Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Xəzər İbrahimin APA-ya müsahibəsi
- Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyi tamam olur. Bu əməkdaşlığı necə qiymətləndirirsiniz?
- İlk olaraq qeyd edim ki, Azərbaycanın NATO ilə tərəfdaşlığı sıx əlaqəli şəkildə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə NATO-nun Mənzil-Qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığı qeyd olunub. Azərbaycan NATO-dan yardım qəbul edən ölkədən təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrilib. Azərbaycan NATO-nun sənədlərində dəyərli, etibarlı və fəal tərəfdaş kimi qəbul olunur.
Beynəlxalq aləmdə ikili standartlar var. Əfsuslar olsun ki, bu, artıq beynəlxalq münasibətlərin özəyidir. NATO-nun münaqişənin həlli ilə bağlı mövqeyi bəzi digər beynəlxalq təşkilatlardan fərqlənir. NATO-nun sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəklənir. Hətta Uelsdə keçirilən son sammitdə birmənalı olaraq münaqişənin hansı prinsiplər əsasında həlli qeyd olundu. Nümayəndəliyimiz qurumun fəaliyyətində bundan sonra da ikili standartların qarşısının alınması üçün əlindən gələni əsirgəməyəcək.
- NATO bu il qoşunlarını Əfqanıstan ərazisindən çıxarır və yeni əməliyyata başlayacaq. Azərbaycan bu əməliyyatlarda hansı şəkildə və necə iştirak edəcək?
- Biz artıq bu əməliyyatların bir hissəsiyik. İSAF əməliyyatı, demək olar ki, bitdi. 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” əməliyyatı başlayır. Biz artıq bu əməliyyatın üzvüyük. Bizim qüvvələrin orada iştirak etməsi üçün ölkədaxili hazırlıqlar gedir. İndiki əməliyyatın əvvəlkindən fərqi bunun yalnız dəstək və yardım missiyası daşımasıdır. Azərbaycan bu əməliyyat çərçivəsində təlimlərə də dəstək verəcək. Ölkəmiz bu əməliyyatlara üzv olan 14 qeyri-NATO tərəfdaşının arasındadır.
- Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində gördüyü işlər barədə fikirləriniz nədir?
- Bu plan çərçivəsində işlər gedir və biz növbəti mərhələyə qədəm qoymaq niyyətindəyik. Biz prosedura uyğun olaraq, ilk növbədə, öz layihəmizi təqdim edirik. Bu, NATO tərəfindən müzakirə olunur və sonda birlikdə təsdiqlənir. Hər mərhələdən sonra NATO ilə birgə qiymətləndirmə prosesi həyata keçirilir. NATO ilə əməkdaşlıq üzrə ölkəmizdə komissiya fəaliyyət göstərir. Təqribən 26 dövlət qurumu bu komissiyanın tərkibində təmsil olununr. Yalnız hərbi sahədə il ərzində 200-ə yaxın tədbir həyata keçirilir və hərbçilərimiz bu təcrübədən yararlanır. Lakin qeyri-hərbi əməkdaşlıq da genişdir. Sovet qoşunları ölkəmizdən çıxarkən həmin ərazilərdə partlamamış sursatlar var idi. Bildiyiniz kimi, Ceyrançöl, Saloğlu bizim kənd təsərrüfatı üçün çox vacibdir. NATO ilə birgə bu ərazilərin təmizlənməsi üçün böyük layihələr davam etdirilir. Enerji təhlükəsizliyi sahəsində sıx işləyirik. Azərbaycan mühüm enerji infrastrukturunun mühafizəsi, terrorizmə qarşı mübarizə üzrə Avroatlantika Tərəfdaşlıq Şurası formatında işçi qrupunun sədridir.
- NATO-nun “Uyarlıq platforması” təşəbbüsündə iştirak edən
24 ölkədən biri də Azərbaycandır. Azərbaycan bu təşəbbüs çərçivəsində hansı işləri görəcək?
- Ümumi məqsədimiz var ki, biz NATO ilə əməkdaşlıqdan mümkün qədər yararlanmağa çalışırıq. 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı fəaliyyətə başladı. Əgər bu proqram yaranarkən NATO-ya daxil olan ölkələrin üçdə biri üzv idisə, SNT artıq öz missiyasını müəyyən qədər yerinə yetirmiş hesab olunur. Əgər o zaman daha çox keçmiş sovet respublikaları üzv idisə, bu gün Avstraliya, Yeni Zelandiya, Yaponiya, Koreya kimi tərəfdaşlar var. Bütün tərəfdaşları cəlb etmək üçün yeni platforma təklif olundu. Biz bu proqram çərçivəsində, təbii ki, müxtəlif mənfəətlər qazanacağıq. Biz müxtəlif planlaşmalarda, görüşlərdə, proqramların qəbul olunmasında iştirak edə biləcəyik.
- Azərbaycanın NATO-ya üzv olmaq imkanlarını necə qiymətləndirirsiniz?
- Biz NATO-ya üzvlüklə bağlı müraciət etməmişik. Amma biz praktiki əməkdaşlığa nəzər yetirsək, bu tərəfdaşlığın yüksək səviyyədə davam etməsinin şahidi ola bilərik. Üzv olmadan da çoxlu mənfəət əldə etmək olar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.