İzmir Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi fəaliyyətini genişləndirir

Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə Azərbaycan əsilli xeyli soydaşımız   yaşayır. Onları, xüsusilə azərbaycanlı xanımları bir-biri ilə əlaqələndirən, problemlərinə dəstək olan bir ünvan var: Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi. Qurumun idarə heyətinin üzvü Rəsmiyyə Nəsiboğlu müxbirimizə bildirmişdir:

– 2013-cü ildə bir araya gələrək dərnəyimizi qurduq. Üzvlərimiz sırasında ali təhsilli qadınlar, ev xanımları, İzmir universitetlərində bakalavr və magistr təhsili alan qızlar üstünlük təşkil edir. Çevrəmizdə qurumumuza önəm verən və xalqımıza rəğbət bəsləyən izmirli xanımlar az deyil. İğdır, Qars bölgələrindən Azərbaycan mənşəli üzvlərimiz də var.  Dərnəyimizin yaradıcısı Cəvahir Damar (Əhmədova) itirilmiş torpağımız olan Qubadlıda boya-başa çatmışdır.

Ötən bir ildəki fəaliyyətimizə nəzər salanda gördüyümüz işlər bizi sevindirir. Yeni ili qarşılayarkən azərbaycanlı ailələrlə və türkiyəli dostlarımızla  Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi Gününü təntənə ilə qeyd etdik. Hamı məmnun qaldı. Az sonra “20 Yanvar” faciəsi və “Xocalı soyqırımı” mövzusunu gündəmə gətirərək, anım mərasimləri təşkil etdik. İnsanları hər iki faciə barədə məlumatlandırmaq üçün kitabçalar çap etdirib payladıq.  Hüzn günlərində ehsan süfrələri açdıq, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdıq. Belə tədbirləri daha təsirli etmək üçün diaspor təşkilatlarının maddi və mənəvi dəstəyinə ehtiyacımız var.

 Mərkəzimiz siyasətdən uzaq təşkilatdır. Xalqımıza faydalı ola biləcək işlər görməyə çalışırıq. İlk gündən Türkiyə və Azərbaycan dövlətinin maraqlarına uyğun fəaliyyət yönü seçmişik və bu missiyamızı uğurla genişləndiririk. Təbii ki, doğma Azərbaycandan uzaqlarda yaşamağın bəzi çətinlikləri var. Dərnəyin işlərini, əsasən, öz imkanlarımız və səylərimizlə həyata keçiririk. İzmir Konak Bələdiyyəsinin keçmış başçısı Hakan Tartan da dərnəyimizın qurulmasına maddi və mənəvi dəstək göstərmişdir.

Ehtiyacları aradan qaldırmaq, fəaliyyətimizi gücləndirmək üçün bir sıra layihələr həyata keçiririk. Keçən Novruzda bu qədim milli bayramımızı tanıtmaqla bağlı uğurlu  addım atdıq. İndi isə İzmir Buca Bələdiyyəsinin köməyi ilə Egey bölgəsi və Azərbaycanın iki rayonu arasında qardaşlıq, mədəniyyət əlaqələrinin qurulmasına yönələn layihə üzərində işləyirik. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə növbəti tədbirin daha maraqlı keçirilməsi üçün indidən hazırlaşırıq.

 Rəsmiyyə Nəsiboğlu sonda demişdir ki, mərkəzdə azərbaycanlı ailələrlə əlaqələr qurmağa xüsusi diqqət göstərilir. Ölkəmizi, adət-ənənələrimizi sevən və uğurlarımıza maraq göstərən türk ailələrlə də görüşlər təşkil olunur. Onların dərnəyin fəaliyyətində iştirakları və dəstəkləri tədbirləri yüksək səviyyədə keçirməyə kömək edir. Azərbaycanda keçirilən bayramlar və xüsusi günlərlə əlaqədar toplantılar çox adamı bir araya gətirir.  Mərkəz yurddaşlarımızın qarşılaşdığı hər hansı bir problemin həllinə səy göstərir, bacardığı qədər həmvətənlərimizə dəstək olmağa çalışır.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında