Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin icraçı direktoru Azad Məmmədov AzərTAc-a müsahibəsində bu məsələlərdən danışıb.
– Azərbaycanda multikulturalizm ənənələri haqqında nə deyə bilərsiniz?
– Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.
– Müstəqilliyini bərpa etdikdən hazırkı dövrədək ölkəmizdə multikultural vəziyyəti necə dəyərləndirərdiniz?
– Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
– Multikulturalizm Mərkəzinin yaranma səbəbləri və fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı?
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, dövlətimizin başçısının Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin yaranması ilə bağlı fərman may ayında verilsə də, faktiki olaraq strukturun formalaşması oktyabr ayından başlayıb. Amma bu qısa müddətdə mərkəz xeyli tədbirlər keçirməyə müvəffəq olub. Belə ki, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər, Bakıda isə yekun konfrans keçirilib. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusuna həsr edilən və müvafiq icra hakimiyyətləri ilə birlikdə keçirilən region toplantılarında milli azlıqların nümayəndələri, dini icma rəhbərləri, ziyalılar iştirak edərək müzakirələr aparıb, maraqlı təkliflər irəli sürüblər.
Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin, eləcə də dünyanın bu sahə üzrə aparıcı mütəxəssislərinin qatıldığı “virtual dəyirmi masa” təşkil edib. Bakıda keçirilən yekun “dəyirmi masa”da Azərbaycandakı multikultural cəmiyyətin üstün məziyyətləri müzakirə olunub.
– Mərkəzin gələcək fəaliyyəti, həyata keçirəcəyi layihələr barədə planlarınızı bilmək maraqlı olardı.
– Mərkəzin gələcək iş planına Azərbaycandakı və xaricdəki universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin təşkili üçün proqram dəstəyinin verilməsi, həm ölkə daxilindən, həm də xaricdən müvafiq mütəxəssislərin bu fənnin tədrisi prosesinə cəlb olunmasının təşkilinə yardım edilməsi və bu sahədə Bakı Slavyan Universiteti ilə əməkdaşlıq daxildir. Bu istiqamətdə artıq bir sıra xarici universitetlərlə, o cümlədən Gürcüstandakı və Bolqarıstandakı universitetlərlə ilkin razılaşma da əldə etmişik. Gələn il ölkəmizdə keçirilməsi planlaşdırılan Mədəniyyətlərarası Dialoq Forumu və V Bakı Humanitar Forumuna hazırlıq işlərində müvafiq dövlət qurumları ilə əməkdaşlıq edəcəyik. Biz, həmçinin “Dünya ölkələrində multikulturalizm: modellər, növlər və siyasətlər” adlı məqalələr toplusunun hazırlanması, beynəlxalq səviyyədə tanınan alimlərin yazılarının toplanması və nəşrə hazırlanması istiqamətində dəstək göstərəcəyik. Eyni zamanda, Mərkəz Azərbaycan və dünya multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda, populyar siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq kimi nəcib fəaliyyətləri də öz vəzifələri sırasına daxil edib. Bu istiqamətlərdə dünyanın müxtəlif layihələr həyata keçirən məşhur universitetləri, elm ocaqları ilə birgə milli, dini, elmi, sosial mahiyyət kəsb edən, gələcək dünya düzənində əsas söz sahibi olacaq bugünkü gənc nəslin düzgün formalaşdırılması üçün layihələr həyata keçirilməsi də Mərkəzin məqsəd və məramına daxildir. Mərkəz, həmçinin Azərbaycandakı etnik azlıqlara aid folklor nümunələri toplusunun hazırlanması, xarici dillərə tərcümə edilməsi və xaricdə nəşrinin təşkili məqsədilə fəaliyyət göstərəcək.
Planlarımız, layihələrimiz çoxdur və bizim bunları həyata keçirməyimiz üçün kollektivimiz də tədricən formalaşır. Ümid edirik ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısına qoyulan məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu işdə bizə ölkə ictimaiyyətinin də dəstək olacağına əminik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.