Milli birliyimiz ümumi uğurlarımızın möhkəm təməlidir

Ömrümüzün daha bir ili tarixə qovuşdu. Təbii bir duyğu ilə hər ilqovuşanda həm dönüb geri baxırıq, həm də irəli boylanırıq. Bu məqam bizim üçün çox mənalı və əzizdir. Bir vaxtlar biz ilin sonunda məhkum olduğumuz tarixi aqibət çevrəsində düşünüb-daşınırdıqsa, artıq xalqımızın müstəqil dövlətini yaratmış 10 milyonluq kəsimi illərin hesabatını öz taleyinin sahibi kimi aparır.

Ən yeni tariximiz kimi dəyərləndirilən müstəqillik illərində sərhədlərimizin dirəndiyi dövlətlərdə və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mənəvi birliyi ideyası ürəklərdə özünə dərin kök salmışdır. Müstəqil Azərbaycan dövlətinin mövcudluğuna söykənən, insanlıq haqlarımıza qovuşmağı hədəfə alan bu milli birlik və həmrəylik idealı neçə illərdir ki, 50 milyonluq xalqımızı eyni amal, ortaq duyğu- düşüncələrlə bir araya gətirməkdədir. Bu müqəddəs məramın bəyan edildiyi 31 dekabr günü illəri ayırıb- birləşdirdiyi kimi, hər ilin sonunda tarixin amansız hökmü ilə bir- bindən ayrı düşmüş bacı- qardaşlarımızı da ruhən bir məcraya alır, qovuşdurur.

25 ildən bəridir ki, 50 milyonluq xalqımızı bitən ilin son günündə və başlayan ilin astanasında nəhəng bir bayram süfrəsi arxasına yığan, hamımızı arzu-istəklərdə ortaqlaşdıran 31 dekabr adlı ayrıca milli günümüz var. Dövlət müstəqilliyimiz və milli həmrəylik idealının gerçəkləşməsi tarixin son çərəyində Ulu Tanrının xalqımıza ən böyük lütfü–hədiyyəsidir. Soydaşlarımızın hamısının bir yerdə qeyd etdiyi, millətimizin şan-şərəfini ucaldan bu bayram hər il bizi bir az da ucaldır, bir-birimizə daha da yaxınlaşdırır. Yeni məfkurəvi mənası və yükü əvvəllər bizə xeyli dərəcədə yabançı görünən Qərb təqvimindəki illərin qovuşması məqamını xalqımız üçün tamamilə doğmalaşdırıb.

Ötən illərdə 31 dekabrda səsləndirdiyimiz arzuların bir çoxu artıq gerçəyə çevrilib. Elə istəklərimiz var ki, onların çin olmasına zaman lazımdır. Sevindirici haldır ki, xalqımızın ən böyük tarixi uğuru olan dövlət müstəqilliyimiz ildən-ilə möhkəmlənir. İqtisadiyyatımız yüksəlir, büdcəmiz artır. Sosial problemlərimiz azalır. Çoxəsrlik mədəniyyətimiz yeni yüksəlişini yaşayır. Azərbaycanda əhalinin güzəranı davamlı olaraq yüksəlir.  Millətimizin sayı hər yerdə durmadan çoxalır. Xalqımızın milli-etnik kimliyinin ifadəsi olan ana  dilimiz saflaşır, dinimizə sayğımız artır, imanımız kamilləşir.

 Bütün bunlar bir yerdə durub- dayanmamaq, daha layiqli mərtəbəyə yüksəlmək üçün bizdə yeni arzu- istəklərə qol-qanad verir. Mən yeni ildə soydaşlarımızda milli kimliyin təsdiqi üçün zəruri olan həqiqi qardaşlıq duyğularının daha da yüksəlməsini arzu edirəm. Mənim həmişə belə bir əqidəm olub ki, soydaşlarımın yaxşısı da — pisi də, dahisi də — məğmunu da, qəhrəmanı da — qorxağı da qardaşım, bacımdır. Biz bir-birimizə məhz belə nəzərlərlə baxsaq, əyər- əskiklərimiz daha tez islah olunar, ümumi tərəqqimiz artar. Hamı bir amala sarılsa, heç kəs kiməsə yük olmaz, quruculuq işləri misilsiz həddə çatar. Ümumi axından kənarda qalan, axarın əleyhinə üzən isə özünü də pis hala salır, xalqının qüvvəsini- qüdrətini də azaldır.

Bu əziz millət bayramının qayəsi odur ki, harada olsaq da millətimizin doğru-düzgün yoluna bağlı olaq, çəkici  zindana  bir vuraq. Birimizin sevincini gərək  hamının şadlığı kimi qeyd edək, hansısa soydaşımızın kədərinə hamımız şərik çıxaq. Ümummilli lider Heydər Əliyev bizi həmişə belə bir uca amalı gerçəkləşdirməyə çağırırdı. Ulu öndərin ideya və əməllərini böyük məharətlə davam etdirən Prezident İlham Əliyev isə  həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın birliyini, artan gücünü təcəssüm etdirir. Bu yol xalqımızı tarix boyu arzuladığı günlərə qovuşdurur. Uğurlarımız artdıqca məşəqqətli keçmişimizlə bağlı nisgilimiz də azalır.

İllərin qovuşuğunda, duyğularımızın ortaqlaşdığı bir gündə düşüncələrimi soydaşlarımla bölüşməklə, xalqımızın tarixi uğurlarına söykənən ümidlərimi, sabaha inamımı, ümumi nikbinliyimi də izhar etmək istəyirəm. İnanıram ki, qarşıdan gələn illərdə millətlər, dövlətlər yarışmasında dünya Azərbaycanın daha böyük uğurlarının şahidi olacaq. Kəm- kəsir işlərimiz ümumi səylərimizlə yoluna qoyulacaq. Ermənilərin özlərinə və bizə yaratdıqları bəla – Dağlıq Qarabağ davası da xalqımızın xoş məramı, dünyanın nicatı üçün məsul olan qüvvələrin köməyi ilə sona yetəcək.

Bu əziz gündə bütün soydaşlarıma, ayrılığın acılığını yaşamış bir söz adamı olaraq, doğma-yaxınları ilə bir yerdə olmağı, xalqımıza isə getdikcə önəmi artan milli birlik və həmrəylik arzulayıram. Qoy yeni ildə hər bir azərbaycanlı cansağlığının, könülxoşluğunun şirinliyini axıracan dadsın. Hər birimizin xoş sorağını eşidib taledən məmnun qalaq. Qoy hər birimizin fərdi və ailə səadətini xalqımızın ümumi firavanlığı tamamlasın!

 

Söhrab TAHİR,

Xalq şairi,

Prezidentin fərdi  təqaüdçüsü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında