Novruz MƏMMƏDOV: Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı ilə əlaqədar Newtimes.az portalına məxsusi müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.

– Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi hərbi təlimlər zamanı baş vermiş insidentlə əlaqədar Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanatı necə qiymətləndirirsiniz?

– Çox maraqlıdır, artıq bir həftədir ki, baş vermiş və mahiyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin tam davamı olan bu təxribata həmsədrlər, nəhayət, mövqe bildirmək qərarına gəldilər. Amma, təəssüflər olsun ki, onlar öz amplualarındadırlar.

Mən Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı artıq dünən böyük bir tədbirdə mövqe bildirdim. Onların fəaliyyətinin bu günə qədər bir nəticə verməməsinin səbəbini də açıqladım. Doğrudan da, Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Məgər onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq birlik, eləcə də təmsil etdikləri ölkələr tərəfindən tanınmış əraziləri 25 ildir işğal altındadır və bu ərazilərdən bir milyona yaxın insan məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb?

Amma həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün, hansı məqsədlə keçirilir? Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada 40 min erməni qalmayıb.

Bütün məsələləri həmsədrlər əla bilirlər. Lakin qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu, birinci dəfə deyil. Necə yəni, helikopter “neytral ərazidə” düşüb. Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb.

Digər bir məsələ də çox maraqlıdır. Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər.

Daha bir məqama toxunmaq istəyirəm. Həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər. Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa düşünürlər ki, “siz özünüz razılığa gəlin” deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər. Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu, danışıqlar vasitəsilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında