Bu gün Azərbaycan diasporu özünün ən yüksək inkişaf dövrlərindən birini yaşayır. Vaxtilə Sovetlər İttifaqı tərkibində olarkən Azərbaycan diasporu ifadəsi, demək olar ki, işlənmirdi. Çünki, ölkədən xaricə çıxış məhdudlaşdırılmışdı, müstəqil xarici siyasət yürütmək imkansız idi. Azərbaycan diasporunun əksəriyyətini ya İran İslam Respublikasının Azərbaycan vilayətlərindən gedən soydaşlarımız, az bir qismini isə Xalq Cümhuriyyəti dövründə ölkədən mühacirət etmiş azərbaycanlıların ailə üzvləri təşkil edirdi. Lakin hazırda dünyanın əksər ölkələrində kifayət qədər azərbaycanlı yaşayır ki, onlar Vətənimizi xaricdə layiqincə təmsil edirlər. Bunlardan biri də Almaniyadakı diasporumuzun fəal üzvü Şəfəq Azərdir.
Şəfəq Azər 1976-cı ildə Tovuz rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və ibtidai təhsilin metodikası fakültəsini, 2003-cü ildə Almaniyada ixtisasartırma kursunu bitirmişdir. 1990-cı ildən müxtəlif qəzet və jurnallarda, televiziya proqramlarında müntəzəm çıxışlar edir. Yazıları Azərbaycan, Türkiyə, Almaniya və İngiltərənin müxtəlif elmi-kütləvi qəzet və jurnallarında dərc olunmuşdur. Bir sıra kitabların müəllifidir. 2013-cü ildə Almaniyada Mədəniyyətə, idmana xidmət medalı (Hötzüm, Almaniya) və elə həmin ildə Türk Dünyasına xidmət medalı ilə təltif olunmuşdur. Dünya Türk Yazarlar Birliyinin və tanınmış “Fikir, Sənət və Ədəbiyyatda TÖRƏ” dərgisinin Almaniya təmsilçisidir.
— Şəfəq xanım, hazırda Almaniyadakı fəaliyyətiniz əsasən hansı istiqamətləri əhatə edir?
— Əvvəlcə, sizə və “Xalq qəzeti”nin bütün əməkdaşlarına bu müsahibə üçün təşəkkürümü bildirirəm. Eyni zamanda, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir və millətimizə xoş günlər, hər kəsə öz işində əzmlə, fədakarlıqla işləmək arzu edir və bütün xalqımıza əsl həmrəy olmağı arzulayıram.
Sualınıza gəldikdə isə, mən Almaniyada konkret olaraq fəaliyyətimi belə bölərdim: elmi-pedaqoji, bədii yaradıcılıq, diaspor xətti ilə və fərdi şəkildə bütün türkdilli millətlərin mədəniyyətini, ədəbiyyatını və tarixini təbliğ etmək. Bir sözlə, məqsədimiz Vətənimizin, xalqımızın dəyərlərini qürbət ölkədə təbliğ etməkdir.
Hazırda Almaniyada elmi - pedaqoji fəaliyyətimi genişləndirirəm. Artıq bir neçə aydır ki, altı aylıq ixtisasartırma kursunu da dövlət hesabına uğurla başa vurdum. Rəsmi olaraq Almaniyanın ali məktəblərində və dövlət orqanlarında işləmək və seminar rəhbəri olmaq hüququna yiyələndim. Almaniyada xaricdə təhsil alıb gəlmiş insanlara böyük dəyər verilir. Pedaqoji sahə ilə bərabər ictimai fəaliyyətlə də məşğulam. Yaşadığım ərazinin Mədəniyyət Mərkəzinin üzvü olmaqla yanaşı, ailəliklə həm də İdman mərkəzinin üzvüyük. Oğlum isə yanğınsöndürmə dəstəsinin fəal üzvüdür. Bu bizi bir azərbaycanlı kimi daha çox tanıdır, yerli əhalinin diqqətini çəkir. Onlar tək bizi deyil, Azərbaycanı da yaxından tanımağa həvəslənirlər. Hər kəs bizim mədəniyyətimizlə maraqlanır, adət-ənənələrimizi öyrənir.
— Bəs elmi-bədii işlə yanaşı, diaspor fəaliyyəti ilə məşğul olmaq çətin deyilmi?
— Əgər insan bir işdən zövq alırsa, yorulmaz, məncə. Əlbəttə, mənim də yorulduğum zamanlar olur, amma Allaha şükürlər olsun, ailəm, həyat yoldaşım və uşaqlarım yardım edirlər. Diaspor fəaliyyəti hər birimizin qəlbində olmalıdır. 2013-cü ilin mart ayında Londonda dərc olunan “Odlar Yurdu” qəzetindəki müsahibəmdə buna geniş yer vermişəm. Diaspor fəaliyyəti hər bir şəxsin evində, ailəsində formalaşmalıdır. Çətinlik və vaxt azlığı həmişə olur. Belə çətinliklərdən qorxmur və işimə həvəslə davam edirəm. 2014-cü ildə bədii yaradıcılığıma bir qədər fasilə verdim. Çünki elmi və pedaqoji fəaliyyətim daha çox vaxt apardı.
Almaniya Kansleri Angela Merkelin birbaşa maliyyələşdirdiyi “İstedadlılar axtarışında” layihəsi uzun çalışmalar, gərgin əmək, yorğun həftələr hesabına sona çatdı. Bu layihənin sona çatdığı ana qədər gərginlik keçirdim. Çünki bu layihədə ilk azərbaycanlı müəllim idim.
— Almaniyada azərbaycanlıların sayı az deyil. Əlavə olaraq, qardaş Türkiyənin böyük diasporunu da üstünə gəlsək, nüfuzlu sosial baza ortaya çıxır. Necə fikirləşirsiniz, bu böyük say üstünlüyü ciddi ictimai-siyasi nüfuza çevrilə bilirmi?
— Almaniyada azərbaycanlıların sayı artır, amma mənim yaşadığım şəhərdə həmvətənlərimiz azdır. Onların da bir çoxu müəyyən müddətdən sonra Azərbaycana qayıdır və yaxud da başqa yerlərə köçür. Bəziləri isə bir-biri ilə ünsiyyət qurmur, inamsızlıq və ümidsizliyə qapılırlar. Fəaliyyətim də məhz belə azərbaycanlılarımızı bir araya gətirmək, onları birliyə, yaxınlaşmağa dəvət etmək və ən əsası da Vətənimizi, xalqımızı tanıtmaqdır. Amma Türkiyədən gəlmiş insanlar toplu şəkildə yaşamağı, diaspor şəklində birləşməyi bacarırlar. Onlardan öyrənəcəyimiz çox şey var. Onlarla birləşsək, əlbəttə, böyük qüvvə ortaya çıxara bilərik. Amma onların da içində başqa millətlər, ermənilər, rumlar, şovinist türk düşmənləri barədə o qədər eşitmişik ki, bu bizdə müəyyən qədər ruh düşkünlüyü yaradır. Şəxsən özüm dəfələrlə rast gəlmişəm. Saf və təmiz türklərdən ibarət qruplara imkan vermirlər ki, “azərbaycanlı mənim qardaşımdır” — desinlər. Doğrusu, milli birliyimiz sahəsində çox işlər görə bilərik, sadəcə bəzi layihələri həyata keçirməyə tək mənəvi cəhətdən yox, həm də maddi cəhətdən hazırlıqlı olmaq lazımdır. Təəssüf ki, bəzən maddi resursların tələb olunan səviyyədə olmaması ucbatından millətimiz üçün xeyirli bir sıra layihələrə start verə bilmirik. Azərbaycan diasporunun gücünü tək Almaniyada deyil, bütün dünyada göstərmək lazımdır. Türkiyə diasporu artıq kifayət qədər tanınır. Təcrübələrimdən deyə bilərəm ki, biz hələ ki, ilk öncə öz diasporumuzu gücləndirməliyik və bu işdə çox ehtiyatlı olmalıyıq. Türk diasporlarında sənəddə türk, amma əməldə isə ermənilər çoxdur. Baxın bunları öncədən əngəlləmək lazımdır. Ancaq söz qəhrəmanları ilə deyil, əsl vətənpərvər, işini bilən, millətini sevən insanlarla bu işləri həyata keçirməliyik!
— Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu günün qürbətdə əhəmiyyətini necə görürsünüz?
— Bunun xaricdə böyüyən gələcək nəsil üçün əhəmiyyəti daha böyükdür, həm də orada yaşayan azərbaycanlıların unudulmamasını onlara hiss etdirməkdir. Həmrəylik günü bizi bir-birimizə yaxınlaşdırır, həmçinin milli kimliyimizi, məsuliyyətimizi artırır. Həmrəylik günü fərdi şəkildə deyil, toplum şəklində yaşamaq eşqimizə güc verir. Biz azərbaycanlı kimi bir-birimizə sahiblənməli, ehtiyacı olanlara yardım etməliyik. Umu-küsülər aradan qalxmalı, yad bir məmləkətdə millətimizi əcnəbilərə möhtac etməməliyik. Bu işlərdə başımız çox bəlalar çəkib, şəxsən mən bu yolu davam etdirməkdə israrlıyam, nə etmişəmsə, Allah və Vətən yolunda etmişəm və edəcəyəm də. İstər qarşımdakı insan bunu anlasın, yaxud anlamasın. Bir çoxları bunu sonradan dərk edirsə, bu mənə yetər. Toplumdan ayrı düşənlər itib-batır, yox olma təhlükəsi ilə üz-üzə qalırlar. Allah özü yardımçıları olsun! Necə düşünürəmsə eləcə də deyəcəyəm. Təmtəraqlı sözlər deyil, həqiqəti deyəcəyəm: bizim azərbaycanlılar ilk növbədə biri-birini sevməyi öyrənməlidirlər! Tənqiddən nəticə çıxarmağı öyrənməlidirlər! Digər diasporlar kimi qruplaşmağı və biri-birini dinləməyi bacarmalıdırlar. Axı atalarımız gücün birlikdə olması barədə çox gözəl misallar çəkib. Biz həmin ataların, həmin babaların nəsilləriyik.
— Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hər hansı planlarınız varmı?
— Əlbəttə ki, planlarımız var. Azərbaycan mədəniyyətini, Azərbaycanımızın tarixi həqiqətlərini, mətbəxini tanımaq istəyən alman iş yoldaşlarımı, alman alimlərini, universitet nümayəndələrini bir araya toplayıb onları həm milli yeməyə, həm də tanışlıq toplantısına dəvət etmişəm.
Həmçinin, Azərbaycandan Almaniyaya yeni gəlmiş ailələri ziyarət etməklə bərabər onları himayə edir, maddi və mənəvi yardımlarımızı çatdırırıq. Yaşadığımız ərazinin bələdiyyəsindən dəstək almağa çalışıram. Elə ailələrimiz vardır ki, özlərini, mentalitetlərini və ümumiyyətlə, kimliklərini unudanlardan fərqli olaraq, qəlbləri Azərbaycanla döyünür. Belə insanlarımızı dəstəkləməyə çalışıram ki, onlar uçuruma getməsinlər, milli dəyərlərimizdən ayrı düşməsinlər. Onları da almanlarla birlikdə toplantımıza dəvət etmişəm. Ümid edirəm gözəl söhbətlərimiz, diskussiyalarımız olacaq və almanlara Azərbaycanı daha yaxından tanıda biləcəyik.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.