Mən çox şadam ki, Azərbaycanda idmançıların çox güclü gənc nəsli yetişir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Getdikcə qloballaşan dünyanın ən böyük problemlərindən biri insanların fiziki və mənəvi sağlamlığı ilə bağlı məsələlərdir. Bu sahənin inkişafında bədən tərbiyəsi və idmana göstərilən qayğı xüsusi rol oynayır. Əgər aparıcı idman ölkələrinə nəzər salsaq, görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş dövlətlərdir.
Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanda da idmanın inkişafının dayanıqlı olması üçün dövlət tərəfindən böyük işlər görülür. “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin direktoru, Real-Madrid Fondunun sosial futbol məktəbi layihəsinin rəhbəri Pirəli Rəhimovla söhbətimizə elə bu mövzu ilə başladıq.
Pirəli Rəhimov Azərbaycanın hərtərəfli inkişafı üçün ictimai həyatın mühüm hissəsi olan idman potensialının güclənməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd etdi və bildirdi ki, dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipi olan fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi üçün görülən işlərin miqyası getdikcə genişləndirilir: “Paytaxt Bakıda, eləcə də regionlarımızda müasir və beynəlxalq standartlara cavab verən olimpiya idman kompleksləri, idman sağlamlıq mərkəzləri Azərbaycanın idman potensialının nümayişi və gənclərimizin idmana meyilliyinin artmasının göstəricisidir. Gənc nəslin sağlam böyüməsi və yetişməsinə xidmət edən müasir tipli infrastruktur, həmçinin Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun genişlənməsinə böyük imkanlar yaradır. Müstəqil Azərbaycanın indi elə bir bucağı yoxdur ki, orada idmanın hər hansı bir növü ilə məşğul olmaq imkanı yaradılmasın.
“Təhsil” RİM İOEUG FM dünyanın ən populyar idman növünün inkişafına öz töhfələrini vermək üçün yaradılmış bu şəraitdən maksimum yararlanmağa çalışır. Məktəbimizdə uşaqların xüsusi rejimdə təlim-məşqlərə cəlb edilməsi, hərtərəfli inkişafı üçün yaradılan şərait diqqətəlayiqdir. Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə bu yaxınlarda məktəbin öz bazasında 80x40 ölçüdə futbol meydançası, eləcə də, inzibati binanın tikintisinə başlanmışdır. Bu tikintinin gələn ilin ortalarına qədər istifadəyə verilməsi nəzərdə tutulub. Bu ildən məktəbimiz ixtisaslaşdırılmış Olimpiya ehtiyatları statusunu alıb”.
Pirəli Rəhimov fəaliyyətinə 2000-ci ildə Respublika Kompleks İdman Məktəbində təlimatçı metodist kimi başlayıb. 2006-cı ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində əvvəlcə məsləhətçi, daha sonra aparıcı məsləhətçi kimi işləyib. 2010-cu ildən 2014-cü ilədək Nərimanov Rayon Gənclər və İdman İdarəsində rəis müavini olub. Hazırda rəhbərlik etdiyi idman ocağının ixtisaslaşdırılmış Olimpiya ehtiyatları statusu daşımasının daha çox məsuliyyət tələb etdiyini bildirən P.Rəhimov təlim ocağına ali savadlı mütəxəssislər və gənc məşqçi-müəllimlərin cəlb olunmasının xüsusilə diqqət mərkəzində olduğunu bildirdi. “Məktəbdə ayrı-ayrı yaş qrupları üzrə 43 qrup fəaliyyət göstərir, onların təlimi ilə 24 məşqçi-müəllim məşğul olur. Burada gənclərin həm peşəkar futbolçu, həm də hərtərəfli inkişaf edib, əsl vətəndaş kimi tərbiyə olunmasına böyük önəm verilir”.
Qurumun rəhbəri əldə edilən son uğurlardan da danışdı: “Nailiyyətlərimizin sayı getdikcə artır. Oktyabrın 18-25-də Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə komandamız 2-ci yeri tutdu. Məktəbin komandaları Unicef U-16 qızlar liqasında, eləcə də, U-13 qızlar liqasının turnir cədvəlində 1-ci pillədədirlər. Böyüklər arasında Bakı çempionatında iştirak edən komandamız 2-ci yeri tutub. Digər komandalarımız da paytaxt birinciliyində, müxtəlif respublika yarışlarında və digər turnirlərdə çıxış edirlər. Əlbəttə, biz əldə etdiyimiz uğurlarla arxayınlaşmamalıyıq. Hədəf irimiqyaslı yarışlarda yüksək nəticələr əldə etməkdir”.
Real-Madrid Fondunun sosial futbol məktəbi layihəsinin uğurlarından da danışan Pirəli Rəhimov bunları əlavə etdi: “Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu arasında ötən il aprelin 29-da Madriddə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən yaradılan futbol məktəbinin açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının qəbul olunduğunu, bu sahədə görülən işlərin miqyasının genişləndirildiyini qeyd edərək, dünya şöhrətli Real-Madrid Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində, həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılmasının futbolun Azərbaycanda kütləviləşməsinə böyük təkan olacağını bildirdi.
Hazırda “Vətən” RİOEUG FM-in yeni bazasında fəaliyyət göstərən məktəbdə layihə çərçivəsində 6-17 yaşlı 200-ə yaxın uşaq “Real-Madrid”in təyin etdiyi 9 məşqçi-müəllimin rəhbərliyi altında futbolun sirlərinə yiyələnir. Klub tərəfindən təyin olunmuş məşqçi-müəllim ildə bir dəfə məşq prosesini və məşqçilərin fəaliyyətini yoxlamaq üçün məktəbdə olur, təlimləri izləyir, görülən işlərlə tanış olur. Muvafiq olaraq, hər müəllim bir qrupda məşq proqramı keçir.
Uşaqları futbola cəlb etməklə onların sağlamlığının qorunması və cəmiyyətə inteqrasiyası əsas götürülür. Məktəbə seçimdə, xüsusilə aztəminatlı ailələrin uşaqlarına üstünlük verilir. Məktəbdə təlim-məşq keçən uşaqlar hər il müvafiq yay düşərgələrinə aparılır. Füzuli rayonunda və Naxçıvan Muxtar Respublikasında uşaqların layihə çərçivəsində təlim keçmələri üçün şərait yaradılıb, qruplarımız fəaliyyət göstərir. Bu ilin iyun ayında futbol komandamız və məşqçi müəllimlər Macarıstanda keçirilən “Copa Alma” turnirində iştirak etdilər və yığmamız 8 komanda arasında
2-ci oldu. AFFA-nın qızlar arasında keçirdiyi 3x3 turnirində də məktəbimizin nümayəndələri iştirak ediblər. 2015-ci ilin yanvar ayında məktəbdən seçilmiş 20 uşaq və 4 məşqçi “Real-Madrid”
Akademiyasında bir həftəlik təlim-məşq prosesində iştirak etmək üçün Madridə gedəcəklər.
Rirəli Rəhimovla görüşümüz zamanı fürsətdən istifadə edib yeniyetmə futbolçuların oyunlarından birini izlədik. Hər bir şəraiti olan meydançada futbolçular sonacan qələbə uğrunda mübarizə aparırdılar. Kənardan bu mübarizə ruhunun 12-13 yaşlı yeniyetmələrin bütün varlığına hakim kəsildiyi açıq-aydın görünürdü...
Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.