Biliklərə əsaslanan vergi inzibatçılığı uğurlu nəticələr əldə etməyə imkan verir

Müsahibimiz Vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədovdur

- Asəf müəllim, məlum olduğu kimi, 2011-2013-cü illərdə Azərbaycanda Niderland Krallığının Vergi Administrasiyası ilə birlikdə elektron audit üzrə tvinninq layihəsi reallaşdırıldı. E-auditin tətbiqi vergi sistemində hansı mühüm dəyişikliklərlə nəticələnib?

- Azərbaycanın vergi sistemi üçün çox mühüm əhəmiyyət daşıyan “Elektron audit” Tvinninq layihəsinin başa çatması ilə əlaqədar 2013-cü ilin may ayında ictimaiyyət üçün təqdimetmə mərasimi keçirildi. Bundan sonra pilot layihələrin uğurlu nəticəsi kimi nazirliyin e-audit üzrə treninq proqramında iştirak etmiş bir neçə əməkdaşının təmsil olunduğu e-audit şöbəsi təşkil edildi. Xüsusi Rejimli Vergi Xidməti Departamentində müvafiq struktur dəyişiklikləri aparılarkən ayrıca struktur vahidi kimi audit idarəsi, idarənin tərkibində isə elektron audit şöbəsi yaradıldı. Tvinninq layihəsi başa çatandan indiyədək elektron audit üsulu ilə 25 yoxlama həyata keçirilib və ənənəvi üsullarla aparılan yoxlamalarla bunun fərqi müqayisə edilib.

Nəticə isə bundan ibarətdir ki, əlavə hesablanmış vergilər dəfələrlə artıb, yoxlamaya sərf edilən orta vaxt müddəti isə 1,5 dəfə azalıb. Həyata keçirilmiş səyyar yoxlamalarda sübut olunub ki, e-audit texnologiyası hesabına daha çox sayda yoxlama aparmağa və yoxlamalar vasitəsilə 90-95 faiz ehtimalı ilə vergidən yayınma hallarını aşkar etməyə real imkanlar yaranır.

- E-audit texnologiyasının tətbiqini genişləndirmək üçün tələb olunan başlıca amil nədir?

– Bunun üçün yeni e-auditorlar hazırlamaq tələb olunur.

Bu istiqamətdə e-audit, insan resursları və İT sahələrinin moderniləşdirmə məsələləri üzrə müşavir xidməti bölməsinin əməkdaşlarının və e-audit şöbəsinin birgə iştirakı ilə tədbirlər həyata keçirilib. 2014-cü ilin yanvar ayından başlayaraq dörd ay ərzində e-audit üzrə xüsusi təlim materialları hazırlanıb. Bura Azərbaycanda elektron mühasibat proqram təminatlarından ən çox istifadə olunan 1C mühasibat proqramı üzrə metodiki rəhbərlik, elektron faylların alınması üzrə tövsiyələr və praktik misallar daxildir. Bundan əlavə, e-auditin əsasları üzrə metodik rəhbərlik, e-audit üçün istifadə olunan ACL proqram təminatının mənimsənilməsi üçün praktiki misallar əsasında 30-a yaxın videonmaterial hazırlanıb. Bütün bu materiallar Xüsusi Rejimli Vergi Xidməti Departamentindən seçilmiş auditorlara təqdim olunub. Tədris-təlim proqramı xarakteri daşıyan həmin materiallarda həm nəzəri, həm praktiki əsaslar, həm də mürəkkəb texnologiyaların mənimsənilməsi üçün çoxlu sayda 3-5 dəqiqəlik videomisallar mövcuddur.

Özünətədris proqramına əsasən, bütün tədris-təlim materialları 2014-ci ilin may ayında bir ay ərzində materialları öyrənmək üçün bir qrup auditora verilib, sonradan iki ay ərzində iş yerlərində onlara təlim kursları (həftədə bir dəfə 3 saat praktik seminarlar) təşkil olunub. Nəticə olaraq, Xüsusi Rejimli Vergi Xidməti Departamentində təlim keçmiş auditorlar üçün elektron imtahanlar keçirilib. E-imtahanlara həm testlər, həm də praktiki misallar daxil edilmişdi və bu üsulla biliyin daha düzgün qiymətləndirilməsi mümkün oldu. Bu ilin sentyabr ayından isə imtahandan keçmiş yeddi nəfər auditor e-auditlə məşğul olmağa başlayıb və onlar e-audit şöbəsinin daha təcrübəli üç işçisi ilə birgə işləyirlər. Hesab edirəm ki, bu, müsbət təcrübədir və onun tətbiqinin genişlənməsi ciddi fayda verəcək.

Hazırda e-auditin tətbiqi üçün işlər davam etdirilir. Fikrimcə, e-auditorların sayı artdıqca səyyar yoxlamalarda e-audit metodologiyasından daha çox istifadə olunacaq. Eyni zamanda, bu iş sistemləşdirilir. Dünyada müasir audit işçilərin ixtisaslaşması üzərində qurulur. Bir qrup auditor daha çox təcrübəli sahə bilikləri olan ixtisaslaşmış mütəxəssislərdir, digərləri isə elektron auditorlardır ki, onlar müasir təhlil üsulları ilə işləməyi bacarırlar.

E-auditlə bağlı bir vacib məsələyə də toxunmaq istərdim. Müasir auditin əsas əhəmiyyəti düzgün planlaşdırmadır. Bunun üçün mütləq qaydada vergi ödəyicilərinə bildirişlərin göndərilməsi ilə bağlı onlardan əvvəlcədən məlumat toplanılmaldır. Məqsəd biznesin nədən ibarət olduğunu, daxili nəzarətin və mühasibat sisteminin necə işlədiyini, hansı tipdə və formatda elektron faylların əldə edilməsinin mümkün olduğunu öyrənməkdir. Buna görə bildirişdə konkret olaraq göstərilə bilər ki, hansı elektron fayllar tələb olunur.

E-auditin ilkin planlaşdırılması nə qədər dəqiq və mükəmməl aparılarsa, nəticə də bir o qədər dəqiq olur. Biz bu istiqamətdə fəal iş aparırıq, o cümlədən ACL proqram təminatının istifadəsinə əsaslanan 100-ə yaxın audit testindən ibarət kitabxana hazırlanır, risklərə görə spesifik sahələr üzrə ən vacib yoxlama testləri və ümumi testlər tərtib olunur ki, e-auditin tətbiqi sistemləşdirilsin və asanlaşsın.Yaxın gələcəkdə bu, imkan verəcək ki, ən yüksək beynəlxalq keyfiyyət standartları səviyyəsində səyyar vergi yoxlamalarının aparılması mümkün olsun. Nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb və çətin işdir.

 - Ötən ay Vergilər Nazirliyi Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin tətbiqinə start verdi. Yeni layihənin əsas mahiyyəti nədən ibarətdir və bundan hansı nəticələr gözlənilir?

- E-audit bir çox ölkələrdə tətbiq olunur. Xarici ölkələrdə bu sahədə çalışan auditorların səviyyəsi çox yüksəkdir. Biz e-auditlə bağlı öz üsullarımızın tətbiqi üçün işçilər hazırlanmasına başlamışıq. Qeyd etdiyim kimi, e-audit üzrə özünətədris proqramı çərçivəsində iş yerində treninqlər təşkil etdik. Əməkdaşları işlərindən ayırmamaq şərti ilə sırf praktiki biliklərin mənimsənilməsində çox böyük uğur qazandıq. Müqayisə üçün deyə bilərəm ki, Hollandiyanın e-audit mütəxəssislərinin hazırlığı üçün xüsusi proqram var, üç ay işdən ayrılmaqla işçilərə treninq mərkəzində dərslər keçilir, sonradan onlar təcrübəli e-auditorların yanında altı ay müddətində işləyib təcrübi biliklər əldə edirlər. Amma biz başqa üsulla eksperiment apardıq. Birinci mərhələdə auditorlara özünətədris proqramı çərçivəsində asan başa düşülən, misallara əsaslanan daha praktiki yönümlü rəhbərliklər və videomateriallar təqdim edildi. Bu materiallarla yaxından tanış olduqdan sonra iki ay ərzində həftədə 3 saat dərs keçməklə, 60 saat vaxt müddətində işçilərə e-audit texnologiyası üzrə təcrübi şəkildə işləməyi öyrədə bildik.

Fikrimcə, nazirliyin iqtisadi təhlil, audit, borcların alınması və digər strukturlar üzrə müxtəlif sahələrdə çalışan işçilərini bu prosesə cəlb edərək onları öyrətmək olduqca vacibdir. Ona görə də insan resurslarının inkişafı ilə bağlı yeni Tvinninq layihəsinin həyata keçirilməsinə qərar verildi. Avropa İttifaqı tərəfindən elan olunmuş tenderə əsasən, Fransa və İspaniyanın vergi administrasiyaları qalib seçildi. Baş icraçı İspaniyanın vergi administrasiyası, partnyoru isə Fransanın müvafiq qurumudur. Bu il sentyabrın 1-dən start verilən layihənin geniş təqdimatı oldu.

- “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsini zəruri edən əsas amillər nədən ibarətdir?

- Məlum olduğu kimi, ildən-ilə mürəkkəbliyi artan biznes əməliyyatları həyata keçirilir, e-əməliyyatların sayı, e-ticarətin həcmi genişlənir. Bütün bunlarla bağlı Vergilər Nazirliyində çalışan insan resurslarının da müasir tələblərə cavab verməsi tələb olunur. Məsələ ondadır ki, texniki biliklər, peşəkar bilik və bacarıqların, özünüidarənin rolu getdikcə artır və bu amillər hər bir işçinin fəaliyyətində mühüm yer tutmalıdır. İşçinin peşəkar səviyyəsi yüksək olarsa, daha səmərəli iş görər. Sıravi işçilərlə yanaşı, şöbə rəisləri, idarə rəhbərləri də müasir menecment biliklərini mənimsəməlidirlər.

 - Layihənin həyata keçirilməsi üçün hansı konkret addımlar atılır?

- Yeni Tvinninq layihəsi çərçivəsində üç komponentə xüsusi önəm vermişik. Birincisi, insan resurslarının inkişafı ilə bağlı uzunmüddətli strategiyanın hazırlanması başlıca prioritetlərdəndir. Strategiya 2015-2020-ci illər üçün nəzərdə tutulur. Həmin sənədə əsasən, hər il üzrə ayrıca tədbirlər planı hazırlanacaq. Planda icra meyarları və icraçılar göstəriləcək, görülən işlərin və nəticələrin monitorinqi və qiymətləndirilməsi öz əksini tapacaq.

İkinci istiqamət insan resurslarının idarə edilməsi üzrə nazirliyin mövcud normativ bazasının yeniləşdirilməsidir. Hazırda nazirliyin əsas normativ sənədi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”dir. 2001-ci ildə qəbul edilən sənədin ciddi şəkildə yenilənməsi tələb olunur. Bu sahədə ən yaxşı beynəlxalq təcrübəni öyrənməliyik.

Layihənin 3-cü əsas istiqaməti - tədris-təlim sisteminin modernləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Başlıca hədəflər internet təməlli özünətədris xidmətləri həyata keçirməyə imkan verən onlayn texnologiyaların tətbiqi (e-tədrisin təşkili və daimi kontent dəstəyi), vergi administrasiyasının ehtiyaclarına uyğun tədris-treninq proqramlarının və kursların hazırlanması, praktiki məşğələlərin təşkilidir. Bu məqsədlə tədrisin müasir bilik texnologiyalarına əsaslanmaqla bilik menecerləri vasitəsilə aparılması planlaşdırılır. Nazirliyin işçiləri tərəfindən bu mexanizmi həyata keçirə bilən şəxslər seçilməlidir ki, əsasən, bilik menecmentin tətbiqi ilə məşğul olsunlar. Yəni bu şəxslər cari işlərlə yüklənməli deyillər, onların əsas vəzifələri müasir beynəlxalq təcrübəni öyrənmək, onun əsasında nazirliyin konkret struktur bölmələrinin ehtiyaclarına uyğun özünətədris proqramları və iş yerində treninqlərin təşkili və qiymətləndirilməsi olmalıdır. Tvinninq layihəsi çərçivəsində bu şəxslər üçün xüsusi treninq keçirilməli, bilik menecmentinin, elektron tədrislə bağlı proseslərin öyrənilməsi təmin edilməlidir.

 - Bu günlərdə nazirlikdə Tvinninq layihəsinin ilk missiyasının tədbiri keçirildi. Bu barədə nə deyə bilərsiniz?

- Oktyabr ayının 20-dən 24-dək davam edən seminarlarda nazirliyin vergi siyasəti, hüquq, insan resursları və beynəlxalq idarələrinin əməkdaşları iştirak etdilər. Onlar beynəlxalq təcrübədə bizim üçün maraq doğuran insan resurslarını idarəetmə sistemi ilə əlaqədar ətraflı məlumatlar aldılar. Fransanın bu sahədəki təcrübəsini təhlil etdik, Azərbaycanla müqayisəsini nəzərdən keçirdik. Növbəti missiyada İspaniyanın təcrübəsi müzakirə olundu.

Ümumiyyətlə, tvinninq layihəsinin məqsədi ona yönəldilib ki, gələcəyin tələblərinə uyğun olaraq biliklərə əsaslanan vergi inzibatçılığını inkişaf etdirək. Bunun üçün müasir texnologiyalarla yanaşı, müasir biliklərə və bacarıqlara malik peşəkar vergi işçilərinin hazırlanması və onlara dəstək verilməsi tələb olunur. Belə olarsa, vergi ödəyiciləri görəcəklər ki, onlara göstərilən yüksək keyfiyyətli xidmətlərlə yanaşı, vergidən yayınmanı sübut etmək üçün bizim çox böyük, güclü potensialımız, ciddi nəzarət sistemimiz var. Bütün bunların vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək.

 

Söhbəti qələmə aldı:

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında