Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə fəxr-fəxarətlə bildiririk ki, qlobal böhran dünyanı öz caynağına aldığı çətin bir zamanda ölkəmiz qarşıdan gələn Yeni ili uğurlu nəticələrlə qarşılayır. Bu uğurlar diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərir.
Qərbi Avropada milli dəyərlərimizi, qarşılaşdığımız problemlər barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq kimi uca bir missiyanı qarşısında məqsəd qoyan təşkilatlardan biri də Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətidir. Qərbi Avropanın bu ölkəsində yaşayan soydaşlarımızın durumu, təşkilatın fəaliyyəti və planları barədə cəmiyyətin sədri Səfər Sadiqi ilə söhbət apardıq.
— Səfər bəy, “Vətən” Cəmiyyəti barədə çox eşitmişik. Bu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.
— “Vətən” Cəmiyyəti 2007-ci ilin mart ayından fəaliyyətə başlayıb, Danimarkanın Hillerod şəhərində rəsmi qeydiyyatdan keçib. Cəmiyyətimizin fəaliyyətinin əsas məqsədi Danimarkada Azərbaycan barədə həqiqətlərin təbliğatını geniş səviyyədə aparmaqdır. Danimarkalılara Azərbaycan torpaqlarının işğalı, BMT-nin 4 qətnaməsinin işğalçı ermənilər tərəfindən yerinə yetirilməməsi, 1 milyon qaçqın və məcburi köçkünün öz ata-baba torpaqlarından qovulması və həmçinin xalqımızın tarixi, mədəniyyəti barədə məlumat verməkdir. Cəmiyyətimizin bu istiqamətdə fəaliyyəti www.vetencemiyyeti.com internet səhifəmizdə yerləşdirilib.
— Danimarkada olan azərbaycanlıların durumu, sosial vəziyyəti necədir ?
— Azərbaycanlılar Danimarka ictimaiyyətinə yüksək səviyyədə inteqrasiya olunublar. Bu yaxınlarda ilk azərbaycanlımız Danimarkada professor səviyyəsinə yüksəldi. Azərbaycanlılar arasında çoxlu həkim, müəllim, dizayner, rəssam və başqa sahələr üzrə iş adamlarımız fəalliyyət götərir. Gənclərimizin, demək olar ki, hamısı universitetlərdə və başqa təhsil müəssisələrində oxuyurlar. Danimarkada siyasi partiya sıralarında azərbaycanlılarımız təmsil olunurlar. Danimarka ictimaiyyətində Azərbaycanın və azərbaycanlıların sözü artıq eşidilməkdədir.
— Ümummilli məsələlərdə diasporumuz kütləvilik nümayiş etdirə bilirmi ?
— Ötən il Xocalı faciəsi Danimarkanın paytaxtı Kopenhagenin ən böyük meydanı “Rod hus pladsda ”bayraqlar və plakatlarla qeyd olundu. Danimarkalılara və şəhərin qonaqlarına Xocalı faciəsi ilə bağlı 600-dən çox buklet paylandı. Bundan başqa, Azərbaycanın daxili işlərinə qarışdıqlarına görə bəzi ölkələrin səfirliklərinin qarşısında etiraz mitinqi təşkil etdik. 2015-ci ildə “Xocalı faciəsini dünyaya tanıdaq” şüarı altında izdihamlı mitinq keçirməyi planlaşdırmışıq. Artıq mitinqin təşkilati işlərinə başlamışıq. Bu mitinqdə Kopenhagendə fəaliyyət göstərən türk, türkmən, uyğur cəmiyyətləri də bizə dəstək verəcəklər.
— Rəhbərlik etdiyiniz təşkilat konkret olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hansı tədbirləri keçirmişdir?
— Danimarkanın paytaxtında fəaliyyət göstərən “Azərbaycan evində” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyi ilə bağlı böyük tədbirimiz oldu. Tədbirdə həmrəylik günü ilə bağlı videolar, “Cırtdan” uşaq yaradıcılıq qrupunun rəqsləri, viktorinalar, Şaxta babanın gəlişi, uşaqlara hədiyyələr və başqa maraqlı proaqramlar təqdim edildi. Tədbirimizə Danimarkada yaşayan azərbaycanlıların hamısını dəvət etmişdik. Bu barədə sosial şəbəkələrdə də elan vermişdik.
— Ümumiyyətlə, Danimarka ictimaiyyətinin Azərbaycanla bağlı məlumatı, mövqeyi necədir?
— Çalışırıq ki, Azərbaycan həqiqətlərini geniş və yüksək səviyyədə təbliğ edək. Danimarka parlamentariləri nazir və digər dövlət məmurları ilə görüşlərdə, siyasi partiyaların iclaslarında, söhbətlər müzakirələr aparırıq. Demək olar ki, azərbaycanlıların hər biri öz iş yerində həqiqətlərimiz barədə qısa da olsa məlumat verir. Ümumiyyətlə, bu iş özünü azərbaycanlı sayan hər kəsin borcudur. Danimarka azərbaycanlıları olaraq biz bu məsuliyyəti yaxşı dərk edirik. Bundan başqa, “Eurovizion” mahnı müsabiqəsinin qalibi olmağımız, beynəlxalq forumların, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizi Danimarkada da xeyli tanıtmışdır.
— Sizcə erməni təbliğatını iflic vəziyyətə salmaq üçün nə etmək lazımdır?
— Bizim ən yaralı yerimizə toxundunuz. Təxminən 3 il bundan əvvələ qədər erməni diasporunun Danimarkada səsi belə çıxmırdı. Kopenhagen şəhərində ildə bir dəfə keçirilən İnteqrasiya günündə ermənilər heç vaxt iştirak etmirdilər. 2011-ci ildə Danimarkada erməni səfirliyi açıldı. Bu səfirliyin fəaliyyəti sayəsində ermənilər təşkilatlanmağa başladılar. Keçən il ermənilər öz bayraqları altında iştirak etdilər. Əlbəttə ki, biz də öz fəaliyyətimizi və təbliğatımızı heç nəyə baxmadan genişləndiririk. Lakin, əminliklə deyirəm ki, Avropa Birliyinin üzvü olan hər ölkədə səfirliyimizin açılması zəruridir. O cümlədən Danimarkada da. Bu ölkədə səfirliyimizin açılması diasporumuzun, burada yaşayan hər bir soydaşımızın arzusudur. Bu həm də diasporumuzun inkişafına təkan verəcək. Ümid edirəm tezliklə Azərbaycan dövləti Danimarkada yaşayan azərbaycanlıların bu arzusunu həyata keçirəcəkdir. Azərbaycanın haqq səsini Danimarkada təbliğ etmək üçün hər bir azərbaycanlı şübhəsiz ki, yorulmadan fəaliyyət göstərməlidir. Qürbətdə yaşayan hər bir soydaşımız doğma Vətənin təəssübünü çəkməlidir. Bu gün Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi bizim diasporun gələcək inkişafına ən böyük zəmanətdir. Bunu hər bir azərbaycanlı dərk etməlidir. Fürsətdən istifadə edib Azəraycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. İnşallah, 2015-ci ilin qədəmləri xalqımız üçün uğurlu olsun. Tezliklə işğalda olan torpaqlarımız azad olsun. Biz həmin günün həsrəti ilə yaşayırıq və əminik ki, o müqəddəs gün uzaqda deyil.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.