Rudolf Markus Artur: Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməyi yaxşı bacardığını əyani surətdə bir daha sübut etdi Danışır forum iştirakçıları

Azərbaycan paytaxtında IV Bakı Humanitar Forumu öz işini uğurla başa çatdırıb. Əməkdaşımız bu nüfuzlu tədbirə qatılan dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus Artur ilə görüşərək onun forum haqqında təəssüratlarını qeydə alıb. Bu gün qəzetimizin oxucularının diqqətinə Bakı forumu barədə ABŞ-da böyüyüb təhsil alan, hazırda Kanadada yaşayan alimin ürək sözlərini  təqdim edirik.  Hörmətli qonaq demişdir:

- Xalqları, millətləri bir-birlərinə yaxından tanıtmaq, sülh, mehriban qonşuluq, tolerantlıq, humanizm kimi yüksək sivil ideyaları təbliğ etmək böyük bir  tarixi missiyadır. Mən çox şadam ki, davamlı və nəzərəçarpan uğurlarına daim sevindiyim Azərbaycan, onun paytaxtı Bakı artıq dördüncü ildir ki, öz üzərinə böyük bir tarixi humanitar missiya götürərək  belə bir nüfuzlu beynəlxalq foruma ev sahibliyi edir.

Bəzən mənə dostlarım deyirlər ki, sizi Bakı forumunun artıq fəxri iştirakçılarından biri saymaq olar. Bunu ona görə deyirlər ki, mən artıq üçüncü ildir ki, foruma dəvət alıram və üç il dalbadal bu tədbirə qatılıram. Səmimi deyirəm, bu foruma böyük həvəslə qatılıram. Çünki forumun məqsədləri nəcib və ali bəşəri dəyərlərə xidmət edir. Dünyada hazırda narahat yerlər çoxdur, elə ölkələr var ki, orada illər boyu müharibələr baş verir, qan tökülür, insanların həyatları qeyb olur.

Bakı forumu insanlara deyir ki, mədəniyyətlərin təması, ünsiyyəti baş verəndə, silahlar susur. Bunu Azərbaycan təkcə bəyan etmir, bunu həm də öz parlaq nümunəsi ilə göstərir. Mən forumda dostlarım ilə fikir mübadiləsi edərkən onlara da demişəm ki, Azərbaycan hazırda təkcə sivil dəyərlərə sədaqətli olduğunu deklorativ şəkildə elan etmir, bu dəyərlər Azərbaycanda həyat və davranış tərzinə çevrilib. Bu, çox yaxşı haldır.

Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi, onun komandasını belə bir gözəl tədbirin təşkilinə görə də ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməyi yaxşı bacardığını əyani surətdə bir daha sübut etdi. Burada ilbəil hər şey təkmilləşir. Bir dost olaraq bunu görməmək, sevinməmək olmaz.

Bakıda adamı heyrətə salan başqa bir cəhət isə şəhərin sürətlə gözəlləşməsidir. Bakı elə sürətlə dəyişir və gözəlləşir ki, adam bir il ərzində bu qədər dəyişikliklərin necə baş verdiyinə sadəcə heyran qalır. Xəzərsahili park, İçərişəhər, şəhərin küçə və prospektləri burada böyük quruculuq işlərindən xəbər verir. Abadlıq işləri çox zövqlə görülür və Bakının simasını yalnız gözəlləşdirir.

Mən çox sevinirəm ki, Azərbaycanda elmə, təhsilə böyük diqqət verilir. Mən forumdan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və müəllimləri ilə görüşmüşəm. Oradakı görüşlərim zamanı bir daha əmin oldum ki, ölkədə təhsil sahəsində uğurlu islahatlar baş verir. O yerdə ki, elmə, təhsilə qayğı, diqqət var, orada tərəqqi və rifah da olacaq.

Yaxşı haldır ki, Azərbaycanda kimya elminə də böyük maraq və qayğı var. Axı, Azərbaycan tarixən neft və kimya ölkəsidir. Sizin bu sahədə böyük və nüfuzlu alimləriniz olub. Bu gün də bu ənənələr davam edir. İnanıram ki, Azərbaycan elm sahəsində gələcəkdə daha böyük uğurlar əldə edəcək.

Nəhayət, bir daha vurğulamaq istəyirəm ki, Bakı forumu kimi nüfuzlu tədbirləri hər il təşkil etmək, bunu  ənənəyə çevirmək hər bir ölkəyə və onun rəhbərliyinə nəsib olmur. Bu mənada Azərbaycan dövlətini, şəxsən hörmətli dövlət başçısı, Prezident cənab İlham Əliyevi ürəkdən təbrik edirəm. Azərbaycanın bütün sahələrdə, o cümlədən humanitar istiqamətdə əldə etdiyi uğurlar, əminəm ki, ilk növbədə, uğurlu və səriştəli idarəçiliyin nəticəsidir.

 

Hazırladı:

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında