İndi dünyanın gözü bizdədir

Dünyada, bəlkə də, ikinci bir xalq yoxdur ki, Yeni ili həm də milli həmrəylik bayramı kimi qeyd etsin. Milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda mübarizə alovlarında Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasından 25 il əvvəl eyni adlı məfkurə günü, millət bayramı doğulmuşdur. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ən yeni tariximizdə müstəqil dövlətimizin əziz bayramlarından biri olmaqla yanaşı, həm də qonşu dövlərlərdə və dünyanın yaxın- uzaq ölkələrində yaşayan soydaşlarımızı Vətənə, Azərbaycan idealına qovuşduran  mənəvi  bağlantıdır.

Bu ikiqat bayram günündə xalqımızın ən uğurlu işləri, ən gözəl diləkləri, ən şirin duyğuları yada düşür, göz önünə gəlir. Artıq 23 ildir ki, xalqımız müstəqil dövlətini qurur- möhkəmləndirir. Bu müddətdə ümummilli lider Heydər Əliyevin yaratdığı möhkəm əsaslar üzərində Azərbaycan başqa dövlərlərin bir neçə əsrdə keçdiyi yolu çox böyük sürətlə aşıb dünya birliyində layiqli yerini tutub, Qafqaz regionunun lider ölkəsinə çevrilib. Son 11 ildə ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi yeniləşmə və tərəqqi xətti, dünya inkişafına fəal qoşulma siyasəti Azərbaycanı MDB məkanının öndə gedən ölkəsi səviyyəsinə çatdırmışdır.

 Son illərdə bir sıra Şərq ölkələrini qanlı münaqişələr xarabazara çevirsə də, Qərb dövlətlərini maliyyə- iqtisadi böhranlar ciddi sınaqlara çəksə də, bizdəki hərtərəfli sabitlik, üstəlik, miqyaslı  inkişaf və yüksələn rifah dünyanı heyran qoyur. Azərbaycan müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin üzvi qovuşduğu, dünyaya və tərəqqiyə açıq, bəşəri ideallara sadiq nadir geosiyasi, etnomədəni məkan kimi də dünyada diqqət mərkəzindədir. Zəmanəmizdə Azərbaycan xarici aləmin gündəmdə olan ideyalarını cəzb edən, qovuşduran, zənginləşdirib dünyanın özünə qaytaran multikultural məmləkət timsalıdır. İndi, necə deyərlər, dünyanın gözü bizdədir.

 Çoxəsrlik zəngin mədəniyyətimiz də xalqımızı dünyanın yetkin, sivil, xoşməramlı toplumu kimi tanıdır və sevdirir. Tarixi keçmişinin nadir və kamil nümunələrindən Qobustanın daş yaddaşı, İcərişəhərin bənzərsiz memarlıq kompleksi, ünlü  muğam və saz sənətimiz son illərdə bəşəri səciyyəsi ilə dünyada çox yüksək dəyərləndirilmiş, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri ilə Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Xarici ölkələrdə vaxtaşırı geniş sərgilənən incəsənət nümunələrimiz, ölkəmizdə düzənlənən davamlı beynəlxalq mədəniyyət məclisləri, genişlənən turizm şəbəkəsi dostlarımızı durmadan artırır, düşmənlərimizin yalan və böhtanlarını puç edir, məkrli niyyətlərini gözlərində qoyur.

Yola saldığımız 2014-cü il bu möhtəşəm tarixi uğurlarımızın zirvəsi olmaqla yanası, həm də yeni yüksəliş perspektivləri açan zaman kəsiyi oldu. Üzümüzə gələn yeni ildə siyasi- mədəni, sosial-iqtisadi uğurlarımızın artan templə davam edəcəyi heç kəsdə şübhə doğurmur. Artıq dünya ilə ayaqlaşa bilmək imkanlarımızın mötəbər təsdiqi kimi ciddi hazırlıq gördüyümüz, 2015-ci ilin mayında Bakıda keçiriləcək Avropa Oyunları beynəlxalq aləmin diqqətini iri miqyasda ölkəmizə yönəldəcək, həm də uğurlarımızın təntənəli nümayişinə çevriləcək.

Heydər Əliyev Fondunun himayəsi ilə keçiriləcək yeni beynəlxalq muğam festivalı və növbəti muğam telemüsabiqəsi milli musiqimizin inkişafına dövlət qayğısının yeni səhifəsi olacaq. Neçə-neçə belə məzmunlu mədəni layihənin gerçəkləşdirilməsi Azərbaycanın dünya şöhrətini yüksəldəcək. İnanırıq ki, sosial-iqtisadi uğurlarımızın yaratdığı üstün imkanlarla növbəti ildə də sənət sahələrinin uğurları artacaq, dəyərli sənətkarlarımızın xalqımıza xidməti yeni məzmun və formalarla zənginləşəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü müdrik siyasət yerdə qalan problemlərimizin həllini sürətləndirdiyi kimi, ən ağrılı bəlamız olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün də möhkəm əsaslar yaradır, itirilmiş torpaqlarımızın geri qaytarılmsını yaxınlaşdırır. Hər birimiz bilməliyik ki, ölkəmizdə hökm sürən sabitlik, gündən- günə artan iqtisadi-hərbi qüdrətimiz, möhkəmlənən  milli birlik və həmrəyliyimiz, dünyada yüksələn nüfuzumuz düşmənlərlə mübarizədə qələbəmizi təmin edən yetərli güc deməkdir. Buna görə də hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz yeni ildə də möhtərəm rəhbərimiz İlham Əliyevin həyata keçirdiyi kursun növbəti uğurlarına dəstəyimizi artırmalıyıq.

Sonda xalqımızı, dünyada yaşayan bütün soydaşlarımızı milli həmrəylik bayramımız və ömrümüzdə yeni səhifə açan Yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm. Həmişə xalqımıza və onun misilsiz müsiqi irsinə sevgi ilə dilləndirdiyim, məni şan- şöhrətə çatdırmış Ulu Tarımızın şirin sədaları ilə ata- analarımıza, qardaş- bacılarımıza xoş arzularımı ünvanlayıram. Qoy Yeni il ölkəmizə daha böyük quruculuq əzmi, yüksək rifah, soydaşlarımızın hər birinə xoş günlər gətirsin!

 

Ramiz QULİYEV,

Xalq artisti, Dövlət mükafatı laureatı, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında