“Xəzər adaları” “İslam dünyasının gövhərləri” sırasına daxil edildi

Azərbaycanın sürətli iqtisadi, sosial və mədəni yüksəlişi, uğurla həyata keçirilən modernləşmə və dünyaya inteqrasiya siyasəti beynəlxalq aləmin ölkəmizə marağını durmadan artırır. Bu baxımdan yerli  iş adamlarının irəli sürdüyü layihələr də diqqət mərkəzindədir. Onlardan elələri var ki, hətta dünyada belə maraqlı dairələri heyrətə gətirir. Belə layihələrdən biri  “Xəzər adaları”dır (“Khazar islands”).

Xatırladaq ki, “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin müəllifi olduğu layihə üzrə Xəzərin Qaradağ rayonu səmtində dənizdə 78 süni ada yaradılacaq. Layihə 4 min hektar sahəni əhatə edir və bu adalarda ümumilikdə, 11 milyon kvadratmetrlik yaşayış binalarının tikintisi planlaşdırılır. Dənizdə yaradılan şəhərdə 800 villa tikiləcək. Ərazidə 150 körpü salınacaq, 150 kilometr qranit yol çəkiləcək. 150 xəstəxana, 150 uşaq bağçası, 150 məktəb, 5 ali məktəb tikiləcək, digər sosial infrastruktur yaradılacaq. Süni adalarda 1 milyon 500 min insanın yaşaması mümkün olacaq. “Xəzər adaları” artıq xarici aləmdə XXI əsrin möcüzələrindən biri kimi qarşılanır.

Bugünlərdə Malayziyanın Kuala Lumpur şəhərində keçirilmiş V “OIC World Biz” beynəlxalq sərgi və konfransının iştirakçıları da Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər, hədəfə aldığı perspektivlər sırasında “Xəzər adaları” layihəsinə xüsusi maraq göstərmişlər. Beş gün davam edən beynəlxalq tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin və qeyri-müsəlman ölkələrin nümayəndə heyətləri, 1000-ə yaxın biznes qurumu iştirak etmişlər.

İslam ölkələrinin ən böyük iqtisadi tədbirlərindən olan bu sərgi və konfransda Azərbaycanı tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbərlik etdiyi “AVESTA” konserni təmsil etmişdir. Noyabrın 11-də işə başlayan V “OIC Muslim World BİZ” beynəlxalq sərgi və konfransının açılış mərasiminə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də qatılmışdır. Malayziyanın sabiq baş naziri Tun Abdullah Bədəvi çıxışında Azərbaycan üçün də önəmli olan İslam dünyasının həmrəyliyinin zəruriliyini vurğulamışdır.

Mərasimdə “İslam dünyasının gövhərləri” nominasiyası üzrə müxtəlif müsəlman ölkələrini təmsil edən 9 iş adamı fəxri mükafatlarla təltif edilmişdir. Azərbaycanlı iş adamı Hacı İbrahim Nehrəmli “Ən uğurlu iqtisadi layihə və sosial duyarlılıq” mükafatına layiq görülmüşdür. Təltifetmədən sonra çıxış edən soydaşımız İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu biznes fəaliyyəti üçün əlverişli şərait yaradıldığını bildirmişdir.

 Toplantıda Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişafın fonunda rəhbərlik etdiyi şirkətin də nəhəng layihələrə imza atdığını söyləyən  Hacı İbrahim artıq gerçəkləşdirilməkdə olan “Xəzər adaları” yaşayış və biznes kompleksi haqqında ətraflı məlumat vermişdir. Həmyerlimiz  bu ərazinin gələcəkdə İslam dünyasının ən məşhur işgüzar mərkəzlərindən birinə çevriləcəyinə ümid bəslədiyini vurğulamışdır. Onun bu çıxışı böyük maraqla qarşılanmışdır.

Səfirliyimizin təşkil etdiyi pavilyonda ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, hərtərəfli yüksəlişi, geniş investisiya imkanları, çoxsaylı ixrac məhsulları, böyük turizm potensialı haqqında əyani vəsaitlər nümayiş etdirilmişdir. Sərginin açılışında Tun Abdullah Bədəvi Azərbaycan pavilyonunda da olmuş və ölkəmizin diqqətçəkən iqtisadi imkanları ilə, həyata keçirilən irimiqyaslı layihələrlə maraqla tanış olmuşdur.

Beynəlxalq sərginin iştirakçıları Azərbaycanın əldə etdiyi nailiyyətlərə heyranlıqlarını ifadə etmiş, “Xəzər adaları” layihəsindən duyğulanmışlar. Malayziyada olduğu günlərdə Hacı İbrahim müxtəlif görüşlərə qatılmış, ölkəmizin xarici iqtisadi imkanları barədə sualları cavablandırmış, rəhbərlik etdiyi qurumla biznes əlaqələrini müzakirə etmişdir. Uğurla keçən beynəlxalq biznes toplantısı artıq arxada qalmış, soydaşlarımız yüksək əhvalla, uğur sevinci ilə Vətənə qayıtmışlar. “Avesta” konserninin rəhbərliyi beynəlxalq aləmdə bir daha təqdir olunan layihənin həyata keçirilməsinə daha böyük inamla girişmişdir. Dünya mediasında “çılğın layihə” adlandırılan bu gerçək ideya ilə yaxından tanış olmaq üçün bugünlərdə “Xəzər adaları”nda olduq.

Sahil qəsəbəsi istiqamətində Bakıdan 23 kilometr cənub-qərbdə yerləşən ərazi ötüb-keçənlərin diqqətini getdikcə daha çox cəlb edir. Tikinti meydançasına daxil olanda isə burada havanın quruya  nisbətən soyuq olmasına baxmayaraq, qaynar iş getdiyinin şahidi olduq.

“Avesta” Konserninin prezidenti Hacı İbrahimlə görüşüb dünyaya səs salan layihə barədə məlumat verməsini xahiş etdik. O, sahil zolağından 10 kilometr dənizin içinə doğru uzanacaq şəhərin tikintisinə indiyədək 2 milyard 150 milyon dollar sərmayə yatırıldığını bildirərək dedi:

– Layihə dörd mərhələni əhatə edir və 2035-ci ilə qədər başa çatdırılacaq. İlk mərhələyə 10 milyard dollar, sonrakı mərhələlərin hər birinə isə 30 milyard dollar sərmayə qoyulacaq. 2020-2022-ci illərədək davam etməsi nəzərdə tutulan birinci mərhələdə tikilən binaların satılmasından əldə edilən vəsait ikinci mərhələyə xərclənəcək. Layihənin ikinci mərhələsi 2022-2028-ci illəri, üçüncü mərhələsi 2030-cu ilə, dördüncü mərhələsi isə 2035-ci ilə qədər olan dövrü əhatə edəcək.

Tikinti işlərinə 2011-ci ilin martından başlanılıb və birinci mərhələdə 6 süni ada yaradılacaq. Bu adalar bir-birinə 21 körpü ilə birləşdiriləcək. Hazırda üçüncü körpü tikilir. Bu 6 adada təxminən 150 min insan yaşayacaq. Layihənin 10 faizini əhatə edən birinci mərhələdə tikilən ən hündür bina 65 mərtəbədən ibarət olacaq.  “Xəzər adaları”nın 100 milyard dollara başa gəlməsi planlaşdırılır. Ola bilsin ki, bu məbləğ bazar qiymətlərindən asılı olaraq 100 milyard avroya da çatsın. Bir çoxları bunu eşidəndə heyrətlənir. Ancaq bizə 100 milyard lazım deyil, buraya ilkin investisiya yatırımı maksimum 5 milyard dollar nəzərdə tutulur. İlkin mərhələdən əldə olunan gəlirlər digər ərazilərin inşasına sərf ediləcək. Yəni işlər “sat və tik” prinsipi ilə gedəcək.

Daha sonra öyrəndik ki, layihənin digər özəlliklərindən biri “Xəzər adaları”nda dünyanın ən hündür binasının - “Azərbaycan qülləsi”nin (Azerbaijan tower) ucaldılması olacaq. Layihə müəllif bu məlumatdan heyrətləndiyimizi hiss edərək dedi:

– Bu göydələn hazırda dünyada ən hündür bina olan “Bürc xəlifə” qülləsindən 200 metr, tikintisi planlaşdırılan “Kingdom tower”dən isə 50 metr hündür olacaq. “Azərbaycan qülləsi”ni 6 bina əhatə edəcək. 1050 metrlik “Azərbaycan qülləsi”ni “7 gözəl” də adlandırırıq. Bu binalar 80, 120, 150 mərtəbəli, qüllə özü isə 200 mərtəbədən çox olacaq. Qüllənin inşasına 2020-ci ildə başlamağı planlaşdırırıq. Onun tikintisi 7 il çəkəcək. Göydələnin dəyəri 3 milyard dollar hesablanıb və bina bundan qat-qat çox gəlir gətirəcək.

Oxucularımıza bildirək ki, “Xəzər adaları” bir çox xarici investorların da diqqətini cəlb edir. Səudiyyə Ərəbistanı, İsrail, Yaponiya, Malayziya, İran və digər ölkələrin səfirləri buraya gələrək layihə ilə maraqlanmışlar, ölkələrinin iş adamlarının sərmayə yatırmaq imkanlarını nəzərdən keçirmişlər. Çexiyanın PSJ şirkəti ilə danışıqlar yekunlaşmaq üzrədir. Onlar bu layihəyə 390 milyon avro ayıracaqlar. Türkiyənin “Taş yapı” şirkəti ilə  müqavilə imzalanıb və onlar burada 102 milyon dollar dəyərində 6 bina tikəcəklər. Qardaş ölkənin “Nurol” şirkəti də layihədə iştirak etmək niyyətindədir.

Xəzərdə yaradılan möcüzəyə tikinti və süni adalar yaratmaq texnologiyası üzrə peşəkar, dünyada aparıcı mövqe tutan, brend şirkətlər cəlb olunub. Ən iri layihələri ilə tanınan Birləşmiş Ərəb Əmirliyi, İngiltərə, Hollandiya və digər ölkələrin mütəxəssisləri təcrübələrini və yeni ideyalarını burada nümayiş etdirirlər.

 Bənzərsiz – ən qeyri-adi memarlıq kompleksi adına iddialı olan bu layihə çərçivəsində yaradılacaq süni adalarda binaların təbii fəlakətlərə dayanıqlığı da diqqətdən kənarda qalmayıb. Bu barədə sualımızı cavablandıran “Avesta” prezidenti bildirdi:

– Tikintini həyata keçirən mütəxəssislər təhlükəsizlik məsələlərinə ciddi nəzarət edirlər. Burada ən son texnoloji avadanlıq və materiallardan istifadə olunur. Binalar 9 ballıq zəlzələyə hesablanıb. Ümumiyyətlə, burada binalar küləyin sərbəst hərəkəti nəzərə alınmaqla, şahmat sırası ilə inşa olunacaq. 

Hər adanın ayrıca enerji və su təchizatı olacaq. Şəhərin enerji ilə təchizatı nanotexnoloji qurğularla təmin ediləcək. Burada adi yağış suları belə dənizə axıdılmayacaq, təmizlənərək dövriyyəyə qaytarılacaq. Bütün evlər mərkəzləşdirilmiş havalandırma sisteminə qoşulacaq.

“Xəzər adaları” ölkəmizdə turizmin inkişafına da böyük təkan verəcək. Konsernin rəhbəri bu barədə danışarkən bildirdi:

– Şəhər tam hazır olandan sonra hər il buraya 15- 20 milyon turistin gəlməsi gözlənilir. Bu, təxmini hesablamalara görə, respublikamız üçün 20 milyard dollar gəlir deməkdir.

Layihədə beynəlxalq idman tədbirlərinin keçirilməsi də nəzərə alınıb. “Formula-1 yarışları üçün 70 hektar ərazisi olan ayrıca ada salınacaq. Bundan başqa, “Xəzər adaları”nda cıdır, qolf, tennis meydançaları yaradılacaq, üzgüçülük, qayıq yarışları təşkil olunacaq. Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bu şəhərdə 200 nəfərlik otelin, 15 restoranın, eləcə də ikimərtəbəli örtülü stadionun inşası yekunlaşdırılacaq.

Adada salınan yollar da diqqətimizdən qaçmadı. “Xəzər adaları”nda nəqliyyat məsələləri necə həllini tapacaq? – sualımızı cavablandıran Hacı İbrahim dedi:

– “Xəzər adaları” ekoloji təmiz şəhər olacaq. Əsasən, tramvaylardan,  avtomobillərdən, su nəqliyyatından, velosipedlərdən və avtokarlardan geniş istifadə ediləcək. Hər adada 14 zolaqlı və bir-biri ilə kəsişməyən 3 əsas yol salınacaq. Yollar elə qurulacaq ki, işıqfora ehtiyac qalmayacaq. Şəhərin altında ikimərtəbəli qarajlar yerləşəcək. Sakinlər avtomobillərini bu qarajlarda saxlayıb evlərinə yeraltı keçidlərlə gedəcəklər. Hər 250 metrdən bir keçid inşa ediləcək. Adalardan Bakı bulvarına gəmilərlə gedib-gəlmək də mümkün olacaq. Layihədə 150 kilometr uzunluqda bulvarın salınması nəzərdə tutulub. Hazırda onun 4 kilometri hazırdır. Bulvarın kənarından isə tramvay yolu çəkiləcək.

Söhbətimiz “Xəzər adaları”nın maketi ilə tanışlıqla bitdi. Bu yığcam mənzərədə eşitdiklərimizin hamısını açıq-aydın gördük. Göydələnlər, qranit yollar, körpülər, idman meydançaları, stadionlar, şəhəri dörd bir tərəfdən əhatəyə alan bulvar əfsanəyə bənzəyir. Hədsiz heyranlığımızı görən layihə müəllifi və onun baş icraçısı Hacı İbrahim Nehrəmli son olaraq söylədi:

– Məqsədimiz, doğrudan da, zəmanəmizə uyğun bir əfsanə – bir çox arzularına nağıllarda çatmış xalqımızı gerçəkdə sevindirən, dünya zirvələrinə qovuşduran bir ucalıq, ənginlik yaratmaqdır. “Xəzər adaları” dünyada bənzəri olmayan bir layihədir. Bizə inam və güc verən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdir. Ölkəmizi qarşıdakı illərdə daha böyük inkişaf gözləyir. Biz də bu tərəqqiyə qoşulmaq və öz töhfəmizi vermək istəyirik.

“Xəzər adalarından belə bir qənaətlə ayrıldıq: Azərbaycan möcüzəsinin müəllifi çoxlarına xəyal kimi görünən layihəni gerçəkləşdirməkdə inamlı və qərarlıdır.

 

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında