Peşəkar diplomat, fəlsəfə elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Əziz Əbdüləzizin qəzetimizin 21 oktyabr 2014-cü il tarixli sayında dərc edilən “Axan sular...” sərlövhəli məqaləsi ölkənin elmi ictimaiyyətinin diqqətini çəkib. Bir daha xatırladaq ki, hazırda bütün bəşəriyyəti düşündürən çox mühüm bir məsələyə – içməli su probleminə həsr olunan “Həyəcan təbili” rubrikası altında verilən bu yazı ilə bağlı alim və mütəxəssislər də müəllifin narahatlığına qoşulur, mövzuya bəşəri mövqedən yanaşan vətəndaş ziyalının mövqeyini bölüşürlər. Aşağıda onlardan bir neçəsini təqdim edirik:
Məmməd SALMANOV, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik:
– Fəlsəfə elmləri doktoru Əziz Əbdüləzizin “Axan sular...” adlı məqaləsi müəllifin ziyalı mövqeyinin bariz ifadəsidir, – desəm, elə bilirəm ki, səhv etmərəm. Çünki bir alim, mütəxəssis kimi məni daim düşündürən, narahat edən içməli su probleminə Əziz müəllim bir daha nəzər salmış, konkret elmi faktlar əsasında bu məsələ ilə bağlı qənaətini ifadə etmiş, yaranmış vəziyyət barədə, sözün əsl mənasında, həyəcan təbili çalmışdır. Doğrudan da, bu mövzuda çoxsaylı məqalələr müəllifi kimi deyə bilərəm ki, Azərbaycanda içməli su probleminin həlli yolları ilə əlaqədar fikir bildirmək, təklif vermək hər bir ziyalının mənəvi borcu, vətəndaşlıq mövqeyidir.
Bu dəyərli məqalə ilə bağlı əvvəlcə bir məqama toxunmaq istərdim. Məlum həqiqətdir ki, dünyada əhalinin sayı artdıqca həyat qaynağı olan içməli su mənbələri azalır. Bu səbəbdən də mövcud çaylar, göllər, bulaqlar və digər yeraltı su mənbələri yaxşı qorunmalı və yeniləri aşkarlanmalıdır. Çünki qarşıdakı onilliklərdə dünya əhalisinin yarıdan çoxunun içməli su problemi ilə üzləşəcəyi də danılmaz faktdır.
Əhali sayının artması, suvarma sahələrinin genişləndirilməsi və şəhərləşmə kimi amillər ucbatından dünyada su qıtlığı getdikcə daha ciddi problemə çevrilir. Digər tərəfdən, dünya əhalisinin böyük əksəriyyəti su mənbələrindən düzgün istifadə etmir, onu çirkləndirir, dolayısı ilə təmiz su qaynaqları azalır.
Bu narahatlıq Azərbaycanda da özünü qabarıq büruzə verir. Belə ki, Azərbaycan Respublikası şirin su ehtiyatları məhdudluğu ilə səciyyələnir. Narahatlığa səbəb olan əsas problem ondan ibarətdir ki, sularımızın üçdə-iki hissəsi kənarda formalaşır. Bu, o deməkdir ki, su balansının 70 faizdən çox hissəsinin taleyi, kəmiyyət və keyfiyyətinin sabit saxlanması özümüzdən asılı deyil. Düzdür, respublikamız su mənbələri – çaylar, göllər, bulaqlar və yeraltı sularla zəngindir. Eyni zamanda, Kür və Araz çayları da içməli su mənbələri sırasındadır.
Onu da deyim ki, başlıca su ehtiyatımız məhz Kürün hövzəsi hesabına əldə edilir. Bir neçə dövlətin ərazisi ilə bağlı olan bu çayın ümumi hövzəsi 188 min kvadratkilometrə bərabərdir. Lakin hər iki çay Gürcüstan və Ermənistan ərazisində çirkləndirilir. Hər il Gürcüstanda Kür hövzəsinə 2 milyard kubmetrdən çox çirkab axıdılır. Kür çayını çirkləndirən əsas mənbələrdən biri də Xramçaydır. Bu çay Ermənistanda olan mis mədəninin, metalsaflaşdırma zavodlarının tullantılarını özü ilə gətirib Kürə tökür.
Onu da etiraf edək ki, respublikamızın ərazisində də Kürü çirkləndirən mənbələr az deyil.
Burada bir məqamı da unutmaq olmaz. Belə ki, Ermənistanın işğalı altında olan ərazilərdəki Azərbaycan çaylarının nəinki məişətdə, həmçinin kənd təsərrüfatında istifadə edilməsi olduqca təhlükəlidir. Bundan başqa, Araz çayı üzərində eyniadlı su anbarının çirklənməsinin əsas səbəbi Ermənistanın bütün çirkabının birbaşa ora axıdılmasıdır. Ağstafa çayı və onun üzərində yaradılmış eyniadlı su anbarının da Ermənistanın Dilican və İcevan sənaye mərkəzlərindən və yaşayış məntəqələrindən axıdılan tullantılarla ciddi surətdə çirklənməsi, habelə çirkləndiricilərin ildən-ilə artması da çox böyük narahatlıq doğurur.
Kür çayında ekoloji durum tam böhranlı vəziyyətdədir. Araz çayı ilə daha da çirklənməyə məruz qoyulan Kürdə artıq canlıların yaşaması imkanı ildən-ilə məhdudlaşır. Kürün Gürcüstanda maksimum çirklənməyə məruz qalması təkcə paytaxt və Abşeron üçün deyil, həm də ölkənin buradan içməli su götürən digər yaşayış məntəqələri üçün təhlükə yaradır. Çaysahili bölgələrin əhalisi bu sudan içir, həm də əkinləri suvarırlar. Bu zaman əkilən məhsulun tərkibi də zəhərlənmiş olur.
Fikrimi yekunlaşdırıb deyə bilərəm ki, ifrat çirkli su insanları böyük fəlakətlərə sürükləyir. Qana daxil olan çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir – genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müxtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıxarır.
Ramiz MƏMMƏDOV, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü:
– Su məsələsi bu gün bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biridir. Bu məsələ möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Əziz müəllimin də qeyd etdiyi kimi, içməli suyun miqdarının həmişə kifayət qədər olmadığı və qeyri-bərabər bölündüyü Azərbaycanda onun səmərəli şəkildə istifadə olunması məsələsi həmişə gündəlikdə durmalıdır. Şabran rayonu ərazisində inşa edilmiş Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü- Ceyranbatan su kanalının açılış mərasimində çıxış edən cənab İlham Əliyev bildirib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir. Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək, su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”.
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına müvafiq olaraq, milli təhlükəsizliyə çağırışlar sırasında, digərləri ilə yanaşı, ekologiya və ətraf mühitin qorunması problemlərinin, həmçinin, ilk növbədə su təchizatı ilə bağlı olan təhdidlərin durması da deyilən fikrin bariz ifadəsidir.
Bəli, ölkəmizdə içməli su problemi ilə bağlı narahatlıq əbəs deyil. Bu yaxınlarda mətbuatda belə bir məlumat oxudum ki, dünyada su qıtlığı problemi ilə üzləşən 13 ölkə var və onlardan biri də Azərbaycandır. BMT-nin iqlim dəyişmələri ilə bağlı son hesabatında da bu məsələ xüsusi vurğulanır. Burada diqqəti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında qeyd edilən bir fakta da yönəltmək istərdim. Bildirilir ki, hazırda dünyada 49 ölkə içməli su qıtlığı ilə üzləşib. Həmin ölkələr arasında Azərbaycan ilk sıralarda yerləşir.
Hesablamalarımıza görə, respublikamızda irriqasiya sistemlərinin nasaslığı üzündən ildə 6 kubkilometr su boş-boşuna axıdılır. Bu, Araz çayının bir illik resursu deməkdir. Başqa sözlə, biz bununla həm içməli su itirir, həm də torpaqlarımızı şoranlaşdırır, dövriyyədən çıxarırıq. Mən bir faktı da deyim: Vaxtilə Bakıya gələn içməli suyun 40 faizi yeraltı sulara qarışırdı. Bunun nəticəsində Abşeronda qrunt sularının səviyyəsi qalxmışdı. Hidrogeoloqlar deyirdilər ki, köhnə Avtovağzal ərazisində qrunt sularının səviyyəsi 22 metrə çatmışdı. Bu, bayaq dediyim kimi, bir tərəfdən, əhalinin sağlamlığına mənfi təsir göstərir, yəni binaların zirzəmilərinə dolan su getdikcə çirkab halını alır, antisanitariya vəziyyəti yaradır, həmçinin, bəzi ərazilərdə biomüxtəlifliyin məhvinə gətirib çıxarırdı.
Yəqin ki, yaşlılar yaxşı xatırlayırlar, Bulvar ərazisində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi kompleksinin sağ tərəfində bir yaşıllıq zolağı vardı, sanki ora xalı sərilmişdi. Həmin ərazidə dünyanın müxtəlif yerlərindən gətirilmiş ağaclar əkilmişdi. Qrunt sularının səviyyəsinin qalxması nəticəsində o ağaclar məhv oldu...
Yuxarıda dediyim kimi, artıq möhtərəm dövlət başçımız Azərbaycanda ekoloji problemlərin həllinə həssaslıqla yanaşır, içməli su probleminin həlli istiqamətində ciddi tədbirlər həyata keçirir.
Sonda deyərdim ki, Əziz müəllim bu məsələyə – içməli su probleminə münasibət bildirməklə ləyaqətli vətəndaş, xalqla, torpaqla bağlı narahatlıq hissi keçirən və bu barədə vətəndaş mövqeyini ortaya qoyan bir ziyalı, bir alim kimi dərin hörmətə, diqqətə və qayğıya layiqdir.
Şahvələd KÖÇƏRLİ,
Azərbaycan Milli Geofizika Komitəsinin vitse-prezidenti, prezident təqaüdçüsü:
– Son illərdə Azərbaycanda içməli su probleminə dair bir sıra maraqlı məqalələrlə çıxış edən tanınmış ziyalı – alim Əziz Əbdüləziz “Xalq qəzeti”ndə dərc edilmiş son məqaləsində, sözün əsl mənasında, “SOS!” təbili çalmış, məsələyə özünə xas olan böyük təşkilatçılıq və dərin təfəkkürlə araşdırma aparmışdır.
Yaranmış kritik vəziyyətlə əlaqədar respublikanın bütün əlaqədar təşkilatları, eləcə də geniş ictimaiyyət həyəcan siqnalına reaksiya verməli, əməli tədbirlər görülməlidir.
Dövlət və ümumxalq əhəmiyyətli bu məsələnin bir neçə aspektinə mən də xüsisi diqqət yetirmək istərdim. Birincisi, geniş kütlənin içməli su mövzusunda maarifləndirilməsi zərurəti önə çəkilməlidir. Açığını söyləməliyik ki, soydaşlarımızın xeyli hissəsi hələ də su ehtiyatlarımızın sonsuzluğuna və çirklənmə qorxusunun olmamasına inanır. Bununla əlaqədar alim və mütəxəssislərin mətbuat orqanlarında tez-tez çıxışları təşkil edilməli, yaxınlaşan təhlükə insanlara izah olunmalıdır. İkincisi, suyun azlığı kimi, onun çoxluğu da bəzən ətraf mühitə ziyan vurur, ekoloji sarsıntılar yaradır. Məsələn, Bakı şəhərinin Zabrat, Maştaga, Buzovna, Pirşağı və s. qəsəbələrində çirkab və artıq su basmaları nəticəsində qrunt sularının səviyyəsi yüksəlmiş, duzluluğu artmışdır. Üçüncüsü, izafi su sızmaları nəticəsində subasması baş verərək bir sıra təbii-geoloji proseslərə, məsələn, sürüşmələrə, uçqunlara və s. yol açılmış olur. Bakı şəhərinin Bayıl ərazisində dəfələrlə baş vermiş sürüşmələr Qanlıgöl və digər mənbələrdən gələn susızmaları ilə əlaqədardır. Yaşlı bakılılar, yəqin ki, yaxşı xatırlayırlar, 1950-ci illər Yasamaldan aşağıda mövcud olan daş karxanalarının ərazisi qupquru idi. Sızan sular indi burada xəstəliklər mənbəi olan ölü göllər yaratmışdır. Dördüncüsü, içməli su mənbəyinin qıtlğı ilə əlaqədar yeni yeraltı mənbələrin geofizik üsullarla axtarışı təşkil edilməlidir. Bu mənada dağlıq və dağətəyi zonaların perspektivliyi daha yüksək qiymətləndirilir. Beşincisi, su istehlakçılarının maraqları (meliorasiya, suvarma, əhalinin su təminatı və s.) bəzən bir-birinə zidd hərəkətlərə gətirib çıxarır. Bununla əlaqədar, Əziz müəllimin dediyi kimi, vahid dövlət qurumunun yaradılması, müvafiq konsepsiya və qanun hazırlanması olduqca vacibdir. Altıncısı, Abşeron yarımadası və rayonlarda özbaşına qazılan su quyuları təbii su hövzələrinin rejiminin pozulmasına və suların çirkənməsinə gətirib çıxarır. Yeddincisi, Azərbaycan su və ekoloji məsələlərlə əlaqədar 15-dən artıq müxtəlif beynəlxaql konvensiyalara qoşulmuşdur. Gürcüstan və Ermənistan bu konvensiyalara qoşulmayıblar və Kür və Araz çaylarının kəskin şəkildə çirklənməsinə qarşı onlara təsir mexanizmi yoxdur. Bu, olduqca ciddi məsələdir və onun həlli üçün Xəzər hövzəsinə daxil olan ölkələrin yardımına ehtiyac yaranır.
Nazim HACIZADƏ, ARDNŞ-in baş ofisinin aparıcı mütəxəssisi:
– Həqiqətən, yeni minillikdə geosiyasi məsələlərdə və beynəlxalq münasibətlərdə qlobal problemlərin təsiri güclənməkdədir. Artıq dövlətlərarası münasibətlərdə ətraf mühitin çirklənməsi, antropogen mənşəli iqlim dəyişiklikləri, kosmik fəzadan istifadə və s. kimi amillər mühüm rol oynayır. Təəssüflə qeyd etmək lazımdır ki, bu amillər dövlətlərin biri-biri ilə münasibətlərində təzyiq alətinə çevrilir.
Bu baxımdan içməli su problemi də müasir siyasi münasibətlərdə ən mühüm komponentlərdən biridir. Son vaxtlar beynəlxalq arenada su resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etmək üsulları “su diplomatiyası” deyilən bir anlayışı gündəmə gətirib. Başqa sözlə, XXI əsrdə su geostrateji təsirinə görə, neftin XX əsrdəki əhəmiyyətinə bərabər tutula bilər. Neft uğrunda aparılan gizli və açıq mübarizələrin və hətta müharibələrin yeni minillikdə su uğrunda olma ehtimalı da vardır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin proqnozlarına görə, 2020-ci ilədək inkişaf etmiş ölkələr arasında enerji resursları üstündə deyil, məhz içməli su üstündə müharibə ehtimalı daha böyükdür.
Hazırda planetimizdə 2 və daha artıq dövlətin ərazisindən keçən 261 çay vardır. Bu gün dünyada su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri də mövcuddur. İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər su uğrunda mübahisələr münaqişələrə çevrilmək üzrədir.
Afrikada Nil hövzəsində Misir-Sudan-Efiopiya, Yaxın Şərqdə İordan çayı hövzəsində İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində Türkiyə-Suriya-İraq və İran-İraq, Amerikada Uruqvay-Argentina, Braziliya-Paraqvay, Asiyada Tailand-Kamboca-Vyetnam, Mərkəzi Asiyada keçmiş SSRİ respublikaları arasında kəskin su mübahisələri mövcuddur.
Azərbaycan bu gün, haqlı olaraq, Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul olunur – iqtisadiyyat, hərbi potensial, siyasi nüfuz, əhalinin həyat səviyyəsi və s. amillər buna sübutdur. Bəs su təchizatı sahəsində necə? Bu sualın cavabında deyə bilərəm ki, bəli, Azərbaycan bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı balanslaşdırılmış və uzağgörən siyasəti nəticəsində həm Cənubi Qafqazın lider dövləti kimi, həm də dünyanın neft-qaz bazarında önəmli oyunçulardan biri, siyasət aləmində öz yerini tutmuş və sözünü deyə bilən dövlət kimi qəbul olunur.
Lakin bizim bugünkü nailiyyətlərimizin su təchizatı məsələlərinə nüfuzu hələ ki, özünü lazımınca biruzə verməyib. Bunun da səbəbləri var. Bildiyiniz kimi, Azərbaycanın su təchizatı əsasən Kür, Araz, Samur, yəni qonşu dövlətlərin ərazisindən axıb gələn caylar hesabına təmin olunduğu üçün bu gün mövcud problemlərin həlli tək bizdən asılı deyil.
Hazırda Azərbaycanda suvarma dövriyyəsində olan suyun miqdarı bizi heç cür qane etmir. Lakin bu gün bizi su qıtlığı problemindən daha çox həmsərhəd ölkələrin tranzit çay sularının həddindən artıq çirklənməsi problemi narahat etməlidir.
Bəs içməli su təchizatında vəziyyət necədir? Deyə bilərəm ki, həyata keçirilən infrastruktur layihələri ilə yanaşı, Azərbaycanda Bakı və regionlarda içməli su təchizatı sisteminin tikintisi və yenidən qurulması üzrə işlər aparılır. 2003-2013-cü illər ərzində su təchizatı və kanalizasiya sahəsinə müxtəlif mənbələrdən 2,8 milyard manatdan çox vəsait xərclənib. Ekspertlərin rəyinə görə, ölkədə su təchizatının yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsi üçün daha çox vəsait tələb oluna bilər.
Hazırda ölkə başçısı tərəfindən Bakıda, eləcə də bütün regionlarda su problemini birdəfəlik həll etmək üçün konkret hədəflər müəyyənləşdirilib və bununla əlaqədar bir sıra mühüm tədbirlərin icrasına başlanılıb.
Ümidvaram ki, xalqımızın dəyərli oğlu, ləyaqətli ziyalı Əziz Əbdüləzizin məqaləsində qaldırılan məsələlər həm su təsərüfatı rəhbərlərinin, həm bu sahədə çalışan alim və mütəxəssislərin, eləcə də ictimai xadimlərin böyük marağına səbəb olacaqdır.
Göründüyü kimi, toxunduğumuz məsələlər su probleminin yalnız müəyyən qismidir, bu problemlər vaxtında və kompleks şəkildə həll edilməzsə, xalqın genofondu təhlükə qarşısında qala bilər.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.