Ahıl jurnalistlər yaddan çıxmayıblar

Başa çatmaqda olan 2014-cü il Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin həyatında da bir sıra önəmli hadisə ilə yadda qalacaq. Fəaliyyətinə AMŞ-nin himayəsi ilə ölkə mediasının inkişafında seçilən xidmətləri olan söz adamlarının anım günlərinin, yubileylərinin, kitablarının təqdimatlarının keçirilməsi ilə başlayan məclis bu ildən yaşlı nəsil jurnalistlərin sosial problemlərinin həllinə, müxtəlif tədbirlərin keçirilməsinə kömək məqsədilə yeni layihələrin icrasına başlamışdır.

“Yaşlı jurnalistləri qısa müddətdə ətrafında sıx birləşdirmiş bu qurum hansı zərurətdən yarandı, AJM hansı yükün altına girib və qarşıda hansı planları var?” Bu sualımızı Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimov belə cavablandırdı:

– Xalqımızın söz və məfkurə tarixində müstəsna yeri olan “Molla Nəsrəddin” jurnalının yaradıcısı və naşiri Cəlil Məmmədquluzadə sonralar bu nəşrin meydana gəlmə zərurətindən söz açanda demişdi: “Molla Nəsrəddini zəmanə özü yaratdı”. Bizim Ahıl Jurnalistlər Məclisi də günün tələbindən, ömrünü jurnalistikamıza həsr etmiş yaşlı nəsil yazarların mənəvi və maddi ehtiyaclarını cavablandırmaq ehtiyacından yarandı. İnsafən, mətbu sözün gücünü dəyərləndirən əvvəlki sovet quruluşu, nədənsə, bu gərəkli maşını hərəkətə gətirən jurnalistlərin özünə, onların qayğılarına o qədər də diqqət yetirmirdi.Cəmiyyərdə hamı haqqında yazı yazan jurnalistin özü barədə heç nə yazılıb- deyilmirdi. Çobanın-neftçinin yaxasında orden-medaldan yer olmasa da, jurnalist adi bir döş nişanına da layiq görülmürdü. Ona görə də cəmiyyətdə bizim barəmizdə acı- acı gileylər eşidilirdi: “Hamını bəzərlər- özləri lüt gəzərlər”.

On illərlə söz cəbhəsində çalışıb, təqaüdə çıxanda quru qələmindən başqa bir şeyi olmayan jurnalistlərin maddi və mənəvi durumu dövlət müstəqilliyimizin ilk illərində, ağır keçid dövründə daha dözülməz olmuşdu. Şükür ki, indi o illər arxada qalıb. İndi zəmanə dəyişib, yerində olmayan hər şey sahmana salınır. Jurnalistlərin də azad cəmiyyətdə, müstəqil dövlətdə yeni yeri, nüfuzu, qədir-qiyməti formalaşır.  Son dövrdə yaşlı jurnalistlər  barədə dövlətin və cəmiyyətin təminatları, dəyərləri yüksəlir.

 Bu prosesdə biz ahıl jurnalistlər də fəal, təşəbbüskar olmalıyıq. Əvvəla, yaşlaşmaqla, təqaüdə çıxmaqla cəbhəni tərk etmək olmaz. Neftçıxarmada köhnə mədənlər barədə  “qalıq nefti” ifadəsi işlədilir. Ahıl jurnalistlərin də belə “qalıq şözü”, “qalıq borcu” var. Bu, bizim hələ deyilməmiş sözümüz, gənc yazarlara ötürüləsi təcrübəmizdir. Bir də bütün yaşlılar kimi, ahıl jurnalistlərin də məxsusi diqqətə, qayğıya ehtiyacları var. Bütün bunlar günün zəruri tələbatı kimi yaşlı jurnalistləri illərdən bəri narahat edirdi. Söhbətlər-müzakirələr, arzu-istəklər, nəhayət, dörd il əvvəl Ahıl Jurnalistlər Məclisində cəmləşməyimizlə nəticələndi.

Yığışmağa yerimiz, iş görməyə maddi imkanlarımız olmadığına görə məclisimizi milli jurnalistikamızın rəhbər və nüfuzlu qurumu olan Azərbaycan Mətbuat Şurası himayəyə götürdü. İlk illərdə və aylarda fəaliyyətə media tədbirlərinə qoşulmaqla, jurnalistikamızın inkişafında xidmətləri olan tanınmış həmkarlarımızın anım günlərini və yubileylərini təşkil etməklə başladıq. Vaxtilə indiki yaşlı jurnalistlərin müəllimi və himayədarı olmuş tanınmış qələm sahiblərindən mərhum Qubad Süleymanovun, Sona Bağırovanın, Ağababa Rzayevin, Nəriman Zeynalovun, Rəfail Nağıyevin, Məmmədəli Nasirin və digər dost- yoldaşlarımızın anım mərasimlərini qədirbilənliklə keçirdik. Mətbuat Şurasının təşkil etdiyi yubiley tədbirlərində də deməyə sözümüz oldu.

Bu işlərimiz təqdir olunduqca daha da fəallaşdıq, bir- birimizdən daha çox xəbər tutmağa başladıq. Məlum oldu ki, yaşlı jurnalistlərin bəzilərinin vəziyyəti o qədər də yaxşı deyil. Qəlbimizdə onların maddi və mənəvi durumunu yüngülləşdirmək istəyi baş qaldırdı. Belə bir zərurəti ifadə etmək məqamında jurnalistikamıza ümummilli lider Heydər Əliyevin böyük himayəsini uğurla davam etdirən Prezident İlham Əliyev yenidən hamılıqla “Jurnalistlərin dostu” seçildi. Keçən il noyabrın 24-də dövlət başçısına bu mükafatın təqdimolunma mərasimində Ahıl Jurnalistlər Məclisinin sədri kimi mənə də söz verildi.

Mən üçüncü dəfə ölkə Prezidenti, üstəlik, ikinci dəfə jurnalistlərin dostu seçilmiş möhtərəm İlham Əliyevi ahıl jurnalistlərin adından təbrik edəndən sonra dövlət rəhbərinə olan böyük güvəncimizdən ürəklənib aşağıdakı sözləri dedim: “Cənab Prezident, Siz jurnalistlərin təkcə dostu yox, həm də himayədarı və arxasısınız!

Sizinlə görüşdən istifadə edib bir xahişimi bildirmək istəyirəm. Bizim siyahımızda təxminən 70-80 insan vardır ki, həyətə çıxmaq imkanı yoxdur, iki gözdən əlili, şikəsti vardır. Onların mənəvi dəstəyə, anılmağa, xətirlərini xoş etməyə ehtiyacları vardır. Biz çalışırıq və məramımız odur ki, onları ictimaiyyətlə qovuşduraq, xüsusən gənclərlə onların ünsiyyətini yaradaq ki, təcrübələrini gənclik ilə bölüşsünlər. Mən həmişə deyirəm, Mətbuat Şurasında çox qurumlar vardır, amma onların ola bilər ki, bəziləri öz dövrünü yaşayıb qurtarsın. Amma Ahıl Jurnalistlər Məclisi həmişə olacaqdır. Çünki cavanlar qocalacaq, ahıllar gedəcək, bu, beləcə dövr edəcəkdir.

Xahişim nədir? Bu məclis 2010-cu ildə təşkil olunub. Ancaq ictimai əsaslarla fəaliyyət göstəririk. Biz istədiyimiz kimi işləyə bilmirik, çünki vəsaitimiz yoxdur, bizə vəsait ayrılmır. Çox xahiş edirəm ki, əlaqədar təşkilatlara göstəriş verəsiniz. O insanları biz gedib evlərində yoxlayırıq, o insanlara anım günü keçiririk, dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin xatirə günlərini keçiririk."

Prezident İlham Əliyev həmin görüşdə qaldırılan bütün məsələlər kimi, bizim xahişimizi də yüksək həssaslıqla cavablandıraraq dedi: “Biz ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxa, dövlət dəstəyini göstərə bilərik. Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır.”

Bu dəyərli sözləri, yüksək qədirbilənliyi ahıl jurnalistlər dərin minnətdarlıq hissi ilə qarşıladılar, müdrik Prezidentimizin siyasətini daim dəstəkləyəcəklərini bir daha bəyan etdilər.

Görüşdən dərhal sonra cənab Prezidentin tapşırığına uyğun olaraq, Məclisimizin tədbirlərinini daha məzmunlu keçirmək, ahıl jurnalistlərin zəruri ehtiyaclarına kömək göstərmək üçün ilk layihəmizi AR Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəsrəyi Fondu maliyyələşdirdi. Ayrılmış vəsaitlə Milli Jurnalistika Günündə mətbuatımızın inkişafında xidmətləri ilə seçilən 30 jurnalisti Mətbuat Şurasına yığıb təbrik etdik, bayram hədiyyələri ilə sevindirdik.

Yusif Kərimov daha sonra bildirdi:

– Bu il qocaman jurnalistlərdən yaşı 90-a yaxınlaşan, görmə və hərəkət qabiliyyətini itirmiş Kazım Ələkbərova,  85 yaşın tamamında Tamara Əliyevaya,  80 illik yubileyi günlərində 6 ildən bəri gözləri tutulmuş Telman Qarayevə, 80 yaşın astanasında uzun sürən müalicədə olan Şamil Şahməmmədova yaşadıqları mənzillərdə baş çəkdik, hədiyyələrimizi çatdırdıq. Yaşı 80-i keçmiş, yeganə oğlunu ağır xəstəlikdən xilas etmək üçün mənzilini satsa da, faciədən yaxa qurtara bilməmiş jurnalist Ələsgər Cabbarovu isə Milli Onkoloji Mərkəzdə cərrahiyyə əməliyyatı olunarkən yoxladıq, yardım göstərdik və ötən həftə onu sanatoriya müalicəsinə yola saldıq.

Bugünlərdə 90 yaşı tamam olmuş jurnalistlərin böyük müəllimi professor Şirməmməd Hüseynovun, ötən dövrdə isə tanınmış ahıl jurnalistlərdən  Şamil Şahməmmədovun, Firudin Rəsulovun, Telman Əliyevin, ilk poliqrafçı alim Şəddat Cəfərovun və başqa həmkarlarımızın yubileylərinin təntənə və qədirbilənliklə keçirilməsi üçün bacardığımız köməyi göstətmişik.

Yaşlı jurnalistlərin təcrübəsini gənc yazarlara çatdırmaq üçün nüfuzlu redaksiyalarda və jurnalistika təhsili verən universitetlərdə görüşlər, aktual mövzularda “dəyirmi masa”lar keçirməklə bağlı layihəyə də srart vermişik. “Azərbaycan” və “Xalq qəzeti” redaksiyalarında keçirdiyimiz ilk 2 “dəyirmi masa” mediada və ictimaiyyət arasında lazımi əks- səda doğurmaqla bu layihənin gərəkliyini göstərdi.

Növbəti ildə qazandığımız təcrübəyə və ölkə rəhbərinin xoş məramı ilə fəaliyətimizə göstərilən maddi dəstəyə söykənərək layihələrimizi davam etdirməkdə qərarlıyıq.Gələn il milli mətbuatımızın 140 illik yubileyi ilə yanaşı, Ahıl Jurnalistlətr Məclisinin də yaranmasının 5 illiyini təntənə ilə qeyd etmək üçün indidən hazırlaşırıq. Ölkənin çağdaş professional jurnalistlərinin yaradıcılığından örnəkləri və onların yığcam bioqrqfiyasını əhatə edən bu toplu yubileyə hədiyyəmiz olacaq. Fürsətdən istifadə edib ahıl jurnalistləri bu fundamental nəşrin hazırlanmasında fəal iştiraka dəvət edirik.

Ahıl Jurnalistlər Məclisinin sədri sonda dedi:

– Azərbaycan Mətbuat Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinə məcisimizin uğurlu işinə göstərdikləri maddi və mənəvi köməyə görə təşəkkürümüzü bildiririk.Fürsətdən istifadə edib həmkarlarımızı, eləcə də bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, xalqımıza daha xoş günlər arzulayırıq.

Söhbəti qələmə aldı:

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında