Mahir Nasir: Əminəm ki, Azərbaycanın BMT və onun qurumları ilə əməkdaşlığı daha da inkişaf edəcək

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanın BMT ilə əlaqələrinin hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Məlumdur ki, Azərbaycan 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və bu müddətdə quruma iki dəfə sədrlik edib. Bunu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından Azərbaycan üçün bir şans kimi dəyərləndirirlər. Azərbaycan BMT-nin fəal üzvlərindən biridir. BMT-nin İctimai İnformasiya Departamenti olaraq biz Azərbaycan ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsindən məmnunluq duyuruq.

Ötən il Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birgə simulyasiya tədbiri keçirildi. Bu il Azərbaycan Gənclər siyasəti üzrə birinci qlobal foruma ev sahibliyi etdi. Dünyanın bir sıra ölkələrindən 700-dən çox qonağın iştirak etməsi bu tədbirin əhəmiyyətinin bariz göstəricisidir. Bu, həm də Azərbaycan ilə BMT arasında əlaqələrin nə dərəcədə sıx olduğunu sübut edir. Mən əlaqələrin gələcəkdə yeni istiqamətdə daha da genişləndirilməsi üçün əlimdən gələni etməyə hazıram.

- İnkişafın Azərbaycan modelində sizin diqqətinizi cəlb edən əsas sahələr hansılardır?

- Bu, mənim Azərbaycana ilk səfərimdir. Bakının gözəlliyi məni heyran etdi. Şəhərin arxitekturası olduqca zəngindir, Qərb və Şərq memarlığının elementlərini özündə birləşdirən tikililər insanı heyran edir. Bu, ölkənizdə böyük infrastruktur layihələrinin həyata keçirildiyinin daha bir göstəricisidir. Digər ölkələrlə müqayisədə Azərbaycanın sürətli inkişafını xüsusi qeyd etmək istəyirəm. Əhalinin təhsil səviyyəsi, iqtisadi inkişaf - bütün bu müsbət göstəricilər göz önündədir. İqtisadi inkişaf nəticəsində Azərbaycan işsizlik probleminin aradan qaldırılmasında mühüm nailiyyətlərə imza atıb.  

- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir. Azərbaycan dünyanın bir çox ölkələrinə ixrac oluna biləcək zəngin neft və qaz ehtiyatlarına malikdir. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya, dünyaya ixrac etməyə imkanlar açır. Bununla Azərbaycan regionda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə nail olacaq.

BMT ölkələr arasında həm də iqtisadi əlaqələrin genişləndirilməsinə töhfəsini verməyə çalışır. Bu istiqamətdə inteqrasiya, iqtisadi inkişaf çox vacibdir. BMT Azərbaycanda bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Elmi dairələrlə fikir mübadiləsinin aparılması bu sahədə biliklərin ortaya çıxarılmasında mühüm rol oynayır. 2015-ci ildən sonrakı dövrdə inkişafın gündəliyinə qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, səhiyyə kimi həyati əhəmiyyətli məsələlərin də daxil edilməsi müzakirələrdə əksini tapıb. Bu, ilk növbədə yoxsulluğun kəskin azaldılması, insanların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi, müasirləşdirilmiş təhsil və səhiyyə müəssisələrinin yaradılması məqsədlərini daşımalıdır.

- BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi ilə AzərTAc arasında gələcəkdə hər hansı birgə layihənin həyata keçirilməsi barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycanın milli xəbər agentliyi - AzərTAc ilə birgə layihələrin həyata keçirilməsi BMT-nin İctimai İnformasiya Departamentinin Bakıdakı nümayəndəliyi üçün çox xoşdur. AzərTAc ölkənin siyasi, iqtisadi, mədəni, idman, sosial həyatı ilə bağlı məlumatlar yayır. Təbii ki, biz informasiya departamenti olaraq dünyanın istənilən xəbər agentliyi ilə strateji əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Bu əlaqələrin sayəsində ümid edirəm ki, gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq. Jurnalistlər üçün təlimlərin, seminarların təşkili mümkündür. Təbii ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı ola bilər.

BMT-nin fəal üzvlərindən olan Azərbaycanın milli informasiya agentliyi ilə tanışlıq görüşü keçirmək çox xoş oldu. Jurnalistikanın gələcəyi, ənənəvi medianın üzləşdiyi problemlər, sosial medianın imkanlarından bəhrələnmək yolları barədə ortaq fikirləri bölüşürük. 

- Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, həmin ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələrinə hələ də əməl olunmur. Bu məsələ, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinizi bilmək maraqlı olardı.

- BMT hər zaman münaqişələrin dialoq vasitəsilə həlli yoluna üstünlük verir. BMT-nin Baş katibi Pan Gi Mun da son bəyanatında münaqişə vəziyyətində olan ölkələri danışığa çağırıb. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. BMT münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. BMT, həmçinin istənilən ölkə ilə dostluq münasibətlərinin qurulması və inkişafında maraqlıdır. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və problemin həlli istiqamətində danışıqlara cəlb olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar. BMT olaraq bizim əsas məqsədimiz regionda sülh və sabitliyin təmin edilməsidir.

 

Anar RZAYEV

AzərTAc-ın müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında