Böyük Bino, Eşq-Abdal, Heyvalı, Çinarlı, Qozlu kəhrizləri və iki qaynama ilə 1451 hektar sahənin suvarılmasını həyata keçiririk. Yeni Quzanlı, nasos stansiyası isə 2 aqreqatdan ibarət olmaqla 100 hektar sahənin suvarılmasını təmin edir. Nasos stansiya 2,2 kilometrlik dəmir borudan və 13 hidrantdan ibarətdir. Göstərilən sahə yeni üsulla, qapalı şəbəkə vasitəsilə suvarılır.
Bu mövsümdə 97 hektarda pambıq, 9120 hektarda dənli bitkilər, 575 hektarda qarğıdalı, 3399 hektarda dirrik və bostan, 11900 hektarda yemlik bitkilər, 75 hektarda şəkər çuğunduru, 70 hektarda çoxillik bitkilər, 3772 hektarda həyətyanı sahə su ilə təmin olunmuşdur. Rayon üzrə 93933 hektar sahə suvarılmışdır. Eyni zamanda, 29118 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkilərinə bir neçə dəfə su verilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayı ərzində əkinlərə 2709000 kubmetr artıq su verilmişdir.
Ölkəmizin davamlı iqtisadi inkişafına nail olmasında qəbul edilmiş dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. 2009-2013-cü illərdə bölgələrin sosial-iqtisadi inkişafı və 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı dövlət proqramlarına əsasən, Ağdam rayonunda mühüm işlər aparılır. Atçılıq təsərrüfatı ərazisində qrunt sularının aşağı salınması üçün 371139 manatlıq iş görülmüşdür. Ergi ərazisində yararsız hala düşmüş nasos stansiyalarında 233295 manat dəyərində əsaslı təmir və bərpa işləri görülmüşdür. Uzun illər problem olan bu məsələ Ağdam Rayon İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC-nin ciddi səyi nəticəsində uğurla həll edilir.
2009-2013-cü illər ərzində rayonumuzda 80 subartezian quyusunun qazılması planlaşdırılmışdır. Bunun 51-i artıq istifadəyə verilmişdir. Bu il 20 subartezian quyusu, yararsız halda olan Quzanlı - 2 nasos stansiyası bərpa olunmuşdur. İçməli su üçün 1 subartezian quyusu qazılaraq təhvil verilmişdir.
Yeri gəlmişkən bir faktı diqqətinizə çatdırım ki, cəbhə bölgəsindən 3 kilometr kənarda yaşayış infrastrukturunun yaxşılaşdırılması və bərpası məqsədi ilə növbəti inkişaf proqramında rayonumuzda 56 subartezian quyusunun qazılması, nasos stansiyanın tikilməsi, Qarqar çayından sel suları gələrkən 3000 hektar sahənin suvarılması üçün hidrotexniki, suyığıcı, suötürücü qurğuların və kanalların tikilməsi öz əksini tapacaqdır.
Cari il yağıntıların çox olması, sel sularının həddindən artıq gəlməsi ilə əlaqədar Qarqar çayında rayon rəhbərliyinin yaxından köməkliyi ilə sel suları maneəsiz örtülmüş, lazımi tədbirlər həyata keçirilmişdir. 10 hektar əkinin, 4 hektar taxıl sahəsinin su altda qalmaması üçün 650 metr uzunluğunda bənd vurulmuşdur. Salyan, Sabirabad ərazisində baş vermiş fəlakət zamanı Subartezian Quyularının İstismarı İdarəsi ilə birlikdə rayonumuz adından iştirak etdik. Kür çayının sağ sahilində 4 kənd ərazisində 20 kilometr bəndin möhkəmləndirilməsində və qorunmasında əməyimiz oldu. Oraya 100-ə dək yük maşını blok və qaya daşları göndərdik.
Biz başa düşürük ki, rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı biz melioratorlardan da çox asılıdır. Ona görə işimizi bundan sonra da zamının tələbləri səviyyəsində quracağıq.
Allahverən Əliyev: - Doğrudan da rayonumuzda bolluq, rifah su ilə bağlıdır. Su təsərrüfatı işçiləri bu mühüm vəzifəni uğurla həyata keçirirlər. Meliorasiya və Su Təsərrüfatı ASC ilə düzgün əlaqələndirilmiş işimiz ümumi uğurlarımızı artırmağa kömək edir.
Yeri gəlmişkən, rayonumuzun əldə etdiyi sosial-iqtisadi uğurlar barədə də söz açmaq istəyirəm. Bu il də Rayonun sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış, ötən ilin birinci yarımili ilə müqayisədə artım tempinə nail olunmuşdur. Belə ki, rayon üzrə ümumi daxili məhsul buraxılışının həcmi 110 min manat artaraq 26 milyon 603,6 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 1012 min manat artaraq 18 milyon 155 min manat olmuşdur. Bu il 268 yeni iş yeri açılmış, 524 nəfər mövsümi işlərə cəlb edilmiş, 792 nəfər işlə təmin olunmuşdur.
Əhalinin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində 32 müxtəlif güclü transformator təmir edilmişdir. Hətta daxili imkanlar hesabına 110/35/10 kv-luq Xındırıstan yarımstanstansiyasında 25 MVA, 110/35/10 kv-luq Təzəkənd yarımstansiyasında 16 MVA gücündə transformatorlar cari təmir edilmişdir. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 2 ədəd 100 kva, 2 ədəd 160 kva, 1 ədəd 400 kva gücündə transformator alınmış və əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə Əhməddağalı kəndində, Quzanlı qəsəbəsində rayonun mərkəzi xəstəxanasının binasında işıqlandırılma şəbəkəsi quraşdırılmışdır.
2010-cu ilin I yarımilliyində rayonun Quzanlı, Qasımbəyli, İmanqulubəyli, Birinci Quzanlı qəsəbələrində, İmanqulubəyli, Eyvazlı, Çullu kəndlərində 5 mindən artıq yaşayış evinə təbii qaz verilməsi üçün qazlaşma başa çatmışdır. Qazlaşma üçün 80 min metr polietilen qaz kəməri çəkilmişdir. Əhmədağalı və Əfətli kəndlərinin qazlaşması davam etdirilir.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində fasilələrə yol verilməməsi, bu işin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə 2010-cu ilin birinci yarımilində 2150 metr su xətti çəkilmiş, 1150 metr xətdə təmir işləri aparılmışdır. 48 transformator, 141 su nasosu təmir edilmiş, 482,5 metr təzə boru xətti, 3 təzə transformator quraşdırılmışdır. Quzanlı qəsəbəsində 500 tonluq su anbarı inşa edilərək əhaliyə içməli su xətti çəkilmişdir.
Bu il rayonda aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzində saxlanılmışdır. Cari ilin məhsulu üçün 19120 hektar taxıl əkilmişdi. Bu, keçən illə müqayisədə 1607 hektar çoxdur. Bu il zəmilərdən 39 min ton taxıl yığıldı. Məhsuldarlıq həmişəki kimi yüksək oldu. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün kənd təsərrüfatı məhsulları istehsalı əsaslı şəkildə artıb. 1697 hektar tərəvəz, 423 hektar kartof, 2242 hektar təzə yonca, 142 hektar yem çuğunduru səpilmiş, suvarılmışdır. Hazırda bir sıra sahələrdə məhsul yığımı davam edir. Heyvandarlığın inkişafına da diqqət artırılmış, iri mal 31573 başa, qoyun və keçilər 99849 başa çatdırılmışdır. Nəticədə, ət istehsalı I yarımildə 1283 ton, süd 12034 ton, yumurta 4036 min ədəd olmuşdur.
Ağdamlılar həmişə olduğu kimi, bundan sonra da bütün sahələrdə işgüzarlıq nümayiş etdirəcək, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq proqramlarını tam həcmdə yerinə yetirəcəklər.
{nl}
Söhbəti çapa hazırladılar: Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.