- İzzət müəllim, son dövrlər Azərbaycanda baş verən sosial dəyişiklikləri azərbaycançılıq ideyası kontekstində necə dəyərləndirmək olar? Bu sualı sizə ünvanlamaqda məqsədimiz həm bir filosof kimi, həm də uzun müddət dövlət qulluğunda olan - Azərbaycan Respublikasının müstəqillik dövrünün ilk illərində Baş nazirin müavini kimi yüksək dövlət vəzifəsində çalışan xadim kimi fikirlərinizi öyrənməkdir.
- Azərbaycandan söz açmaq, onunla bağlı elmi araşdırmalar aparmaq insanda xüsusi qürur hissi doğurur, eyni zamanda, onun qarşısında böyük məsuliyyət qoyur. Azərbaycanımız, onun tərixi, mədəniyyəti haqqında düzgün, obyektiv yazılarla yanaşı xeyli dərəcədə təhriflər, yad fikirlər, uydurma düşüncələr də mövcud olmuşdur.
Məqsədimiz müasir, müstəqil, suveren Azərbaycanımızda baş verən möhtəşəm sosial dəyişikliklərdən bəhs etmək, oxucularımızda aydın təsəvvür yaratmaqdır. Lakin bununla belə ölkəmizin, Azərbaycan adlı vətənimizin, “Odlar yurdu”nun keçmişinə az da olsa, nəzər salmaq yerinə düşərdi. Çox düzgün deyiblər ki, keçmişini yaxşı bilməyən öz gələcəyini qura bilməz. Müasir oxucularımız, cəmiyyətimizin çox mühüm bir hissəsini təşkil edən gənclərimiz aydın dərk etməlidirlər ki, Azərbaycanımız böyük tarixi keçmişə, qüdrətli dövlətçilik təcrübəsinə, bütün dünyada tanınan dövlət xadimlərinə, dahi sərkərdələrə, ulu mədəniyyətə malik olan bir vətənin qanuni davamıdır, övladıdır. Bu cəhətdən böyük Şah İsmayıl Xətaini, qüdrətli Nadir şahı, Azərbaycan xanlıqlarını bir dövlət halında birləşdirməyə çalışmış Fətəli xanı yada salmamaq olarmı? Müasir gənclərimiz, tələbələrimiz yaxşı bilməlidirlər ki, Azərbaycan böyük filosof Bəhmənyarın, dahi Nizaminin, Nəsiminin, Tusinin, Füzulinin vətənidir. Bu böyük sərvəti mənimsəmək, onu dərindən dərk etmək hamımızın borcudur.
- Azərbaycançılıq ideyası prizmasından müstəqil Azərbaycanda təkamül yolu ilə hansı sosial dəyişikliklər baş verməkdədir?
— Azərbaycanımızın inkişafının bu mərhələsini Heydər Əliyev epoxası adlandırmaq olar. Ölkəmizin inkişafının bütün sahələrində baş verən köklü dəyişikliklər, siyasi proseslər, beynəlxalq əlaqələr və diplomatik uğurlar, birinci növbədə, ulu öndərimiz, qüdrətli dövlət xadimi və xarizmatik şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər müstəqil Azərbaycanımızın sonrakı taleyini özünün sevimli oğlu, bütün regional və beynəlxalq reytinqlərdə ən yüksək qiymət almış indiki Prezidentimiz İlham Əliyevə etibar etmişdir.
Heydər Əliyev böyük siyasətçi və nadir dövlət xadimi kimi istər Azərbaycanın, istərsə də bütün keçmiş Sovet İttifaqının taleyində bilavasitə iştirak etmişdir. O, Azərbaycan SSR-in təhlükəsizlik orqanlarında ən yüksək rəhbər vəzifə tutmuş, ölkədə gedən proseslərə çox dərindən nüfuz etmiş görkəmli bir dövlət xadimi olaraq Azərbaycan KP MK-nın birinci katibi kimi çox məsuliyyətli və taleyüklü bir vəzifəyə gətirildi. Bu, 1969-cu ilin iyul ayında baş verdi. Heydər Əliyev respublikanın partiya rəhbərliyinə gələrkən, Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində, elm və təhsil sahəsində vəziyyət o qədər də ürəkaçan deyildi.
İnkişafda durğunluq, elmdə, təhsildə süstlük hökm sürürdü. Heydər Əliyevin rəhbərliyə gəlməsi Azərbaycanımızın, demək olar ki, inkişafın bütün sahələrində tərəqqi və çiçəklənmə yoluna keçməsinin başlanğıcı oldu. İqtisadi inkişaf baxımından Azərbaycan İttifaqda ön mövqelərə çıxdı. elm, təhsil və mədəni quruculuq sahəsində ölkəmiz böyük uğurlara sahib oldu. Dəfələrlə Azərbaycana rəsmi səfərlərə gəlmiş, Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev ölkəmizdə olarkən aforizmə çevrilmiş aşağıdakı sözləri söyləmişdi: “Azərbaycan iri addımlarla addımlayır”. Bu, tamamilə həqiqət idi. Respublikamız çox irəli getmişdi, çox böyük uğurlara imza atılmışdı, partiya və siyasi idarəçilik ən optimal mövqelərə çıxmışdı.
- İzzət müəllim, məhz dediklərinizin məntiqi nəticəsi olaraq, sonradan Heydər Əliyev Sovet İttifaqının dövlət və hökumət strukturunda ən yüksək vəzifəyə irəli çəkildi.
- Respublikamızın inkişafında və partiya rəhbərliyində baş vermiş, mən deyərdim, “ciddi dəyişikliklər” Sovet İttifaqının rəhbərliyindəki sağlam qüvvələrin H.Əliyevin şəxsiyyətinə, onun siyasi və dövlət rəhbərliyi sahəsində nail olduğu uğurlara daha diqqətlə yanaşmasına səbəb olmuşdu. Məhz bunun sayəsində Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun əvvəl üzvlüyünə namizəd, sonra isə üzvü seçildi. Bizim üçün sonsuz fəxr mənbəyidir ki, Heydər Əliyev xeyli müddət SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdı, çox güclü və qüdrətli rəhbər kimi tanındı, dünya miqyasında nüfuz sahibi, böyük şəxsiyyət kimi şöhrət qazandı.
Çox təəssüf ki, ittifaqda dostlarımızla yanaşı, uğurlarımızı ürəyi götürməyən bədxahlarımız da meydana gəlmişdi. Digər tərəfdən də, Heydər Əliyevdən sonra respublikamızın partiya rəhbərliyinə gələnlər ulu öndərin siyasi və strateji xəttini davam etdirə bilmədilər, ölkəmizin iqtisadi inkişafında müəyyən durğunluq yarandı. Sovet İttifaqının rəhbərliyində yer almış bədxah qüvvələrin bədnam səyləri, ona qarşı gizli və açıq təqiblər başlandı.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olmadığı və Sovet İttifaqının rəhbərliyində yüksək vəzifədə çalışdığı vaxtlarda respublikamızda hansı hadisələr cərəyan etdiyinə çox qısa şəkildə diqqət yetirək. Bu cəhətdən bir neçə məqam önə keçir. Əvvəla, keçmiş Sovet İttifaqının gələcək süqutundan xəbər verən hadisələr baş verirdi. İkincisi, Azərbaycanda siyasi rəhbərlik respublikanı lazımi səviyyədə idarə edə bilmirdi. Respublikanın inkişafında geriləmə meylləri güclənməkdə idi. Üçüncüsü, ölkəmizin əhalisində, o cümlədən gənclərimizdə milli mənlik şüuru xüsusi vüsət alır, milli müstəqillik uğrunda meydan hərəkatı güclənirdi. Belə bir şəraitdə Ermənistan, xüsusilə də Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Qarabağda qan töküldü, təxribatçı qüvvələr Sumqayıt şəhərində qanlı hadisə törətdilər. Azərbaycanın vətənpərvər qüvvələri ərazimizin müdafiəsinə qalxdılar, qəhrəmanlıq şücaəti göstərdilər. Lakin bununla belə torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olundu, təcavüzkar ölkə olan Ermənistanın parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə mənfur bir qərar çıxardı. Bir qədər sonra Bakıda 20 Yanvar faciəsi törədildi. Bununla belə Azərbaycanın mütərəqqi qüvvələri mübarizəni davam etdirir, müstəqillik uğrunda mübarizə aparırdılar.
Nəhayət, 1991-ci ildə Azərbaycanın müstəqilliyi elan olundu. Fikirləşmək olardı ki, respublikada işlər qaydasına düşəcək. Az keçməmiş, Azərbaycanda separatçı qüvvələr baş qaldırdılar; Azərbaycanı bölgələrə parçalamaq səyləri, hətta qan tökməklə, respublikamızın mövcudluğunu təhlükə altına aldılar.
Belə bir vəziyyətdə Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gətirildi. Əvvəl Respublika Ali Sovetinin Sədri, sonra da ölkəmizin Prezidenti olaraq Azərbaycanda bir-birinə çulğalaşmış çoxlu sayda siyasi, iqtisadi problemlərin həlli vəzifəsini öz üzərinə götürdü. 1993-cü ilin 15 iyunu tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyev siyasi rəhbərlik sahəsindəki zəngin təcrübəsindən istifadə edərək ölkəni xaos vəziyyətindən nizama doğru yönəldə bildi. Azərbaycanın daxilində baş verməkdə olan təxribatların, dövlət çevrilişi səylərinin qarşısı qətiyyətlə alındı.
İşğalçı Ermənistanla atəşkəs elan olundu, dinc inkişaf üçün şərait yaradıldı, respublikamızın siyasi təhlükəsizliyi sahəsində kəsərli tədbirlər həyata keçirildi. Müstəqil, suveren, hüquqi dövlətimiz yaradıldı, onun mövcudluğu günümüzün reallığına və həqiqətinə çevrildi. İnkişafımızdakı uğurlar və gələcək inkişaf perspektivlərimiz Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu-səsverməsi yolu ilə qəbul olunmuş Ali qanununda - Konstitusiyasında təsbit olundu. Bu, həmçinin Heydər Əliyev yaradıcılığının və titanik fəaliyyətinin ali, parlaq bəhrəsi idi.
- Totalitar rejimdən müstəqilliyə keçid dövrünün xüsusiyyətlərini necə səciyyələndirirsiniz?
- Əlbəttə, uzun illər ərzində rəhbər tutduğumuz bir sıra ideoloji-metodoloji postulatları kənara qoyaraq, istər dünya miqyasında, istərsə də doğma Azərbaycanımızda bütün komponentləri və atributları ilə götürülmüş inkişafımızın hansı metodologiya və paradiqmalara uyğun olaraq getdiyini oxucuların diqqətinə çatdırmağa çalışmalıyıq. Hər şeydən əvvəl, söyləməliyik ki, qurulmaqda olan yeni cəmiyyətimizin istehsal üsulunda, onun məhsuldar qüvvələrində və istehsal münasibətlərində, bütövlükdə ictimai münasibətlərində köklü nə baş verir. Diqqətli oxucularımıza artıq məlumdur ki, 70 il müddətində ictimai mülkiyyət üzərində qərar tutmuş bir cəmiyyətdə yaşamışıq, beynimizdə ən mükəmməl cəmiyyət hesab edilən “kommunizm” xülyası ilə özümüzü aldatmışıq. Tarixin gedişi və hadisələrin sərt dönəmi artıq sübut etdi ki, ictimai mülkiyyətə əsaslanan istehsal münasibətləri qurulacaq yeni cəmiyyət üçün yararsızdır.
Dahi şəxsiyyət, yeni quruculuq fəlsəfəsinin banisi Heydər Əliyev gərgin siyasi bir şəraitdə, hələ də xaosun və dalğalı ictimai-siyasi proseslərin davam etdiyi bir dövrdə yeni inkişaf strategiyasını irəli sürdü, onun fəlsəfi-sosioloji mahiyyətinin, anlamının yeni düsturunu verdi. Heydər Əliyev siyasətinin əsas konsepti bundan ibarətdir ki, cəmiyyətimiz öz inkişafında keçid - transformasiya mərhələsinə qədəm qoyur. Bu mərhələnin isə başlıca devizi - şüarı xüsusi mülkiyyətə, xüsusi marağa əsaslanan münasibətlərə, bazar iqtisadiyyatına keçmək idi. Bu nə qədər də çətin idi! Axı uzun müddət idi ki, ictimai mülkiyyətə söykənən kolxoz, sovxoz quruluşuna öyrənmişdik.
Böyük qurucu Heydər Əliyev özünün uzaqgörənliyi və zəkası sayəsində bunun da planını cızdı. Bu da kolxoz-sovxoz mülkiyyətinin özəlləşdirilməsindən ibarət idi. Respublikamızda buna cavabdeh olan nazirliklər, dövlət komitələri yaradıldı, mülkiyyət formalarının müxtəlifliyi haqqında hüquqi sənədlər, lazımi elmi müddəalar işlənib hazırlandı. Özəlləşdirmə proqramı özünün əsas istiqamətləri ilə uğurla başa çatdı. Cəmiyyətimizin sosial strukturunda ciddi dəyişikliklər baş verdi. Dünənə qədər qəbul etmədiyimiz yeni sosial təbəqələr meydana gəldi, sahibkar, biznesmen, fermer, orta sinif kimi anlayışlar vətəndaşlıq hüququ qazandı, elmi dövrəyə daxil edildi. Ölkənin ali rəhbərliyi Azərbaycanda sahibkarlığın uğurla inkişaf etdirilməsi üçün ciddi tədbirlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verdi və onların reallaşmasını öz nəzarətinə götürdü.
Ölkəmizin iqtisadi inkişafının digər təyinedici şərtlərinə də yığcam şəkildə nəzər salaq. Etiraf etməliyik ki, keçid dövründə beynəlxalq aləmlə, dünya dövlətləri ilə əlaqələrimiz, ilk növbədə, iqtisadi məsələlərdə əməkdaşlığımız hələ tam qaydasına düşməmişdi, ölkə iqtisadiyyatına xarici investisiya-kapital qoyuluşu mövcud tələbərə cavab vermirdi. Belə bir şəraitdə Heydər Əliyev zəkası, uzaqgörənliyi ən optimal həll yolunu irəli sürdü. Bu da 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin bağlanması idi.
Həqiqətən, bu müqavilə dünyanın aparıcı dövlətlərinin Azərbaycanla neft istehsalı sahəsində ciddi əməkdaşlıq etmək niyyətlərinin məhəng daşı, dönüş nöqtəsi idi. Bundan sonra xarici ölkələrin respublikamızda şirkət və konsorsiumları fəaliyyətə başladı. Azərbaycana kapital qoyuluşu durmadan artırdı. Dünyanın iş adamları Azərbaycana axışıb gəldi və əmin olundu ki, Azərbaycan zəngin təbii sərvətlərə, birinci növbədə neft ehtiyatlarına malik bir ölkədir. Dünya dövlətlərinin prezidentləri, iş adamları get-gedə daha artıq dərəcədə inanmağa başladılar ki, Azərbaycan, onun Heydər Əliyev şəxsində ali rəhbərliyi öz proqnozlarını coşqun bir xəyal, istək üzərində deyil, real həyat faktları üzərində qurur.
Xəzər dənizinin ağuşunda “Çıraq” neft platformasının meydanında Heydər Əliyevin və İlham Əliyevin də iştirak etdiyi xarici qonaqlardan ibarət bir izdiham toplaşmışdı. Üzlərə sevinc, təbəssüm, həm də təəccüb hissi qonmuşdu. İlk neft fontan vurmuşdu. Heydər Əliyev, qonaqlar neftlə üzlərini yuyurdular. Bəli, bu, böyük qələbə idi, Heydər Əliyevin neft strategiyasının əzəmətli uğuru idi. Bu problemi geniş təhlil etmək məqsədimiz olmadığından qısaca qeyd edə bilərik ki, Azərbaycanın neft gəlirlərinin get-gedə artması sayəsində ölkəmizin iqtisadiyyatının bütün digər sahələrinin inkişafı üçün, həmçinin sosial inkişaf, mədəniyyət, elm, təhsil sahələri üçün böyük imkanlar əldə edildi, büdcəmiz getdikcə artmağa başladı.
Azərbaycanda uğurla baş verən, normal axınla gedən sosial dəyişikliklər sistemində regionların inkişafı mühüm yer tutur. Bir qədər əvvələ qayıdaraq deyə bilərik ki, Azərbaycan rəhbərliyi ölkəmizdə iqtisadi inkişafa bir sistem kimi baxır, neft sənayesi ilə yanaşı, bütün digər sahələrə ciddi əhəmiyyət verir. Buna nümunə olaraq regionların inkişaf etdirilməsi sahəsində qazanılmış böyük uğurları göstərmək olar. Bəlkə də bunu xüsusi sübut etməyə o qədər ehtiyac da yoxdur. Artıq günümüzün reallığıdır ki, ulu öndərimiz Heydər Əliyev kursunun, parlaq daxili və xarici siyasətinin istedadlı davamçısı, hazırkı Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində qısa müddətdə böyük quruculuq və abadlıq işləri aparılmış, “Ağ şəhər” planı uğurla, özü də intensiv şəkildə həyata keçirilir, eyni zamanda respublikamızın aparıcı şəhərləri olan Gəncədə, Sumqayıtda, Şəmkirdə iqtisadi, sosial və mədəni inkişaf sahəsində böyük müvəffəqiyyət qazanılmışdır. Respublikamızda olimpiya hərəkatı xüsusi vüsət alıb. İndi Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə müasir dünyada liderdir. Sosial inkişaf sahəsində də əhəmiyyətli uğurlarımız vardır.
Heydər Əliyev fondunun köməkliyi ilə istər respublikamızda, istərsə də xaricdə böyük işlər görülmüş, Azərbaycanı dünyaya tanıtmaq baxımından xüsusi tədbirlər həyata keçirilmişdir. Azərbaycanın beynəlxalq əlaqələri olduqca inkişaf etmişdir. İndi Azərbaycanın dünyanın aparıcı ölkələri arasında öz mövqeyini, təhlükəsizliyini qətiyyətlə qorumağa qadir olan, erməni işğalı altında olan torpaqlarımızı azad etməyə hazır olan ordusu var.
- Azərbaycançılıq ideyasını və onun davamlı inkişafını dünya ədəbiyyatı kontekstində necə qiymətləndirirsiniz?
- Bir sıra yekun mülahizələrimi söyləməklə şərhimizi tamamlamaq istərdim. Nəzərə çatdırmaq istərdik ki, hörmətli Prezidentimiz İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90-cı ildönümü tədbirlərində iştirak edərkən bəyan etmişdir ki, ölkəmizdə iqtisadi inkişaf sahəsində keçid mərhələsi başa çatmışdır; hazırda əsas vəzifə iqtisadi kapitalı, neft kapitalını insan kapitalına çevirməkdir. Bu, Prezidentimizin böyük siyasi və elmi əhəmiyyəti olan bəyanatı idi. Respublikamızın elmi ictimaiyyəti, o cümlədən filosoflarımız və sosioloqlarımız Prezidentimizin bu elmi bəyanatını əsas tutaraq insan kapitalı probleminin tədqiqi, təbliği sahəsində xeyli iş görmüş, insan kapitalı mövzusuna dair dissertasiyalar müdafiə edilmişdir.
Nəzərə çatdırmaq istəyirəm ki, Prezidentimizin bu çağırışı ilə əlaqədar hələ ciddi elmi-tədqiqat işləri aparılmalı, insan kapitalı, sosial kapital, intellektual kapital anlayışlarının bütün daxili məzmunu, mahiyyəti hərtərəfli açılmalı, oxucuların diqqətinə çatdırılmalıdır. “İnsan kapitalı”, “Sosial kapital” anlayışları barədə görkəmli amerikalı alim, sosioloq Frensis Fukuyamanın “Etibar” əsərindən bir neçə parçanı diqqətə çatdırmaq istərdim. F.Fukuyama “sosial kapital”ın defisit təşkil etdiyindən və onun əhəmiyyətindən bəhs edərkən yazırdı: “Sosial kapital ümumi məqsədin həyata keçirilməsi naminə insanların bir kollektivdə birlikdə işləmək qabiliyyətidir”. Fukuyama insan kapitalının nə olmasından və onun “sosial kapitalla” əlaqəsindən bəhs edərkən yenə də yazırdı: “İnsan kapitalı həmçinin insanların bir-biri ilə nə isə müəyyən ümumilik təşkil etmək qabiliyyətindən ibarətdir, belə ki, insan kapitalının bu hissəsinin nəinki təsərrüfat həyatı üçün, eyni zamanda birbaşa bütövlükdə ”sosial həyatın” hər bir aspekti üçün prinsipial əhəmiyyəti vardır”.
Əlavə olaraq göstərə bilərik ki, sosial kapital cəmiyyətin birliyinin-konsolidasiyasının, cəmiyyət üzvlərinin hazırda Azərbaycan cəmiyyətimizin gələcək səadəti, rifahı naminə birgə, həvəslə, eyni məramla çalışmaq əzminin yüksək ifadəsi, gösətiricisidir. Bu həmçinin onun ifadəsidir ki, hazırda xaosdan nizama doğru, statik, pərakəndə fəaliyyətdən dinamik qanunauyğunluğa, yekdil fəaliyyətə doğru ciddi addım atılmışdır. Həmçinin bunun sayəsindədir ki, Azərbaycan özünün davamlı inkişafını uğurla həyata keçirməkdədir.
Müasir Azərbaycan cəmiyyətində baş verən sosial dəyişikliklərin, bütövlükdə sosial həyatın digər komponentlərinə də qısaca nəzər salaq. Bu komponentlərdən ən mühüm ölkəmizdə informasiya texnologiyalarının intensiv inkişaf etməsi, informasiya cəmiyyətinin formalaşması, informasiyanın bazar iqtisadiyyatına uyğun olaraq əmtəə dəyəri kəsb etməsidir, müasir şəraitdə “elektron hökumət”in yaranmasıdır, asan xidmət konsepsiyasının bu günümüzün sosial reallığına dəyərli vəsiqə almasıdır.
Azərbaycanın süni peyki - Azerspace-1 orbitə çıxarılmışdır. Tam əminik ki, yeni belə bir informasiya peyki orbitə uğurla çıxarılacaqdır. Fəxrlə deyə bilərik ki, indi Azərbaycan öz süni peykinin imkanlarından ciddi surətdə faydalanır. Azərbaycan həmişə elm və texnikanın ən yeni nailiyyətlərindən faydalanmağa can atır, dinamik inkişaf yolu ilə yeni zirvələrə doğru addımlayır.
Müsahibəni qələmə aldı:
Akif ƏHMƏDGİL
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.