“Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” mövzusunda Beynəlxalq Teatr Forumu başa çatdı

Azərbaycan  son illər  ardıcıl olaraq beynəlxalq  tədbirlərin  keçirildiyi məkana  çevrilmişdir. Mədəniyyətlərarası dialoq  forumları, beynəlxalq humanitar  forumlar  ölkəmizin   beynəlxalq mədəni əlaqələrinin   genişlənməsində əhəmiyyətli rol oynayır. Noyabrın  5-dən 6-dək  keçirilən  Beynəlxalq Teatr   Forumu isə   ölkəmizdə   bu qəbildən olan   sayca üçüncü tədbirdır. 

Bu forum “Azərbaycan teatrı  2009-2019-cu illərdə” Dövlət Proqramı  çərçivəsində  reallaşdırıldı.

Forumda Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Honk-Konqdan, Səudiyyə Ərəbistanından, Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusdan, Finlandiyadan, Estoniyadan, Litvadan, Çindən, Fransadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Moldovadan, Tunisdən, İngiltərədən, Sinqapurdan, Koreyadan, Yunanıstandan, Almaniyadan, bütövlükdə  30-dan artıq dövlətdən 60-dan çox  nümayəndə iştirak edirdi.  Tədbirdən əvvəl, noyabrın 4-də  Musiqili Teatrda  mətbuat konfransı  keçirildi. Xarici   nümayəndələrin də iştirak etdiyi mətbuat  konfransında   Mədəniyyət və Turizm nazirinin müavini  Ədalət  Vəliyev  tədbirin əsas məqsədi  və  proqramda nəzərdə  tutulmuş  tədbirlər barədə  media nümayəndələrini məlumatlandırdı. Noyabrın 5-də keçirilən  forumun  açılış mərasimində Mədəniyyət  və Turizm  naziri  Əbülfəs Qarayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri, akademik Kamal Abdullayev, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının  baş katibi Jak Trüdo, Beynəlxalq  Uşaq və Gənclər Assosiasiyasının  prezidenti  İvet  Hardi, Beynəlxalq Teatr  Tənqidçiləri  Assosiasiyasının baş katibi  Mişel  Vais  və başqaları  çıxış edərək tədbirin əhəmiyətindən, multikulturalizmin  beynəlxalq mədəni əlaqələrin inkişafındakı rolundan  danışdılar.

Sonra forum plenar iclaslarda   öz işini davam etdirdi. Polşadan, Rusiyadan,  ABŞ-dan, İrlandiyadan, Hindistandan, İspaniyadan, Böyük Britaniyadan, Qətərdən  və s. ölkələrdən  olan nümayəndələr  mövzu ətrafında çıxış etdilər. Dünən  festivalın  bağlanış mərasimi keçirildi.  Mərasimdə  çıxış edənlər forumun yüksək səviyyədə  təşkilindən,  beynəlxalq  teatr əlaqələrinin   inkişafında əhəmiyyətli rolundan danışdılar.

Tədbirdə  iştirak edən  xarici ölkə nümayəndələri forum  haqqında  razılıq hissi ilə danışdılar:

İosif YUSUPOV, teatr  rəssamı (ABŞ)

– Sonuncu dəfə  Bakıda  iki il əvvəl II Beynəlxalq  Teatr Konfransında iştirakım zamanı  olmuşam.  Bu dəfə də  istədim  sizin bu  gözəl  şəhərinizi yenidən ziyarət edim.  Bakı hədsiz gözəlləşib. Sizin şəhər Şərqlə Qərbin harmoniyasını özündə birləşdirir. Bakıda ustad dəsləri apardım. Sizin gənclər  teatra  böyük maraq göstərirlər. Bu,  çox yaxşıdır. Bu gün teatr aləmində yeniliklər tətbiq olunur,  mən onlar  barədə məlumatlar  verməyə çalışdım. Ən əsası  ünsiyyətdir. Mən  burada   xoş rəftarlı  insanlarla tanış oldum.

Dünyanın heç bir yerində  belə  genişmiqyaslı  teatr  tədbiri keçirilmir. Mən Azərbaycanı  həqiqətən sevdim. Keçirilən  bu tədbir  təkcə sizin ölkənizin deyil,  digər dövlətlərin də  mədəniyyətlərinə  böyük təsir vasitəsidir. Bunu   hamı yaxşı  dərk edir.  Bir daha bu  tədbiri təşkil edənlərə öz dərin minnətdarlığımı bildirirəm.

Ayşe Rau, Beynəlxalq Uşaq  Teatrları Festivalının  direktoru (HİNDİSTAN)

– Əvvəllər  yazıçılıqla məşğul olmuşam, indi isə  teatr sahəsində çalışıram. Bakıda  keçirilən bu foruma  böyük həvəslə  qoşuldum. Mən bu tədbirə  əsasən  multikulturalizm  və incəsənətin  dünyanı dəyişə bilməsi  nöqteyi-nəzərindən  yanaşıram .Qloballaşan dünyada milli mədəniyyətlərin  rolunun artmasına  xüsusi diqqət yetirmək gərəkdir.

Millətlərdən fərqli olaraq,  teatr yalnız bir  dildə danışır. Bu, öyrənmək üçün gözəl  dildir  və uşaqlar da bu dili yaxşı öyrənə bilirlər. Konfrans müddətində sizin uşaq teatrları  ilə  tanışlığım  onu deməyə əsas  verir ki,  sizdə balaca tamaşaçılara həqiqətən diqqət və qayğı var. Çox istərdim ki,  gələcəkdə Azərbaycanın uşaq  teatrları ilə əməkdaşlıq edim. Sizdə öyrəniləsi təcrübə çoxdur.

Burada insanlar çox  xoşrəftardırlar. Milli mətbəxiniz də  ürəyimcədir. Mən Bakını  sevdim, bu şəhərə, qismət olsa, yenə qayıdacağam.

Devidas  Staponkus, Litva Musiqi Akademiyasının  professoru

– Artıq  dördüncü dəfədir ki,  Bakıdayam. Bu şəhər mənim üçün çox doğmadır. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq  Forumunun da iştirakçısı olmuşam. Bakı üçüncü dəfədir ki,  Beynəlxalq Teatr Forumuna ev  sahibliyi  edir. Bilirəm ki, belə tədbirləri hazırlamaq  gərgin zəhmət və  təcrübə tələb edir. Sizin ölkənizin rəhbərliyi, eyni zamanda  Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətin  inkişafına  böyük diqqət və qayğı ilə yanaşır. Elə bu cür beynəlxalq  tədbirlər də  həmin  diqqətin nəticəsidir. Dünya  getdikcə “kiçilir”,  gərək  əlaqələri genişləndirib, başqa ölkələrdə hansı proseslərin  getdiyini öyrənəsən. Belə tədbirlər zamanı biz başqa  ölkələrin teatr sistemini, modellərini öyrənirik ki, bu da çox vacibdir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında