Regionlarda modern layihələr erası

Son illər  ölkəmizdə  quruculuq işləri   geniş vüsət almışdır. Təkcə  paytaxtımızda deyil,  regionlarımızda da  yeni yollar salınır, çoxsaylı  idman, mədəniyyət, təhsil və səhiyyə obyektləri tikilir,   müasir  infrastrukur  formalaşdırılır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  qəbul edilməsi  isə bu prosesi  daha da  sürətləndirib.  İndi  rayonlarımızda modern layihələr əsasında   binalar inşa edilir, parklar  və  xiyabanlar  salınır, yeni abidələr ucaldılır  və s. Belə  layihələrdən  biri də  bu  günlərdə təməlqoyma mərasimi keçirilən  Ağstafa  Musiqi və İncəsənət Mərkəzidir. Müsahibimiz həmin  layihənin müəllifi, Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının üzvü  Cahid Həsənovdur.

 – Cahid  müəllim, gəlin  söhbətimizə ölkəmizdə  son illər şəhərsalmanın vəziyyətindən başlayaq.

 – Azərbaycanda  gedən  sürətli  quruculuq işləri  modern memarlıq  nümunələrinin də yaranmasına öz müsbət təsirini  göstərmişdir. Bakı şəhərində bu  sahədə nailiyyətlər daha  aydın  nəzərə çarpır. Burada modern üslubda  inşa olunmuş və ya inşa  edilməkdə olan  müasir  layihələr öz orijinallığı ilə  diqqəti çəkir.

Ölkə Prezidenti  İlham Əliyevın  təşəbbüsü ilə   inşa edilən  bu tikililər  Bakıya  gələn xarici qonaqları da   heyran edir. Bakı şəhərində, dünya şöhrətli memar  Zaha Hədidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi dünyada analoqu olmayan  tikililərdəndir. Xalça  Muzeyi, Kristal Holl, Muğam Mərkəzi, Üç Alov Kompleksi, Milli Gimnastika Arenası və s. kimi tikililər  Azərbaycanda müasir memarlıq  üslubunda yaradılan, dünya memarlıq salnaməsində öz yeri olan  nümunələrdir. Bu  sahədə  işlər  davam etməkdədir. Şübhə yoxdur ki, yaxın gələcəkdə  Bakıda belə  modern tikililərin sayı  daha da artacaqdır. İndi artıq regionlarımızda da belə layihələr reallaşdırilmaqdadır.  Bizə verilən sifarişlərə əsasən deyə bilərəm ki, artıq regionlarda standart layihələr dövrü başa çatmış, modern layihələr erası başlanmaqdadır.

– Bu günlərdə təməlqoyma mərasimi  keçirilmiş  Ağstafa Musiqi və İncəsənət Mərkəzi  hansı cəhətləri  ilə  diqqəti çəkir?

– Həmin  layihə əsasında  inşa olunacaq   mərkəzin təməlqoyma mərasimi  təntənəli  şəkildə keçirildi. Mərasimdə  rayon icra hakimiyyətinin başçısı,  digər  rəsmilər  iştirak edirdilər. Layihə haqqında onu  deyə bilərəm ki, burada Qərb və Şərqin  memarlıq  nümunələrindən istifadə etməyə çalışmışıq.  İkimərtəbəli  binanın ümumi modelinin işlənməsində  ilkin  fikrimiz onun  xarici  görkəminin bir musiqi alətinə oxşamasını  təmin etmək olub.  Biz  ud alətinin üzərində dayandıq. Türk dünyasının  ulu musiqi aləti olan udu modern formada   əks etdirdik. Bu binanın  birinci  mərtəbəsində sinif otaqları, musiqi fondu, səsyazma studiyası, ikinci mərtəbəsində konsert  zalı  və onun sağ tərəfində Şərq, sol tərəfində isə Qərb musiqisi  muzeyi  yerləşəcək.

Ətrafdakı 1,5 hektar ərazidə  salınacaq  bağı    “Musiqiçilər parkı”  adlandırmışıq. Tikilinin qarşısında dairəvi  fəvvarə  və bu fəvvarənin ortasında ilk dəfə olaraq not heykəli   qoyulacaq. Binanın sağ tərəfində skripka ifa edən,  sol tərəfində isə tütək çalan  musiqiçi heykəli yerləşdiriləcək. Hər iki musiqiçiyə yaxınlaşdıqda foto relenin  köməkliyi ilə həzin musiqi səsı eşidiləcək. Notların birgə görünüşünü tərənnüm etdirən xrom heykəlləri də bu park ərazisində yerləşdiriləcəkdir. Park ərazisində işıq dirəkləri də not formasında olacaq.

—Yəqin ki,  yeni  layihələriniz də var?

– Əlbəttə, belə layihələr hazırlayırıq. Gəncədə  Qurban Səidin  “Əli və Nino” əsərinə  həsr olunan abidə kompleksinin ucaldılması və parkın  salınması nəzərdə tutulur. Bu   abidənin  və parkın  layihəsini  də biz hazırlayırıq. “Əli və Nino” abidə kompleksinin layihəsində  bir neçə yenilik etmək  fikrindəyik. “Əli və Nino” heykəli yerində fırlanacaq və bu heykəllərin ətrafında daim ağır tüstü deyilən hərəkətli bulud olacaq.  Bu da seyriçilərdə  əsərin qəhrəmanlarının dinamik heykəli (danışan heykəl) təəssüratını  yaradacaq. Abidənin  qarşısında kitabın  üz qabığı döşəməyə həkk olunacaqdır. Abidə kompleksinin yanında iri həcmli led- monitor yerləşdiriləcəkdir ki, onun  ekranında həm əsərin vizual görünüşü, həm də diktor mətni ilə səslənməsi olacaqdır.  Bu monitorda “Əli və Nino” əsərinin dünya dillərində tərcümələrindən nümunələr, əsər müəllifi haqqında məlumatlar da yayımlanacaqdır. Bir sözlə, bu abidə kompleksi həm də açıq havada tamaşa effekti verəcəkdir.

Bunlarla yanaşı, Abşeron rayonunda da layihələrimiz  əsasında  müəyyən  işlər  görülür.Tamamladığımız  Heydər Əliyev parkından sonra, bu rayonda  yeni kitabxananın, məktəb binasının layihəsini  hazırlayırıq. Modern  tipli bu layihələr də, güman edirəm ki, öz  orijinallığı ilə  seçiləcək.

Biz  memarlar  öz  yeni layihələrimizlə şəhər  və  qəsəbələrimizin  daha  da  gözəlləşməsi  üçün  müsir memarlıq  nümunələrindən  bəhrələnməklə  yeni, modern layihələrin hazırlanmasına  diqqət yetirməliyik.  Həm də bu layihələr  Şərqlə Qərb memarlıq ənənələrini özündə  birləşdirməlidir.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında